Sehirli dünyada nələr baş verir?

Xəbər verdiyimiz kimi, aprelin sonlarında Almaniyada keçirilən “goEast” Beynəlxalq Kinofestivalında rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” adlanan yeni tammetrajlı bədii filminin dünya premyerası baş tutmuşdu. Kinoyazar.az bolqar kinotənqidçisi Mariana Hristovanın film haqqında resenziyasını təqdim edir.
Azərbaycanlı rejissor Elvin Adıgözəlin tammetrajlı bədii filmi qələbə hekayəsi kimi başlasa da, sonradan Azərbaycanın kədərli kənd həyatını təsvir edən ailə faciəsinə çevrilir.


35 yaşında olmasına baxmayaraq, Elvin Adıgözəl olduqca məhsuldar bir yaradıcılığa malikdir; onun iki qısametrajlı və dörd tammetrajlı filmi var. Bu filmlərin əksəriyyəti zamanın sanki donub qaldığı, tanrı tərəfindən unudulmuş əyalətdə yolunu itirmiş insanlara fokuslanır. Onun son işi olan “Mənim sehrli dünyam” filminin dünya premyerası XXV “goEast” kinofestivalının müsabiqə proqramı çərçivəsində baş tutub.
“Mənim sehrli dünyam” filmində də müəllif öz ənənəsinə sadiq qalır: Süjet, gündəlik həyatın darıxdırıcı axarında yaranan saf və sadəlövh arzular ətrafında cərəyan edir; həmin reallığın doğurduğu faciə isə dərin kök salmış ümidsizlik hissinin barometri rolundadır.

Xəyalpərəst musiqiçi Babək (Kamil Nazim), istedadlı pop-folk ifaçısıdır. O öz qrupu ilə birlikdə kənd toylarında və üfunətli əyalət kafelərində çıxış edir, eyni zamanda “Bakı ulduzu” adlı populyar televiziya şousunda iştirak edərək şəhərdə uğur qazanmağı arzulayır. Onun ilk məqsədi özünü tanıtmaq üçün klip çəkməkdir, lakin bu klipin xərcini necə ödəyəcəyini bilmir. Avtoritar anasını növbəti dəfə kredit götürməyə razı salmasına baxmayaraq, aldığı pulu “bacarıqla” havaya sovurur və nəticədə, özü borc bataqlığında boğulur.
Bu vaxt onun yaxın dostu, Babəklə müqayisədə daha realist olan Sahil (Cahangir Məlik) – həm də qrupun mahnılarının müəllifi və reklamçısı – Babəkin istedadına azacıq həsəd aparsa da, ona maddi kömək göstərir. Ancaq eyni zamanda həm Babəki, həm də, bəlkə də, Babəkin yeni sevgilisi, gözəl ofisiant Zərifi (Kəmalə İsrafilova) itirəcəyindən get-gedə daha çox qorxur.

Artan gərginlik fonunda gözlənilməz bir “Qabil və Habil” ssenarisi ortaya çıxır. Lakin bu hadisə nə hekayənin kulminasiyası, nə də düyünün açılması kimi görünür. Əksinə, Sahilin öz günahı ilə üzləşməsi, bunun nəticəsində yaranan emosional boşluğun təsviri hadisələrin qorxunc dönüşünün əsas məqamları kimi görünür, çünki çarəsizlik artıq hər şeyə hakim kəsilir.
Elvin Adıgözəlin özünün yazdığı ssenarinin dramaturji mərkəzi faciəyə ani keçidi ilə, bəlkə bir az mübaliğəli təsir bağışlasa də, incə detalları ilə güclü orijinallıq hissi yaradır, yerli adət-ənənələrin və reallığın özəlliklərini ortaya qoyur. Babəkin yetkinləşməməsi, çox güman ki, anası ilə yasaq münasibətə bənzər bir vəziyyətdə yaşamasından qaynaqlanır. Burada onun evə gətirdiyi hər hansı gəlin onların münasibətinə təhdid kimi görünür. Lakin özü ailə başçısı olan patriarxal Sahil üçün Babəkin Zəriflə başqa yerdə ayrı bir həyat yaşaması fikri kafirlik sayılır.

Filmin həm də musiqi leytmotivi olan vəklipi çəkilən “Mənim sehrli dünyam” mahnısının müəllifi Sahil, adətləri qorumaq üçün cinayət etməkdən belə çəkinməyən, keçmişin həsrətilə yaşayan, sarsılmaz bir ənənə qoruyucusu kimi təqdim edilir; amma hər şeydən başa düşülür ki, bu mübarizə çoxdan uduzulub. Dostunun yuvadan uçmağına mane olmaq üçün cinayət törətməkdən daha böyük faciə, bunu etmək üçün heç bir səbəb olmadığını anlamaq ola bilər – onların vətəni artıq çoxdan uşaqlıq çağının sehrini itirib və indi güclülərin – mələk donuna girib boş xəyallar satan təkəbbürlü bədxahların əlinə keçib.
Sərt reallıqla melodram arasında var-gəl edən – və şedevr olmağı hədəfləməyən – “Mənim sehrli dünyam”, arzularla reallıq arasındakı uçurum, bərpası mümkün olmayan səhvlər və zamanın geri gətirilməsinin qeyri-mümkünlüyü haqqında hüznlü açıqlamaları ilə tamaşaçını yavaş-yavaş ovsunlayan bir filmdir.
“Mənim sehrli dünyam” filmi “Cinex Productions” və “Ultra Production” (Azərbaycan), “Highbit Media” (Kipr) və “Evos Film” (Ukrayna) tərəfindən istehsal edilib.
Mariana Hristova
Tərcümə: Afaq Yusifli