Now Reading
Rəngin sehri

Rəngin sehri

Rejissor kinoda ələ aldığı mövzu və ya janrlar çərçivəsində rənglərə öz nəzərindən yanaşaraq onlardan filmini mənalandırmaq üçün istifadə edir. Filmdə rəngin bir neçə funksiyası mövcuddur. Onlardan biri, məlumat ötürmək funksiyasıdır. Rəng bu zaman, hər hansı hadisə və əşya haqqında simvolik mənaya malik olur və onu mənalandırır. Burada əsas olan, tamaşaçının, rəngin verdiyi mənadan xəbərdar olmasıdır. Digər tərəfdən, rəng həm də ifadə funksiyasına malikdir. Bu zaman rəng tamaşaçının hansısa xüsusi vəziyyəti anlamağına kömək edir.

Tim Börton, fantastik və mistik üslubu ilə tanınan, özəl estetikaya malik bir rejissordur. Onun filmləri, qeyri-adi qəhrəmanlar, qəribə dünyalar və qara komediya elementləri ilə doludur. 1988-ci ildə çəkdiyi “Beetlejuice” filminin davamı kimi, 2024-cü ildə çəkdiyi “Beetlejuice, Beetlejuice” filmi, onun klassik üslubunu müasir elementlərlə birləşdirərək yeni bir hekayə təqdim edir. Rəng, Börtonun film sənətində mərkəzi bir rol oynayır. O, yalnız vizual estetikaya deyil, həm də mövzunun emosional olmasına təsir edir. Rənglər, Börtonun filmlərindəki hekayəni formalaşdıran ən vacib komponentlərdən biridir. “Beetlejuice” filmində istifadə olunan rənglər, onun üslubunun klassik elementlərini əks etdirir. Həmçinin, filmdəki rənglər obrazların daxili dünyasını, düşdükləri mühiti əks etdirir. Rənglərin simvolizmi, filmboyu xarakterlərin emosional vəziyyətini, məkanların atmosferini, habelə hekayənin ruhunu təqdim edir. Bu məqalədə, “Beetlejuice, Beetlejuice” filminin rəng palitrasının xarakterlər, məkanlar və atmosfer üzərindəki təsiri təhlil olunacaq.


Börtonun filmində qara, ağ, yaşıl, sarının tonları dominantlıq təşkil edir. Hər bir rəng, hekayənin müxtəlif hissələrini formalaşdırır və xarakterlərin duyğularını əks etdirir. Xüsusilə qara və yaşıl rənglər filmin müxtəlif hissələrində bir-birilərini əvəz edirlər. Lakin həmin səhnələrdə kəskin rəng dəyişikliyinə səbəb olmur və rənglər bir-birini tamamlayır.

Qara və ağ rəng, filmboyu ölüm və həyat arasındakı sərhədi göstərir. Qara – qorxu, ölum və qeyri-müəyyənliyi ifadə edir, ağ isə günahsızlığa və təmizliyə işarədir. Məsələn Lidiya və Bitlcusun kostyumları, rəng palitrası və onun xarakterlə uyğunlaşması baxımından maraqlıdır. Lidiya filmboyu qara və qırmızı rəngli geyimlərdədir. Qara rəng Lidiyanın daxili dünyası ilə kontrastdadır. Filmin əsas mövzusu da Lidiya ilə ölülər dünyasındakı macəralarından bəhs edir. Lidiya real həyatdan çox, ölülər dünyasında güc qazanır, özünü təsdiq edə bilir. Real həyatda isə o, müstəqil hərəkətdə acizdir, Bitlcus və sevgilisinin köməyinə ehtiyac duyur. Bitlcusun geyimində isə ağ və qaranın bir-birini əvəzlədiyini görürük. Bu mənada o həm ölülər dünyası ilə, həm də real həyatla uyğunlaşa bilir. O hər iki dünyada gücə malikdir. Bu rənglər onun qeyri-adi, mürəkkəb xarakterindən xəbər verir. Lidiyanın qızının doğuş anını göstərən məkanın və kostyumların rəngi tamamilə ağdan ibarətdir. Bu rəng həyatı, təmizliyi, günahsızlığı simvolizə etsə də, səhnədə Bitlcusa bənzəyən varlığın dünyaya gəlməsi və qanın ağ məkana sıçraması, əks rənglərin təsviri mənanın dəyisməsinə gətirib çıxarır. Bu kontrast, tamaşaçının filmin gərginliyini və dinamikasını daha yaxşı hiss etməsinə kömək edir.


Hadisələr ölülər dünyasında cərəyan edəndə və Bitlcusun olduğu səhnələrdə yaşıl rəng qarşımıza çıxır. Bu rəng Bitlcusun xarakteri ilə birbaşa əlaqəlidir. Onun komik və qorxulu tərəfləri yaşılın müxtəlif çalarları ilə vurğulanır. Eyni zamanda, yaşıl, real dünyadan kənar məkana məxsus atmosferi yaradaraq, izləyicini qeyri-adi dünyaya cəlb edir. Bitlcusun ağ və qaranı özündə cəmləşdiridiyi kimi yaşıl da, həyatın və ölümün formasını simvolizə edir. Yaşıl, reallıqda təbiətin rəngi olsa da, Bitlcusun dünyasında fərqli formaya bürünür və öldürücü, çürümüş, qorxulu rəngə çevrilir. Rənglərin qarışığı, qeyri-adi və fantastik bir atmosfer yaradır. Bu baxımdan rənglər Bitlcusun xarakterindəki ikili mövqeləri əks etdirir.

Sarının müxtəlif tonları filmin gərginliyinin azaldılması zamanı istifadə olunur. Bu həm də filmin təsirində qalan tamaşaçı üçün fasilə rolunu oynayır. Sarının çalarları real həyatın təsvirində və alt fantastik səhralıqda qarşıya çıxır. Bu rəng çalarları daxili dünyamızda, təhtəlşürumuzda bizi narahat edən, maraqlandıran fikirlərin eqoya təsirinin göstəricisidir. Səhrada yaşayan varlığın üzərindəki ağ, qara rənglər isə heç də təsadüfi deyil. Sarı tonların əvəzləməsi səhnənin gərginliyini azaldaraq tamaşaçını növbəti səhnəyə hazırlayır. Çünki yaranan sakitlik, yüngüllük digər səhnənin gətirəcəyi dinamikliyi daha təsirli edir.


Əvvəldə qeyd etdiyim kimi, rənglər xarakterin tamamlanması üçün filmdə əvəzsiz rol oynayır. Hər bir rəng bir obrazı təyin edir. Baş rolların rəngləri daha kəskin və dəyişməzdir. Çünki həmin rənglər qəhrəmanın özünü tanımaq yolunu əks etdirir. Filmin ilk hissəsində 1988-ci ildə çəkilən “Beetlejuice “ filmindəki bəzi məkan və obrazların rənglərinin dəyişdiyinin şahidi oluruq. Yalnız baş qəhrəmanların rəngi dəyişməz qalır. İlk filmdə qəzada ölən ev sahibləri pastel rəng tonlarında təsvir olunub. Onların evində bu rənglər üstünlük təşkil edirdi. Pastel tonlar rahatlığı təhlükəsizliyi, müsbət xarakteri göstərir. İkinci hissəsində isə pastel tonların üstünlük təşkil etdiyi məkan, filmdə oğlu tərəfindən öldürülən ata və ananın evidir. Burada rəngin tonu bir qədər tündləşir və rahatlıqla, nostalgiya ilə yanaşı təhlükədən xəbər verir. Öldürülən valideynlər evdəki mühitlə əlaqəli şəkildə təsvir olunur. Məsələn, oğlanın otağında rənglər daha tünddür və ölülər dünyasının yaşıl, göy tonları ilə kəskin ziddiyyət təşkil etmirlər. Müasir filmdə malikanənin interyeri tamamilə dəyişmiş formadadır. Lidiya və ailəsinin bura köçməsi ilə evin daxilində rənglər dəyişir, pastel tonlarının yerini tünd rənglər alır. Bu da evi qeyri-adi, mistik və qorxulu məkana çevirir. Filmdə dəyişməz qalan məkan isə Bitlcusun həyata daxil ola bildiyi otaqdır. Otaq – ölüm və həyat arasındakı keçiddir.

Filmdə digər obrazların rəng seçimi daha parlaq və yumşaqdır. Onların rəngarəng geyimləri obrazların komik tərəflərini vurğulayır və filmə canlılıq qatmaq üçün istifadə olunub. Filmdəki rəngarənglik əsas obrazların tünd rənglərlə təsvir olunan ciddi emosiyaları ilə çalar əmələ gətirir.


Rənglər məkanın atmosferini yaratmaq bacarığına malikdir və rənglərin doğru şəkildə sintezi filmin mövzusu və ideyasını çatdırmaq baxımından vacib komponent hesab olunurlar. Məkanın rənglərlə təsviri, həm də tamaşaçıda filmə qarşı emosiyaların yaranmasına səbəb olur. Filmdə real həyat tonları daha yumşaq qəhvəyi və sarının tonlarındadır. Filmin ən maraqlı səhnələrindən olan evlilik səhnəsində, kilsə real dünyadadır və Bitlcusun peyda olmasına qədər tünd tonlarda deyil. Bitlcusun məkandakı varlığı ilə rəng palitrası tamamilə dəyişir və yaşıl, göy rənglərlə əvəzlənir. Biz kilsədəki ilkin rəng tonlarını Bitlcusun dünyasında da görə bilirik. Bu, həyatın və ölümün kəskin sərhədlərlə ayrılmadığından xəbər verir. Filmin səhnələri obyektiv baxış bucağından verilsə də, bir neçə səhnə Lidiyanın nəzərindən təsvir olunur. Rənglərin ən parlaq olduğu məkan Lidiyanın yuxusudur. O, qızının evliliyini yuxuda görür. Burada olan rənglərin yumşaq tonları, ağ rəngin çoxluğu filmin digər səhnələrində yoxdur. Görünür ki, bu kimi rənglərlə verilən məkan da reallıqdan uzaqdır. Çünki ölülər dünyasında və yuxudakı rənglər sintez olunaraq həyatda əksini tapır. Bitlcusun keçmişindən xatirəsinin təsvir olunduğu kadrların rəngi sarının solmuş formasıdır. Rejissor bununla, keçmişdəki həyata işarə edir. Çünki filmdə real həyat sarının daha dolğun variantlarındadır. Sarının ən parlaq olduğu səhnələr isə qurdabənzər varlığın olduğu məkandır.


Filmdəki rənglərin tamaşaçının hisslərini dəyişə bilməsi baxımından vacib mövqeyə malikdir. Məsələn, filmboyu yaşılın tonlarından istifadə, gərginlik və qorxu hissini artırır. Rənglərin dəyişməsi, xarakterlərin emosional vəziyyətini əks etdirir və izləyicinin diqqətini cəlb edir. Rejissor bir-birinə əks olan rəngləri eyni kadrda birləşdirərək səhnənin emosional gücünü artırır.


Tim Börtonun “Beetlejuice Beetlejuice” filmində rənglərin istifadəsi, mövzunun dinamikliyini, atmosferini və xarakter inkişafını formalaşdırır. Rənglər, kadrın vizual estetikliyini artırmaqla yanaşı, emosinal təsir edir. Film, rənglərin təhkiyədə necə güclü bir vasitə olduğunu göstərir, həmçinin, rejissorun mistik, qeyri-adi  dünyalarının yaradılmasında əsas rol oynayır.

Rənglərin mənası, xarakter inkişafı və atmosfer yaradabilmə qabiliyyəti, filmə unikal bir dərinlik qatır. Onların istifadəsi, izləyicilərin filmdəki hadisələrə daha dərin bir şəkildə daxil olmasına imkan verir. Bu film yalnız bir əyləncə deyil, həm də rənglərin güclü bir vasitə olduğunu sübut edən əsərdir.

Şəlalə Bədəlova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top