Şəkili “Tarantino”

Yaxın günlərdə AKİ-də şəkili bir sinefilin yaratdığı iki qısametrajlı film nümayiş olundu.
Ondan başlayaq ki, hər iki film gülünc dərəcədə cüzi şəxsi vəsait hesabına – cəmi bir-iki yüz manata çəkildiyinə görə müəllifin titrlərdə özünü “prodüser və rejissor İlkin Umarov” kimi təqdim etməyə tam haqqı çatır.
İlkin əmək fəaliyyətinə hələ məktəb illərində – əvvəlcə VHS kasetləri, sonra isə DVD diskləri icarəyə verən məntəqələrdə yarımştat işləməklə başlayıb. Onun yolu bir az məşhur “video satıcısı” (movie rental guy) Kventin Tarantinonun start götürdüyü yolu xatırladır. İlkinin uşaqlığı və gəncliyi mütəmadi olaraq filmlərə baxmaqla keçirmiş: əvvəllər həmyaşıdları ilə, daha sonra isə müştərilərlə müxtəlif janrlı filmlərin süjet dönüşlərini müzakirə və təhlil edirmiş. Beləcə, o, dünya kinosunun nümunələrinə baxa-baxa özünü təkmilləşdirib, eyni zamanda rejissorluğu, operatorluğu, bir sözlə, sənətin incəliklərini öyrənib. Artıq yetkin olan kinomanın sözlərinə görə, bu dövr onun üçün əsl məktəbə – kino sənətinin dərindən dərkində ilk və ən əsas, hətta demək olar ki, müqəddəs universitetə çevrilib.
İlkin Bakıdakı yerli İncəsənət universitetində oxumaq istəyib, lakin hansısa naməlum səbəblərdən imtahanlara buraxılmayıb. Belə görünür ki, bu humanitar elm yuvası daha çox Azərbaycan teleməkanı üçün biokütlə, yaxud “toyxana-prodakşn” üçün cəza taboru yetişdirməyə, diplomlu “klonlar” hazırlamağa qadirdir. Ona görə də, İlkin kimi fərdlərin “incəsənət”in arxetip abituriyentləri formatına sığmaması heç də təəccüblü deyil. Ancaq yeni nəsil müstəqil Azərbaycan kinosunun ənənələrinin davamçısı kimi, bu hadisə gənc rejissor üçün əsl xilas olub.
Mən İ.Umarovu ilk dəfə keçən il Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının təsis etdiyi mükafatlar uğrunda müsabiqədə tanımışdım və bir münsif qismində səsimlə onun debüt filmi olan “Şam bağı”nın xüsusi mükafata layiq görülməsinə öz töhfəmi vermişdim.

Qısametrajlı “Şam bağı” filmi, təsadüfən bir evə düşmüş cəsədin macəralarından bəhs edən, ekşn və yol filmi (road movie) janrlarının qəribə, hətta absurd qarışığıdır. Ev sahibi qonşuluqda yaşayan dostu ilə birlikdə cəsəddən qurtulmağa çalışır ki, bu da əyləncəli, komik situasiyalarla zəngin, inanılmaz ekssentrik qeqlər silsiləsi yaradır. Filmin adı burada gizli metafor kimi çıxış edir. Süjet xətti maneələrlə dolu səyahət üzərində qurulub və personajların xarakterləri, əsasən, güclü dialoqlar vasitəsilə açılır. Bu səyahət ağ-qara estetikada və alatoran çəkiliş rejimi ekspressiyası ilə vizuallaşdırılıb – “Şəfəqdən qüruba qədər”! Vizual həllin ötürdüyü yol əhval-ruhiyyəsində 1990-2000-ci illərin kulta çevrilmiş postmodern kinotrendlərinə ehtiram hiss olunur.
Filmin ilk kadrları bıçaq və parketin arasındakı yarıqlara süzülən qan gölü kimi cəlbedici detallarla Hiçkokun klassik şedevrinə – “Psixo”ya (1960) salam göndərir. Final, adla uyğunlaşdırılıb, ya da tam əksinədir; bu, artıq hər kəsin öz baxış bucağından asılıdır. Kökləri orta əsrlərə uzanan ənənəyə görə, indiki Azərbaycanın ərazisi Avropa ilə Asiya arasındakı karvan yollarının bir qolu olub. XIX əsrdə alman coğrafiyaçısı Ferdinand fon Rixthofen bu qola “İpək yolu” adını verib. “Şam bağı”, səyyahların, zəvvarların yolkənarı meşədə – karvansaralara yaxın məsafədə yerləşən səyyah qəbiristanlığına qoyduqları ad idi.
İlkin Umarovun “Hasarların arxasında” adlı ikinci filmi daha yetkin əsərdir. Film, cəmiyyətin daşlaşmış stereotiplərinin sosial aspektləri kimi aktual mövzulara toxunur.
Kənddən köçərək yeni həyat qurmağa hazırlaşan qəhrəman əvvəlcə keçmişlə – ata evi ilə vidalaşmalıdır. Lakin mühüm bir hüquqi nüans qəhrəmanı səyahətə çıxarır (yenə yol) və yol filminin dalanlarına salır – üstəlik, Azərbaycan pop musiqisinin hiti, Niyaməddin Musayevin ölməz “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısının müşayiətilə.
Bu yol, atanın portreti ilə görüşdən qabaq qəhrəmanın öz təhtəlşüuruna etdiyi səyahətdir. Filmin tempo-ritmində keçid dialoqlara yer verilmədiyindən tamaşaçı koloritli personajlara səmimi reaksiya verir.

Müəllif məişət və folklor kontekstlərini satira və yumor prizmasından işıqlandırır. Təhsilinin yarımçıq qalmasına baxmayaraq, hiss olunur ki, İlkin Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin ruhunu dərindən mənimsəyib. Yeri gəlmişkən, büdcəsizlik peşəkar aktyor gətirməyə imkan vermədiyindən əsas rollardan birini rejissor özü oynamağa məcbur qalıb və bu işin öhdəsindən məharətlə, kifayət qədər orqanik şəkildə gəlib.
Nümayişdən sonra tamaşaçıların suallarını cavablandırarkən, İlkinə vaxtilə babasının müdir işlədiyi Kinematoqrafçılar İttifaqının “Gələrsən, görərsən” sanatoriyasında keçən günləri xatırladıldı. O, orada, təbiətin qqoynunda Rüstəm İbrahimbəyovdan dramaturgiya, Rasim Balayevdən isə aktyorluq sənəti nəzəriyyəsi üzrə qeyri-rəsmi ustad dərsləri alıbmış.
Ustad dərslərindən söz düşmüşkən: İlkinə təhsilini davam etdirmək üçün imkanlar tapmaqda kömək etməyə və dəstəkləməyə dəyər. O, Azərbaycan hüdudlarından kənarda (yaxşı olardı ki, uzaq xaricdə) yerləşən münasib bir ali məktəbdə əsaslı peşəkar kino təhsili ala bilər. Bu gün milli kinematoqrafiya sahəsində Rusiyada beşillik təhsili dövlət tərəfindən tam qarşılanmış tamamilə yararsız, yerli telekanallarda parazitliklə məşğul olan alayarımçıq kinematoqrafçılar var. Onların əksinə, Azərbaycanın müxtəlif bölgələrində yetişmiş və yerli kino mühitində tanınan istedadlı insanlar da var ki, zəhmətkeşliklərinə, hətta nüfuzlu beynəlxalq festivallarda iştirak etmələrinə rəğmən, təhsilsiz qaldıqları üçün kino-qrafoman səviyyəsinə endirilirlər.
Ülvi Mehdi