Ruhunu seyr edən şahzadə

Bir yolçuluq, axtarış hekayəsi, Adəm oğlunun ruhuna səslənməkdir bu film. Tunisli rejissor Nasir Xemirin “Bab-Aziz: ruhunu seyr edən şahzadə” filmi insanı özünüdərkə, anlam axtarışına, varacağı yolun həqiqət axtarışına, doğum ilə ölüm arasındakı səyahəti düşünməyə vadar edir. Bu film hər kəsin özünü, daxilindəki xəzinəsini axtarmağına yardımçı olan bir hekayədir, daha doğrusu, bir-birini tamamlayan, iç-içə olan və hər birində böyük anlam ehtiva edən hekayələrdən ibarətdir, itirdiyimiz “bizi” yenidən özümüzə xatırlatmağa və qaytarmağa vəsilə olur. Susuz çöldə Leylasının intizarında olan dərvişin Allaha doğru gedən yolunun axtarışıdır bu film. Dərvişin qayəsi Onu taparaq qəlbinin sükunətinə, hüzuruna çatmaqdır. Filmdə gözləri görməsə də, qəlb gözü ilə vüsətə çatdığını seyr edən dərvişin təslim yolu nəfis şəkildə təqdim edilir. Hər şeyi öyrənməyə maraq göstərən balaca qızla qoca dərvişin yolçuluq hekayəsi sizi düşünməyə, həyatı sorğulamağa səsləyəcək.
Filmin adının mənası müxtəlif versiyalarda “Əziz qapı”, “Baba Əziz”, “Əziz baba” şəklində sətri tərcümə olunsa da, dəqiq qarşılığını dilimizdə ifadə etmək çətindir. Süjetə görə, Babi Əziz adlı qoca dərviş və onun həyat dolu nəvəsi İştar otuz ildən bir çöldə baş tutan dərviş yığıncağına yola düşürlər. Bu naməlum yolda ucsuz-bucaqsız kainatı xatırladan qızmar qumların ortasında yeganə yol göstəriciləri onların inanclarıdır. Yolboyu babanın nəvəsinə danışdığı və onların rastlaşdığı insanların başına gələn əhvalatlar filmin ana xəttini təşkil edir. Hər hekayə bir-birinə xidmət edir.
Tunisdə doğulmuş rejissor, yazıçı, rəssam, təsvir sənətinin mahir bilicisi Nasir Xemir “Bab-Aziz” filmini 2005-ci ildə çəkib. Əslində, bu film 11 sentyabr terror aktından sonra İslam dininə vurulan ləkəyə etiraz niyyətilə çəkilib və onun “Çöl səyyahları”, “Göyərçinin itmiş gərdanlığı” və “Bab-Aziz” adlı “Çöl” trilogiyasının sonuncu hissəsidir. Müəllif filmin ssenarisini yazdıqdan 10 il sonra çəkə bilib. “Min bir gecə” nağıllarının çağdaş şərhçisi olan rejissor filmin ssenarisini italiyalı ssenarist Tonino Querra ilə birlikdə qələmə alıb və bu ənənənin izlərini filmdəki sufi hekayələrində müşahidə etmək mümkündür. “Bab-Aziz” filmi Lokarno, Mar del Plata, Amerikan Film Sənayesi, Vankuver və Honq-Konq kimi bir çox beynəlxalq film festivallarında rəsmi seçimə daxil edilib, Fəcr Film Festivalında “Ən yaxşı film” kateqoriyasında mükafat qazanıb. Filmdə Pərviz Şahinxu, Məryəm Həmid, Hüseyn Pənahi, Nəssim Xalul, Mohamed Qraya, Məryəm Mohaid və Gülşiftə Fərahani kimi aktyor və aktrisalar rol alıblar. Çəkilişlər, əsasən, İran və Tunisdə həyata keçirilib. Filmin musiqilərini Mərakeş əsilli fransız bəstəkar Armand Amar bəstələyib. O, Şərq mistikasını özündə ehtiva edən musiqilərlə mənəvi atmosfer yaradaraq filmə ruh verib. Onun musiqiləri ruha o qədər yaxındır ki, sanki ruhunun yolçuluğuna şahid olursan, ruhunda aləmləri aşan bir dərvişin yüksəlişini hiss edirsən. Belə musiqi seçimi sözlərin hikmətini can qulağı ilə eşitdirmək istəyir. Rejissor bunu öz sufi yaşayışına və İslam coğrafiyasının hər tərəfinə aid toxunuşlarla göstərir bizə. Bəstəkar Armand Amar da İbni-Ərəbi, Sədi Şirazi, Məhəmməd Füzuli, Mövlana Cəlaləddin Rumi şeirlərinin təsirini bu musiqilərlə taclandırır, aşiqlərin dilindən səslənən ilahi beytlərin təsirini artırır. Filmdə səsləndirilən şeirlər və səhnələr vəhdət təşkil edir.

