İNDİ OXUYUR
Rüstəm Babazadə: “Kinoya bişib gəlmək lazımdır”

Rüstəm Babazadə: “Kinoya bişib gəlmək lazımdır”

Müsahibimiz Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi “Mən qadınam” bədii tammetrajlı film ssenarisi müsabiqəsində birinci yerin qalibi olan “Gəlin” ssenarisinin həmmüəllifi (Əli-Səttar Quliyevlə birlikdə) Rüstəm Babazadədir. O, həm də “Əlvida, Şmidt”, Olimpia” (hər ikisinin rejissoru Əli-Səttar Quliyevdir) bədii filmlərinin ssenarisini yazıb, “Sonuncu payız” qısametrajlı bədii filmini çəkib.

Deyəsən, 1980-lərin sonu, 1990-cı illərin əvvəlləri idi, uşaq idim. Rəhmətlik atamla “Azərbaycan” kinoteatrında Lyuk Bessonun “Mavi dərinlik” (“Big blue”) filminə baxmışdım və kinoya sevgim o filmlə başlamışdı. O filmə baxandan sonra beynimdə sanki nəsə yandı, hiss etdim ki, kino başqa aləmdir. Eyni şeyi bir də 1995-ci ildə “Oskar” mükafatının təqdimetmə mərasiminə baxanda hiss etmişdim. 14 yaşım vardı. Smokinqlər, kəpənəklər – başqa həyatdır da…  Onda dedim ki, yox e, mən mütləq kinematoqrafiya ilə məşğul olacağam!

– Rüstəm, söhbət zamanı dediniz ki, sizə həmişə məhz ssenari yazmaq, təhkiyəçilik maraqlı olub və İncəsənət universitetində də bu istiqamətdə təhsil almısınız. Eyni zamanda rejissor kimi fəaliyyət göstərirsiniz. Bu baxımdan ssenari sizin üçün nədir – mütləq riayət olunmalı düstur, yoxsa dəyişikliyə açıq olan oriyentir?

– Məncə, daha çox oriyentirdir, çərçivə olmamalıdır. Şəxsən mənim üçün ssenari azadlıqdır, nə istəsən, yaza bilərsən.

– Son illərdə istər nüfuzlu festivalların tərkibində, istər ayrıca ssenari yazmaq texnikasını öyrədən çox sayda təlimlər, laboratoriyalar meydana çıxıb, Voqler, Makki, Seger kimi müəlliflərin kitabları aktuallaşıb. Sizcə, belə təlimlərdə iştirak etmək, bu kitabları oxumaq vacibdirmi? Ssenari yazanda faydası olurmu? Yoxsa nədən və necə başlayacağını bilməyənlər üçündür?

– Oxumağın ziyanı yoxdur, ən azından, dünyada nə baş verdiyi barədə məlumatlı olmaq lazımdır. Amma, məncə, istedad varsa, heç bir kitab olmadan da ssenari yazmaq mümkündür. Təbii ki, yazmaq üçün işin texniki tərəflərini də bilmək lazımdır, amma nə qədər kitab oxusan da, istedad olmasa… Birinci istedad olmalıdır, o da tanrıdan gələn bir şeydir. Adam var, özü istedadını inkişaf etdirir, adam da var, tənbəldir, istedadını inkişaf etdirmir. Amma yenə deyirəm, min dənə kitab oxuyandan sonra da yaza bilmirsənsə, heç vaxt alınmayacaq.

– Siz ssenari yazanda nədən və necə başlayırsınız?

– Hər dəfə fərqli olur.  Məsələn, mən keçən il dörd günə bir tammetrajlı film ssenarisi yazmışam. Sadəcə İggi Popun “The passenger” mahnısına qulaq asırdım və gözümün qabağında bir epizod canlandı. O epizoddan, necə deyərlər, yapışdım və dörd günə tammetrajlı film ssenarisi yazdım. Təbii ki, yazdığım qaralama versiyası idi, sonra üzərində işlədim, amma dörd günə bütün bir ssenari yazılmışdı.

– O ssenarinin taleyi necə oldu?

Hələ saxlamışam, amma çox istərdim ki, rejissor kimi debüt tammetrajlı filmimi məhz o ssenari ilə çəkim. Bir qısametrajlı çəkmişəm, “Əlvida, Şmidt”, “Olimpia” kimi tammetrajlı film ssenariləri də yazmışam, “Stadionlar səssiz olanda” filmini kollektiv yazmışıq. Bu ssenarini isə Əqli Mülkiyyət Agentliyindən keçirmişəm və hələlik saxlamışam. Vaxt gələr, imkan olar, çəkərəm.


