İNDİ OXUYUR
Şiddətin böyütdüyü “balaca adam”

Şiddətin böyütdüyü “balaca adam”

“Mən düz otuz il bankda məmur işləmişəm. O vaxta qədər ki, depressiya başlayacaqdı və işimi itirəcəkdim. İşsiz qalandan sonra isə ailəmi dolandırmaq üçün öz biznesimi qurdum. Burada mən qarşı cins nümayəndələrini müflis etməklə məşğul olurdum. Amma sizi əmin edirəm ki, “göysaqqal” peşəsi çətin və səmərəsizdir. Yalnız tamamilə çarəsiz bir insan buna cəsarət edə bilərdi. Təəssüf ki, mən də elə idim…”

Bu sözlər mənim deyil. Heç bu məqamda kimin olması da önəmli deyil. Axı nə dediyini başa düşməyəndən sonra, kimin dediyinin nə önəmi var? Bu nitq qısa və sadə görünə bilər, lakin konteksti bir o qədər geniş və mürəkkəbdir. İnsan taleyi, daha doğrusu, insanların canını və malını hədəf götürən, fəqət bunun məsuliyyətini mühitə, cəmiyyətə yükləyən qisasçı “balaca adamın” faciəsi, həmçinin bu fonda milyonlara qəsd edən dünya müharibəsinin fəsadları sadə şərh oluna bilməz. Ən əvvəl ona görə ki, “balaca adam” artıq “böyüyüb”. Onu bəsləyib böyüdən isə, öyrəşildiyi kimi, nəvaziş və qayğı deyil, əksinə, məruz qaldığı təzyiq, haqsızlıq, şiddət olub. İş ondadır ki, əvvəllər biz onu saf, xoş niyyətli, xüsusən də qadınlara qarşı həssas bir obraz kimi tanıyırdıq. İndi isə tovladığı qadınları soyaraq, bəzən isə öldürərək dolanışığını təmin edən silsilə qatil olaraq çıxır qarşımıza. Budur, Anri Verdu “Müsyö Verdu” filmində…


Film ölməz sənətkar Çarlz Çaplin tərəfindən 1947-ci ildə lentə alınıb. Komediya-dram janrında olan bu film öz zamanında Amerikada ciddi təzyiqlərə məruz qalsa da 1960-cı illərdən sonra haqqı olan diqqəti əldə edə bilir. Belə ki, İkinci Dünya müharibəsindən sonra yaranan qütbləşmə fonunda iki böyük ölkənin – Amerika və SSRİ-nin müttəfiqlik siyasəti Soyuq müharibə fazasına keçdiyindən, Çaplinin sosial mesajlarını kommunizmə dəstək olaraq qəbul edən kapitalistlər bundan narazı idilər. Çünki, Çaplin sistemdəki ikili standartlar, ictimai institutların ədalətsizliyi, kapitalizmin qəddarlığı, müharibə və əxlaqi dilemmaları sorğulayırdı. Yaratdığı anti-qəhrəman olan müsyö Verdunun timsalında insan təbiətinin mürəkkəbliyini və mühitin mənfi təsirləri nəticəsində yaranmış əxlaq böhranını təsvir edirdi. Amma nə biləydilər ki, kommunizmə gedən yol özü də “gülüstan” deyildi və sadaladığım amillərin aşağı-yuxarı hamısı bu səfərin yarıda qalmasına şərait yaratmışdı. Ona görə də düşünürəm ki, quruluşun necəliyindən çox, insanın öz üzərində nəzarətinə, sosial məsuliyyətinə fokuslanmaq daha səmərəlidir. Nəzarətin isə birinci aləti nəzərdir, baxışdır. Baxmalıdır; insan özünə, özünün cəmiyyətlə münasibətlərinə kənardan baxıb nəticə çıxarmalıdır. Bu məqamda fikrimi alman kinonəzəriyyəçisi Ziqfrid Krakauerin “güzgülü kino” nəzəriyyəsi ilə genişləndirmək istərdim. Krakauerə görə, kino insanların həyat təcrübələrindən istifadə edir ki, bu da onun əsas məqsəd və ideyaları ifadə etməsinə kömək edir. Nəticədə, ən müxtəlif hadisələrdən mənəvi dərslər çıxara bilməyimiz mümkün olur. Gündəlik həyatda yaşanan hadisələr, insanların cəmiyyətdəki rəqabəti, digərləri ilə münasibətləri kimi məsələlər Krakauerin “güzgülü kino” nəzəriyyəsinin mərkəzi mövzularıdır. Bütün bunlar bizi düşündürən və dəyişən bir kino təcrübəsi yaşamağımıza səbəb olur. Elə ona görədir ki, “Müsyö Verdu” filmi öz aktuallığını indiyə qədər qoruyub saxlaya bilir.


Film İkinci Dünya müharibəsinin astanasında, Fransada depressiya nəticəsində işsiz qalmış, bununla da çıxış yolu kimi müxtəlif qadınlarla evlənərək onların var-dövlətini ələ keçirən, ehtiyac olduğu təqdirdə onları öldürməyə tərəddüd belə etməyən silsilə qatil haqqındadır. Çaplin bu hekayəni özünəxas şəkildə komediya-dram janrında təqdim edir. Film yalnız komediya elementləri deyil, dramatik vəziyyətlər, lirik-poetik monoloqlar və dərin sosial mesajlarla zəngindir. Rejissor müsyö Verdunu amansız cinayətkar yerinə, mürəkkəb və təzadlı, simpatik antiqəhrəman olaraq təsvir edir. Həmçinin komik situasiyalardan istifadə etməklə tamaşaçını ictimai münasibətlərdə nəyin düz, nəyin səhv olduğunu sorğulamağa vadar edir. Müsyö Verdunun əxlaq normalarını pozmasına baxmayaraq, tamaşaçını məhz qəhrəmanın ətrafında olan riyakar və qəddar mühitin nə dərəcədə təqsirkar olduğu fikri düşündürür. Çünki, tamaşaçı əks qəhrəmanın cinayətə yönəlməsini məhz ədalətsiz sistemə qarşı reaksiya olaraq qəbul edir.

Filmin ilk səhnəsində əks qəhrəmanın fəaliyyəti, doğum və ölüm tarixləri, təbii olaraq son aqibəti ilə də tanış oluruq. Amma bununla belə, bu hadisənin hansı kontekstdə baş verdiyini bilmək də maraqlıdır. Film bizi Fransanın şimalına, ticarətlə məşğul olan sadə bir ailənin evinə aparır. Elə bu səhnədəcə eksentrik komediya elementləri filmin mühitini bizə aşılayır. Ailədaxili dialoqda isə qətl hadisəsi ehtimalının səslənməsi artıq bizi əmin edir ki, filmi izləməklə gülüş və nigaranlıq arasında var-gəl edəcəyik. Və budur, rejissorun ənənəvi effektiv qəhrəman təqdimatı. Komik musiqinin müşayiətilə qəhrəmanın ekrana gələn şəkli. Ardınca isə Fransanın Cənubunda bir villanın bağçasında güllərə qulluq edən qəhrəmanın görüntüsü. Çaplinin digər filmlərdə canlandırdığı “balaca adamla” bunun arasındakı fərq ilk baxışdan sezilir. Özündən razı, məğrur duruşlu, geyim-kecimi yerində və biraz da yaşlı. O artıq cəngəllik qanunlarını bilən yırtıcıdır. Yeni evləndiyi arvadını sobada yandıracaq qədər amansız, yerdə sürünən tırtılı əzməyəcək qədər mərhəmətli xarakterə malikdir.


Eyni vaxtda bir neçə qadınla evli olan Verdu onlardan hər birini ziyarət edərkən başqa-başqa maskalar taxaraq müxtəlif ad və ixtisas sahibinə çevrilir. Bir dəfə geoloq, bir dəfə kapitan, bir dəfə mühəndis və s. olan Verdunun bu şəxsiyyət keçidlərinin ekran həlli də olduqca maraqlıdır. O, hər dəfə ölkənin müxtəlif bölgələrində yaşayan arvadlarını qatarla ziyarət etdiyindən, elə qatar çarxının hərəkətdə olan təsviri leytmotiv kimi hər keçiddə ekrana çıxır. Onun saxta evlilikləri ilə yanaşı həqiqi ailəsi də var, hansı ki, əlil arvadından və 6 yaşlı oğlundan ibarətdir. Bu personajlar qəhrəmanın motivasiya mənbəyi olaraq fabulanın mərkəzindədir. Bütün saxta evliliklər, amansız qətllər, bir sözlə, Verdunun biznes adlandırdığı cinayətlər öz ailəsi qarşısında olan məsuliyyəti fonunda baş verir. Başqalarının mal-mülkünə sahib çıxmaqla ailəsinin ev və dolanışıq problemini həll edən Verdunun özünün də dediyi kimi, birinin artımı digərini məhv edər. Təzadlı xarakterə malik qatil, özünün flora və faunaya olan sevgisi ilə də diqqət çəkir. Gül yetişdirən, qurd-quşa qıymayan, pişiklərə qayğı göstərən Verdu hətta ailəsinə heyvan sevgisini aşılamaq üçün vegeterian əsaslı qidalanmanı da təlqin edir. Pişiyi incidən oğluna isə belə bir öyüd verir: “Bir şiddətdən yeni bir şiddət doğular”.


