San-Sebastyan festivalının yekunu
Pedro Almodovarın “Yandakı otaq” filminin qala nümayişində iştirak etdim. Zalın böyüklüyü və insanların çoxluğu azca ürəyi sıxır. Düşünürəm ki, gərək səhər seansına aldığım bileti ləğv etməyəydim, orada daha az adam olardı. Bu nümayişə tamamilə təsadüf nəticəsində bilet aldığıma görə onu ləğv etmişdim. Ancaq qısa müddət sonra fikrimdə yanıldığımın şahidi oluram. Aparıcı səhnəyə çıxır, filmin yaradıcı heyətini salamlayır. Sonra isə sözü Tilda Svintona verir və T.Svinton Almodovara festivalın verdiyi “Şərəf” mükafatını təqdim edir. Tarixi anlar olduğunu anlayıram. Almodovarın San-Sebastyan Film Festivalı ilə əlaqəsini göstərən video-çarxdır. İlk dəfə bu festivalda düz 44 il əvvəl qonaq olubmuş. Filmi ilk dəfə məhz o vaxt festivalda nümayiş edilib və ilk addımlarını atan rejissor kimi burada səyahətinə başlayıb.
Daha sonra dəfələrlə buranın qonağı olub, aparıcılıq edib, rejissoru və prodüseri etdiyi filmlərin qalalarına qatılıb, festivalda jüri rəhbəri olub. Bir sözlə, Almodovar, 44 illik fəaliyyəti nəticəsində “Şərəf” mükafatına layiq görülüb. Festival perspektivindən baxsaq, Almodovara 44 il etimad göstərildiyini demək olar. Yaradıcı insana inanmaq, onu dəstəkləmək, onun həqiqi potensialını ortaya çıxarmaq üçün uyğun şəraiti yaratmaq… 44 il bir insanın ömrüdür və kino, hər şeydən əvvəl, ənənə, yaddaş məsələsidir. Nəticələrini illər sonra görəcəyin işlərə indidən inanaraq başlamaq və yolundan imtina etməmək.
Sonra rejissorun filmlərindən də bir çarx təqdim olundu. Burada obrazların dilindən səslənən fikirlər birlikdə məna yaradır: “Kino məni xilas elədi”. Almodovar da eynisini təkrar edir. Madridə 17 yaşında film çəkmək üçün gələn, heç kimi tanımayan təcrübəsiz gənc, illər sonra dünyaşöhrətli bir insana çevrilir. Kino onu, o da kinonu həqiqətən xilas edib.
Almodovar üçün başqa bir hadisə isə 20 gün əvvəl Venesiyada “Qızıl şir” mükafatı qazanmaq oldu. Bu, onun yaradıcılığında üç böyük festivalda qazandığı ilk əsas mükafatdır. Uğur, bəzən gec gəlir, amma əvvəl-axır gəlir. “Yandakı otaq” adlı film həm də Pedronun ilk ingilisdilli filmidir. Tilda Svinton və Cülianna Murun baş rolları oynadığı filmdə, illər sonra, yolları yenidən kəsişən iki köhnə dostun hekayəsini görürük. Tilda Svintonun qəhrəmanı Marta, keçmiş müharibə müxbiridir və indi xərçənglə mübarizə aparır. Ölümlə hər zaman qol-boyun olan Martanın artıq sağalacağına dair heç bir ümidi yoxdur, çünki edilən bütün müalicələr nəticəsiz qalır. O, gününü əzab içində keçirir və bunu bitirmək üçün Dark Vebdən evtanaziya üçün dərman da tapıb. Tək istəyi, öldüyü zaman yandakı otaqda kiminsə olması, tənha qalmamasıdır. Cülianna Murun qəhrəmanı İnqrid isə yazıçıdır, yenicə yazdığı kitab ilə uğur qazanıb. Kitabını imzalatdıranlar arasında keçmiş bir ortaq tanışını görür və o, İnqridə, Martanın xərçəngdən əziyyət çəkdiyini bildirir. Martaya baş çəkərkən İnqrid onun istəyini eşidir və əvvəlcə qəbul etmək istəməsə də, keçmiş dostunun çarəsizliyinə görə qəbul etməli olur. Bundan sonra isə onların arasındakı yaxınlıq yenidən başlayır.
Həm Tilda Svinton, həm də Cülianna Mur başqa aktyorların dilində cansız səslənə biləcək dialoqları məharətlə çatdıra bilirlər. Bu, Pedronun əsas dilinin ingiliscə olmadığı məqamlarda özünü xüsusi göstərir. Rejissor ölüm və həyat məsələsini müzakirəyə açır. Yaşadığımız həyatda bizə əzab verən şeylərə qarşı özümüzə hansı qalxanı tapmalı, ağrıların öhdəsindən necə gəlməliyik? İnsanı yaralayan ümidsizlikdir, yoxsa ümidsizliyimizi bölüşə bilməyəcək adamımızın olmamağı? Almodovar bu qəliz sualları sadə, gündəlik dillə cavablandırmağa çalışır. Obrazlar ədəbiyyatdan danışır, keçmişi xatırlayır, film izləyir, bir-birinə sığınaraq baş verən hadisənin ağırlığını yüngülləşdirməyə çalışırlar. Filmdən öncəki çıxışında da Pedro bu məqama vurğu edir: “Hər yanda nifrətin yayıldığı bu günlərdə ehtiyacımız olan şeyin sevgi olduğunu düşünürəm. İnsanlara, yaxınlığın vacibliyini xatırlamaqda fayda var”.
Almodovar öz filmlərinə xas olan parlaq rənglərdən istifadə edir. Xüsusilə, son günlərini yaşayan Martanın geyimləri parlaqdır. O, öz həyatının son anlarını zövq alaraq yaşamaq arzusundadır. Burada başqa vacib bir obraz da var ki, onu qeyd etməsək filmin qurmaq istədiyi dünya tam anlaşılmaz. Con Turturronun canlandırdığı Demian obrazı həm Martanın, həm də İnqridin sevgilisi olub. O, iqlim barədə nitqlər söyləyir, öz pessimizmi ilə diqqət çəkir. Burada Demian ilə qadınların arasında qurulan ziddiyət rejissorun ideyasını qavramaq üçün vacibdir. Əgər elm bizə dünyanın sonunun yaxınlaşdığını deyirsə, onda bu həyatı qara bağlayaraq yas içində mi sonlandırmalıyıq, yoxsa son ana qədər bizi mənəvi zənginləşdirəcək vasitələrə üz tutmalıyıq? Məncə, rejissorun seçimi bəllidir: “Kino məni xilas etdi”.
Festivalın mənim üçün son filmi qonşu Gürcüstanın bu il Venesiya Film Festivalında “Münsiflərin xüsusi mükafatı”nı qazanmış, rejissor Dea Kulumbeqaşvilinin “Aprel” filmi oldu. Filmin prodüseri tanınmış italyan rejissor Luka Quadaninodur. Kulumbeqaşvili ilk filmi ilə kino dünyasının diqqətini çəkmişdi. “Başlanğıc” adlanan filmi, Kann Film Festivalına seçilmiş, ancaq pandemiya səbəbindən nümayiş edilməmişdi. Toronto və San-Sebastyana seçilən film hətta sonuncunun tarixinə də keçmişdi. Lukanın (onda hələ prodüseri deyildi) münsif sədri olduğu festivalda yeddi mükafatdan dördünü qazanmışdı və bu, festival tarixində ilk hadisə idi. “Başlanğıc”da rejissor, qafqazvari Haneke toxunuşları etməyi bacarır və statik kamera istifadəsi, insanı ilk andan şoka salan konflikti və hipnotik audiovizual həllərlə yadda qalır.
Dea “Başlanğıc”da baş rolda oynayan İa Suxitaşvili ilə “Aprel”də də əməkdaşlığa davam edir. Bu dəfə İa rayonlardan birində həkim çalışır, vaxtaşırı aborta əli çatmayan, imkanı olmayan qadınları abort edir, ətrafda maşınında gəzərək gözünə sataşan kişilərlə cinsi əlaqəyə girir. Bu baxımdan Dea, yenə Hanekenin “Piano müəlliməsi”ni xatırladır. Hər iki filmdə də qadınlarda seksual disfunksiya var və onlar irrasional davranışlar göstərirlər (Hərçənd Haneke bu məsələni filmboyu açmağa çalışır). İanın qəhrəmanı Ninanın əsas konflikti elə üçüncü epizodda ortaya çıxır. Biz naturalistik formada çəkilmiş doğuş səhnəsini görürük. Kamera baş üzərində quraşdırılıb və yuxarıdan aşağıya bütün proses göstərilir. Görünür, Dea bu tərz təsviri bəyənir, çünki “Başlanğıc”da da eyni tərzdə kadrlar mövcuddur. Bu doğuş səhnəsindən sonra isə məlum olur ki, Ninanın doğumunda köməklik etdiyi uşaq vəfat edib. Bununla bağlı istintaq başlayır və Ninanın günahkar olub-olmadığını müəyyənləşdirirlər.
Nina kənd-kənd gəzib əhali ilə maraqlanır, qadınları dünyaya uşaq gətirməsinlər deyə dərmanla təmin etməyə çalışır, onlara bu barədə bilgi aşılamağa çalışır. Ninanın səyahətləri vasitəsilə Gürcüstanın bölgələrdə olan problemlərini görürük: Çoxuşaqlılıq, ailə planlamasının olmaması, abortun əlçatmazlığı, abortun iblisləşdirilməsi, erkən evlilik, yolların bərbadlığı, insanların həyat şəraitinin ümidsizliyi və s. Hətta filmin bir məqamında Ninanın yanına gələn pasiyentlərdən birinin Gürcüstan azərbaycanlısı olduğunu da görürük. O, 16 yaşı olarkən, 17 yaşında bir oğlanla evlənib. Nina ona tövsiyələr verərək, “yalnız hazır olanda ana olmalısan” deyir. Gürcüstan azərbaycanlıları arasında geniş yayılan və əsas problemlərdən biri kimi qəbul edilən erkən evlilik, görünür, rejissorun diqqətindən də yayınmayıb.
Bütün bu hadisələr ərzində biz, ətrafda fırlanan bir qəribə məxluq da görürük. Onun dərisi büzüşüb, ağzı yoxdur, əcaib səslər çıxarır və sanki öz yolunu tapmağa çalışır. Bu məxluqla birlikdə film naturalistik ab-havadan uzaqlaşıb mistik dünyaya keçir. Dea Kulumbeqavişli və onun operatoru Arseni X. vizual olaraq gözoxşayan, insanı heyrətləndirən, eyni zamanda, izlənilməsi çətin olan bir kino dili inkişaf etdirirlər. Əgər “Başlanğıc”da kamera statik və hərəkətsiz idisə, “Aprel”də dayanmadan titrəyir, sanki Ninanın daxili narahatlıq və təşvişini bu yolla çatdırır. Xüsusilə, filmdə tufan səhnəsi tamaşaçıya xüsusi zövq verir. Bahalı Hollivud filmlərində belə möhtəşəm tufan səhnəsi görmək müşkül məsələdir. Üstəlik, bu səhnə heç bir effekt olmadan, sadəcə düzgün vaxtı gözləyərək çəkilib.
Filmlə bağlı əsas narahatedici məqam, rejissorun bilərək və ya bilməyərək bütün baş verən neqativlikləri filmin içinə doldurması, bir balaca işıq yeri qoymaması, az qala, bütün qəhrəmanların çirkaba bulaşmış, insanlığını itirmiş şəxslər olmasıdır. Əlbəttə, dünya kinosunda da bu dərəcə pessimist filmlər var. Ancaq onlar bu pessimizmin alt qatlarını açıb göstərməyə nail olurlarsa, “Aprel”də bu baş vermir. Rejissor, sözarası dövlət və ya sistem barədə tənqidlər etmək istəsə də, buna yetkin bir fikir formalaşdıracaq qədər davam etmir. Filmə daxil etdiyi məxluqla hadisələri daha da əcaibləşdirir və reallıqdan qoparır. Gürcüstanın məftunedici pastoral mənzərələri ilə insanların çirkabını ziddiyyətli formada göstərir. Nəticədə gürcüstanlıların parodiyasını, insanlıqdan uzaq düşmüş hallarını görürük ki, bunun da reallıqla heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, rejissorun internallaşdırdığı öz xalqına və onun potensialına yadlaşma, özünü məhz bu cür hekayə ilə, heç bir işıq yeri olmadan ortaya çıxarır.
Türkiyə filmi ilə başladığım San-Sebastyan festivalına, Gürcüstan filmi ilə yekun vururam. Bilərək bu seçimləri etməmişdim, ancaq, maraqlı təsadüfdür. Çox maraqlı təcrübə və təəssürat qazandım. Günbəgün yazdığım məqalələrlə az da olsa dünya kinosuna işıq tuta bildimsə bu məni çox sevindirdi.
Hacı Səfərov