Filmin quruluşçu operatoru Mahmud Kalari geniş kamera bucaqları ilə möhtəşəm bir çöl mənzərəsi yaradıb. Mavi rəngin sarı və qırmızının şkalasında yaratdığı mistik aura, hər planı metaforik anlam daşıyan kadrlar bizi ucu-bucağı bilinməyən çölün mənəvi atmosferinə salan təsvirlərlə birlikdə təkrarolunmaz kinematoqrafik mühit yaradıb. Karvansaradakı ümumi planlar, boşluğun ortasındakı yeraltı məscidin görüntüsü, çölün gecə vaxtı və qədim yaşayış yerinin işıqlarla təsviri əvəzsizdir.
Uşaq yaşlarında atasının vəfatından çox təsirlənən Nasir Xemir filmlərində İslama qarşı həssaslığını ən incə şəkildə vizuallaşdırıb. Rejissor müsahibələrinin birində deyir: “Atanızın yanında yeridiyiniz zaman onun üzünün palçığa batıb kirləndiyini görsəniz, nə edərsiniz? Ayağa qalxmasına yardım edər, jaketiniz, ya da köynəyinizlə üzünü silərsiniz. Mən atamın üzündə hər zaman İslamı gördüm. Filmimdə də müdriklik və eşq dolu, qonaqpərvər və mətanətli bir müsəlman mədəniyyəti göstərərək onun üzünü silməyə çalışdım. Başqa sözlə, isterik dünya və medianın əks etdirdiyi İslam qavramına qarşı meydan oxumaqla Bab-Aziz fikrini gerçəkləşdirdim. Bu filmlə, əslində, İslamın Qərb tərəfindən təqdim edilən üzünü yox, bilinməyən, nəzərdən qaçırılan və unutdurulan üzünü göstərməyə cəhd etdim”.

Özünün də dediyi kimi, Nasir Xemirin əsas amalı filmləri ilə coğrafiyasından, irqindən, cinsindən və yaşından asılı olmadan bütün insanlara təsir etməkdir. O, insanların duyğularına mənəvi zövqlə toxunur. Nasirin yaradıcı istedadının ilk qığılcımları erkən yaşlarında parlayıb. Atasının vəfatından sonra böyük boşluqda olan bir toplumu və mədəniyyəti itirdiyini anlayan Nasir Xemir, bir gün kəndlərinə gələn fotoqrafın çəkdiyi şəkildən təsirlənir və bu onun həyatının dönüş nöqtəsinə çevrilir. Səbəb isə o idi ki, Nasir hər zaman çirkin siluetdə gördüyü kəndini fotoqrafın obyektivindən çox gözəl görmüşdü. Beləcə, Nasirin qəlbində gözəlliyə, estetikaya və sənətə maraq yaranır, ürəyi alovlanmağa başlayır. Sonralar isə estetika və gözəllik axtarışı onu təsəvvüfə qovuşdurur. Atasını itirəndən sonra daxilində yaranmış boşluğu doldurmaq üçün anasından ona hər gün bir nağıl danışmasını xahiş edirdi və onun danışdığı hekayələrdən, xüsusilə, “Min bir gecə” nağıllarından bəhrələnən Nasir artıq öz yolunu seçir, hekayələr yazmağa başlayır, daha sonra hərbi məktəbdə nümayiş edilən filmləri izləyərək kinematoqrafiyaya böyük maraq göstərir.
Atasının təmsil etdiyi dəyərləri kino vasitəsilə göstərmək həvəsi onun bütün zehnini elə erkən dövrlərdən zəbt etmişdi. Xülasə, bu sevgi və bilgi məcmusu onun yaradıcılığına zəmin yaradır. Nasir gələcəkdə ekranlaşdıracağı “Çöl” trilogiyasının və digər filmlərinin ssenarilərini yazır və çəkir. Onun filmlərinə nağılvari ab-hava xasdır, hekayələrinin quruluşlarında Şərq mistikasının dərin izləri var. Nasir Xemir filmlərini daxili insani keyfiyyəti və təsəvvüfi yaşayış tərzinin öz həyatına qatdığı mənəvi zənginliklərlə bəzəyir. O, kinosunu İslamın yaşayan qəlbi – sufizmlə yoğuran nadir rejissorlardandır. Onun filmlərində yaxşılıqdan qeyri bir şey yoxdur.
Məzmun etibarilə “Bab-Aziz” filminin hər bir hekayəsi və dialoqları ustalıqla qələmə alınıb. Çöldə yolu tapmaq ağıl işi deyil. Dərvişin ağılla və məntiqlə işi yoxdur. Yuxularına haram qatan Bab-Aziz – gözlərindən məhrum olan yolçu, yolu tapacağına əmindir. Filmin süjet xəttini, onunla pararel davam edən və tamamlayan hekayələri araşdırdıqca çox təsirli mənzərələr yarandığını görürük. Hər hekayəsində bir arayış, susuzluq, cananına varmaq olan “Bab-Aziz” şahzadə, qızıl saçlı dərviş, Hüseynlə Həsən, Zeydlə Nur və Osman kimi beş fərqli hekayəni özündə cəmləşdirir. Onlarla yolu kəsişsə də, fərqli istiqamətdə yoluna davam edən Bab-Aziz, nəvəsi ilə dərvişlərin yığıncağına qoşulmağa, həyatının ən mühüm anına – yenidən doğulmaq üçün məzarını axtarmağa can atır. Nasir çöl və qum, quyu, yığıncaq metaforlarını, özünün sudakı əksi, ceyran, ölüm və üç pərvanə kimi təsəvvüf elementlərini ssenarisinə mahir şəkildə hörməyi bacarıb. Rejissorun özünün də dediyi kimi, “Bədənlər üçün neçə-neçə su dolu savannalar, ruhlar üçünsə qum dolu diyarlar var. Çöl həm əbədi, həm də təcridi bir məkandır. Olduqca kiçik qum dənəsilə ola bildiyi qədər böyük, milyardlarla qum dənəsinin birləşdiyi nadir yerlərdən biridir. Eyni zamanda kainatın ölçüyə və qüdrətinə sahib olduğu bir yer. Çöl – ərəb dilində bir kəlmə, eşq şeirinin ilk məhək daşıdır”. Çöl və qum metaforları axtarışı, sonsuz yolu göstərir və bu yolda yolçu məşəqqət çəkir, ilahi mükafatı ölümlə, Allaha qovuşaraq qazanacağına inanır, böyük təmtəraqla Haqqa fərar edir.

Filmdə ceyran metaforu bir neçə yerdə işlədilib. Şahzadənin ceyranı görüb onu təqib etdiyi, Bab-Azizin ceyrana sığal çəkərək dua etdiyi kadrlarda ceyran ilahi gözəlliyi və xoşbəxtliyi təmsil edir, kamil insanı və ona tabe olanları göstərir. Ceyran həm də məsumluğun, zərifliyin və haqq tərbiyəsi almış şəxslərin rəmzi, əbədi eşqin timsalıdır.
Yolçuluq kimi yol da əsas qavramlardan biridir. Hər kəsin özünə xas yolu olduğunu İştara izah edir Bab-Aziz. Bu yolları, demək olar ki, hər bir hekayədə müşahidə edirik. İnanaraq və iman edilərək gedilən yollar var. Allah yaradılanlara, əlbəttə, həm öz yolunu, həm də Ona doğru gedən yolu göstərir: “Yer üzərində ruhlar qədər yollar var. Və o yolların hamısı Allaha gedir”. Bab-Azizin nəvəsinə dediyi bu cümləyə istinadən deyə bilərik ki, həyatda hər kəsin özünəməxsus yolu var.