Lakin qəhrəmanın bu mərhəmət hissi insanlara qarşı münasibətdə tam əks mövqedə qərar tutub. Əczaçı dostundan qətl üçün öyrəndiyi yeni zəhəri yoxlamaq üçün əlinə düşən imkandan faydalanmaq niyyətindədir. Həbsdən yenicə çıxmış, hoteldə qalan kimsəsiz bir qızcığazdan daha uyğun qurban kim ola bilərdi? Tamaşaçını gərginlikdə saxlayan, onu qızcığazla empatiya qurmağa sövq edən, Verduda ilk insani mərhəmət hissinə şahid olaraq təsirləndirən bu səhnə qisas, mərhəmət, haqsızlıq, ədalət kimi ən müxtəlif məfhumları beyində saf-çürük etdirən bir gücə malikdir. Fikir verin, Verdu yalnız qızcığazın əlil ərinə uşaq kimi qayğı göstərdiyini biləndən sonra onun həyatını bağışlayır. Çünki, Verdu o qızcığazda özünü görür. O zəhər isə Verdunun izinə düşmüş polisin qisməti olur. Düzü, filmdə yeganə bəyənmədiyim məqam da bu polisin Verdunun izinə necə düşə bildiyinin açıqlanmaması idi. Yalnız qəhrəmanın gül dükanındakı alış-verişini güdən polis epizodundan başqa heç bir açıqlama yox idi. Filmin ən komik situasiyaları isə Verdunun Anabella adındakı arvadını öldürmək cəhdləridir. Eksentrik və situativ komediyalar ilə zəngin bu səhnələr beyinləri öz yumoru ilə o qədər məşğul edir ki, Anabellaya mərhəmət hissi duymaq tamaşaçının ağılına da gəlmir. Hətta qatilə azarkeşlik belə edir.


Artıq yumorun öz yerini dramatik situasiyalara verməyinin vaxtı yetişib. Avropada iqtisadi və hərbi böhrandır. Ölkələr İkinci Dünya müharibəsinə hazırlaşır. Qazananlar silah istehsalçıları və tacirləri, ümumilikdə hərb sənayesidir. Verdunun isə birjadakı səhmləri batır, özü müflisləşir, biznes adlandırdığı fəaliyyəti isə daha yoxdur. Səbəbi aydın olmasa da ailəsini də itirib. Onun iqtisadi cəhətdən aldığı birinci zərbə onu qatilliyə sövq etmişdisə, indiki zərbə, içindəki vicdanı silkələmişdi. Bu barədə rastlaşdığı köhnə tanışı, bir zamanlar öldürməyə cəhd etdiyi qızcığaza danışarkən deyir ki, sanki vəhşi dünyada yaşayırdım, indi ayılmışam. Bu peşmanlığının fonunda əminliyi sarsılmış Verdu sanki Çaplinin əvvəllər canlandırdığı “balaca adam” obrazını xatırladır. Amma bir fərqlə – fəlsəfi düşüncə ilə. Belə ki, dahi sənətkar Çaplin edam cəzası altında olan Verdunun dili ilə bütün dünyaya müharibə məzmunlu mənəvi-əxlaqi mesaj çatdırır: “Bu dünyada bir nəfəri öldürən şəxs cani, milyonları öldürən isə xilaskar sayılır. Bir sözlə, miqyas hər şeyə haqq qazandırır. Sizinlə isə, görüşəcəyik, tezliklə görüşəcəyik”.

Xəyal Əfəndi

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya