İNDİ OXUYUR
Ramiz Əsgərov haqqında

Ramiz Əsgərov haqqında

“Mənə elə gəlir ki, gələcəkdə ancaq uğursuzluqlarla rastlaşacağam”

Çox gənc ikən həyata əlvida deyən Ramiz Əsgərovun taleyi məndə müəyyən mənada fransız rejissoru Jan Viqonun həyatı ilə assosiasiya olunur. Viqo 29 yaşında vərəmdən ölüb, Ramiz Əsgərov 30 yaşında “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı faciəvi şəkildə həlak olub.

Siyasətlə məşğul olan valideynlərinin diqqətindən kənarda qalan, qohumlarının himayəsində yaşayan Viqonun uşaqlığı qayğılar içində keçib. Ramiz Əsgərovun isə müharibə illərinə təsadüf edən çətin uşaqlığı olub.

Viqonun da filmoqrafiyasında dörd filmi var, Ramiz Əsgərovun da. Onlardan biri Ümumittifaq Dövlət Kinematorafiya İnstitutunda oxuyanda tələbə yoldaşları ilə birlikdə çəkdiyi “Yurka-dağınıq komanda” qısametrajlı filmi idi. Bundan başqa “Əzim Əzimzadə” sənədli filminin ssenari müəllifi olub. “Yaşamaq gözəldir, qardaşım” onun tammetrajlı film kimi debütü idi. “Mən ki gözəl deyildim” filmi isə yarımçıq qalıb.

Jan Viqonun heç bir filminin normal prokatı olmayıb, heç bir filmi onun sağlığında tamaşaçıya göstərilməyib. Ramiz Əsgərovu isə bu gün də geniş tamaşaçı kütləsi tanımır.  

Viqo poetik realizmin inkişafında mühüm rol oynamışdı, Ramiz Əsgərova isə ümidverici, kinoya yeni nəfəs gətirəcək rejissor kimi baxırdılar. Müəllimi, məşhur rus rejissoru Mixail Romm onu ən istedadlı tələbələrindən biri sayırdı: “Mən ondan çox şey gözləyirəm”.

Operator Rasim İsmayılov xatirələrində yazırdı: “Orta məktəbi bitirdikdən sonra elə həmin il Bakı studiyasına işləməyə gələn Ramiz Əsgərovla tanış oldum. O, kinonun dəlisi idi. Biz birlikdə ÜDKİ-ya daxil olmaq üçün Moskvaya getdik. Mən operatorluğu seçdim. Ramiz isə rejissorluq fakültəsinə, Mixail Rommun emalatxanasına daxil oldu. Ən nüfuzlu ustad sayılan Mixail Rommun emalatxanasında təhsil almaq heç də asan iş deyildi. Romm tələbəni elə-belə seçmirdi. O, yalnız gələcəyinə inandığı istedadlı gəncləri öz emalatxanasına götürürdü. Onun emalatxanasından mahir kinematoqrafiya ustaları çıxırdı”.

1966-cı ildə, Nazim Hikmətin eyniadlı romanı əsasında, dram janrında ekranlaşdırılan “Yaşamaq gözəldir, qardaşım” bədii filmi 1920-ci illərdə Yaxın Şərq ölkələrindən birində kommunistlərin fəaliyyətindən bəhs edir.

Varlı ailədə böyüyən Əhməd (Vladimir Koval) marksizm-leninizm ideyalarını geniş kütlə arasında yaymaq üçün ağır mətbəə şriftlərini İsmayılın (Oleq Xabalov) qayalıqlar arasında yerləşən daxmasına gətirir. Daxmaya gətiriləcək çap dəzgahını yerləşdirmək üçün günlərlə İsmayılla döşəmədə iri quyu qazır. Əqidə yoldaşları həbsdə olan dostlar ehtiyatlı davranırlar. Amma işlər onların planlaşdırdığı kimi getmir….

İlk baxışda sıradan təbliğat kimi görünən süjetdə xeyli incə, maraqlı nüanslar və ən əsası insan dramları var. İlk səhnələrdə tamaşaçıya elə gəlir ki, Əhməd qətiyyətlə siyasi mübarizə aparacaq və bununla da rejissor kommunizm ideyalarını təbliğ edəcək. Amma müəllif ustalıqla ideoloji mübarizəni, kadrdan-kadra inamsızlaşan qəhrəmanın öz şübhələri ilə şəxsi mübarizəsinə keçirir. İtin onu qapması nəticəsində quduzlaşmaqdan qorxan qəhrəmanın keçirdiyi psixoloji gərginlik, sevdiyi qıza görə nigarançılıq, hakimiyyət tərəfindən təqib olunmasının əndişəsi, müəyyən tərəddüdlər, suallar – bir-birinə qarışaraq onun qarabasmasına çevrilir ki, bu, filmə müəyyən mənada fantasmaqorik əhval qatır.

Ona görə də burda inqilabi mübarizədən bəhs edən filmlərdə görməyə adət etdiyimiz pafos, şüarçılıq yoxdur. Yəni rejissor sosrealizmin prioritetlərinə uyğun ideal qəhrəman obrazı yaratmağa iddialı olmayıb.

Əhmədin daxilində özüylə uzun bir dialoq-mübahisəyə başlamasıyla o, iki fərqli tərəfdən göstərilir: onun birinci “mən”i “qorxuram” deyir, ikinci “mən”i isə qorxunu üstələməyə çalışır.

Müxtəlif ideologiyaların, fərqli mədəniyyətlərin toqquşduğu dövrdə insan dramlarının ön plana çəkilməsi süjeti də, strukturu da zənginləşdirir. Məsələn, Əhmədin Moskvada oxuduğu illərdə tələbə yoldaşı olmuş çinli Si-Ya-Udanın, sevgilisi Annuşkanın taleyi, xərçəngdən əziyyət çəkən, pilləkəndən yıxılaraq ölən tələbə dostu (və ya intihar edən – rejissor bu haqda birmənalı açıqlama vermir, nəticə çıxarmağı tamaşaçıya buraxır), qızıl əsgər geyimindəki Əhməddən balıq istəyən azyaşlı ac oğlan, dostu Ziyanın həbsi… Əhmədlə Annuşkanın münasibətlərindəki Şərq-Qərb toqquşması, sevgi üçbucağı – əhvalatda qısa yer alan melodramatik qat, toxunulan mövzuların əhatə dairəsini genişləndirir.

Sovet dövrünün gəncləri teatrın bir sənət növü kimi yaşayıb-yaşamayacağı haqda müzakirə edir, ekzistensial ruhlu “ölüm nədir”, həyatın çıxılmazlığı haqda suallarda ilişib qalırlar. Onların müzakirəsi nikbinlik vəd edən kommunizmlə kontrast təşkil edir.

Film fleşbek fəndi ilə (süjet xəttinin kəsilərək, keçmişdə baş verənlərin nəql olunması) çəkilib. Bəzi milli filmlərimizdə bu nəql texnikası fraqmental şəkildə istifadə olunubsa, Ramiz Əsgərov əhvalatı tamamilə onun üzərində qurub. Keçmişin film boyu təsviri süjetdə kəsiklik yaratsa da, ümumən əhvalatın bütövlüyünü qırmır, qəhrəmanı, dövrü tam anlamağa xidmət edir.

Sənədli kadrlardan istifadə, dokumental manerada çəkilən məişət, ağır güzəran-xışla yer şumlayan kəndli, çadralı qadınların kirkirədə buğdanı una çevirmələri, uşağın kor babasını arxasınca aparması, zibillikdə eşələnən yoxsul uşaq təsvirləri əhvalata neorealist ruh verir.

Yaddaqalan səhnələrindən biri də Əhməd çaydan keçərkən arxa planda yaşmaqlı qadının kişini belinə alıb çaydan keçirməsidir. Əhməd onu müşayiət edən kəndlidən “Elə niyə?” deyə soruşanda o, biganəliklə “Arvaddır da. Ərini çaydan keçirir ki, ayaqları suya batmasin” deyir. Çox qısa planda belə bir effektiv, dolğun görüntü ilə qadın haqlarının pozulması təsvir olunur. Və bu təsviri “Molla Nəsrəddin” jurnalının həmin mövzuda çəkilən karikaturalarının uğurlu kinematoqrafik həlli də adlandırmaq olar.

Final səhnəsində rejissor maraqlı mizan qurur: Əhməd sağalandan sonra qatarda onu izləyən şübhəli şəxslə üz-üzə, dueldə imiş kimi oturur. Sükut içində bitən son səhnə mübarizənin davam etdiyini göstərir.

Filmin operatoru Rasim İsmayılov çəkiliş prosesinə hazırlıq barədə deyir: “Film üzərində işləməyə başlayanda ilk növbədə Nazim Hikmətin vaxtilə Peredelkinoda yaşadığı evdə onun dul qadını ilə görüşdük. Ramiz, Nazim Hikmətin əyləşdiyi kürsüdə oturdu, onun əlyazmalarını vərəqləməyə və şəkilləri seçməyə başladı. Bütün bunlar ona böyük təsir göstərirdi. O, Nazim Hikməti çox sevirdi. Tez-tez Nazim Hikmətin tərcüməçisi və katibi olan Əkbər Babayevlə görüşürdü. Çəkilişlər çox mürəkkəb idi. Moskvaya, Kiyevə, Şuşaya qış ekspedisiyaları təşkil olundu. Təbii ki, filmin Türkiyəyə aid olan hissələrini biz Bakıda və onun ətraf kəndlərində – Fatmayidə, Qobustanda çəkdik”.

“Yaşamaq gözəldir, qardaşım” 1967-ci ilin martında Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna filmlərinin kinofestivalında ən yaxşı rejissor debütünə görə xüsusi mükafat qazanıb. Ramiz Əsgərov “Həyat gözəldir, qardaşım” filminin böyük ekranlarda premyerasını görməyib…

Yeri gəlmişkən, Ramiz Əsgərovun arzularından biri “Babək” haqqında film çəkmək, teatrda Mirzə Cəlilin “Ölülər”inə quruluş vermək idi. Fəqət tale qismət eləmədi.

Rejissor onu gözləyən faciəni sanki duyurdu. Yazdığı bu qısa qeydləri onun öncəgörməsi də adlandırmaq olar: “Altı il Moskvada qalandan sonra o səs-küylü, şən şəhəri tərk etməli oldum. Ayrılığın belə çətin olacağını heç təsəvvürümə də gətirə bilməzdim. Çox darıxıram, o günlərin xiffətini çəkirəm. Qabaqda məni nə gözlədiyini bilmirəm, firavanlığa ümidim qalmayıb. Heç bir şansım da yoxdur. Mənə elə gəlir ki, gələcəkdə ancaq uğursuzluqlarla rastlaşacağam. Lakin taleyin belə gərginliyi ilə barışmayacağam. Gücüm çatdıqca mübarizə aparacağam. Çünki yaxşı yaşamaq istəyirəm! Uğur olsun, cavan oğlan! 01.10. 1964”.

P.S. Yazının hazırlanmasında göstərdiyi köməkliyə görə Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinə təşəkkür edirik. Yazıda eyni zamanda kinoşünas Aydın Dadaşovun “Rejissorların yetim qızları, yaxud ayaqsız cənnət quşları” məqaləsindəki faktlardan istifadə olunub.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya