San-Sebastyanda üçüncü gün
Bu gün izlədiyim ilk film koreyalı rejissor, müəllif kinosunun tanınan adlarından Honq San-Sunun “Bir səyahətçinin ehtiyacları” filmi oldu. San-Su bu filmi ilə Berlin Film Festivalında əsas Qran-prini qazanıb. Filmə keçməmişdən əvvəl rejissorun tərzini açıqlamaq istərdim. Müəllif öz filmlərini çox cüzi büdcə ilə çəkir. Üstəlik, xeyli məhsuldardır, bəzən onu eyni il ərzində iki müxtəlif böyük festivalda yeni filmlə görmək mümkündür. Filmlərini özü çəkir, özü montaj edir, özü ssenarisini yazır və təqdim edir. Musiqiləri də əksər hallarda klassik musiqilər olur, filmi üçün xüsusi musiqi bəstələmək imkanı duymur. Diqqətlə izlədiyin zaman texniki axsaqlıqları görmək olur. Ancaq buna baxmayaraq, o dünyanın sayılıb-seçilən adlarındandır. Buna səbəb isə həm tapdığı maraqlı ideyalar və onların həllidir.
“Bir səyahətçinin ehtiyacları”nda fransız səyahətçi İrisin özünəxas formada Koreyada başqalarına fransız dili öyrətməsinə şahid oluruq. O, dil öyrətdiyi insanlarla söhbət edir, onların, dili necə hiss etdiyi ilə maraqlanır və həmin hissləri indeks kartlara fransız dilində köçürərək şagirdlərindən öyrənməyi xahiş edir. Bu eksperimental tərzi belə izah edir ki, dili, hisslərimizi ifadə edəcək formada öyrənərək onu mənimsəməmiz mümkündür, nəinki “Bu kitabdır”, “Poçtun ünvanı haradır?” kimi cansız cümlələrlə. İrisin təklif etdiyi yanaşma unikaldır və rejissorun film vasitəsilə etmək istədiyi ilə oxşardır. Rejissor da hisslərlə, onu necə ifadə etdiyimizlə, şeirlərlə maraqlanır. Əsas vacib olan hisslərdir və hissləri təkzib etməklə sadəcə yaşayışımızı mexanikləşdiririk.
Stilistik olaraq, müəllif əsərə sadəliklə yanaşır: Statik kamera, uzun dialoqlar, bəzən edilən optik yaxınlaşdırna və uzaqlaşdırma. Rejissor, filmini naturada, təbii işıqla çəkir. Bəzən fonda “partlayan ağlar” həmin seçimin nəticəsidir. Ancaq, rejissor hisslərlə və insan təbiətilə maraqlandığı üçün bu məqamlara əhəmiyyət vermir. Komediya ilə poeziyanı ustalıqla birləşdirərək yaxşı ideya və yaxşı ssenari ilə uğur qazanmağın mümkünlüyünü isbat edir. İris rolunda məşhur aktrisa İzabel Yuperi görürük. Bu cür sadə filmdə bu qədər məşhur aktrisanın olması təzad kimi görünə bilər. Bəzən, aktyor və aktrisalar təkcə kommersiya ilə maraqlanmır, həm də incəsənət dəyəri olan layihələrə yönəlirlər. Bu işbirliyində Hon San-Sunun müəllif olaraq özünü təsdiq etməsinin də böyük rolu var. Yekun nəticəyə baxdığımızda İzabel Yuperin heç də səhv qərar vermədiyini, əksinə, son illərin ən unudulmaz ifalarından birinə imza atdığını görürük. Film çəkmək üçün yerlə-göylə əlləşdiyiniz, büdcə tapmaqda çətinlik çəkdiyimiz ölkəmizdə bu rejissordan öyrənəcək çox şeyin olduğunu düşünürəm.
Günün ikinci filmi isə Korali Farjanın Kann Film Festivalında “Ən yaxşı ssenari” mükafatını qazanmış “Substansiya” filmi oldu. “Substansiya” son 20 ildə fransız kinosunda əsas axınlardan sayılan “Body horror” janrının davamıdır. Rejissorun fransız olması bu seçimi aydınlaşdırır. Ancaq, budəfəki “Body horror” Hollivudla qovuşur və vizual olaraq indiyə qədər olan ən yüksək zirvələrindən birinə çatır.
Filmin qəhrəmanı, həyatını televiziyada keçirən və televiziya ilə yaşayan Elizabetdir. O, ekranların sevilən simasıdır. Onsuz televiziyanı düşünmək mümkünsüzdür. Ancaq hər gözəl şeyin sonu olduğu kimi, onun karyerası da finiş xəttinə yaxınlaşır. Yaşı artıq 50-yə çatdığı üçün şou dünyası üçün yetərsizdir. Zamanın qarşısında dayanmaq olmaz, yerini başqasına verməlidir. Film öz tonunu elə ilk dəqiqələrdən bəlli edir və Hollivudun amansızlığına diqqət çəkir. Burada rejissor, həm də maraqlı bir tapıntı ilə qarşımıza çıxır: Elizabet Sparkl rolunu Demi Mur ifa edir. D.Murun bütün karyerası ilə Elizabetin karyerası oxşarlıq təşkil edir. Rejissor bu seçimi ilə hekayənin heç də təsadüfi olmadığını göstərir.
Hollivud amansızlığı kinoda yeni mövzu deyil, bu mövzuda müxtəlif filmlər çəkilib. Ən məşhur nümunələrdən biri Bili Vaylderin çəkdiyi “Sanset Bulvarı” olan, təxminən 50 il sonra Devid Linçin çəkdiyi “Malholland drayv” ilə davam edən mövzuda Farja, bu dəfə mərkəzə qadın bədənini, seksizmi, yaşlanmağı qoyur. Üstəlik, tərz olaraq klipləri xatırladan, dinamik montaj həlli ilə gözoxşayan film, qəhrəmanın keçmişi və tarixçəsi ilə oxşarlıq təşkil edir. Elizabetə gizli bir təklif gəlir: O, özünün daha yaxşı bir versiyasını istəyirmi? Xüsusi hazırlanmış maddəni qəbul etsə, bu baş verəcək. Yaş böhranı ilə üz-üzə olan Elizabet bununla razılaşır və cavan, seksual klonu ortaya çıxır. Onlar həyatlarına ancaq bu şərtlə davam edə bilirlər: Bir həftədən bir yerlərini dəyişməlidir. Biri yuxuya getməli, digəri yaşamalıdır. Balansı pozmaq olmaz. Ancaq, Elizabetin Syu ilə mübarizəsi məhz bundan sonra başlayır və balans pozulur.
Rejissor, filmin üçüncü aktına qədər əyləncəli, rahat izlənən film təklif edir. Üçüncü aktdan sonra isə hadisələr inanılmaz bir məcraya yönəlir və fantasmaqoriyaya çevrilir. Syu rolunu oynayan Marqaret Kvolli, vaxtaşırı psixoloji qorxu dramının unudulmaz filmi “Possesion”dakı rolu ilə yaddaşlarda qalan fransız aktrisa İzavella Adjaniyə oxşayır. Sonda ortaya çıxan bədheybət isə Devid Linçin “Fil adam”ının burnundan düşübmüş kimi görünür. Fargeat estetik seçimləri ilə əyləndirməyi bacardığı kimi, cəsarətli gedişləri ilə heyrətləndirməyi də bacarır. Hekayəni qadın eqoizmi üzərindən qursa da, sonda məsələnin təkcə bu olmadığını, sistematik olaraq şou dünyasının qadınlar üzərində yaratdığı iqtidara da toxunur. Son illərin ən qəribə filminə imza atmağı bacarır.
Günün üçüncü və son filmi isə İranda ev həbsinə məhkum edilən, gizli yollarla ölkədən çıxmağı bacaran Mohammad Rasulofun çəkdiyi “Müqəddəs əncirin toxumu” filmi oldu. Filmin ilk otuz dəqiqəsindən rejissorun ölkədən çıxış səbəbini anlamaq olur. O, 2022-ci ildə İranda baş verən Məhsa Əmininin qətlini və sonra, dövlət orqanlarının etirazçılara tutduğu divanı olduğu kimi göstərir. Filmboyu müxtəlif məqamlarda sənədli görüntülərdən istifadəni görürük. Rasulof öz ölkəsinin problemlərinə səssiz qalmaq istəməməsi təqdirəlayiqdir və bu cür film çəkmək böyük cəsarət tələb edir.
Filmin mövzusu isə bir ailənin ətrafında baş verir. Ata, İran İnqilabı Məhkəməsinə yenicə təyin olunmuş hakimdir, ana, öz ailəsinin qeydinə qalan ənənəvi iran qadınıdır, qızlar isə ətrafda baş verən etirazlara laqeyd yanaşaya bilməyən, ataları tərəfindən nə qədər sıxışdırılsalar da, müstəqilliyə can atan gənclərdir. Filmin ilk hissəsi (filmin xronometrajı 168 dəqiqədir) rejissorun ölkəsində yaşananları göstərmək arzusuna görə axsayır. Dialoqlar həddindən artıq açıqlamalarla doludur (hiss olunur ki, müəllif bölgəyə yad olan beynəlxalq tamaşaçıları da düşünüb, əlavə açıqlamalı dialoqlar yazmaq məcburiyyətində hiss edib özünü), aktyor oyunu zəifdir, dramaturgiya işləmir. Bütün bunlara baxmayaraq, sənədli kadrların gücü və enerjisi sayəsində film tamaşaçını cəlb edə bilir.
Filmin ikinci hissəsi isə nisbətən daha güclüdür. Burada hekayə yeni bir məcraya yönəlir: Hakim ataya təhkim olunmuş silah evdə itir və onun axtarışları İran ailəsinin daxilinin rentgeninə çevrilir. Müxtəlif dünyagörüşləri toqquşur, ailə getdikcə məhv olur. Üstəlik, sosial media hesablarında ailənin yaşadığı ünvanın ifşası paranoyanı biraz da artırır. Ata, insanları edama göndərən şəxsdir və bu haqsız edamlara görə təqib olunduqlarını düşünürlər. Xatırladım ki, Rasulofa əsas uğur gətirən filmlərdən olan “Burada şeytan yoxdur”da məhz edam mövzusunu ələ alırdı.
Təhlükədən qaçmaq üçün Tehrandan kənarda yerləşən ata evinə qayıdırlar. Buradan sonrası isə İranın mövcud vəziyyətinin metaforunu təşkil edir. Ata, getdikcə qəddarlaşan, əzazilləşən, hər kəsdən şübhələnən və heç kimə inanmayan dövlətdir. Ana, əvvəlcə aranı düzəltməyə çalışan, lakin getdikcə “dövlətin” (atanın) övladlarını “yediyini” görüb onları müdafiə etməkdən başqa çarəsi qalmayan “xalq”dır. Qızlar isə Məhsa Əminidir, hicabını atıb öz müstəqilliyinə can atan, bunun üçün hər şeyə hazır olan, hətta öldürülən İran qadınlarıdır.
Rejissor, ölkəsinin gələcəyinə ümidvardır və bunu sonda tamaşaçıya çatdırır. Cəsarətli, eyni zamanda, xeyli simvolik bir sonluqdur. Rasulofun “Müqəddəs əncirin toxumu” filmi Almaniyanın Oskar namizədidir və indidən əsas favoritlərdən biridir, hətta birincisidir. İstər estetik, istər dramaturgiya baxımından zəif olsa da, film, İranın yaxın tarixinə işıq tutduğu üçün dəyərlidir və bu, tarixi-sosioloji baxımdan illər ötdükcə daha da artacaq.
Hacı Səfərov