“Sinema-verite” nədir?
“Sinema Verite”, real həyata güzgü tutur, süjet tərəfindən idarə olunmayan gündəlik həyatı bizə göstərir. Fransızca “həqiqət kinosu” anlamına gələn bu sənədli film janrı, 1960-cı illərdə Fransada inkişaf etmişdir. Kökləri isə 1920-ci illərə, Sovet rejissoru Dziga Vertovun “Kino-Pravda” nəzəriyyəsinə gedib çıxır. Hər iki janrın ortaq xüsusiyyətləri sırasında reallığı və gündəlik həyatı müdaxiləsiz şəkildə təsvir etmək, əl kamerası və təbii səslərdən (dialoqlardan) istifadə etmək kimi prinsiplər var.
“Kino-Pravda” Nəzəriyyəsi
Vertov, filmlərin mümkün qədər az müdaxilə ilə çəkilməsinin tərəfdarı idi. Bu, hadisələrin təbii axınını və insan davranışlarını olduğu kimi təqdim etməyə imkan verir. İnsanların təbii davranışlarını çəkmək üçün gizli kameradan istifadə etməyi təklif edirdi. Vertov həmçinin montajın film sənətində çox mühüm olduğunu vurğulayırdı. Onun fikrincə, montaj reallığın müxtəlif tərəflərini bir araya gətirərək daha geniş bir həqiqəti ortaya çıxarmağa kömək edirdi. “Kino-Pravda” filmləri sosial və siyasi mövzuları əhatə edir və cəmiyyətin problemlərini və dəyişikliklərini işıqlandırırdı. O, “həqiqi həyatı” göstərmənin vacibliyini vurğulayırdı.
“Sinema Verite” janrının inkişafı
“Sinema Verite” rejissorları, Vertovun nəzəriyyəsindən ilhamlanaraq, reallığı daha obyektiv və səmimi şəkildə təqdim etməyə çalışıblar. “Sinema Verite”, sənədli film tarixində əhəmiyyətli bir mərhələni təmsil edir. Bu janrın əsas rejissorları arasında Jan Ruş, Edqar Moren, Kris Marker və Rişar Lekok kimi adlar vardır. Onların çəkdiyi filmlər bu janrın tərzi və metodlarını formalaşdırmışdır.
Jan Ruş və Edqar Moren tərəfindən çəkilmiş “Yay xronikası” (Chronique d’un été, 1961) filmi “Sinema Verite” janrının əlamətdar nümunələrindən biridir. Bu film, 1960-cı illərin Parisində insanların gündəlik həyatını və onların sosial, siyasi və şəxsi narahatlıqlarını sənədli şəkildə araşdırır. Ruş və Moren, Parisdə yaşayan müxtəlif insanların gündəlik həyatını izləyərək onların problemlərini, düşüncələrini və hisslərini təbii şəkildə ortaya çıxarmağa çalışırlar.
Filmdə rejissorlar, iştirakçılara “Siz xoşbəxtsinizmi?” sualını verərək, onların həyatı və xoşbəxtlik haqqında düşüncələrini öyrənirlər. Bu sualın cavabları, filmin əsas mövzusunu və strukturunu təşkil edir. Ruş və Moren, bu suallar vasitəsilə insanları dərin sosial və şəxsi mövzularda danışmağa təşviq edir, bununla da filmin səmimiliyini və reallığını artırırlar.
Bu film, həm də rejissorların öz aralarındakı dialoqlarla da zəngindir. Onlar filmin sonunda öz işlərini və iştirakçılarla olan əlaqələrini müzakirə edirlər ki, bu da filmin metarefleksiv təbiətini ortaya qoyur. “Yay xronikası”, “Sinema Verite” janrının əsas nümunələrindən biri kimi sənədli film tarixində mühüm yer tutur və sosial-sənədli kinonun inkişafına böyük təsir göstərib.
“Sinema Verite” janrının əsas xüsusiyyətləri
Ənənəvi sənədli film texnikalarından qaçmaq: Ənənəvi sənədli filmlərdə geniş istifadə olunan müsahibələrdən, rəsmi söhbətlərdən və statistik rəqəmlərdən istifadə etməkdən çəkinir. Subyektlərin gündəlik həyatının və təbii hərəkətlərinin çəkilməsinə üstünlük verilir.
Müdaxiləsiz çəkiliş: Rejissor, hadisələrin gedişatına mümkün qədər az müdaxilə edir və hadisələrin mərkəzində olur. Hekayəni idarə etmək üçün sualları ilə qəhrəmanların diqqətini və davranışlarını dəyişirlər. Hadisələrin təsadüfi anları və subyektlərin təbii davranışları “Sinema Verite” cərəyanının əsasını təşkil edir.
Həvəskar aktyorların iştirakı: Baş verənlərin real olması üçün real insanlarla çəkiliş aparılır. Real insanlardan fərqli olaraq peşəkar aktyorlar filmə emosiya və inandırıcılıq qata bilsələr də, yenə də “Sinema Verite”-nin ruhuna uyğun gəlmirlər.
Əl kamerasından istifadə: Əl kamerası ilə çəkilişlər daha çox təbii və dinamik görüntü yaradır. Bu üsul və texnika, çəkilişlərin daha kortəbii və real olmasını təmin edir.
Əsl səslər və dialoqlar: Dialoqlar təbii şəkildə baş verir. Səslər və dialoqlar çəkiliş zamanı canlı olaraq qeydə alınır və sonradan montaj edilmədən təqdim edilir. Səslərin qeyri-mükəmməlliyi və təsadüfi səslər, filmin daha real və təbii görünməsinə kömək edir.
Təbii işıqla çəkiliş: Təbii işıqla çəkilişlər reallığı daha yaxşı əks etdirir və süni işıqlandırmanın təsirindən azad olur.
Minimal montaj və qrafikadan imtina: Filmlərdə minimal montaj istifadə olunur və hadisələrin təbii axını pozulmur. Qrafik və ya vizual effektlərdən imtina etməklə, sadə və təbii görüntülər qorunur.
“Sinema Verite” janrının əsas mövzuları
Sosial və siyasi mövzular: “Sinema Verite” cəmiyyətin sosial və siyasi problemlərini işıqlandırmağa yönəlmişdir. Bu filmlər, cəmiyyətin müxtəlif təbəqələrində baş verən hadisələri obyektiv şəkildə təqdim etməyə çalışır. Gizli və ya bilinməyən həqiqətləri açmaq və izləyicilərə fərqli baxış bucaqları təqdim etmək məqsədi güdür.
Antropoloji və sosioloji araşdırmalar: “Sinema Verite” insan davranışlarını və cəmiyyətin müxtəlif aspektlərini araşdırmaq üçün istifadə olunur. Fərqli mədəniyyətlərin və yaşayış tərzlərinin incələnməsi üçün də ideal vasitədir.
Əks mədəniyyətlər və alternativ yaşayış tərzləri: “Sinema Verite”, əsasən alternativ mədəniyyətlər və yaşayış tərzlərini göstərmək üçün istifadə olunur. Bu filmlər “meynstrim”dən (əsas axından) fərqli olaraq, daha fərqli həyat tərzlərini işıqlandırır. Filmlərdə müxtəliflik və fərqlilik vurğulanır, bu da izləyicilərə fərqli perspektivlər təqdim edir.
“Sinema Verite” və Birbaşa Kino (Direct Cinema)
“Sinema Verite”, bəzən “direct cinema” (birbaşa kino) ilə qarışdırıla bilər. “Direct cinema”, Şimali Amerikada inkişaf etmiş və oxşar prinsiplərə əsaslanan bir janrdır. Lakin, “direct cinema” əsasən, hadisələrin passiv müşahidəsinə fokuslanır, “Sinema Verite” isə daha çox, sosioloji və antropoloji araşdırmalara yönəlir.
“Sinema Verite” və Müşahidə kinosu (Observational Cinema)
“Sinema Verite” və Müşahidə kinosu arasında fərqlər rejissorun çəkiliş prosesindəki müdaxiləsi ilə bağlıdır. “Sinema Verite” janrında rejissorlar daha aktiv rol oynayır, subyektlərlə qarşılıqlı əlaqədə olur və əl kamerası ilə dinamik çəkilişlər edirlər. Müşahidə kinosunda isə rejissorlar tamamilə müşahidəçi rolunda çıxış edir, hadisələrə heç bir müdaxilə etmir və stabil kamera ilə statik çəkilişlər edir. Hər iki janr, reallığı və həqiqəti fərqli üsullarla təsvir etməyə çalışır və bu səbəbdən də sənədli film dünyasında əhəmiyyətli yerlərə malikdirlər.
“Sinema Verite” rejissorlarının üzləşdiyi problemlər
“Sinema Verite” filmləri uzun müddət davam edən çəkilişlər tələb edir. Bu da maliyyə və vaxt baxımından çətinliklər yaradır. Rejissorlar hadisələrin təbii gedişatını gözləməli və ona uyğunlaşmalıdırlar ki, bu da qeyri-müəyyənlik və planlaşdırma problemlərinə səbəb olur. Uzunmüddətli çəkilişlər və xüsusi avadanlıq tələb edən “Sinema Verite” filmləri üçün maliyyə resurslarının tapılması çətin ola bilər. Bu janrda film çəkən rejissorlar bəzən, geniş istehsal dəstəyi və marketinq imkanlarından məhrum olurlar. “Sinema Verite” janrında film çəkən rejissorlar, reallığı və həqiqəti göstərməyə çalışdıqları üçün dövlət tərəfindən müxtəlif problemlərlə üzləşirlər. Bu problemlər senzura, təqiblər, hüquqi maneələr və təhlükəsizlik risklərini əhatə edir. Bu çətinliklərə baxmayaraq, “Sinema Verite” janrı, reallığı obyektiv şəkildə təsvir etmək üçün əhəmiyyətli bir vasitə olmağa davam edir.
İlkin Yusif