Now Reading
San-Sebastyanda ikinci gün

San-Sebastyanda ikinci gün

Festivalda artıq sürət artmağa başlayıb. Hər gün qırmızı xalıda müxtəlif məşhur qonaqlar gəlib-gedir, tamaşaçılar da heyran-heyran onları gözləyirlər. Bəziləri foto, bəziləri avtoqraf arzusundadırlar. Mətbuat akkreditasiyasım olduğu üçün boş vaxtımda maraqlı ola biləcəyini düşündüyüm mətbuat konfranslarında iştirak edir, filmlərin yaradıcıları olan şəxslərin fikirlərini dinləməyə çalışıram. İlk belə mətbuat konfransı öncəki filmi ilə Venesiyada əsas mükafatı qazanan Odri Divandır. Onun “Hadisə” filmi barədə yazı da yazmışdım. Bu dəfə müəllif “Emmanuelle” filmi ilə həm festivalın açılışını edir, həm də əsas yarışmadadır.

Növbəti mətbuat konfransları isə dünya kinosunun iki parlaq ulduzunun iştirakı ilə baş tutur. Həm Xavier Bardem, həm də Keyt Blanşet bu il festivalın fəxri mükafatına layiq görülüblər və həmin mükafatı fürsətə çevirib yerli və beynəlxalq jurnalistlərlə görüş təşkil ediblər. Xavier Bardemə verilən mükafat ötən il təqdim olunmalıydı, ancaq həmin vaxtda Hollivudda aktyorların tətili olduğuna görə festivala qatıla bilməmişdi. Bardem və Keytə müxtəlif suallar ünvanlanır. Əlbəttə, ən çox yaradıcılıqlarında mühüm yer tutan obrazlardan, həmin obrazların dünya kinosuna təsirindən və ya hansısa bir rejissorla əməkdaşlıqlarından suallar olur. Lakin diqqəti çəkən məqam odur ki, bəzən siyasi-ictimai mövzulu suallar da olur. Məsələn, Xavier Bardem İsrail-Fələstin konflikti barədə suala xeyli uzun cavab verir, vəziyyəti analiz edir və öz düşüncələrini bölüşür. Sözünü bitirdiyi zaman isə zalda alqış qopur. Ya da Keyt Blanşetə Kann Film Festivalında qırmızı xalı ilə birgə geyimini uyğunlaşdırıb Fələstinə dəstək verməsi barədə soruşulur. Bu aktyorlar məşhur olsalar da, yeri gəldiyi zaman özlərini ifadə etməkdən çəkinmirlər.

Keyt Blanşet


Film nümayişlərində də bir-birindən maraqlı işlər var. Əlimdən gəldiyi qədər müxtəlif janrlara müraciət etməyə çalışır, daha fərqli yanaşmalardan xəbərdar olmağa çalışıram. Təzəlikcə kəşf etdiyim avstraliyalı animasiya rejissoru Adam Elliotun yeni filmini – “Bir ilbizin memuarı”nı izləyirəm. Adam Elliot özünəxas yumoru olan, təhkiyəni daha çox kadrarxası səslə çatdıran, plastilindən yaratdığı obrazlara can verən, qəhrəmanları uşaqlar olsa da, filmləri uşaqlar üçün olmayan rejissordur. O, “Meri və Maks” filmində istifadə etdiyi və uğur gətirən tərzi “Bir ilbizin memuarı”nda da davam edir. Az qala, rəngsiz atmosfer, fərqli bəxtsizliklərə məruz qalan obrazlar, cəmiyyət tərəfindən kənarlaşdırılan və özlərinə yer tapa bilməyən insanların hekayələri.

“Bir ilbizin memuarı”nda baş qəhrəman Qreysdir və o, uşaqlıqdan dovşandodaqlıqdan əziyyət çəkir. Anasını elə doğuş zamanı itirib, atası isə jonqlyorluqla məşğul olub, sonradan iflic keçirdiyi üçün hərəkət edə bilmir. Qreysin əkiz qardaşı da var və qardaşı onun həyatını xilas etməyi bacarıb. Qreysin dovşandodaqlığı ona baha başa gəlib: Məktəbdə ələ salıblar, bullinq ediblər, qardaşı onu qorumağa çalışsa da, yenə də özünü əskik hiss edib. Anasından qalan ilbizlərə olan marağı da davam etdirir, hətta güzgünün qarşısında dayananda özünü ilbizə bənzədir. O, ətraf mühitdən qorunmaq üçün özünə belə bir çanaq düşünüb, lakin bu çanaq heç də ətraf mühitə qarşı dözümlü deyil.

“Bir ilbizin memuarı”


Rejissor, mövzudan mövzuya keçir, fərqli sosial ismarışları və fikirləri cəmləşdirir, hərdən qəhrəmanın başına gələn bütün çətinlikləri görüb “bu qədər də olmaz” deyirsən, ancaq yenə də sona qədər insanı həm güldürməyi, həm də kədərləndirməyi bacarır.  Qreys bir məqamda deyir ki, atam həmişə “uşaqlıq içkili olmaq kimidir” deyirdi, səndən başqa hamı xatırlayır. Qreys isə əksini iddia edir, o hər şeyi ilk andan bəri xatırladığını vurğulayır. Bütün travmalarını buna görə sadalayır və tamaşaçını da bu səyahətə dəvət edir. “Annecy Film Festivalı”nda “Ən yaxşı tammetrajlı film” mükafatanı qazanan “Bir ilbizin memuarı” hələ il ərzində özündən xeyli bəhs etdirəcək.

Digər maraqlı film isə bu il Kann Film Festivalının əsas yarışmasında göstərilən Andrea Arnoldun “Quş” filmidir. Rejissor daha əvvəl bir sözdən ibarət olan və heyvan adı qoyduğu filmlər çəkib: “İt”, “İnək”.

“Quş” 12 yaşlı yeniyetmə qızın transformasiyası barədədir. O, uşaqlıqdan yeniyetməliyə keçidin astanasındadır. Ancaq, ətrafındakı həmyaşıdları onu qız olduğu üçün xor görür, yaxına buraxmırlar. Beyli tərzini dəyişir, saçını kəsdirir və oğlanlardan biri olmaq üçün hazırdır. Film əvvəlcə sosial dram kodları ilə başlayır. İngiltərədə gettoya bənzər evlərdə yaşayan insanlar və onların içində olduğu xaos təsvir edilir. Kamera da, mizanlar da məzmuna uyğundur: Xaotiklik hər yanı bürüyüb, evlər dağınıqdır, davamlı hərəkət edən kamerada stabillikdən söz gedə bilməz. İnsan bu xaosun içində necə sakitlik tapa bilər ki? 12 yaşlı Beyli quşları sevdiyi üçün onları çəkir, sonra tez həvəslə çəkdiyi görüntüləri proyektorla divara əks etdirib izləyir. Məhz bu anlarda Beyli real həyatın qaçhaqovundan və xaosundan azad olur.

“Quş” filminin posteri


Filmin analoq kamera ilə 16mm formatda çəkilməsi obrazların reallığına xüsusi çalar qatır. Kamera onları yaxından müşahidə edərkən, sanki tamaşaçının yanındaymış təəssüratı yaradır. Bu da filmin sosial dram qatını daha yaxşı vurğulamağa kömək edir. Hərdən isə poetik anlar taparaq sakitliyə diqqət çəkir. Maraqlı məqam odur ki, Andrea Arnold kifayət qədər köhnə üsulla, köhnə üslubda filmini göstərərkən Quş obrazının hekayəyə daxil olması ilə fərqli bir istiqamətə yönəlir. Bu naməlum obraz (Frans Roqovski tərəfindən oynanılır) superqəhrəman obrazlarının fərsiz versiyasıdır: Onu döyən adama qarşılıq verə bilmir, Beylinin istəklərini yerinə yetirə bilmir. Rejissor sosial dramdan superqəhrəman filmi parodiyasına keçid edərək dövrün nəbzini tutmağa çalışır. Xüsusilə, dinamik musiqilər filmi canlı saxlayır və zamanın ruhunu ötürür. Rejissor İngiltərədəki erkən yaşda hamiləliyə, işsizliyə, narkotik aludəçiliyinə, ailələrin getdikcə disfunksionallaşmağına ötəri də olsa toxunur. 12 yaşlı Beyli rolunu oynayan Nikiya Adams isə son dövrlər ulduzu parıldayan Berri Koqhandan da, Frans Roqovskidən də geri qalmır.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top