Now Reading
San-Sebastyanda beşinci gündə gördüklərim

San-Sebastyanda beşinci gündə gördüklərim

Hər dəfə yeni filmi izləmək yeni sürprizlər vəd edir, çünki necə olacağını, film bitdikdən sonra unudulacaq bir iş olduğunu, ya da film bitsə də beynində yaşamağa davam edəcəyini təxmin etmək olmur. Çox az filmlər ikincilərə aiddir və festival çərçivəsində izlədiyim “Anora”, nə yaxşı ki, həmin ikinci kateqoriyaya aid olanlardandır. Bu, sadə bir qızın “Göyçək Fatimə” hekayəsidir.
Anora (özü Ani olaraq adlandırılmağı üstün tutur) özbək-amerikan əsilli qızdır və Nyu-Yorkda əyləncə məkanlarından birində müştərilərə striptiz göstərir. O, müştərilərini əyləndirir, pulunu qazanır və halından məmnundur, ancaq əlavə pula da yox deməz. Bir gün isə müdiri onu az-maz rusca bildiyi üçün məkana gələn varlı gəncin yanına göndərir. Bu varlı gənc rus oliqarxın oğlu Vanyadır. Vanya məsuliyyətsiz, əyləncə axtaran, hər dəfə fərqli nəsə etmək istəyən gənc bir oğlandır. Vanya və Aninin münasibəti ilk dəqiqədən alınır və Vanya Aniyə onunla bir həftə keçirsin deyə 10 min dollar pul təklif edir. Ani isə asan loxma olmadığını sübut etmək üçün qiyməti 15 min dollara çıxarır və onlar razılaşırlar.


Hekayənin başlanğıcından təxmin etdiyiniz kimi, Vanya bir məqamda Aniyə evlənmək təklif edir və Ani buna da razı olur. Bura qədər hər şey nağıl kimi gedir. Varlı oğlan kasıb qızı “çirkab” həyatdan xilas edir. Ancaq, Vanyanın ailəsi bundan xəbər tutanda və bütün Rusiyada Vanyanın “fahişə” ilə evləndiyi xəbəri çıxanda, aləm bir-birinə dəyir. Vanyanın erməni xaç atası Toros işə qarışır və yanına gəldiyi adamla – yekəpər Qarnik və “qopnik” İqor – məsələni həll etməyə çalışır.

“Anora” klassik filmlər kimidir – elə bil lap 1930-lardan çıxıb. Janr olaraq da onu “screwball comedy”yə daxil etmək olar. Bizim dildə bu janrı eksentrik komediya kimi tərcümə edirlər. Fərqli siniflərdən olan, müxtəlif peşələri paylaşan insanların arasında keçən romantik komediyalara verilən addır. Bu subjanrın xarakterik xüsusiyyətlərindən biri, münasibətlərdə qadın dominantlıq edir və cinslər arasında mübarizə gedir. Eksentrik komediyanı, “seks səhnələri olmayan seks komediyası” kimi də təsvir edirlər. “Anora”nı 1930-ların məşhur bu janrından (nəzərə alaq ki, eksentrik komediya ortaya çıxanda artıq Hollivudda ciddi senzura var idi və seks səhnələrini əvəz edən müxtəlif metaforları rejissorlar tapırdılar) fərqləndirən əsas iki xüsusiyyətlərindən biri də seks səhnəsinin olmasıdır. Kifayət qədər cəsarətli səhnələri olan filmdə “Ani” rolunu Mayki Medison məharətlə canlandırır və ilin ən yaxşı aktrisa ifalarından birinə imza atır. Digər xüsusiyyəti isə, müasir kinoda tez-tez müraciət olunan yüksək temp və montaj həllidir. Filmin komediya tərəfi güclü olsa da, triller filmlərindən geri qalmayacaq şəkildə həyəcanlı anlara malikdir. İlk dəqiqələrdən özünü hekayənin içində hiss edirsən və bir an belə kənara çıxa bilmirsən. Son illərin uğurlu filmlərindən olan “Uncut gems”in romantik komediya versiyasıdır sanki. Filmin rejissoru komediyanı qabartmaq üçün tez-tez aktyorlara, onların mimika və jestlərinə fokuslanır. Hətta ilkin komediya növlərindən sayılan “Slapstick comedy” (Bu növə Buffonada da deyilir) elementlərindən istifadə edir. Obrazlar yıxılır, qalxır, vurur, sındırır və tamaşaçını öz hekayəsinə inandıra bilir.

Şon Beyker bundan əvvəlki filmlərində də seks işçilərinin hekayələrini ekrana gətirmişdi. Pornoulduzlar, transgenderlər onun özü üçün seçdiyi qəhrəmanlardır. Rejissor amerikan cəmiyyətinin görünməyən üzlərinə diqqət çəkməyə, onların həyat tərzini ekrana gətirməyə cəhd göstərir. Bu dəfə isə təkcə seks işçiləri yox, həm də immiqrantlar, Amerikan cəmiyyətinə tam adaptasiya ola bilməmiş, öz yolunu tapmağa çalışan şəxslər göstərilir. Vanya, Ani ilə “Green card”a görə evlənməyi düşünür, Toros dini ayinlərə bağlı şəxs olsa da, rus oliqarxın əmrlərinə boyun əyir və nadinc oğlunun dalınca düşür. İdman geyimli İqor isə “qopnik” adlandırılsa da, əvvəl elə olduğunu, artıq dəyişdiyini sübut etməyə çalışır.

Filmin əsas hərəkətverici qüvvəsi sevgidir və Anora həqiqi sevginin mövcudluğuna inansa da, onun harada olduğu barədə fikri yoxdur. Şon Beyker isə insanlara, onların geyimlərinə qarşı önmühakiməmizi sual altına qoyur və insanlara səthi yanaşmaq əvəzinə, dərindən baxmalı olduğumuzu xatırladır. Yekunda isə unudulmaz bir əyləncə filmi, eyni zamanda, kədərli hekayə izləmiş oluruq. “Anora” bu il Kann Film Festivalının əsas mükafatı olan “Qızıl palma budağı”nı qazanıb və artıq, Oskar üçün ən güclü namizədlərdən biri sayılır.

Digər izlədiyim film isə Braziliya-Tayvan-Argentina-Almaniyanın ortaq istehsalı olan “Gözləri açıq yat” filmi oldu. Tətil üçün Braziliyaya gələn qadın tənhalıqdan əziyyət çəkir. Xarab olmuş kondisioneri tamamilə sıradan çıxarmaq üçün kəlbətin axtarışına çıxan qəhrəmanın əlinə təsadüfən poçt açıqçaları keçir və bu açıqçaların arxasındakı yazıları oxuyaraq, yeni bir insanla tanış olur. Şaoşinin yazdığı müxtəlif məktublarla Braziliyaya işləməyə gəlmiş çinlilərin üzləşdikləri çətinlikləri, özlərinə yer tapa bilməməklərini, immiqrant olaraq adaptasiyanın çətinliyini öyrənirik. Film əvvəldən sona qədər yavaş templə gedir və bu ritmi sona qədər saxlayır.
Kainin məktubları oxuması, yenidən kəlbətini aldığı yerə qaytarmaq arzusunu oyandırır. Hər bir obrazın daxili dünyasını rejissor çatdırmaq istəsə də, bəzən bu alınmır. Hərçənd film diqqəti özündə komediya ilə saxlamağa çalışsa da, hər zaman komediya köməyə çatmır.


“Gözləri açıq yat” filmi festivalın “Latın üfüqləri” bölməsində nümayiş etdirilir. San-Sebastyan təkcə Avropa kinosu üçün yox, həm də Cənubi və Mərkəzi Amerika üçün çıxış nöqtəsi olmağa iddialıdır. Ona görə də bu bölmədə olan filmlərə bilet tapmaq müşkül məsələdir. Xüsusilə yerli əhali bu bölməyə maraq göstərir. Eyni dili bölüşməkləri bunun səbəblərindən biri olsa da, vacib məqam başqadır, həmin məqamı filmdən əvvəl söhbətləşdiyim ispan professor mənə açıqlayır. O mənə dedi ki, daha çox Latın Amerikası filmlərinə baxmağa çalışıram, çünki digər filmləri (Kannda, Venesiyada və başqa böyük festivallarda uğur qazanmış filmlər) izləmək üçün şansımız olacaq, onlar özlərinə distrubütor tapacaqlar. Bu filmləri isə bir daha izləmək ehtimalım çox azdır. Bu kiçik söhbətlə bir daha özümdə bu fikri yəqinləşdirirəm: Hər nə qədər müəyyən çərçivələrə, lobbiçiliklərə məruz qalsa da, festivallar kino dünyasının kəşf edilməmiş, aysberqin görünməyən tərəfinin araşdırılması üçün çox vacibdir. Görünür, San-Sebastyandakı yerli auditoriya bu ehtiyacı duyur və maraq göstərir.

Günün sonuncu nümayişi isə ilin ən çox gözlənilən filmlərdən olan “Meqalopolis”dir. Frensis Ford Koppolanın 40 ildən çoxdur xəyalını qurduğu, çəkmək üçün öz biznesini satıb 100 milyon pul xərclədiyi bu nəhəng layihə, haqqında danışmaq çətin olan filmlərdən biridir. Çünki Koppolanın etdiyi sanki Coysun “Ulis” əsərində etdiyinə oxşardır: Antik Roma, Şekspir, Mark Avreli, Sezar, Çiçero, Hamlet. Ədəbi baxımdan nə istəsən tapa bilərsən bu filmdə. Əvvəlcə “Meqalopolis”in hekayəsinə nəzər salaq. Hekayə utopik Nyu-Yorkda keçir. Bu elə bir Nyu-Yorkdur ki, Antik Romaya çevrilib. Burada qladiator döyüşləri, sui-qəsdlər, geyimlər, danışıqlar sanki Antik Romanın davamıdır. Baş qəhrəman isə Sezar Katalin adlı ixtiraçı, Nobel mükafatlı dahidir. O, tapdığı “meqalon” adlı maddə ilə yeni şəhər, yeni dünya qurmaq arzusundadır. Şəhərin meri Çiçero isə bu ideyaya qarşıdır və onların toqquşması qaçılmazdır.


Koppola “Meqalopolis”in əvvəlində özü üçün doğma olan bir mövzuya toxunur. Kadrarxası səs deyir: “Bir ölkə, ona inanan insanlar olmayanda çökməyə və məhv olmağa başlayır”.
Bu fikri o, ABŞ barəsində deyir və bu nəhəng dövlətin çöküşünün olub-olmayacağını proqnozlaşdırmağa çalışır. Əvvəldə doğma olan dedim, çünki “Xaç atası” trilogiyasının birinci hissəsi məhz bu cümlə ilə başlayır: “Mən Amerikaya inanıram.” Bu sözü Don Korleonenin yanına gəlib qızı üçün ədalət istəyən ata deyirdi. Amerikaya olan inam (-sızlıq) Koppola üçün yeni mövzu deyil və “Meqalopolis”də də məhz buna vurğu var. Rejissor, filmi ilə gələcəyi mübahisə mövzusuna çevirir, bəşəriyyətin gələcəyinin necə olacağı barədə düşünməyə vadar edir. O, konkret cavablar təqdim etmir, əvəzində, müxtəlif fikirlərlə mübahisəni daha da qızışdırmağa çalışır.

Kinematoqrafik baxımdan filmin parlaq anları olduğu kimi, axsayan məqamları da var. Xüsusi effektlərin istifadə edildiyi bəzi məqamlarda görüntü nəinki reallığa yaxın, hətta köhnə təəssüratı da yaradır. Əslində, bunu filmin çəkiliş prosesində iştirak edənlər də bildirmişdilər. Koppola bir az ənənəvi üsullardan uzaqlaşmağa çalışır və hazırda texniki inkişaf nəticəsində çox asan başa gələ biləcək görüntüləri yaratmaqda çətinlik çəkir. Rejissor, film üçün maraqlı bir fənd də fikirləşir. Filmin bir məqamında Sezara jurnalist sual verir və bu sualı verən şəxs ekranın qarşısına gələn real insandır. Real insanla – tamaşaçı – kinonun əlaqəsi fikir kimi maraqlıdır. Ancaq bunu festival çərçivəsində etmək mümkündür. Bütün seanslar əvvəlcədən planlaşdırılıb və hazırlıqlar görülüb. Yəqin ki ABŞ-də kinoteatrlarda nümayişə girdiyi zaman bu səhnəni necəsə dəyişəcək və real insanın filmlə olan interaktivliyini kəsəcəklər. Hər halda, təcrübə olaraq maraqlı bir addımdır.

Koppola hər zaman yeniliklər etməyə çalışır, ənənəvi təhkiyədən kənara çıxır və tamaşaçını təkrar-təkrar filmi barədə düşünməyə vadar edir. Heç şübhəsiz ki, “Meqalopolis” də həmin qəbildən olan filmlərdən biridir. Onun bu ipə-sapa gəlməz yanaşması insanın düşüncəsində suallar yaradır və bu qədər uğurlu bir rejissorun təsadüfi seçimlər etmədiyini bildiyin üçün dəfələrlə baxmaq, tədqiq etmək ehtiyacı yaranır. Başqa bir rejissor “Meqalopolis”i çəksəydi, əminəm ki, bu qədər müzakirə olunmaz, uğursuz bir film kimi qələmə verilərək üstündən keçilərdi. Ancaq, Koppolanın auditoriya ilə oynadığı oyun təqdirəlayiqdir. Çünki istənilən incəsənət əsərinə diqqətlə və dəfələrlə baxdığımız zaman onun yeni mənalar yaratmağa qadir olduğunu düşünür, dəyərləndirməyə başlayırıq. “Meqalopolis” də ilin “Təkrar izləniləcək film” mükafatının favoritidir.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top