Filmin süjet xəttinə nəzər saldıqda isə rejissorun tamaşaçını hekayə axışı ilə elə ilk kadrdan atmosferə salmaq istədiyini görürük. Qübbəli məscidin içərisində səma edən qızıl saçlı divanə dərvişi bir əlində süpürgə saf, pak qəlbi ilə sanki kainatı təmizləyirmiş kimi süpürdüyünü müşahidə edirik. Dərviş süpürgəsi ilə həm də fərqli mədəniyyətlər arasında yaranan nifaqları, toqquşmaları, müharibənin eybəcərliklərini, bəşəri afətləri də silir, zənnimcə. Bu filmdə hər obrazın rəmzi və sətri mənası var. Qızıl saçlı dərviş bələdçi, rəhbərdir. Eyni zamanda dərvişlikdə xidmətlərdən biri sayılan və süpürgəçi mənası daşıyan “fərraş” ismi ilə ifadə edilir. Bu obraz filmin, demək olar ki, hər hekayəsində var, amma heç bir hekayəyə tam bağlanmır. O, cananı üçün canından əl çəkən dərviş, eşqdən yanan pərvanədir. O, şəxsdən başqa halı bildirir.
Növbəti epizodda qum fırtınasından sonra quyunun içindən çıxan balaca İştar qumların altında qalan qoca dərviş Bab-Aziza – babasına da kömək edir. Bu epizodda İştarın Bab-Azizin üzünü təmizləməyi, müəllifin qeyd etdiyi kimi, mərhum atasının, simvolik olaraq İslamın üzünü təmizləmək arzusunu vizual şəkildə göstərir. Daha sonra onlar çöldə yollarına davam edirlər. Qum fırtınasından çıxmaq yenidən doğulmaq kimi də başa düşülə bilər. Simvolik quyu həm də qəhrəmanın bir nurlanma yolunda olduğunun, qurtuluşunun müjdəçisidir.
Quyudan çıxıb çöldə yoluna davam edən, yolda çəkilən əziyyətləri aşmaq, yoxluqdan varlığa, əbədiyyətə səyahət etmək inancına sahib olan Bab-Azizlə İştarın ilk dialoqu filmin süjet xəttinin ən qısa izahıdır:
– Bab-Aziz, yığıncaq yerinə nə üçün getmirsən?
– Gedəcəyəm, balaca mələyim. Gedəcəyəm.
– Tək gedəcəksən?
– Mən yolumu taparam.
– Yolunu azarsan, axı.
– İnancı olan kəs heç vaxt yolunu azmaz, balaca mələyim. Sülh içində olan insan yolunu azmaz.

Burada biz nəvə ilə babanı, əslində, məsumiyyət və hikmətin rəmzi kimi görə bilərik. Yolboyu bu özünü göstərməyə davam edir. Gözləri görən, məsum, çöl ortasında yetişən gülü təmsil edən İştar və kor olan, hüzura çatan, hikməti təmsil edən Bab-Aziz bu iman gücü ilə məqsədinə çatacağına şübhə etmir. Dialoqun davamında İştar sual verir:
– Yaxşı, bəs yığıncaq yeri hardadır?
– Bilmirəm…
– Bəs bilmədiyin yerə necə gedib çataqsan?
– Yola çıxmaq, yolda olmaq kifayət edir. Dəvət edilənlər yollarını mütləq şəkildə tapar.
Filmin süjet xətti boyu bütün hadisələr əsas məqamlar kimi hesab edilir. Demək olar ki, hər səhnə ibrətlik və insanın qəlbinə su səpən dialoqlar və hadisələrlə doludur. Digər hekayə çöldə Bab-Azizin İştara nəql etdiyidir. Axşamüstü üşüyən İştar qoca dərvişdən hekayə danışmasını xahiş edir, çöldə çıl-çırpıdan qaladığı tonqal deyil, qoca dərvişin söhbətləri onu daha çox isidir. Beləcə, Bab-Aziz hekayəsinə başlayır.
Çadırında zövqü-səfa yaşayan, qarşısında oynayan rəqqasəni seyr edən şahzadənin gözü çöldəki ata sataşır, onun yanına gedir. Orada bir ceyran görür və atına minərək ceyranı təqib etməyə başlayır. Bir müddət sonra çadırdakılar şahzadəyə görə narahat olub çölə çıxanda artıq şahzadənin gözdən itdiyini görürlər. Uzun axtarışlardan sonra onu çölün ortasında balaca bir su quyusunda öz surətini seyr edərkən tapırlar. Əslində, şahzadə ceyranı təqib edəndə sahib olduğu hər şeyi itirir, aludə olduğu əyləncəli həyatı tərk edib, dünya ilə əlaqəsini kəsib, dünyaya olan sevgisini sərbəst buraxaraq quyuda gördüyü öz surətinin yox, ruhunun seyrinə dalır. Burada şahzadənin boynunda üzərində iki aşiqi, kamil insanla Allahı təmsil edən göyərçin təsvirləri olan boyunbağı var. Bu səhnə ilə italyan rəssam Karavacconun yağlı boya ilə işlədiyi, adını yunan mifologiyasının qəhrəmanından götürdüyü “Narcissus” (Narsis) adlı əsəri arasında yaxınlıq var. Orada ova çıxan Narsis su içmək üçün çaya enərkən sudakı əksinə aşiq olur. Bab-Azizin nəql etdiyi hekayədə də şahzadə uzun müddət sudakı əksini seyr edərək öz ruhundakı gerçəyi görür.

Hekayənin başlanğıcında Bab-Azizin İştara dediyi kimi, “şahzadə ruhunu o qədər uzun müddət seyr edibmiş ki, maddi dünyadan ayrılıb mənəvi dünyanı görüb”, bu dünyadan əlini-ətəyini çəkib. Bab-Aziz, şahzadənin timsalında ruhunun seyr yolunu, seyri-süluku (“mənəvi yolçuluq” deməkdir – red.), özünü nəql etməyə başlayır. Daha sonra yenə də yolboyu müxtəlif anlarda İştarla bu hekayənin bəhsi keçir.
Filmin digər hekayəsi isə səsi gözəl olan gənc aşiqin çöldə sevdiyini axtarmasıdır. Sonradan personaj kimi Bab-Aziz ilə İştarın yoluna qoşulan Zeydin qoca dərviş ilə dialoqunda eşitdiyi sözlər bunlar olur:
“Hər kəsin yolu başqadır. Sənə verilən hədiyyə nədirsə, sən yoluna onunla davam et. Sən öz gözəl səsinlə mahnını oxu”.
Bab-Aziz Zeydi öz istedadı vasitəsilə yolunu tapmağa yönləndirir. Filmin süjet xəttinin gedişatında, xüsusilə də, çöldə İştar xəstələnəndə Zeyd ona öz hekayəsini danışır. Quran oxumaq yarışmasında birincilik əldə edən Zeyd şeir məclisində Nurla tanış olur. Daha sonra Nur onun pasportunu oğurlayaraq öz atasını axtarmaq üçün gözdən itir. Zeyd artıq Nuru axtarmaq yolundadır və Bab-Azizin dediyi kimi, öz səsi ilə, ona verilən hədiyyə ilə Leylasını axtarır. Zeyd filmin sonuna kimi Zeyd, balaca qız və qoca dərvişlə birlikdə çöldəki yolçuluğa davam edir.
Növbəti səhnə özünü quyuya atan Osmanın hekayəsi ilə başlayır. Quyudan çıxarılan Osmana yaşlı qadın sual verir:
– Niyə özünü suya atdın?
– İtirdiyim sarayımı axtarıram, sarayım bir quyunun dibindədir. Onu tapmalıyam.
Sonra Bab-Aziz ona yaxınlaşıb dərdinin nə olduğunu soruşur. Cavabında halsız Osman öz hekayəsini nəql edir. Əvvəlcədən düşdüyü quyunun içində öz sarayını, səadətini tapdığını, sonra da yenə o niyyətlə təkrar özünü quyuya atmaq istədiyini deyir.

Yeri gəlmişkən, filmin dialoqları o qədər zəngindir ki, heç bir səhnəsi, dialoqu, kadrı boş buraxılmayıb. Üstəlik, arxa fonda istifadə edilən musiqi, fars dilində səsləndirilən şeir birbaşa filmin içində diridir və bir məqsədə xidmət edir. Elə Osmanın hekayəsində səslənən Mövlananın “Divani- Kəbir” əsərindəki “Sən və mən” adlı şeir də buna dəlildir:
Səadət zamanı; eyvana doğru oturmuşuq, mən və sən.
Əndamımız cüt, surətimiz cüt, ruhumuz tək, mən və sən.
Ağıl bulandıran yalanlardan azad, qəmsiz bir kehf, mən və sən.
Mən və sən, nə mən varam nə də sən, bir olmuşuq eşq əlindən…
Səhnələrdən birində məscidin həyətini süpürən qızıl saçlı dərvişin söylədiyi misra da çox təsirlidir.
Ruhunla təmizlə uca sevgilinin qapısını.
O zaman olarsan onun gerçək aşiqi.
Osmanın hekayəsində qızıl saçlı dərvişin aşağıdan süpürgəni sallayaraq minarəni xəyalən təmizləməsini qəlbdən gələn sevginin saflığının göstəricisi kimi görmək olar. Allahı öz bildiyi kimi – saf şəkildə sevməsini, o sevgidə xuşu ilə Ona xidmət etməsini dərvişin ruh halında açıq-aşkar görürük.
Osman çöldəkilərə yol boyunca hekayəsini danışmağa davam edir. Başına gələn hadisələri danışarkən biri ona bu sözü deyir: “Bir damcı kifayət etməz insana, özünü onun çayına atmaq lazımdır…” Osman bir damcı suyun axtarışındadır. Bab-Azizin onu dəryaya dəvət etdiyini anlayırıq. Osman qazandıqlarını itirir. Quyudakı daxili, mənəvi sarayını, səadətini itirən adamın sonu da filmin sonunda məchul qalır.
Filmin bir hekayəsi də məsciddən çıxmayan Hüseyn ilə eyş-işrət məclisindən çıxmayan əkiz qardaşı Həsəndən bəhs edir. Hüseyn cismən ölməzdən əvvəl ölməyi seçənlərdəndir və qızıl saçlı dərvişin köməyilə ölür.
Həsən isə qardaşını öldürdüyünü zənn etdiyi qızıl saçlı dərvişi axtarmaq üçün çöllərə düşür, ondan qisas almağa can atır. Çöldə motosikletli bir adama rast gəlir, motosikletinə minir. Daha sonra isə onu üst-başı qarət edilmiş vəziyyətdə görürük. Bihuş Həsən özünü qızıl saçlı dərvişin qollarında xilas olmuş vəziyyətdə görür. Filmin sonuna doğru qardaşının ölmək arzusunu açıqlayır qızıl saçlı dərviş. Həsənin qızıl saçlı dərvişin qollarında danışdığı səhnənin arxa fonunda Mövlanadan “Üç pərvanə” hekayəsi səslənir: Bu dünyanın insanları şamın ətrafında fırlanan üç pərvanə kimidir. Birinci pərvanə alova yaxınlaşıb dedi:“Mən eşqi bilirəm”. İkincisinin qanadları bir az alova toxundu və dedi:“Mən eşq alovunun məni necə yandırdığını bilirəm”. Üçüncüsü isə özünü alovun ta içinə atdı. Alov onu yandırıb külə döndərdi. Həqiqi eşqin nə olduğunu yalnız o bilir. Sonra dərviş “Mən, sadəcə qardaşının istəyini yerinə yetirmişəm” deyir. Burada, əslində, Həsən üçün Bab-Aziz ilə görüşə, qoca dərvişin şəhadəti zamanı yanında olmağa yol açılır.
Filmin sonuna doğru Bab-Aziz, İştar və Zeyd birlikdə çöldəki toplanma yerinə gələn zaman Bab-Aziz qarşısındakı məzarların qabağında dayanıb salam verir. Məzarlarda yatan dərvişlər də onu salamlayaraq ayağa qalxırlar. İştar bir anlıq onun cin olduğunu deyərək qışqırır və qorxur. Bab-Aziz isə ona qorxmamasını və onun dostları olduğunu söyləyərək İştarı sakitləşdirir. Bu səhnədəki hadisə təsəvvüfdə yaşayarkən dünya nemətlərindən əlini-ətəyini çəkmək mənasını verir. Yəni “ölməzdən əvvəl ölmək” düşüncəsini yayaraq bir tərəfdən də sufizmdə ölümün bir son deyil, dostlara və sevgiliyə qovuşmağın bir yolu olduğunu bildirir.
İştar ilə Bab-Azizin son görüşü İştar üçün çox çətin olur. Bab-Aziz artıq getmək vaxtı gəldiyini, itirdiyini tapmağa gedəcəyini və əgər Zeyd mahnı oxumağı dayandırarsa, ona oxumağı xatırlatmalı olduğunu deyir və onlar göz yaşları ilə ayrılırlar. Bu səhnədə Bab-Aziz İştara iki göyərçin təsvirli boyunbağı hədiyyə edir. Filmin əvvəllərində rastlaşdığımız bu detala nəzər salsaq, görərik ki, bu boyunbağı şahzadənin boyunbağı ilə eynidir və Bab-Azizin, əslində, həmin şahzadə olduğu ortaya çıxır. İştarın Bab-Aziz ilə ayrılması və onun Zeydə təslim edilməsi, qızın yolunun fərqli olduğuna işarədir. Ona da bələdçilik etmək qoca dərvişin missiyalarından biri idi.

Ayrıldıqdan sonra İştar Zeydlə toplantı yerinə gedir. Toplantıda olanların şən vəziyyətləri, sanki ruhlarının vəcdə gəlməsi, musiqilərin bədənləri rəqsə gətirməsi, müxtəlif ölkələrdən insanların fərqli mahnılar oxuması toy, şənlik gecəsini xatırladır. Toplantının təmtəraqlı şənliyi Bab-Azizin şəbi-arusu ilə eynilik təşkil edirdi. Ora hər kəsin gerçək xoşbəxtliyinə çatdığı və aşiqlərin sevgililərini tapdığı yer idi. Filmdə Zeyd ilə Nurun hekayəsi də Nurun təpəcikdə gözəl bir nəğmə oxuyarkən Zeydin onu görməsi, bir-birilərinə həsrətlə baxması və qovuşması ilə sonlanır. Artıq Nurun gerçək hekayəsini idrak etmişdir Zeyd.
Ən sonda isə çöldə yalnız qalan Bab-Aziz şəbi-arusa, vüslət anının hazırlıqlarına başlayır. Kəfəni yerə sərilmiş halda, basdırılacağı məzarı başında saç-saqqalını düzəldərək oturur. Daha sonra Həsən ona yaxınlaşır, o da Həsəni gözlədiyini deyir və ondan ölümünə şahid olmasını istəyir. Həsən soruşur:
– Nə üçün mən? Mən ölümdən çox qorxuram.
– Bilirəm. Ana bətnində qaranlıqdakı uşağa desəydilər ki, bayırda işıqlı bir dünya var, uca dağlarla doludur, böyük dənizləri var, dalğalanır, düzənlikləri, gül açmış gözəl bağçaları, dərələri, ulduzlarla dolu bir səması və alovlu günəşi var… Və sən bu möcüzələrlə üzləşmək əvəzinə qaranlıqda oturursan… Doğulmamış uşaq bu möcüzələr haqqında heç nə bilmədiyi üçün heç birinə inanmayacaq. Yəni, ölümü qarşılayarkən bizim etdiyimiz kimi. Bu səbəbdən qorxuruq. Ölüm necə son ola bilər ki, oğlum? Həsən, mənim toy gecəmdə qəmgin olma. Sonsuzluqla olan evliliyimin artıq zamanı gəldi”.
Bab-Aziz hekayəsinin bitməsilə Həsənin gerçək hekayəsi başlayır və beləcə dərvişlik əldən-ələ keçir. Həsən Bab-Azizin onun üçün qoyduğu libası geyinir, əsasını götürür və dərvişlik yoluna qədəm qoyur.
Yekun olaraq: hər dəfə “Bab-Aziz” filminə baxanda yeni, analizə açıq anlamlar və çoxlu məqamlar tapmaq mümkündür. Filmdə bəzi detallar var ki, onların daha geniş təsvirə ehtiyacı var. Ümumilikdə, filmin mistik ab-havası, musiqisi, dialoqları, vizuallığı, nağılvari hekayələri ilə ovsunlanırıq. Filmin təməl fəlsəfəsi odur ki, dünyadakı insan sayı qədər Allaha gedən yol vardır. Və Nasir Xemirin də dediyi kimi, “gözəllik axtarışım məni təsəvvüfə gətirib çıxardı”. Bu filmdə də taamaşaçı ruh gözəlliyinin bu dünyaya xas bir şey kimi yox, metafizik aləmdə, mistik bir mühitdə, daha dərində olduğunu anlayır. Filmdə işlədilən çox gözəl bir ifadə var “tapanlar axtaranlardır…”
Yunus Müşfiq / mənbə: https://fuyuzat.az/babi-eziz-ruhunu-seyr-eden-sahzade/