Şir dərisi geymiş qəhrəman
Sonuncu dəfə bir Azərbaycan dastanının ekranlaşdırılması nə vaxt olub? Bəs həmin dastanın müasir zamana köçürülərək dövrə uyğun interpretasiya edilməsi və tamaşaçı üçün aktual mövzuları əhatə etməsi? Üstəlik, bunu edərkən də dünyadakı tendensiyalardan yararlanaraq hansısa janr ilə xalqın adət-ənənələrini sintez edib tamaşaçının diqqətini çəkməsi? Bəhram və Bəhmən Ərk qardaşlarının birlikdə rejissorluğunu etdiyi “Dəri” filmi sözügedən bütün kriteriyalara uyğun gəlir. 2020-ci ildə İranda istehsal olunan bu film tamamilə Azərbaycan dilindədir, fentezi və qorxulu dram janrındadır.
Başlanğıcda bir təhkiyəçi “belə rəvayət edirlər” deyir və hadisələrin nağılvariliyinə tamaşaçını hazırlayır. Bir neçə səhnə sonra bu təhkiyəçinin sinəsində sazı, köksündə sözü olan aşıqlardan biri olduğu aşkar olur. Aşıqların qarış-qarış gəzib dastanlar söylədiyi dövrlər artıq geridə qalıb. Ərk qardaşları isə bu ənənəni yaşatmaq üçün, ya da kim bilir, öz fantastik hekayələrinə məqbul don geyindirmək üçün məhz bu yolu seçiblər. Aşıq danışdıqca, oxuduqca hekayə həm bizi qədimlərə aparır, həm də müasir dövrün görüntüləri ilə təzad yaranır. Aşıq yaradıcılığı kinematoqrafik yaradıcılıq ilə qol-boyun olaraq yeni diyarlara yol açmaq naminə hazırlaşır.
“Dəri”də hadisələr rəvayət/dastan kimi nəql edilsə də, hekayənin qurulma nöqtəsi, atmosferi və tonu qorxudan başlayır. Klassik qorxu filmləri bütün dünyada populyarlaşır, hətta Hollivud rejissorları tərəfindən də müraciət edilir. Xalqların öz kimlikləri barədə düşüncələri təkcə pozitiv fikirlərlə yox, həm də qorxularla, fantaziyalarla da müəyyən olunur. Ərk qardaşları da İranda yaşayan türksoylu insanların qorxularını araşdırmağa çalışır. İranda azəricə çəkilən başqa filmlərdə də milli kimlik məsələsi müxtəlif formalarda özünü göstərir. Məsələn, 2016-cı Əsgər Yusifinejad tərəfindən çəkilən “Ev” filmində də yasa gələn qadın nə qədər Quran axtarsa da, tapa bilmir. Əvəzində onun əlinə keçən kitab “Koroğlu dastanı” olur.
Filmin ilk səhnəsində yuxarıdan aşağıya doğru bir şir dərisi enir ki, onu da bir insan geyinir. Bu şir xeyirlə şərin mübarizəsində xeyrin tərəfindədir. Daha sonrakı səhnələrdə bu geyimin və insanların mərsiyələrinin Aşura ilə əlaqəli olduğu ortaya çıxır. Ərk qardaşları bir az daha qabağa gedərək şiə təriqətli insanlar üçün qorxunun ən böyük təzahür forması kimi Aşura hadisələrini qoyurlar. Böyük bir orduya qarşı qorxmadan mübarizə aparmaq, qorxu ilə üzləşmək və ona qalib gəlmək böyük bir cəsarət tələb edir. Film çeşidli simvollarla və hekayələrlə İrandakı türksoylu insanların təfəkkürünün formalaşmasında böyük rol oynayan elementləri muncuq kimi ipə düzərək bir-bir tamaşaçıya göstərir.
İpdəki muncuqların sonuncu danəsi isə milli folklarla dini folklorun sintezindən yaranan, insanların kollektiv şüurunda qorxu ehtiyacını qarşılayan cinlər olur. Cinlər filmdəki əsas hərəkətverici qüvvəyə çevrilir ki, bununla da həm sevgi hekayəsi işləməyə başlayır, həm də qorxu atmosferi formalaşdırılaraq dərin emosional təsir imkanı yaranır.
Araz gəncliyində xristian Marala aşiq olur, lakin onların sevgisi baş tutmur. Bu uğursuzluğun altında yatan məqam isə Arazın anasının cadu etmək bacarığı, bir dərinin üstünə onları ayırmaq üçün sözlər yazmasıdır. Arazın bu həqiqətdən xəbər tutması və əri ölən Maralın sevgisinə yenidən can atması hadisələri qəlizləşdirir, çünki hər cadunun “iki başı” var. Arazın əvvəldə cinlərə, cadulara inanmaması, rasional insanı təmsil etməsi getdikcə tərsinə çevrilir və o da artıq onun həyatına təsir edən superqüvvələrin olduğuna inanmağa, hətta onlara qarşı mübarizə aparmağa başlayır.
Filmin bir rəvayətçisinin olması kino dilini zəiflədir, əlavə izahlar ilə aşkar olanlar bir daha təkrar olunur ki, sanki yaradıcı heyət bu yolla öz hekayələrinə bütün tamaşaçıları inandırmaq istəyirlər. Arazı canlandıran Cavad Qamətinin və onun anası Narges Dilaramın güclü aktyorluqları isə inandırıcılıq üçün kifayət edir. Əvvəlindən vizual olaraq mistik ab-havanın yaradılması alov, duman, tünd və boz rənglərin istifadədə üstünlüyü ilə uğurlu alınır. Folk musiqinin qorxu janrına uyğun formada adaptasiyası isə filmin ümumi konseptinin tamamlanmasına kömək edir. Maral ilə Arazın sevgisinin gücü tamaşaçıya düzgün çatdırılmasa da, Arazın qardaşı İbrahimin sevgi əhvalatı, hekayənin ikinci qatını açmağa kömək edir. Hərçənd orada da İbrahimin sevdiyi şəxsin xüsusiyyətlərindən daha çox qızın atası ilə yaşadığı konflikt əsas yer tutur.
Ərk qardaşları gəldiyi cəmiyyətin kodlarını, ənənələrini, yaşayışını o qədər yaxşı bilirlər ki, gündəlik hadisələrin arxasında qalan Şərq təfəkkürünü canlandırmaqda çətinlik çəkmirlər. Aşıqın köməkliyi ilə tapdıqları Əttar cinin çıxarılması üçün köməklik edərkən Araz bir aynanın qarşısında oturub gördüyünə sonuna qədər dözməli olur. Ayna təkcə Arazın anasının dərdini yox, həm də Arazın özünün qorxularını göstərir. Operator burada quruluş həllini ustalıqla verib: Araz, özünün hissələrə bölünmüş, parçalanmış surətini görür. Qovuşa bilmədiyi sevgisindən ötrü şəxsiyyətinin parçalanması və bir formada qala bilməməsi bu yolla tamaşaçıya ötürülür. Bu səhnə həm də filmin tam ortasında baş verir ki, Arazın fövqəltəbii qüvvələrə inamsızlıqdan inama doğru keçidinin başlanğıcıdır. Əttarın vasitəsilə Araz artıq bütün günahlarından, sıxıntılarından xilas olmağa başlayır. Odlara yanan təkcə cadular, yazılı kağızlar deyil, Arazın qorxularıdır. Bu ki eynilə bizdəki çıldaq fenomeninin fərqli yozumudur.
Bütün bu hadisələr baş verərkən, film, gəldiyi cəmiyyətin ənənələrinə qarşı tənqidi mövqe sərgiləməyi də unutmur. Burada baş verən bütün hadisələr xeyir və şərin mübarizəsinin fərqli bir versiyasına çevrilir. Araz da, Maral da onları bir-birinə bağlayan aynaya baxdıqları zaman xeyir və şərin əksini görürlər. Elə şir geyimi də əvvəldə xeyirlə şərin mübarizəsinə qoşulur. Şir libası köhnə, tükləri tökülməyə yaxın da olsa, Araz onu əyninə keçirir. Anasının gecənin bir aləmi qarşısına çıxması, şir geyimli Arazın onu qucaqlaması da xeyirlə şərin yenidən qarşılaşması və uzlaşmasıdır.
Film başladığı kimi də bitir, lakin bir fərqlə: Bu dəfə şir libasını geyinmiş şəxs Arazın özüdür. Onun Maralla təziyə (matəm mərasimi) zamanı yenidən qarşılaşması isə aşıq tərəfindən belə yozulur: Ovçu ova şikar oldu. Bu qeyri-müəyyən final Arazın sevgiyə layiq olması üçün bütün mərhələlərdən keçdiyini vurğulayır.
Ərk qardaşları 2017-ci ildə çəkdikləri “Heyvan” qısa filmi ilə Kann film festivalının “Cinefoundation” bölməsinə seçiliblər. “Dəri” ilə də bu uğuru davam etdirərək İranın əsas festivalı olan “Fəcr”də 7 nominasiyada namizəd göstərilib və ikisində qalib gəliblər. Onların öz ənənələrindən yola çıxaraq müasir kinonun trendləri ilə ayaqlaşa bilmələri təqdirəlayiq haldır. “Dəri” də bəzi çatışmazlıqlarına baxmayaraq, ən azından qorxu janrı daxilində, İranın önə çıxan işlərindən biridir. Bu filmi bizim üçün vacib edən məqam isə bütün bu elementlərin bizim də gözümüzün qabağında olması, bizə gəl-gəl deməsi, amma bizim israr və inadla özümüzü görməzliyə qoyaraq başqa mövzulara və istiqamətlərə yönəlməyimizdir. Bəlkə də bunun əsas səbəbi bizim kimliyimizin başqa bir təhdidlə üzləşməməsidir. İranda isə vəziyyət fərqlidir. Orada aşıq da, Koroğlu dastanı da, hətta insanların inandıqları batil inanclar da xüsusi bir məna daşıyır. Belə olanda isə ilhamlanmaq üçün başqa ünvanlarda axtarışa ehtiyac qalmır.
Hacı Səfərov