– ARKA-nın elan etdiyi müsabiqələrə göndərməyi düşünməmisiniz?

ARKA-nın şərtlərini oxudum, orada mənə uyğun olan təkcə “Mozalan” idi, ora nəsə verə bilərdim. Mən “road-movie” – yol filmi janrını sevirəm. Nə bilim, baxaq da… Sağlıq olsun, alınsa, özüm çəkərəm. O ssenariyə bir az qısqanc yanaşıram, səbəbini bilmirəm. Məsələ dörd günə yazılmağı deyil. Bir də mən həmişə tez yazıram. Gəlirsə, yazmalısan. Gedim, gəzim dəniz kənarında, nə bilim bir qəlyan çəkim, oturum 40 saat… Yox, gəlirsə, yazmalısan.

– Qaralamanı yazandan sonra üstünə neçə dəfə qayıdırsınız?

-Maksimum iki-üç dəfə. O da dialoqlara, ya da hansısa səhnədə nəyinsə yarımçıq, natamam qaldığını düşünürəmsə, qayıda bilərəm. Mənim üçün, ümumiyyətlə, bizim kinomuzda ən həssas cəhət dialoqlardır. O qədər pafos olur ki! Bizim, axı, məişət dilimiz var, danışırıq. Niyə bundan qaçır müəlliflər? Bilmirəm.

– Sizdə komediya, daha doğrusu, komik elementlərlə zəngin olan ssenarilər, hekayələr də yaxşı alınır. “Əlvida, Şmidt”də də, “Olimpia”da da, “Son payız”da da aydın görünür.

– Mən tragikomediya deyərdim. Hərçənd siz “Son payız”ı tənqid etmişdiniz.

– Çünki istedadınızı, vaxtınızı elə mövzuya sərf etməyinizə heyifim gəlmişdi. Mövzusunu nəzərə almasaq, üslubu, yumoru, vizual həlli, personajları ilə “Son payız” yaddaqalan filmdir.

– Zamana uyğun mövzu idi. O filmi 2021-ci ildə çəkmişdik. Həm də “Mozalan” üçün idi. 

– Komik elementlərə meyil “Mozalan”da işləməyin nəticəsidir?

-Yox, uşaqlıqdan vardı, həm də lazımlı kitabları oxumuşam –  Çexovdan tutmuş Qaşekə kimi (Çex yazıçısı və satiriki Yaroslav Qaşek – red.) və bu, zamanla formalaşıb. Hərçənd, məncə, o da bir istedaddır, yumor hissi, yazmaq, çəkmək bacarığı, məqalə yazmaq bacarığı qabında varsa, deməli, davam gələcək. Yoxdursa, mümkün deyil. Futbol kimidir. Oynaya bilirsənsə, oynayırsan, bacarmırsansa, hər şey mənasızdır. Elə vaxtlar olub ki, büdcəsi 500 manat olan, ya da tamamilə büdcəsiz qısametrajlı filmlər çəkmişəm. Yəni, dəlləkliyi öz başımızda öyrənmişik. Bəlkə də mən kinematoqrafiyaya gec gəlmişəm. Çünki 28-29 yaşımdan başqa sahədə işləməyə başlamışam, ilk dəfə 37-38 yaşımda “Nizami” Kino Mərkəzində  “Əlvida, Şmidt”in premyerasında səhnədə dayanmışdım. İlk ssenarim bu olub. Məncə, gecdir.

– Kiril Serebrennikov deyir ki, rejissorluq memarlığa oxşayır, gənc yaşda başlamaq olmaz, bu işlə məşğul olmaq üçün müəyyən həyat təcrübən olmalıdır. Məncə, ssenari yazmağı, təhkiyəçiliyi də buna aid etmək olar. Yəni, 38 yaş gec sayılmır.

– Bəlkə də biz başqa nəsilik. Mən 1981-ci ildə doğulmuşam, sonuncu pionerlər  biz olmuşuq, 1982-ci ildə doğulanlar pioner olmadılar. Yadımdadır, 1990-cı il idi, SSRİ dağılırdı, apreldə Leninin ad günündə bizi pionerliyə qəbul edirdilər. Oradan çıxanda qalstuku çıxarıb atdıq. Çünki orada başqa şeylər danışırdılar, evdə başqa şeylər. Evdə “Amerikanın səsi”nə qulaq asırdıq, dünya dağılırdı, müharibə gedirdi. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində ailəmdən döyüşənlər olub, hətta yaxın qohumum şəhid də olub. Bəlkə biz bir az… itirilmiş nəsil deməyim, amma bizi təəccübləndirmək, ya da sındırmaq çox çətindir, məncə.

– Doğrudan, bizi sındırmaq çətindir?

– Bəli. Mən sırf öz nəslimdən danışıram. Bir də, mən universitetə 1998-ci ildə girmişəm. O vaxt heç kino yox idi, axı! İndi, heç olmasa, pis-yaxşı nəsə var. Amma 1998-ci ildə qış vaxtı mühazirələrdə paltoda otururduq. Nə kino, hansı kino?! Şükür bu günümüzə! Heç olmasa, nəsə edirlər, nəsə edirik. Üç-beş  nəfər də olsa, festivallarda nəsə qazanmasalar da, heç olmasa, Azərbaycanın adını o festivallara daşıyıb aparan müəlliflər var.

– Onda, sizcə, biz itirilmiş nəsil olmuruq?

– Olmuruq, xeyr! Biz dövrlərin kəsişmə, toqquşma nöqtəsindəki nəsilik, hər şeyi gördük. Səhər yeməyinə qara kürü də yedik, çörək növbəsində də dayandıq. Məsələn, yadımdadır ki, 7, ya 8-ci sinifdə oxuyurdum. Səhər saat 5-də gedib çörək növbəsində dayanırdım. Odur ki, sabah biz nəsə yazanda kiməsə uydurma kimi gəlməyəcək, “chatgpt”-yə sual verib, sonra oradan gələn cavablarla yazılmış ssenari olmayacaq. Maşallah, indi Kanndan da səsimiz gəlir, Berlindən də, Rotterdamdan da. Təbii ki, sənətə bişib gəlmək lazımdır, amma əsas istedaddır. Üstəgəl istək, həvəs, bir də dünyagörüşü olmalıdır. Azərbaycanda festivallar keçirilməlidir, biz festivallara getməliyik. Film aparmasan da, heç olmasa, get iştirak elə, marketlərdə ol, bir adam tanı, özünü tanıtdır, gör dünyada kim nə çəkir. Mən, demək olar ki, hər il Kann festivalında akkreditasiyadan keçib ora gedirəm. 2010-cu ildən bəri. Filmlərə baxıram, insanlarla tanış oluram. Çox gözəl filmlərə baxıram, əsasən də, paralel proqramlarda. Getməlisən. Getməsən, görməsən, sabah hansı kinodan danışa bilərsən? Oturaq elə öz balaca mühitimizdə?!

– Dediniz ki, bizim nəslin çox zəngin yaddaş bazası var. Onda niyə bütün o gördüklərimizi, o təcrübəni, o qədər hekayəni kinoya gətirə bilmədik?

– Şəraitsizlik. Allah bilir, nə qədər ssenari yazılıb və rəflərdə qalıb, çəkilməyib. Axı, 1990-cı illərdən sonra kinematoqrafiyada xaos olub. Çəkənlər ya öz hesablarına çəkiblər, ya da bankların, nə bilim, zavodların sponsorluğu ilə. Və bərbad filmlər çəkilib. Siz 1991-ci ildən bu yana Qarabağ münaqişəsinə aid normal bir film adı çəkə bilərsiniz? Bu subyektiv fikrim ola bilər, heç kimin xətrinə dəyməsin, amma mən “Fəryad”dan başqa yaxşı film görməmişəm.

– Bəs indi niyə çəkilmir? Deyirdik ki, hadisələrin üstündən bir müddət keçməlidir, baş verənlər dərk olunmalıdır. Artıq beş ilə yaxın vaxt keçib, amma hələ də istər fərdi, insani hekayələrdən danışan, istər ekşn janrında müharibə filmləri yaranmır.

– Bəlkə vəsait azdır?  “Hasar” var, “Mən burdayam, ilahi!” var, amma  hər ikisi hansı büdcə ilə çəkilib? Yeri gəlmişkən, hər iki filmin rejissoru Qulu Əsgərovdur. Millət ekşn istəyir, müharibə filmi ekşn deməkdir. Təbii ki, biz “Sıravi Rayanı xilas etməy”i çəkə bilmərik, o qədər pulumuz yoxdur. Onda nəyi çəkək?

– Çox maraqlı, təsirli hekayələr var.

– Hekayə var, pul yoxdur, axı! Bilirsiniz, normal pirotexnikaya nə qədər pul lazımdır? Normal büdcə olmasa, biz nə çəkə bilərik? Səngərdə iki əsgər, üstünə tank gəlir, vəssalam. Şəxsən mən fikirləşirəm ki, bir film çəkilsin, amma normal büdcə ilə çəkilsin və insanlar kinoteatrlara gedib ona baxmaq istəsinlər. Məncə, normal müharibə filmi çəkmək üçün normal büdcə lazımdır, yüz minlə, iki yüz minlə normal film çəkmək mümkün deyil. Yenə gəlib çıxacağıq danışan başlara, uzağı, iki partlayış səhnəsi olacaq, vəssalam. Halbuki bunun artilleriyası var, atışması var və s.və i. Təbii ki, müharibə haqqında az büdcə ilə də film çəkmək mümkündür. 2001-ci ildə bosniyalılar çəkmişdilər – Danis Tanoviçin “Heç kimin torpağı” (“No Man’s Land”) filmi. Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmi var, möhtəşəm filmdir. Mən indi ekşn janrından danışıram. Bizim əmilərimiz, dayılarımız vuruşublar, dörd minə yaxın şəhid vermişik, zarafat deyil. Artilleriyası vuruşub, tankçısı olub, tibb işçiləri, kəşfiyyatçılar olub. Sentyabrın 27-i Anım Günüdür, 8 Noyabr Zəfər günümüzdür, nə göstərəcəyik? “Mən burdayam, ilahi!” filminin mövzusu bir az başqadır. Allah rəhmət eləsin Ceyhun Mirzəyevə, “Fəryad” – yumorundan tutmuş aktyor oyununa qədər möhtəşəm filmdir, Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi başqa bir janrdadır. Amma mənə ekşn verin, mən ekşnə baxmaq istəyirəm!

– Sizin özünüzün müharibə haqqında ssenariniz var?

– Var, amma ekşn deyil. Daha doğrusu, yarı ekşn, yarı tragikomediyadır. Cızma-qara etmişəm, bir neçə səhnə yazmışam, onu da bitirməyə çalışıram. Hərçənd ARKA-nın şərtlərini oxudum, mənə bir az çətin gəldi.

– Siz həm tək yazırsınız, həm də həmmüəllif olaraq. Hansı daha rahatdır? “Stadionlar səssiz olanda” filmində hətta ikidən çox ssenarist olub. Yazı prosesini necə qururdunuz? Bunun hansı üstünlükləri və mənfi cəhətləri var?

– Hərə öz hissəsini yazıb, gətirib göstərə bilər, sonra onun üzərində kollektiv şəkildə işləyirik, əyər-əskiyini düzəldirik, nəyisə çıxarıb-nəyisə əlavə edə bilərik.

– İş bölgüsü aparırdınız? Yəni, dialoqları bir nəfər yazır, fleşbekləri digər müəllif…

– Xeyr. Hərə öz variantını yazırdı. Kimsə vatsapla göndərə bilərdi ki, görün necə alınıb, bəlkə belə edək, yaxud bəlkə belə dəyişək? “Stadion”da dörd müəllif vardı. Əsas, Əli-Səttarla mən idim, sonra Nicat Muxtarovla Azər Quliyev bizə qoşuldu. Hərdən dördümüz də kinostudiyada bir otağa yığışıb işləyirdik. Təbii ki, tək yazmaq daha asandır. Çünki sadəcə özün qərar verirsən. Amma kollektiv işdə səhnə gətirirsən, nəyisə bəyənirlər, nəyisə bəyənmirlər, sonra pazl yığılır. Yaxşı cəhəti odur ki, iki baş bir başdan daha yaxşıdır. Sözün açığı, mən mənfi bir şey görmürəm. Amma təbii ki, tək yazmaq daha rahatdır. Yenə deyirəm, ideyadan çox şey asılıdır. Məsələn, “Mən qadınam” müsabiqəsinə verdiyimiz “Gəlin” ssenarisinin ideyası 2021, ya 2022-də Əli-Səttarın ağlına gəlmişdi. Mənimlə paylaşdı, oturub müzakirə etdik, ssenarinin strukturu yarandı. “Gəlin”in üzərində fasilələrlə uzun müddət işləmişik. Arada başqa işlər olurdu, sonra yenə qayıdırdıq onun üstünə. “Mən qadınam” müsabiqəsi elan olunanda mövzu baxımından ora uyğun gəldiyini gördük, bir az da təkmilləşdirib müsabiqəyə göndərdik.


– “Gəlin”in hekayəsi real həyatdan götürülüb, yoxsa…?

– Yox, real deyil. Sadəcə kiçik bir fabulası da vardı.

– Niyə qəhrəmanınız azyaşlı “gəlin”i xilas edə bilmədi? Daha doğrusu, belə soruşum: Niyə xilas etməyə qoymadınız?

– Əslində, xilas etdi. Bəlkə həmin gecə bacarmadı, amma, heç olmazsa, cəhd etdi, ona təkan verdi. Bir də, xilas etsəydi, film uzanardı. Burda “happy end” yoxdur, amma faciə də yoxdur. Hər kəsin öz taleyi var. Ona görə də, qızın qardaşı arvadı Həcərə “get, öz həyatını yaşa, bizdə belədir” deyir. Amma Həcər, ən azı, cəhd göstərdi.

– Ssenarini oxuyanda bir məqam sual yaratdı və bütün ssenari boyu cavabını tapmadım. Qəhrəmanınız boşanıb, ancaq  keçmiş əri ilə yatmağa davam edir. Məncə, bu, maraqlı və əsaslandırma tələb edən detaldır. Yeri gəlmişkən, keçmiş əri də mükəmməl kişidir. Onda niyə boşanıblar? Ya da seks üçün niyə məhz keçmiş ər? Qəhrəmanınızın xarakterini nəzərə alsaq, bunun bir cavabı olmalıdır. Çünki sizin də dediyiniz kimi, ssenari pazl kimidir və sizdə o hissə boş qalıb.

– Birincisi, həyatda da belə hallar var. Mən elə insanlar tanıyıram, boşansalar da, seksual həyatları davam edir. Əslində, ssenarini yazanda düşündük ki, qəhrəmanın kişi dostu olsun, ya yox. Düzü, hər şeyi halva edib göstərmək istəmədik. Amma Əli-Səttarla bu məqamları çox müzakirə etmişik. Hətta bir-iki səhnə vardı ki, sonra çıxartdıq. Məsələn, bar səhnəsinin lazım olub-olmadığını xeyli müzakirə etmişdik. Amma nə mən, nə Əli-Səttar qoymazdıq ki, Həcər başqa bir kişi ilə yataqda oyansın.

– Motivinizi başa düşdüm və əgər nə vaxtsa film çəkilsə, gələcək reaksiyaları təsəvvür etdim. Çox güman ki, əksəriyyət “görürsünüz, azadlığı siqaret çəkib, içki içmək üçün istəyirlər” deyəcək.

– Mən reallıqda belə qadınlar tanıyıram. Məsələn, tənha anadır, siqaret də çəkir, içki də içir. Bir oğlu var və onu böyütmək, təhsil vermək üçün 24 saat işləyir. Kimlə yatır, özü bilər. Siqaret çəkməyin, içməyin əxlaqa dəxli yoxdur. Əxlaqsızlıq başqa şeydir. Hər adamın şkafında skeletləri var, hər kəsə yarlıq vurmaq olar, hər filmdə ilişməyə bir şey tapmaq mümkündür. Amma cəmiyyətimizdə belə insanlar var, biz normal insanlar haqqında yazmışıq. Siqaret çəkən də var, boşanıb kiminləsə görüşən də. Həyatdır, hər şey olur.

– Mən siqaret də çəkirəm, içki də içirəm.  Sadəcə siz indi nələri müzakirə etdiyinizi deyəndə başa düşdüm ki, sizin üçün qəhrəmanınızı məhz belə təsvir etmək vacib olub, məsələn, bir neçə yerdə qadının siqaretini vurğulayırsınız. Mən də bunun səbəbini anlamaq istəyirəm.

– Belə maraqlıdır. Üsyançı deyil, asi deyil, amma çiyinlərində məişət yükü var, yorğun olduğu görünür. Hətta biz aktrisa barədə fikirləşəndə mən dedim ki, çox tanınmış bir üz istəmirəm. Bu, yorğun bir xanımdır. Bəlkə bütün savaşları uduzur, övladı ilə normal münasibəti yoxdur, balaca gəlinə görə döyüldü, az qala, ölürdü, amma yenə də məğlub olmur.

– Bu qədər. Vaxt ayırdığınız üçün təşəkkür eləyirəm.

Müsahibəni hazırladı: Aygün Aslanlı

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya