Səriyyənin suçu nə?

Əlixan Rəcəbovun həm ssenari müəllifi, həm də quruluşçu rejissoru olduğu “Səriyyə” filmində (“Wow” media tərəfindən istehsal olunub) ciddi və ağır bir problemə toxunulub. Heyif ki, ortaya çıxan işdə əskikliklər rejissorun məsələyə səthi yanaşdığını göstərir. Hərçənd filmin gedişatında hadisələrə giriş mahiyyəti daşıyan səhnə çox uğurlu şəkildə təqdim edilib – Səriyyə adlı qəhrəman ilk dəfə menstruasiya keçirdiyi vaxtda ekranda görünür. Obrazda baş verən dəyişiklik hadisələrin də, əslində, başqa bir yönə istiqamətlənəcəyini göstərir. Düşünürəm ki, filmin girişi ailə üzvlərinin şam etdikləri səhnə ilə açılsaydı, bu, bəlkə də, tamaşaçının diqqətini başdan ekrana daha yaxşı fokuslaya bilərdi.

Süfrə arxasında həvəslə, şövqlə danışan Səriyyə (Nazı Heydərova), bir növ, ümidin simvoludur. Ailə üzvlərinin kədərli halda kartof yeyə-yeyə Səriyyənin danışdıqlarına həvəssiz qulaq asmaqları onların ümidsiz vəziyyətdə olduğuna işarədir. Bir az sonra Səriyyənin vücudunda baş verən dəyişiklik hər şeyi tərsinə çevirir. Kamera əvvəlcə Səriyyənin narahat üzünü, sonra isə onun anasının gülümsəyən simasını bizə göstərir. Tamaşaçı anlayır ki, ailə üçün savadlı Səriyyə yox, gəlin Səriyyə ümidi təmsil edir. Bunun filmdə vizual həlli də verilir. Səriyyə yolayrıcına gəlir və yollardan birini seçərək yeriməyə davam edir.
Əslində, təkcə Səriyyənin ailəsi deyil, bütün kənd ümidsiz vəziyyətdədir. Çünki kənddə artıq quraqlıq başlayıb, amma heç kəs bunu anlamır. Təkcə Səriyyə bu məsələni dilə gətirir. O, qarşısına məqsəd qoyub: oxuyub, təhsil alıb kəndin, rayonun quraqlıq, susuzluq problemini həll edəcək. Quraqlıq probleminin vurğulanması yerində və gözəl olsa da, hadisələrin və obrazların açılmasında heç bir ciddi rol oynamır. Halbuki buna imkan vardı, Səriyyə ilə quraqlıq arasında paralel aparılaraq erkən nikahların quraqlığa bənzər böyük fəlakətlərə gətirib çıxardığını metaforik şəkildə göstərmək mümkün idi.

Səriyyənin Rakiflə (Niyaz İlyasoğlu) marketdə baş tutan ilk qarşılaşması Səriyyə daxil, bizi də narahat etdi. Aktyor, mimikaları ilə Rakifin pedofil xarakterini üzə çıxara bilib. Ümumiyyətlə, Niyaz İlyasoğlu mənfi rolların öhdəsindən müvəffəqiyyətlə gəlməyi bacarır. Rakifin pedofil olması ilə yanaşı, filmdə göstərilən bir səhnə obrazın həm də mazoxist xarakterə malik olduğunu göstərir. Səriyyənin yolunu kəsdiyi səhnədə qızı qucaqlamaq istəyəndə Səriyyənin Rakifin əlini dişləməsi və ikincinin üzündə yaranan ifadə onun barəsində hər şeyi tamaşaçıya açıqlayır. Bundan başqa, biz, Rakifin Səriyyədən əvvəl özündən yaşca böyük bir qadınla evləndiyini də öyrənirik. Təəssüf ki, bu nüansın Rakifin xarakterinin daha da yaxşı açılmasında hansı funksiya daşıdığı kifayət qədər aydın olmur. Sanki müəllif, bununla sadəcə Rakifin necə bu vəziyyətə düşdüyünü göstərməyə çalışıb.

Səriyyənin atası İdrak (Əlixan Rəcəbov) bir tanışından iş istəyib (çobanlıq) və görüşə gecikir. Tanışı da işi başqasına verir. Bu nöqtədə İdrakın hadisələri yumşaq qarşılaması, əsəbiləşməməsi, mübahisə etməməsi onun xarakterinin zəif olduğunu göstərir. Çünki hadisələrin davamında İdrakın uzun müddət işsiz olduğunu öyrənirik. Amma tamaşaçı onun iş tapmaq üçün xüsusi səy göstərdiyini görə bilmir, sanki tamaşaçıya İdrakın ailəsi qarşısında məsuliyyət daşıdığı üçün yox, məcburiyyətdən iş axtardığını göstərməyə çalışırlar. İdrak sərt xarakterli insan deyil, amma evinə elçilər gəlib qızını istəyəndən sonra Rakiflə yaxınlaşması İdrakı başqa adama çevirir. Bunda onun xanımı Rüxsarənin də rolu var. Onun gələcəkdə nələrə sahib olacaqları barədə qurduğu xəyallar İdrakı “özü-özünü dəyişdirməyə” aparır. Hərçənd onun birdən-birə dəyişməsi bizi kifayət qədər qane etmir. Rejissor, İdrakın xarakterinin dəyişməyini addım-addım, maraqlı detallar və situasiyalar vasitəsilə göstərə bilsəydi, obraz tamaşaçı üçün daha maraqlı olardı. İdrak obrazı haqqında dediyimiz fikirləri Səriyyənin anası Rüxsarəyə də (Günay Əhməd) aid edə bilərik. Rüxsarənin xınayaxdı məclisində eşitdiklərindən sonra qızına münasibəti dəyişir. Ancaq eşitdikləri ananın qızına münasibətinin dəyişməsinə bəs edirmi? Yoxsa o elə əvvəldən qızının tez böyüyüb ərə getməyini istəyirdi? Bunu aydınlaşdıran məqamlar filmdə göstərilmir və ya göstərilə bilmir. Nəticədə hər iki personajda səthilik gözə çarpır.
Həmçinin Səriyyə ilə qardaşı, oğlu ilə İdrak arasında münasibətlər də açılmır. Qardaş da atası kimi düşünür, bacısının ərə getməyini təhsildən üstün tutur. Təəssüf ki, müəllif Səriyyənin qardaşını bütün hisslərdən məhrum edib. Onun bacısına qarşı kiçik bir sevgisini belə duya bilmirik. Bir qardaş bacısını bu qədər sevməyə bilərmi?

Ailəsi Səriyyəyə onu evləndirəcəklərini deyəndə Səriyyənin etirazını görə bilmirik. Səriyyə nəzərimizdə dikbaş, sözü üzə deyən bir profil yaratdığı üçün onun susmağı başda bizi təəccübləndirir. Növbəti səhnələrdə, daha doğrusu, nişan səhnəsində masaya çıxıb rəqs etməsi, süfrəni dağıtması və bununla da evliliyə etirazını bildirməsi Səriyyə haqqında fikrimizdə yanılmadığımızı göstərir. Bunun ardınca atasının kəmərlə onun ayaqlarına vuraraq döyməsi, İdrakla oğlunun Səriyyənin kitablarını həyətə daşıyıb yandırdığı səhnələr gəlir. Ardıcıl bu iki səhnə hadisələrə dinamika qazandırmalı idi, amma onların “slow motion” effekti ilə verilməsi gözlənilən dinamikanı yaratmır, biz Səriyyə ilə emosional rabitə qura bilmirik.
Filmin maraqlı personajlarından biri də filmboyu bir kəlmə belə danışmayan, amma varlığını daim öskürməklə bildirən nənədir. Öskürək gözəl düşünülmüş nüansdır. Amma onun dramaturji baxımdan düzgün istifadə olunmaması bu məsələni arxa plana itələyib. Öskürək təkcə evdə deyil, evdən kənarda, vacib sayılan məqamlarda işlədilsəydi, bu, onu gərginlik, qadağa, günahkarlıq, yolunu azmışlıq detalına, həm də xəyali gözə (tamaşaçının gözü) çevirər, öskürəyin təkcə narahatedici detal kimi qalmasına səbəb olmazdı. Eyni zamanda kulminasiya nöqtəsində Səriyyə ilə nənəsi arasında baş verən hadisənin mahiyyəti daha tutarlı şəkildə tamaşaçıya ötürülə bilərdi.
Hadisələrin bir tərəfində tamaşaçı Səriyyəyə təzyiq edən insanları görür. Amma digər tərəfdə onu xilas edə biləcək insanların mübarizə apardığını görə bilmir. Səriyyəyə daim kömək edən, onu təhsilə ruhlandıran coğrafiya müəlliməsinin, anası xəstələndiyinə görə məktəbdən icazə alıb şəhərə qayıtması, onun yerinə gələn müəllimin şifahi etirazı Səriyyənin vəziyyətini çıxılmaz edir. Bu müəllimdən əlini üzən Səriyyə keçmiş müəlliməsi ilə əlaqə yaradır. Amma bu da vəziyyətin dəyişməsinə təsir göstərə bilmir.

Həmçinin Səriyyənin ətrafında heç bir rəfiqəsinin, dostunun olduğunu da görə bilmirik. Niyə Səriyyənin dostu yoxdur? Əgər Səriyyə digər şagirdlərdən seçilirsə, necə olur ki, təkcə coğrafiya müəllimi onun istedadını, biliyini görə bilir? Digər müəllimlərin Səriyyəyə münasibəti necədir? Filmdə başqa müəllimləri görə bilməməyimiz sualımızı cavabsız qoyur. Elə təəssürat yaranır ki, bu sinfə sadəcə coğrafiya fənni keçirilir. Bu boşluqların doldurula bilməməsi Səriyyənin hər tərəfdən yolunu bağlayır. Görəsən, rejissor bilərəkdən bu addımı atıb? Yəni demək istəyir ki, səriyyəkimilər başqalarına güvənməməli, öz-özünü xilas etməlidir? Amma hər qız uşağının Səriyyə kimi qaçmaq üçün şansı və sona qədər mübarizə aparmağa gücü olmaya bilər. Onda necə olsun?
Bütün bunlara rəğmən, Səriyyənin mübarizəsini alqışlamaq lazımdır. O, təhsil almaq uğrunda ailəsindən imtina etməyə belə razı olur, ona biçilən taleyə boyun əymir. Onu da qeyd edim ki, finalda biz Səriyyənin qalib gəldiyini görürük. Hərçənd bu finalı uğurlu saymaq olmaz, çünki bir film finalından daha çox reklama bənzəyir.
Yazının əvvəlinə qayıtsaq, “Səriyyə” filmi ciddi bir problem haqqında cəmiyyəti gözlərini böyük-böyük açmağa çağırır. Filmin son titrlərində erkən nikahlar, zorakılığa məruz qalan qız və qadınlar haqqındakı statiska rejissorla bərabər bizi də narahat etməlidir.
Nəcəf Əsgərzadə