QƏHRƏMANIN SƏYAHƏTİ
KRİSTOFER VOQLER
Yazıçının səyahəti:
Ədəbiyyatda və kinoda mifoloji strukturlar
Hadisələr nə qədər müxtəlif olsa da, mahiyyətcə söhbət həmişə səyahət barədə gedir. Qəhrəman öyrəşdiyi rahat aləmindən əl çəkib, naməlum xarici aləmin çağırışını qəbul edir. Ola bilsin ki, dolanbac, meşə, yaxud mağara, yad şəhər, yaxud uzaq ölkə, ya da yeni yerlər düşmən qüvvələrlə mübarizə məskəninə çevrilsin.
Amma söhbət eyni zamanda şüurdan, könüldən, ruhdan keçən daxili səyahətdən də gedə bilər. Hər hansı, həqiqətən, maraqlı əhvalatda mərkəzi personaj bir vəziyyətdən digərinə – ümidsizlikdən ümidə, zəiflikdən gücə, cahillikdən müdrikliyə, sevgidən nifrətə və əksinə – keçə-keçə inkişaf edir. Bu cür emosional səyahətlərin tarixçəsi dərhal auditoriyanın diqqətini çəkir, filmi baxmağa layiq olan ekran əsərinə çevirir.
Qəhrəmanın bu səyahətinin ənənəvi mərhələləri çox vaxt süjetdə hətta müəllimin iradəsindən asılı olmayaraq nəzərə çarpır. Lakin həmin mərhələlərlə tanış olmaq faydalıdır: bu, zəncirin zəif həlqələrini dərhal aşkara çıxarıb daha maraqlı əhvalatlar yaratmağa yardım edir. Aşağıda sadalanmış on iki əsas məntəqə bir növ qəhrəmanın səyahət xəritəsini təşkil edir. Bu, yeganə olmasa da, süjetin qurulmasında ən çevik, eyni zamanda da etibarlı oriyentirlərdən biridir.
QƏHRƏMANIN SƏYAHƏTİNİN MƏRHƏLƏLƏRİ
1. Adi aləm
2. Səfərə çağırış
3. Çağırışdan imtina
4. Müəllimlə görüş
5. İlk astananın dəf edilməsi
6. Sınaq, müttəfiqlər və düşmənlər
7. Gizli mağaraya yaxınlaşma
8. Əsas sınaq
9. Mükafat (qılıncın əldə edilməsi)
10. Geriyə yol
11. Dirçəliş
12. İksirlə qayıtma
Əksər tarixçələrin qəhrəmanları gündəlik həyatın adi şəraitindən uzaqlaşıb, yad və naməlum fövqəl dünyaya ayaq basır. Bir çox filmin və televiziya şousunun qəhrəmanları “sudan çıxarılmış balıq” vəziyyətinə düşür: “Qaçqın” (“The Fugitive”), “Beverli-Hillzdən olan kəndçi” (“The Beverly Hillbillies”), “Mister Smit Vaşinqtona gedir” (“Mr. Smith Goes to Washington”), “Konnektikutlu yankilər kral Arturun sarayında” (“Connecticut Yankee in King Arthur’s Court”), “Oz diyarının sehrbazı” (“The Wizard of Oz”), “Şahid” (“Witness”), “48 saat” (“48 Hours”), “Yerimizi dəyişək” (“Trading Places, 1983”), “Beverli-Hillzli polis” (“Beverly Hills Сор”) və s. filmlərdə məhz bu vəziyyətlə qarşılaşırıq.
Siz qəhrəmanı təbii mühitindən kənara çıxarmaq istəyirsinizsə, hər şeydən əvvəl, həmin mühiti təsvir etməli, onun gələcəkdə gedəcəyi yeni aləmlə nə qədər kəskin ziddiyyətdə olduğunu göstərməlisiniz.
“Şahid” filmində ananı və oğlu amişi, eyni zamanda şəhər polisini sonra onlar üçün yad olan mühitə düşmələri üçün adi şəraitdə görürük: protestantlıqda mühafizəkar qanadın nümayəndələri olan amiş, yaxud amanitlər böyük şəhərdə həyatı sanki XIX əsrin axırlarından bəri dəyişməmiş dini icmalarda yaşayırlar. Corc Lukasın “Ulduz müharibələri” filminin qəhrəmanı Lyuk Skayuoker dünyəvi şərlə mübarizəyə başlamazdan əvvəl fermada darıxır. “Oz diyarının sehrbazı” lentində Dorotinin qasırğa onu sehrli səltənətə aparanadək Kanzasdakı ölgün həyatı ətraflı təsvir edilib. Kanzasdakı epizodların ağ-qara plyonkaya çəkilməsi sayəsində ziddiyyət daha da güclənir, sehrli səltənətdə baş verən əhvalatlarsa rəngli plyonkada əks etdirilib. Teylor Hekfordun “Zabit və centlmen” (“An Officer and a Gentleman”) filmində baş qəhrəmanın (atası sərxoşluq edən və fahişələr ardınca qaçan dəliqanlı oğlanın) gündəlik həyatının onu hərbi aviasiya pilotları üçün məktəbdə gözləyən yeni, ciddi rejimli həyat tərzinə uyğun gəlmədiyi nəzərə çarpdırılır.
2. SƏFƏRƏ ÇAĞIRIŞ
Qəhrəman problemlə, çağırışla üzləşir, ya da müəyyən bir addım atmalı olduğunu hiss edir. O artıq öz gündəlik həyatını rahat və etinasız yaşaya bilməz.
Məsələn, kral Artur haqqında əfsanədə məhsuldar torpaqlar yoxsullaşır, cəngavər müqəddəs Qraalı axtarıb tapmaq üçün yola düşür – xəstə torpağı yalnız onun xəzinəsi sağaltmağa qadirdir. “Ulduz müharibəsi” lentində səfərə çağırış rolunu şahzadə Leyanın göndərdiyi məktub oynayır. Həmin məktubda o, müdrik qoca Obi Van Kenoba yardım göstərmək xahişi ilə müraciət edir, o da Lyukla birgə köməyə tələsir. Ölülər aləminin hökmdarı olan Pluton yunanların məhsuldarlıq ilahəsi Persefonanı yeraltı səltənətə qaçırdığı kimi, Leyanı da şər qüvvə olan Dart Verder qaçırır. Onun azad edilməsi bütün kainatda tarazlığın bərpa olunması üçün vacibdir.
Əksər detektiv süjetlərdə səyahətə çağırış təklif formasında edilir; belə bir təkliflə xüsusi agentlərə üz tuturlar, bu da onun gündəlik həyat tərzini tamamilə dəyişir. Yaxşı detektiv cinayətin üstünü açıb ədalətin təntənəsinə xidmət edir.
İntiqam tarixçələrində səyahətə çağırış funksiyasını çox vaxt həyatın axarının təhqiramiz surətdə pozulması, aradan qaldırılması zəruri olan ədalətsizliyin baş verməsi yerinə yetirir. “Qraf Monte-Kristo” (“The Count of Monte Cristo”) filmində heç bir günahı olmayan Edmon Dantes zindana salınır, qisas almaq yanğısı da onu qaçmağa təhrik edir. “Beverli-Hillzli polis” lentində hadisələrin başlanğıc nöqtəsi baş qəhrəmanın dostunun öldürülməsindən ibarətdir. “İlk qan” da (“First Blood”) Rembo şerifin törətdiyi ədalətsizliyə qarşı çıxmaq məcburiyyətində qalır.
Romantik komediyalarda səfərə çağırış rolu çox vaxt qeyri-adi bir şəxs üçün biçilir; həmin şəxs əvvəlcə kişi, yaxud qadın qəhrəmanı əsəbiləşdirir, onlar xoşlamadıqları tiplə həmişə üz-üzə gəlir, toqquşurlar.
Səfərə çağırış bütün gedişlərin edildiyi və qəhrəmanın məqsədinin – xəzinə tapmaq, sevgilisinin qəlbini fəth etmək, şər qüvvədən intiqam almaq, ədaləti bərpa etmək, öz arzusunu gerçəkləşdirmək, çağırışa cavab vermək, həyatını dəyişmək – məlum olduğu məqamı əks etdirir.
Bu oyunda məqsəd çox vaxt həmin çağırışın ortaya çıxardığı suala verilən cavabda əks olunur. Stiven Spilberqin yadplanetlisi, yaxud “Oz diyarının sehrbazı” filmindəki Doroti evə qayldacaqmı? Lyuk şahzadə Leyanı xilas edə, Dart Veyderə qalib gələ biləcəkmi? Zak Meyo öz eqoizmi və nizami hazırlıq üzrə təlimatçının tez-tez ilişməsi üzündən hərbi təyyarəçilər məktəbindən uzaqlaşacaq, yoxsa hazırlığını davam etdirəcək, əsl zabit və centlmen adlanmaq hüququ qazanacaq? Oğlan qıza rast gəlir, ona vurulur, amma onun sevgisini qazana biləcək, ya yox?
3. ÇAĞIRIŞDAN İMTİNA
(ŞÜBHƏ EDƏN QƏHRƏMAN)
Çox vaxt macəranın lap kandarında olan qəhrəman çağırışdan boyun qaçırır, qətiyyətsizlik göstərməyə başlayır. Qəhrəmanın qəlbini qorxulardan ən qüdrətlisi – naməlumluq qarşısında duyduğu qorxu – bürüyür. Hər şey hələ yenicə başlayır, hadisələrin qarşısını almaq üçün gec deyil. Amma həmin məqamda vəziyyəti dəyişən naməlum bir qüvvə, gündəlik həyatın nizamını pozan növbəti xoşagəlməz hadisə, yaxud müəlliminin yardımı işə qarışır.
Romantik komediyalarda çox vaxt qəhrəmanlar yeni münasibətlər yaratmaq üçün ürəklərini açmaq istəmirlər, məsələn, əvvəlki bədbəxt sevgilərindən aldıqları könül yarası buna mane olur. Detektiv tarixçədə agent əvvəlcə araşdırmanı aparmaqdan boyun qaçıra, sonra isə öz prinsiplərinin əksinə gedib, hər halda təhqiqata başlaya bilər.
“Ulduz müharibələri”nin bu məqamında Lyuk macəraya Obi Vanın müraciəti formasında gəlmiş çağırışdan boyun qaçırır: əvvəlcə gənc qəhrəman fermaya, əmilərinin və xalalarının yanına qayıdır, amma imperator hücumçularının onları öldürdüklərini görür. İmperator Lyukun şəxsi düşməninə çevrilir. İndi onun səfərə çıxmaq üçün səbəbi var.
4. MÜƏLLİMLƏ GÖRÜŞ
(HƏYAT TƏCRÜBƏSİ OLAN ADAM)
Əksər tarixçələrdə qəhrəmanın məsləhətçisi rolunda Britaniya əfsanələrindəki müdrik Merlini xatırladan qoca çıxış edir. Qəhrəmanla müəllim arasında münasibət mifologiyanın ən geniş yayılmış mövzularından biridir və böyük rəmzi əhəmiyyətə malikdir. Bu mövzular “valideyn – uşaq”, “müəllim – şagird”, “həkim – xəstə”, “Allah – insan” cütlükləri ilə də təqdim edilə bilər.
Müəllim qoca, müdrik sehrbaz (“Ulduz müharibələri”), nizami hazırlıq üzrə ciddi təlimatçı (“Zabit cə centlmen”), yaxud artıq qocalan boks məşqçisi (“Rokki”) rolunda çıxış edə bilər. Həmin şəxs “Meri Tayler Murun şousu” (“The Магу Tyler Moore Show”) filmində Lu Qrant, “Cəhənglər” lentində (“Jaws”) isə balinalar barədə hər şeyi bilən qaraqabaq qəhrəman Robert Şoudur.
Müəllimin vəzifəsi qəhrəmanı naməlum vəziyyətə hazırlamaq, ona məsləhətlər, yaxud sehrli əşyalar verməklə yardım göstərməkdir. “Ulduz müharibələri” filmindəki Obi Van qəhrəman Dyuka atasının şər qüvvələrlə döyüşlərdə əvəzedilməz olan, işıq saçan qılıncını verir. “Oz diyarının sehrbazı” lentində xeyirxah cadugər Qlinda Dorotiyə bir cüt başmaq bağışlayır, filmin sonunda həmin başmaq qızı evlərinə gətirir.
Necə olur-olsun, – müəllim öz şagirdinə heç də həmişə kömək etməyə bilər, – qəhrəman naməlumluqla təkbaşına üz-üzə gəlməlidir. Bəzən hadisələrin daha sürətlə inşkişaf etməsi üçün müəllim gənc dostuna yüngülcə təkan verməli olur.
5. İLK ASTANANIN DƏF EDİLMƏSİ
Bu mərhələdə qəhrəman macəra ilə qarşılaşmağa can atır, fövqəl aləmə qədəm basır və ilk astananı keçir. Qəhrəman macəraya çağırışın onun qarşısına qoyduğu şərtlərini qəbul edir. Məhz bu məqamdan hadisələr tam sürətilə inkişaf etməyə başlayır. Hava şarı yerdən aralanır, gəmi sahildən uzaqlaşır, iki nəfərin qəlbinə sevgi toxumu səpilir, təyyarə, yaxud raket havaya qalxır, qatar yola düşür.
Filmdə əsasən üç hərəkəti fərqləndirmək olar:
1) qəhrəmanın hərəkətə keçmək barədə qərarı;
2) hərəkətin özü;
3) hərəkətin nəticəsi.
İlk astananın dəf edilməsi birinci və ikinci hərəkətlər arasındakı dönüş nöqtəsidir. Qəhrəman öz qorxusuna üstün gəlib, problemlə üz-üzə qalmağa hazırdır. O, qətiyyətlə mübarizə aparmaq fikrindədir və seçdiyi yoldan geri dönmək niyyətində deyil.
Bu həmin məqamdır ki, Doroti sarı rəngli kərpic döşənmiş cığıra qədəm basır, “Beverli-Hillzli polis” filminin qəhrəmanı Aksel Fouli rəhbərliyin əmrini pozmaq qərarına gəlir, Detroyt küçələrinin tanış aləmindən uzaqlaşıb, dostunun qətlini təhqiq etməyə başlayır.
6. SINAQ, MÜTTƏFİQLƏR VƏ DÜŞMