İNDİ OXUYUR
Salli – möcüzə yaradan pilot

Salli – möcüzə yaradan pilot

Həyat kortəbiidir. O hər an yox ola bilər. Uçuş, mühərriklərin səsi, yüngüllük hissi və qəflətən… Hər şey, hətta sanki hava da ağlasığmaz dərəcədə ağırlaşır, zaman isə donur. Buludların titrəməsi, pəncərələrin parıltısı nə iz, nə də ağrı buraxaraq gözdən itir. İnsan planları, xəyalları və təbəssümü ilə birlikdə ucsuz-bucaqsız qaranlığın udduğu qığılcım kimi yox olur. Ancaq bəzən bir möcüzə baş verir. İnsanların zədələnmiş, lakin diri bədənləri sanki təzədən doğulmuş kimi qəribə, aciz bir sevinclə dolur. Sonu gözləmək hissi təəccüb hissi ilə əvəz olunur. İnsan sağ qalır və dünyaya yenidən gəlir…

Bu möcüzəni yaşayan və yaşadan şəxslərdən biri gəmi komandiri, aviasiya eksperti, keçmiş hərbçi, böyük təcrübəyə malik pilot Çesli Sallenberqdir.
O, Şimali Karolinanın Şarlott şəhərinə uçan və quşlarla toqquşma nəticəsində iki mühərriki zədələnən təyyarəni Hudzon çayına endirərək 155 nəfərin həyatını xilas edib.


Rejissor Klint İstvud isə bu unudulmaz anı filmə çevirib. 2016-cı ildə çəkilmiş “Salli” bayopikində Çesli Sallenberqi Tom Henks canlandırır. Bu, rejissorla aktyorun ilk birgə işləridir.

Filmboyu sərnişinlərin həyatını “təhlükəyə” məruz qoyan pilotun atdığı addım araşdırılır. Film, araşdırma müddətində Sallinin emosional vəziyyəti üzərində qurulub. Filmi maraqlı edən əsas elementlərdən biri məhz Tom Henksin oyunudur. Tamaşaçı, Sallini təkcə peşəkar kimi yox, həm də baş verənlərə görə daim özü və emosiyaları ilə konfliktdə olan bir insan kimi müşahidə edir. Aktyor, pilotun işinin həm xarici, texniki tərəflərini, həm də onun hər qərarının, hər baxışının və hərəkətinin arxasında gizlənən dərin təcrübələri çatdırır. Tom Henks ekstremal vəziyyətlə qarşılaşanda belə, xarakterin insani ölçüsünü itirmir. Pilot sadəcə peşəkar deyil, o, daxili ağrılar, şübhələr və çıxış yolu tapmaq arzusu ilə yaşayan insandır. O, hər yeni səhnə ilə panikadan soyuqqanlılığa, qeyri-müəyyənlikdən qətiyyətə keçidi göstərməyə başlayır. Çox mühüm məqam – onun xilasdan sonra günahkarlıq hissi ilə mübarizəsi və özünü tanımasıdır. Çesli Sallenberq özü də çəkilişlərdə iştirak edib və hadisələrin mümkün qədər real əks olunmasında köməyini əsirgəməyib.


Sallinin təyyarənin batmasını seyr etdiyi səhnə dərin simvolizmlə doludur. Bu səhnə qəhrəmanın daxili vəziyyətini, baş verənlərdə öz rolunu qavramasını və bəlkə də həyata, ölümə, qaçılmazlığa fəlsəfi münasibətini çatdırır. Baxışlarını dəhşətli mənzərəyə zilləyən qəhrəman özü ilə daxili monoloqdadır. Bu monoloqda insan həyatının kövrəkliyi və bu mürəkkəb mexanizmi idarə edənin çiyinlərinə düşən böyük məsuliyyət sorğulanır. Burada təyyarə təkcə fiziki obyekt deyil. O həm də taleyini idarə etdiyi insanların həyatının metaforuna çevrilir.

Sallinin baxışlarında sərnişinlərin hamısını xilas etməyinə baxmayaraq, yerinə yetirilməmiş vədlər, hətta bir qədər günahkarlıq hissi də oxunur. O, mümkün olmayanı etdi – həyatları xilas etdi, lakin həyəcan dolu, qorxulu son ehtimalı yenə də qaçılmazdır. Təyyarə çaya endikdən sonra partlaya və ya digər su nəqliyyatları ilə toqquşa da bilərdi. Bu ikilik (məhvolma və ya qurtuluş ehtimalı) həm həyatın dəyərini, həm də həyatın özünün gözlənilməz olduğunu bir daha sübut edir.

Filmlərdə fəlakət və ya böhran səhnələri zamanı tez-tez ekranın dağıntı, çaxnaşma və xaos səsləri ilə dolduğunu, lakin pilotların, kapitanın – heyət üzvlərinin baş verənlərə rəğmən özlərini ələ aldığını görə bilirik. Onların simasında oxunan sükut – yığcam nitq, diqqətli baxışlar, sakit nəfəs vasitəsilə ifadə olunub. Eyni xüsusiyyətləri bu filmdə də seyr etmək olar. Sanki qəhrəman özünü xarici səs-küydən tamamilə ayırır. O öz dünyasındadır və burada yalnız düşüncə və hərəkət aydınlığı hökm sürür.


Üstəlik, Tom Henksin oyununda məhz bu məqam nəzərdən qaçmır. O, həyəcan, təlaş içində soyuqqanlılığı məharətlə ötürür. Onun qəhrəmanı “səssizliyi” fiziki yox, psixoloji olaraq yaşayır. Bu, bütün diqqətin əsas məqsədə yönəldildiyi zaman yaranan daxili konsentrasiyadır: İnsanların həyatını xilas etmək və sağ qalmaq.

Operator vəziyyəti nəzarətdə saxlayanlarla onu tamamilə itirənlər arasındakı fərqi vurğulamaq üçün təmkin nümayiş etdirən pilotun sakitliyi ilə sərnişinlərin panikası arasında tez-tez kontrast yaradır.

Salli vəziyyəti həddindən artıq dramatikləşdirmir, lakin hər bir detal, onun baxışında baş verən hər dəyişiklik xarakterin inkişafında bir addım, onun daxili vəziyyətinin təkamülünü göstərir. Bunu hətta rejissorun əl atdığı bir fənddə də sezmək olar. Salli tez-tez qaçışa çıxır. Bu kontekstdə qaçış psixoloji hərəkətin simvoluna çevrilir: Salli bütün suallara və şübhələrə baxmayaraq, daxili harmoniyasını və hərəkətlərinin qətiliyini qoruyaraq irəliləməyə davam edir.


Çox vacib məqamlardan biri də operatorun insanlar arasında keçid edərək, onların eyni hadisəyə fərqli reaksiyalarını göstərməsidir. İnsanlar faciəni müxtəlif cür yaşayırlar – bəziləri çaxnaşmaya düşür, bəziləri soyuqqanlılığını qoruyur, digərləri optimist qalmağa və ya dua etməyə çalışırlar. Dinamik panoramlar qəza fonunda kömək anlarını haşiyəyə alır.

“Salli” filmində rejissor, baş qəhrəmanın qəza zamanı yaşadıqlarını soyuq rəng həlli ilə təqdim edir. Sallinin emosional təcridini, ciddi təhlükə vəziyyətində soyuqqanlılığı və nəzarəti saxlamaq qabiliyyətini vurğulamaq üçün mavi-göy və ümumi soyuq rənglərdən istifadə olunub.

Təyyarənin Hudzon çayına təcili enişini əks etdirən kadrlar da vizual üslubu ilə seçilir. Bu səhnədə Hudzon çayı iri planla verilib. Tamaşaçının gördüyü mənzərə – sakit, bozumtul-göy çay, ətrafdakı hündür, şəffaf şüşəli binalar qəribə sakitlik və əminlik hissləri doğurur, sanki hər şeyin yaxşı olacağına dair ümid hissi yaradır. Eyni zamanda film kontekstində boz tonlar reallıq atmosferi yaratmaq üçün istifadə olunur, lakin onlar həm də melanxolik, anlaşılmayan vəziyyət eyhamını, bitməyən narahatlığı simvolizə edir. Bir sözlə, filmin rəng sxemi bu iki aspekt (sakitlik və gərginlik) arasında tarazlıq yaradır.


Bəzi kinotənqidçilərin fikrincə, araşdırma xətti filmi cansıxıcı edir və tamaşaçının diqqətini əsas məqamlardan yayındırır. Zənnimcə, süjetdəki “araşdırma”, baş qəhrəmanın psixologiyasına bələd olmaq üçün düşünülmüş incə xəttdir. Bu, Klint İstvudun rejissor yanaşmasını vurğulayır. Filmdə baş verənlər dramatikləşdirilmir, pilotun daxili vəziyyətinə və hadisədən sonrakı psixoloji durumuna diqqət yetirilir. İstvud panikaya düşmüş qəhrəmanı bilərəkdən təsvir etmir, çünki belə obraz tamaşaçını çaşdıra və diqqəti əsas ideyadan – peşəkarlıqdan və düzgün qərarlardan yayındıra bilər. Sonrakı dindirmələr və araşdırmalar zamanı Salli hakimiyyət orqanlarının və medianın təzyiqinə məruz qalanda hərəkətlərinin düzgünlüyünə inamını nümayiş etdirərək yenidən sakitliyini qoruyur. Bu, yalnız onun peşəkarlığından xəbər vermir. Əksinə, belə etməklə o, sərnişinlərin pilota olan inamını və etibarını daha da möhkəmlədir.

Sərnişinlərin və ekipajın Salliyə minnətdarlıqlarını bildirdikləri səhnə həqiqətən də filmin ən təsirli və emosional hissələrindən biridir. Bu an dərin insanlıq və həyatın dəyəri ilə doludur. Salli tərəfindən göstərilən qəhrəmanlıq yalnız fəlakət anındakı hərəkətləri ilə məhdudlaşmır. O, sonrakı anlarda da insanları ruhlandırmağa davam edir. Sərnişinlərin pilotu və onun ekipajını alqışladığı səhnə emosiyaların kulminasiya nöqtəsidir. Bu səhnə sağqalma möcüzəsinə cavab olaraq insan duyğusunun dərinliyini ortaya qoyur.


Sallinin çayda batan təyyarəsini izlədiyi səhnəyə qayıtmaq istərdim. Xilas edilən həyatlar fonunda batan təyyarə insan varlığının kövrəkliyinin simvoludur. O, təyyarəni xilas edə bilərdi, lakin bu mümkün olmadı. Həyat səylərə və qərarlara baxmayaraq, hər an dəyişə və ya çökə bilər. Hündürlüyü itirən təyyarə sonun qaçılmazlığının məcazi anlamıdır – insan nə edirsə-etsin, hər kəs nə vaxtsa özündən asılı olmayan, qəfil və təhlükəli vəziyyətlə qarşılaşa bilər.

Bir qədər haşiyədən kənar çıxmaq istərdim. 2024-cü il dekabrın 25-də Azərbaycan xalqı faciə yaşadı. Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğradı. Nəticədə təyyarədə olan 67 nəfərdən 29 nəfər sağ qaldı. Pilotlar Aleksandr Kşnyakin, İqor Kalyaninov ağır vəziyyətə baxmayaraq, son dəqiqəyə qədər vəzifəsini tərk etmədilər. Sərnişinləri xilas etmək şanslarının hər an azaldığını anlayaraq, itki sayını minimuma endirmək və təyyarəni ən təhlükəsiz trayektoriyaya yönəltmək üçün əlindən gələni edərək, hər şeyin itirildiyi bir vaxtda vəziyyəti nəzarətdə saxlamağı bacardılar, Lakin öz həyatlarını qurtara bilmədilər…

Hökümə Əliyeva… O, öz həyatını riskə atıb, lakin onun üçün başqalarına şans vermək, xilasa inam yaratmaq daha vacib idi.  Onun qorxmazlığı o an başqalarının ürəyini isidib, ümidsizliyə baxmayaraq mübarizəni davam etdirmək üçün güc verən bir işığa çevrilib. Onun peşəkarlığı, cəsarəti sayəsində sərnişinlərin çoxu sağ qalıb.

Hər şey bitdikdən sonra onun son “Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq” sözləri boşluqda itmədi. Bu sözlər, bu səs hər kəsin yaddaşında və qəlbində əbədi olaraq qaldı, cəsarət və qorxmazlıq simvoluna çevrildi.

Bütün ekipajın, dünyasını dəyişən insanların qəhrəmanlığı o dəhşətdən sağ çıxanların və Azərbaycan xalqının yaddaşında, qəlbində ən yüksək fədakarlıq və qorxmazlıq nümunəsi kimi yaşayacaq.

Azadlığın və sonsuz məsafələrin həyatın kövrəkliyi ilə qarışdığı havada hər bir insan bir anın hər şeyi necə dəyişdirdiyinin şahidi olur. Bir neçə dəqiqə və insan artıq sadəcə bir sərnişin deyil, həyatın təhlükə altında olduğu hekayənin bir hissəsinə çevrilir. Ətrafını buludlar saran təyyarə qəfil yerə düşmək ərəfəsində olanda hava sağ qalmaq uğrunda ağlasığmaz mübarizə meydanına çevrilir. Bəziləri üçün bu bir şans, taleyin bəxş etdiyi möcüzədir. Onlar bütün sınaqlara baxmayaraq, sağ qalırlar. Ürəkləri daha sürətlə döyünür, minnətdarlıq və qorxu ilə dolur, gözləri ölümdən sonra sağ qalmağın möcüzəsi ilə parlayır. Çölə çıxırlar, ətrafa baxırlar, dərk edirlər: bir vaxtlar sadəcə boş yer kimi görünən hava indi sanki onların həyatını yeni qüvvə ilə doldurur. Çesli Sallenberq və onun xilas etdiyi insanlar kimi. Bəziləri üçün isə bu, son riskdir. Dünyanın uçuruma doğru getdiyi bu anda onlar özlərini möcüzə ilə ölümün iç-içə keçdiyi, ümidin qeyri-mümkünlə toqquşduğu o nazik xətdə tapırlar və insan ruhunun bütün gücünə baxmayaraq, bu xətt onun üçün keçilməz olur. Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninov və həmin gün həmin təyyarədə dünyasını dəyişən bütün insanlar kimi…

Ancaq böyük hava yolunun təbiəti belədir: Bəziləri sağ qalır, digərləri boşluqda yox olur. Möcüzə hər dəfə baş vermir. Ancaq sağ qalanlar baş verənlərin xatirəsini əbədi olaraq saxlayacaqlar.

Nəzrin Mahu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya