Səmada ədalət axtaranlar
Prodüser Orxan Mərdanın bir neçə ay əvvəl anons etdiyi “Səma ilə görüş” bədii filmi martın 7-dən etibarən böyük ekranda tamaşaçıların ixtiyarına verilib. “Azərbaycan Kino Mərkəzi” şirkətinin istehsalı olan filmin ssenari müəllifləri Orxan Mərdan, Vüqar Hüseynov, Talıb Əhmədov, rejissoru Rüfət Şahbazov, operatoru Şahmar Səfəroğludur. Əsas rollarda Kəmalə Piriyeva, Taleh Yüzbəyov, İlkin Həsəni, Turanə Hüseynli, Əlibəy Məmmədli, Rəfael İsgəndərov çəkiliblər.
Film, azərbaycansayağı Robin Qud əhvalatı danışır. Səma (Kəmalə Piriyeva) və Camalın (Taleh Yüzbəyov) anası onlar uşaq olanda sırf pulsuzluq ucbatından tibbi yardımdan məhrum qalaraq xəstəxanada vəfat edir. Uşaqlar böyüyəndən sonra həyatlarını anaları ilə eyni taleyi yaşayan insanların xilasına həsr edirlər, dələduzluq yolu ilə varlılardan pul alıb, ağır xəstəliklərdən əziyyət çəkən, müalicə, əməliyyat üçün maddi vəsaitə ehtiyacı olan insanlara verirlər. Orxan (İlkin Həsəni) və Səma ilə Camalın uşaqlıq dostları Əli də (Əlibəy Məmmədli) bu işdə onlara kömək edir. Qəhrəmanların hər birinin şəxsi arzuları da var. Əli ilə Səma ailə qurmaq, Orxan sevdiyi qadınla firavan həyat yaşamaq, Camal aktyor olmaq istəyir, teatrda kütləvi səhnələrdə çıxış edir. Lakin bir gün gözlənilməz bir şey baş verir və hər kəsin planları alt-üst olur.
Müəlliflər üç janrı – dram, komediya və ekstrimi birləşdirməyə, bir növ, “biz də bacarırıq” ismarışı verməyə çalışırlar və bunu, demək olar, bacarırlar. Dinamik musiqinin müşayiətilə təsvir edilən suda, quruda, maşınlı, skuterli, velosipedli təqib səhnələri, şəhər küçələrinə xas nüanslardan da – təmir, bağlı yollar, “Prius” və s. – yerində istifadə olunması sayəsində, az qala, məşhur fransız filmi “Taksi”dəki qədər həyəcanlı, əyləncəli təsir bağışlayır. Müsahibələrdən anladığım qədərilə, ekstremal səhnələrdə aktyorlar şəxsən iştirak ediblər. Şübhəsiz ki, həmin səhnələrin tamaşaçıda adrenalin yaratmasında bunun da əhəmiyyətli rolu var.
Yeri gəlmişkən, filmdə detallardan, “divardan asılan tüfəng” qaydasından uğurla istifadə olunub; Əlinin “Airpod”u daim əlində oynatmaq vərdişi gedişatda vacib rol oynayır. Təqib səhnəsində təmirçinin yolun bağlı olduğunu bildirmək üçün bayraq qaldırması, səhnəyə “Formula-1” effekti qatır. Həmçinin detallar sayəsində epizodik personajlar da yaddaqalan tipajlara çevrilirlər.
Əvəzində, filmin ideyası və dramatik xətti “ləngər vurur”. “Robin Qud”ların lideri olan Səma, tələ qurub, yalanla başqaları üçün pul qopartmağı oğurluq, bəd əməl hesab etmir, amma dostları onu artıq bütün bədəninə yayılmış xərçəngdən xilas etmək üçün yaxşı bildikləri, alışdıqları üsulla vəsait tapmağa çalışanda qəti şəkildə etiraz edir, bunu “oğurluq” adlandırır. Çox güman ki, müəlliflər, Səmanı sonsuz fədakarlıq timsalı kimi göstərmək istəyiblər, ancaq ali qayənin ziddiyyətliliyi bu fədakarlığı mənasızlaşdırır, kobud desək, “şirin çay” edir. Hətta hadisələrin kulminasiyasında sirrin açılması, “çəkdirdiyini çəkmədən ölməyəcəksən” fikri də sözügedən ziddiyyəti çözmür.
“Səma ilə görüş” filminin bir nöqsanı da hadisələrin dramaturji əsaslandırılmasının komik və ekstrim situasiyalara qurban verilməsi, məcburi “təsadüflər” yaradılmasıdır. O cümlədən, əksər hallarda səhnələrarası keçidlərin orqanik olmaması filmin tempo-ritmini pozub daxili dinamikasını azaldır.
Hər şeyə rəğmən, “Səma ilə görüş” filmini Azərbaycan kinematoqrafiyasında uğurlu prodüser layihəsi nümunəsi adlandıra bilərik. Yəni, istər kommersiya, istər arthaus filmlərdən danışarkən ilk növbədə, adətən, rejissorun adı çəkilir, rejissorun “filmin tanrısı” olması bir aksiomdur. Baxmayaraq ki, rejissor, ssenarist, film çəkmək istəyən hər hansı insan, ideyasını reallaşdırmaqdan ötrü birinci prodüser axtarır, yekunda prodüserin adı titrlərdə qeyd olaraq qalır. Halbuki, xüsusilə, kommersiya kinosunda prodüserin işi böyük əhəmiyyət kəsb edir və ayrıca bir sənət sayılır.
Ölkəmizdə prodüser kimi fəaliyyət göstərən insanlar olsa da, prodüser kinosu anlayışı o qədər də aktual deyil, hətta hələ də prodüserlik işinə “pul tapan”, inzibatçı kimi yanaşanlar çoxluq təşkil edir. Kommersiya filmlərindən danışarkən prodüser arxa planda qalır.
Ümumiyyətlə, kommersiya kinomuzun 2000-ci illərin əvvəllərində başlayıb qısa davam edən populyarlığı korafəhm xarakter daşıyır, televiziyada məşhurlaşan obrazlar, elə televiziya estetikasında daha geniş formatda təkrarlanır, bədii keyfiyyətə önəm verilmirdi. Tamaşaçılar kinozallara tele-ekranda görüb sevdikləri Şəmi, Şöşü, Fəlakət, Hozu kimi personajlara, “Bakılı oğlanlara” baxmaq üçün axışırdılar və bu filmlərə mövcud kinozal şəbəkələri, paytaxt miqyası kifayət edirdi. Dəqiq strategiya, prokatla bağlı planlaşdırma olmadığına görə (hər nə qədər prokat sistemi yox həddində olsa da), sözügedən estetikadan kənara çıxan filmlər, fərqli janrlar nadir hallarda uğur qazanırdı. Nəticədə bir müddət sonra tamaşaçı eyni şeyləri görməkdən yoruldu və onlara maraq azaldı.
Bir filmin uğurlu alınmasını təmin etmək (festival həyatı da ola bilər, sırf maddi gəlir də) prodüserin funksiyalarına daxildir, hətta ən əsas funksiyasıdır. Prodüser kinosunda bu, ticari anlamda keyfiyyətli kontent yaratmaq və mümkün qədər çox gəlir götürməyi hədəfləyən strategiyanı nəzərdə tutur. Başqa sözlə, nə çəkmək, necə çəkmək, filmin keyfiyyəti, aktyor heyəti, necə daha çox bilet satmaq suallarını lap başdan cavablandırmaq, yəni çəkiliş heyəti hələ meydançaya çıxmamış müəyyən bir strategiya qurmaq vacibdir və bunu prodüser edir. Prodüser kinosunda filmin sahibi də, tanrısı da prodüser olur.
Orxan Mərdanın istehsal etdiyi son filmlərdə – “Zəhər tuluğu” (2021) və “Səma ilə görüş”də məqsədyönlü prodüser əli aydın hiss olunur. Pandemiya dalğasının aktivliyini itirmədiyi 2021-ci ildə ərsəyə gəlmiş “Zəhər tuluğu” filmi (rejissorlar T.Yüzbəyov və Orxan Mərdan) son illərdə Azərbaycandan kənarda (film rusca dublyajla Qazaxıstanın 11 şəhərində nümayiş olunub) prokata çıxan tək-tük filmlərdəndir, eyni zamanda bizdə də, az qala, bütün bölgələrdə, şəhərlərdə, rayonlarda göstərilib. Ümumiyyətlə, kinoteatrları olmayan, kinozal şəbəkələrinin inhisarçı rəqabətə girib, yerli kinonu sıxışdırdığı bir ölkədə “Zəhər tuluğu” filminin prokat taleyi prodüserlər üçün faydalı dərs vəsaitidir. Ümid edək ki, “Səma ilə görüş” filmi də analoji uğura nail olacaq və prodüserlik sənətinin təkmilləşməsinə, prodüser kinosunun inkişafına təkan verəcək.
Aygün Aslanlı