İNDİ OXUYUR
Sədaqət Kərimova: Vətənə sevgi, yoxsa etnoqrafik yanaşma?

Sədaqət Kərimova: Vətənə sevgi, yoxsa etnoqrafik yanaşma?

Müəllif Sədaqət Kərimova geniş tamaşaçı kütləsinə “Soyuq günəş” filmi ilə daha çox çata bilsə də, o, uzun illər jurnalist, yazıçı kimi uğurla fəaliyyət göstərmişdir. Təsadüfi deyil ki, bu yaxınlardakı Qusar səfərimdə Azərbaycan dilində oxuya biləcəyim ləzgi ədəbiyyatı nümunəsini soruşanda əksər ləzgilər məhz bu müəllifin adını çəkdilər.

“Soyuq günəş” (2018 – ssenari müəlllifi, rejissor Elşən Zeynalov), “İtən gündəlik” (2024 – ssenari müəllifi və rejissor Sədaqət Kərimova), “Hal” (2025 – ssenari müəllifi və rejissor) bədii tammetrajlı filmlərindən əlavə, müəllifin sənədli filmləri də mövcuddur. Əksər sənədli filmləri ləzgicə və rusca olsa da, Sədaqət xanımın dörd azərbaycandilli sənədli filmini izləmək şansım oldu. Bu dəfə məhz onlardan danışacağıq.

Hansı tarixdən hesablanmasından asılı olmayaraq, artıq yaşı yüzü ötmüş dünya sənədli filmi o qədər inkişaf edir ki, sənədli filmin istiqamətlərinin özündə daxili ixtisaslaşma gedir. Məsələn, dünyanın nüfuzlu universitetlərindən olan Harvard “Media antropologiyası” üzrə doktorantura, UCL ( University College London) Etnoqrafik və sənədli film üzrə magistr, Tallin universiteti (Estoniya) Audiovizual etnoqrafiya üzrə magistr dərəcəsində ixtisaslı mütəxəssis yetişdirir. Siyahını dünyanın çox yerindən çox mötəbər ali təhsil ocaqlarının ixtisasları ilə uzatmaq istəməsəm də, artıq bütün dünya həkim, mühəndis və bu kimi spesifik sahələr üzrə peşəkar təhsil alaraq ixtisaslaşmış dokumentalistlər də hazırlayır.

Amma etnoqrafik, antropoloji əsərlər bu cür ixtisaslaşmadan sonra yaranmayıb. Əksinə, qədimdən antropoloji və etnoqrafik filmlər çəkilir və günümüzdə bu elə bir səviyyəyə çatıb ki, onu daha dərindən öyrənməyə başlayıblar. Məsələn, Robert Flaertinin 1922-ci ildə lentə aldığı “Şimallı Nanuk”u həm etnoqrafik (eskimoslardan bəhs edir), həm də antropoloji (insanın həyat tərzindən bəhs edir) sənədli film hesab edilir. Etnoqrafik sənədli filmlər həm sənət, həm elm sahəsində dəyərli vasitədir. Onlar hekayəsi danışılan mədəniyyət(lər)i, bir növ, arxivləşdirərək qorunmasında böyük rol oynayır, tarix üçün vizual sübutlu baza yaradır, insanlar arasında qarşılıqlı anlaşmanı gücləndirir,tədqiqatçı və tamaşaçılar üçün mədəniyyətləri “canlı dərs” kimi təqdim edir.

Bu baxımdan azərbaycanlı müəllif Sədaqət Kərimovanın hər bir sənədli filmini antropoloji – etnoqrafik sənədli film adlandırmaq olar, toxunduğu hər mövzu barəsində səhifələrlə məlumat vermək olar. Çünki S.Kərimova son dərəcə maraqlı məkanlar, insanlar haqqında danışır. Yəqin, maliyyə çatışmazlığındandır ki, diktor mətnini müəllif özü yazır, özü də səsləndirir. Lakin filmlərin araşdırma miqyasının şaquli və üfüqi dərinliyinə söz ola bilməz. Ümumiyyətlə, hər dörd sənədli filmdə Sədaqət xanımın Qafqaz xalqlarına, öz vətəninə dərin sevgisi hiss olunur. O, ləzgi xalqının fəxri nümayəndəsi olaraq həmin coğrafiyanı nəinki çox gözəl bilir, həm də çox gözəl duyur. Amma duyub-bildiklərini kino dili ilə çatdıra bilirmi? Bu, bir az çətin sualdır, doğrusu.

“Qrızlılar” filmi. 12 dəqiqəlik filmdə araşdırma mətni çoxşaxəli olsa da, filmin vizual dili o qədər də çoxşaxəli deyil və bir çox texniki problemləri var. Aşkar görünür ki, Bakıdan o ucqar, çətin aşılan yolları olan dağ kəndinə rejissor özü tək gedib və cəmi bir günlük. (Ehtimal ki, maksimum bircə gün əlavə çəkiliş edilib.) Filmdə fokus məsələlərindən əlavə statik kadrlara ciddi ehtiyac duyulur. Filmin üç yerində sənədli filmi didaktik mətndən çıxarmağa cəhd sezilir: maşının keçdiyi çətin yolları göstərərək prosesi sənədli filmi etmək cəhdi (bir az uzun olsa da), Cümə məscidi barədə öz fikrini bildirən kəndlinin kadrları, kənd sakinlərini danışdırarkən kadrarxasında müəllifin öz səsi və müsahibənin sual-cavab şəklində yox, səmimi söhbət formasında təşkili. Yerli qadınla söhbət əsnasında, xüsusən, Qafqaz xalqlarına xas, özümün də Qusar Tarix Diyarşünaslıq muzeyində rast gəldiyim hündür taxta un qabı (Qrız və ləzgicə “bek”) barədə tamaşaçıya çatdırılan məlumatın filmdə olmasını istəyən müəllif öz xalqlarına xas etnoqrafik elementləri çox gözəl bildiyini də göstərməyi bacarır. Çox yaxşı olardı ki, film ştativlə çəkilsin, ikinci operator olsun, montajçı, heç olmasa, daha fokuslu kadrlarla vizual formanı işləsin, kadrarxası səs daha keyfiyyətli yazılsın, kəndin görüntüləri sadəcə dağ mənzərələrindən ibarət olmasın. Lakin bütün texniki çatışmazlıqlara baxmayaraq, rejissor 12 dəqiqə ərzində tamaşaçıların diqqətini ekranda saxlamağı bacarıb. “Qrızlılar” filminə yutubda üç il ərzində 13.000 dəfə baxılıb. Bu qısa filmi çox peşəkarlıqla işlənmiş etnoqrafik-antropoloji nümunə adlandırmaq çətindir, lakin o qədər sıldırımlı, təhlükəli yollarla dağa təkbaşına qalxan xanım rejissoru da bu istəyinə, əzminə, həvəsinə görə alqışlamasaq, olmaz. Hər halda aşağı keyfiyyətli əl kamerası ilə qədim bir xalq barədə məlumatlandırıcı, maarifləndirici nəsə çəkmək üçün 220 km məsafə qət etmək, zənnimcə, hər adamın işi deyil. Müasir dünyada Qrıza gedə bilən hər kəs filmdəki kadrlardan daha “instaqram sevimlisi”, daha estetik, daha vizual səhnələr çəkər, amma filmdə səslənən araşdırmanı hər müəllif edərmi? Fikrimcə, bunu Sədaqət Kərimovadan başqası etməzdi. Çünki bir vaxtlar 8000 nəfərin yaşadığı o qədim dağ kəndində indi cəmi 34 ev qalıb və belə görünür ki, bu, Sədaqət Kərimovanı narahat edir. O, bu cəhdi ilə tarixin yaddaşında iz saxlamaq istəyir. Filmin sonunda kəndlilər müəllifə gəldiyi sıldırımlı yolla yox, Susay yolu ilə qayıtmağı məsləhət görürlər, lakin alınmır, çünki yolda yenicə dağ uçqunu olubmuş. Film burada bitsəydi, daha təsirli sonluq olardı. Həm də “danışma, göstər” prinsipindən yanaşsaq, burada o məlumatın şifahi deyilməsinə yox, göstərilməsinə ehtiyac vardı. Çünki onda rejissorun sonda səsləndirdiyi, “bu şəraitdə buralarda yaşayan bu qoçaq insanlara ehtiram bəsləyirəm” cümləsini eşitməsək də, başa düşəcəkdik.


“Xınalıqlılar” sənədli filmi. Faktlarla zəngin, maarifləndirici on beş dəqiqəlik bu film də ənənəvi kadrarxası mətnlə müşayiət olunur. Əvvəlki filmdən fərqli olaraq, burada haqqında danışılan kəndə birbaşa giriş var, dağlar və yollar uzun-uzun göstərilmir. Mənim kimi bir çoxunun verdiyi suala elə filmdə səsləndirilən mətndən bir hissə ilə cavab vermək istəyirəm: “Xınalıq” adı, təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənməyə başlayıb. Yerli camaatın dediyinə görə, bu kəndə “Xınalıq” adı, qarşısında ucalan dağın günəş şüaları altında xınayı rəng aldığı üçün verilib. Xınalıqlılar özlərini, kəndlərini və dillərini qədim dövrlərdən bəri “Ketş”, “Kətiş” adlandırırlar. Xınalıq dilində “Ketiş” – “müqəddəs” mənasını verir”. Müəllif yerli sakinlərlə uzun-uzadı söhbət aparıb və təkcə yazılı mənbələrə əsaslanmır. Amma yuxarıda adını çəkdiyim prinsipi nəzərə alsaq, bu məlumatlardan bəzilərini görsəydik, daha dolğun bir süjet əmələ gələrdi. Yəni, bu məlumatlar kadrarxası səs vasitəsilə yox, kənd sakinlərinin dilindən verilsəydi, daha axıcı və dinamik sənədli film alınardı.

“Xınalıq” filmi də yutubda üç il əvvəl – “Xınalıq və köç yolu” UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına salınmazdan əvvəl yayımlanıb. Bu baxımdan rejissor uzaqgörənlik edib desək, yanılmarıq. Çünki istənilən tamaşaçı, xüsusən, antropoloji vizual əsərə baxanda məhsulun səciyyəviliyini, mahiyyətini və vacibliyini başa düşmək istəyir. Bu baxımdan filmin kadrarxası mətni bu vacibliyi çatdıra bilir, amma gərək diqqətlə qulaq asasan, filmboyu bəzən görüntü, sadəcə məlumatı rahat “udmağa” kömək edən yardımçı funksiya daşıyır.


Sədaqət Kərimova işlədiyi vizual antropoloji və etnoqrafik əsərlərin gücünü hiss edə bilən müəlliflərdəndir. İstənilən sənədli film üçün kifayət qədər ciddi araşdırma mərhələsi (bu, hətta inkişaf mərhələsindən ya əvvəl baş verir, ya da paralel gedir) tələb olunur, spesifik mövzulara toxunan işlərdə müəllifin məlumatlı olmasına ehtiyac var. Çünki spesifik yerin spesifik sakinləri olur. Bu, təkcə dil, millət fərqliliyi ilə bağlı deyil, yaşayış tərzindən tutmuş coğrafiyanın adət-ənənələrinə qədər hər şey diktəedici gücə malikdir. Rejissor bunların hamısını diqqətlə izləməyi, müşahidə etməyi bacarmalıdır ki, səciyyəviliyi göstərən xüsusi vizual həll təklif edə bilsin. “Xınalıqlılar” filmində, təəssüf ki, belə vizual həll görmək çətindir.

Bu filmin də bir neçə yerində sənədli filmi didaktik mətnin hakimiyyətindən çıxarmağa cəhd sezilir. Qoruq işçisinə verilən sualda da müəllifin kamera arxasından gələn səsini eşidirik. Qoruq işçisinin müsahibəsi səliqəsiz montaj edilib. Qoruq işçisi muzey haqqında məlumatları eksponatları təqdim edərək danışsaydı, tamaşaçıya eşitdiklərini beynində həzmi-rabedən keçirməyə də fürsət verilmiş olardı. Digər bir məqam, etnoqrafik film məlumatların tamaşaçı tərəfindən beyinə yığılmasına vaxt verməlidir. Muzeyin içindəki əşyaları sadəcə hərəkətli kadrla görürük, amma hiss edə bilmirik, çünki yaxından görmürük, iri statik planlar yoxdur. Nəticədə biz onları canlı görmək arzusu ilə alışıb yanmırıq, çünki oradan çox sürətli keçirik. Halbuki Misir piramidalarından, milli coğrafiyanın bir çox antropoloji cəhətlərindən bəhs edən filmlər həmin yerə ciddi maraq yarada bilir. Təbii ki, mən çox böyük büdcə ilə çəkilmiş filmlərlə “Qrızlılar”ı, ya da “Xınalıqlılar”ı müqayisə etmək istəmirəm. Amma kamera muzeydə bir az da qalsaydı, sadəcə kameranın yönünü dəyişməklə buna nail olmaq mümkün idi.

Bütün filmboyu bizi arxa fonda musiqi izləyir. Sədaqət Kərimovanın “İtən gündəlik” filmi ilə Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının “Ən yaxşı musiqi həlli” nominasiyasında qalibiyyətindən artıq məlumdur ki, o, yerli xalqın musiqisinə ən xırda detallarına qədər bələddir. Amma müasir sənədli film hər kadrın arxasında musiqi səslənməsini sevmir. Festivala çıxan, yaradıcı sənədli filmlərdə bu yük görüntünün çiyninə qoyulur.

Çəkmək, danışmaq, göstərmək nəinki unutmağa qoymur, əksinə, səsini eşitdirməyə, ehtiyacın olanı  almağa kömək edir. Məsələn, “Xınalıqlılar” filmində deyilir ki, 1926-cı ildə Ümumittifaq siyahıya alınarkən kənddə 105 adam yaşasa da, 2009-cu ildə bu rəqəm 2200 olub. Hazırda sakinlərin sayı 3000-i keçib. Bu o deməkdir ki, nəinki Azərbaycanda, hal-hazırda bütün dünyada bəlaya çevrilən urbanizasiyanın əksinə olaraq 1926-2009-cu illər ərzində Xınalıqda nadir görünən hadisələrdən biri, yəni, “əks-urbanizasiya”, digər adı ilə “kəndə dönüş” (rural return) baş verib. Burada iqtisadi problemlər ucbatından öz ata-baba evlərini tərk etməyə məcbur qalan insanları tarixi yerlərə qaytaran, Xınalığı unudulmağa qoymayan, başda Sədaqət Kərimova olmaqla bütün müəlliflərə və əlbəttə ki, oranın “məhv olmasının” qarşısını alan, 2006-cı ildə kəndə yol çəkən, 340 nəfərlik məktəb tikən aidiyyəti dövlət qurumlarına təşəkkür düşür. Hal-hazırda Xınalıq çox təhlükəli yolları olan, tanrının unutduğu bir məkan yox, hər daşında–torpağında tarixin hekayəsini daşıyan bir mədəni sərvətdir. Deməli, düzgün planlama aparılanda nə mədəni sərvətlər itirilir, nə də antropoloji problemlər üzə çıxır. Axı, heç bir insan kefindən evindən didərgin düşmək, bilmədiyi yerlərə üz tutmaq və psixologiyada “miqrasiya travması” və ya “köç stress sindormu” adlanan şeyi (relocation stress syndrome) yaşamağı özünə rəva bilməz.

Təhsildən danışarkən, orada işləməyə gələn gənc təhsil işçilərini bizə təqdim edən rejissor, onların yoxuşla qalxdıqlarını lentə alır. Görünür ki, onlar söhbət edirlər. Amma səs əvəzinə fonda musiqi verilir. Əgər o səhnə onların öz söhbətləri ilə bizə göstərilsəydi, daha az televiziya estetikası təsiri bağışlayardı. Yenə müəllifin suallarına cavab verərək özlərini təqdim edən dörd müəllimdən ikisi evlənib kəndə gəlib. Amma indi biz onların yan-yana üzüaşağı düşdüyünü görürürk. Ehtimal var ki, müəllif onlara “təklif olunmuş vəziyyət” verib, “tələb olunan” yox. Bu səhnə “tələbatdan irəli gəlmədiyi” üçün süni təsir bağışlayır.

“Doğma elin vurğunu” filmi. Qısa müddət ərzində eyni müəllifin ard-arda üçüncü filminə baxanda artıq nəyə təəccüblənəcəyini bilirsən. Həmçinin, az-çox nəyin necə nəql ediləcəyini də. Heç bir müəllif öz şüurundan və qəlbindən o tərəfə gedə bilməz. Digər iki film kimi “Doğma elin vurğunu” da yol və dağ mənzərələri ilə başlayır. Çünki rejissor dağların övladıdır, dağlara aparan yollar da dağın özü kimi onu özünə aşiq edib. 2024-cü ildə çəkilmiş bu filmin ilk səhnəsindən texniki təkmilləşməni hiss edirsən. Kadrlar əsmir, yarımçıq kəsilmir, panoramlar tam verilir (hərçənd videoqrafik təsir bağışlayır), rəng həlli daha gözəldir, montaj daha peşəkardır. Titrlərdən görürəm ki, çəkilişlərdə iki videoqraf – Anna Həsənbəyova və Tural İsabalayev iştirak edib. Bundan əlavə, dronla çəkilmiş kadrlar ərazini daha yaxşı tanımağa imkan yaradır. Giriş isə ənənəvi TV stilistikasında çəkilib, bu dəfə rejissor “Zindanmuruq” kəndi haqqında danışır. Cəmi bir ildir ki, yutuba yerləşdirilməsinə baxmayaraq, film artıq 23 mindən artıq baxış toplayıb. Əminəm ki, bu rəqəmdə filmin daha səliqəli işlənməsi də əsas faktorlardan biridir. Bu film də öz obyekti – Zindanmuruq kəndindən ümumi danışır. Məsələn, müəllif deyir ki, orada tayı-bərabəri olmayan Başınağacı meşəsi mövcuddur, regionda iki “muruqlu” kənd var: Böyükmuruq və Zindanmuruq. Lakin bu Başınağacı nədir, “muruq” nə deməkdir, kəndlərlə nə əlaqəsi var? Müəllif bunun dərinliklərinə getmir, halbuki təkcə kəndin etimologiyasını araşdırmağa kifayət qədər zaman sərf etdiyini elə ilk dəqiqələrdə səsləndirir. Digər filmlərdən fərqli olaraq burada biz müəllifi ötəri yox, səsin kimə məxsus olduğunu aydın göstərən kadrda görürük, araşdırmaçının müəllifin özü olduğunu başa düşürük. Kənddəki qədim qəbiristanlıqdan danışan kənd qadınları da, kənd və onun obaları barədə məlumat verən kişilər də kameraya yox, müəllifə danışırlar, ona izahat verirlər. Beləliklə, S.Kərimova artıq bütün məlumatlılıq rolunu kadrarxası səsə yükləmir. Bu, müəllifin ənənəvi təhkiyə üsulunda yeni bir cəhdidir. “Doğma elin vurğunu”nda səliqəli formada işlənmiş arxivə də rast gəlinir ki, bu da vizuallığı çoxşaxəli edir. Təkcə məlumat verməklə kifayətlənmir Sədaqət xanım. Əslində, dokumentalist, əgər işə, mövzuya ümumi yanaşırsa, gördüyünün hamısını göstərməyə çalışmalıdır ki, tamaşaçıda ümumi bir fikir formalaşsın. Müəllif “Doğma elin vurğunu” filmində buna da əməl edir. Məsələn, kəndin boşalması problemini onun yaşlı sakinləri vasitəsilə çatdırır. Maraqlısı odur ki, yaşları kifayət qədər çox olan Marusya nənə ilə Xanqulu baba öz yaşlarından xeyli cavan təsir bağışlayırlar. Görəsən, müəllif yaşca qoca, ruhən cavan sakinləri seçməklə bizə “təbiət qoynunda, onunla iç-içə yaşasan ömrün də uzun olar, üzün də cavan qalar” mesajını verir, ya da kəndin boşalmasına öz daxili etirazını bildirir?

Sədaqət Kərimova 1990-cu ildən sonrakı işsizlik problemini də, danışmaq üçün qapısını döydüyü ailənin məhəlləsində bir dənə qıfılsız qapı olmadığını da dilə gətirir. Beləliklə, bu film “etnoqrafik tərif ədəbiyyatı” olmaqdan çıxır və insanı gözəlliklərlə, məlumatlarla düşündürməyə sövq edən film-reportaj halını alır.

Sənədli filmdə təbiilik və reallıq çox önəmli faktorlardır. Əminəm ki, filmin kamerasına danışanlar problemləri azərbaycanca da dilə gətirə bilərdilər. Lakin onların öz sosial məsələlərini doğma dillərində səsləndirmələri çox təqdirəlayiq haldır. Əgər biz ləzgi xalqının bir qədim kəndi haqqında öyrəniriksə, nəyə görə onların dilini də eşitməyək? Bu oradakı etnosa, həm də gələcək araşdırmalar üçün bir pəncərə açır. Film bir xalq haqqındadırsa, onların dilini də eşitməliyik. Onda olar etnoqrafik sübut. “Doğma elin vurğunu” filmində bu cəhd alınır.

Filmdə diqqətimi çəkən digər bir məqam da rejissorun artıq quraşdırma mizanlara yer verməməsidir. O, real qəhrəmanları məlumatı çatdırsın deyə çox əziyyətə salmır, məsələn, çəkiliş apardığı evdə insanlara göstərişlər verərək hansısa süni mühit yaratmır. Ev sakini sadəcə otağın o başından gəlir və xalça barədə məlumat verir.

Sabir Fərzəliyev adlı sakinin ulu babasına məxsus 300 yaşlı evin görüntüləri, ləzgi memarlığına xas beş hissədən ibarət eyvanlı evin ruhu tamaşaçıya hopur. Bu evin “etnoqrafiya muzeyi” olmaq potensialı, buna mane olan səbəbləri də eşitmək dinamikanı artırır. Təəssüf ki, daha sonra Sabir Fərzəliyevin xeyirxah əməllərinin detallı təsviri filmin ümumi xəttində onu aşağı doğru aparır və “film içində film” təsiri bağışlayır. Ümumi xətdən kənaraçıxmalar tamaşaçıda çaşqınlıq yaradır: “Doğma elin vurğunu” filminin təhkiyəçisi Sədaqət xanımdır ya kəndin inkişafı üçün əlindən gələni əsirgəməyən Sabir bəy? Əgər ikinci şəxsdirsə, filmin giriş xətti yanlış seçilib. Çünki tarixdən başlayıb şəxs üzərində dayanmaq filmi enən xətt üzrə aparır. Qəhrəman kimi seçilən bu ağsaqqal, həqiqətən, maraqlı və ürəyi təpərli insandır, lakin biz filmin əsas xəttindən kənaraçıxma olduğu üçün bunu yaxından hiss edə bilmirik. Elə kadrarxası səs və musiqi burada da qəhrəmanla empatiya qurmağımıza mane olur. Filmdə səslənən “bu cür xeyirxah əmələ görə əsl dəyəri insana zaman verir” cümlə və dağ mənzərəsindən təxmin etmək olar ki, müəllif, filmi məhz həmin xeyirxah kənd sakini ilə bitirir. Lakin filmi dartıb aparan qüvvənin kim, ya da nə olduğu qaranlıq qalır. Əvvəlki filmlərdəki kimi burada da müəllif hər bir kəndin tarixini ən sonuncu gününə qədər danışmağı seçir, vahid bir xətt və onun ətrafında şaxələnən kiçik xətlərlə süjet qurmağı yox. Sanki çəkiliş günü kənddə nə vardısa, hamısını göstərmək istəyir. Bunu uğurlu üsul adlandırmaq çətindir, amma hər müəllifin yaradıcılıq azadlığı var.

“Həzrə – Yarqun” sənədli filmi. 2025. Ümumiyyətlə, Sədaqət Kərimova bütün filmlərinə məkanın tarixi barədə mənbələrdə verilən məlumatları səsləndirməklə başlayır. Ərazi tamaşaçıya tarixi konteksdə çatdırılır ki, o, sözügedən yerin niyə əhəmiyyət daşıdığını anlasın. Eyni üsuldan “Həzrə – Yarqun” filmində də istifadə olunur.  


Əksər insanların sadəcə ölünün basdırıldığı yer kimi qavradıqları qəbir daşlarına nahaq yerə qəbirüstü abidələr deyilmir. Keçmişdə cizyə, bac-xərac, öşr kimi vergi növləri olub. Təbii ki, bu verginin “haqq-hesab” dəftəri də olub. Bu sənədli filmdə adı çəkilən bir çox tarixçilərin “Zindanmuruq” kəndi, onun iki adı barədə yazdıqları tarixi-arxiv materiallar kimi. Lakin heç də hamının əli tarixçilərin arxivinə çatmır. Heç də hamı bilmir ki, Azərbaycan ərazisində aparılan siyahıyaalınma sənədləri, arxivlər və s. haradadır. Lakin qədim qəbir daşları yaşayan tarixi sübutdur. Yazılı arxivi yandırmaq çox asandır, amma hər bir qəbir daşı öz dövrünə aid sarsılmaz sübutdur. “Həzrə-Yarqun” filmində də müəllif qədim qəbirüstü abidələri göstərməklə sübutları sənədlinin yaddaşında saxlayır. Təəssüf ki, film qəbirüstü abidələr haqqında olmadığına görə onlar barədə daha detallı məlumat ala bilmirik. Lakin eyniadlı kənddə yerləşən Şeyx Cüneyd türbəsinin həyətində gözümlə gördüyüm qəbirlərdə də bu filmdə göstərilən Ştum ərazisindəki qədimi qəbir daşlarındakına bənzər günəş kimi simvollar müəllifin apardığı tarixi araşdırmaların doğruluğunu üzə çıxarır. Həzrə adının yaranması ilə bağlı səsləndirilən müqayisəli təhlillər də uğurlu araşdırmaya sübutdur. Filmə zəngin mətn yazıldığı aşkardır. Lakin biz bu kənd barədə də ümumi məlumat alırıq. Bu qədər zəngin məlumata malik olmaq gözəldir, bəs onun günümüzün standartlarına cavab verən sənədli film tərzi və estetikası?

“Həzrə-Yarqun” müəyyən mənada “şəxsi hekayə”li film də hesab oluna bilər. Çünki rejissorun bu kəndlə xüsusi bağı olduğunu səsləndirir.

Bir şey həqiqətdir ki, müəllif bu filmləri təkcə qədim kəndlərin tarixini öyrətmək üçün çəkməyib. Onun kəndin zəhmətkeş, sadə, xeyirxah insanlarına qarşı dərin  sevgisi var. Bu sevgi doğulub-böyüdüyü dağlara və tarixə olan sevgisindən heç də az deyil.

Afaq Yusifli

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya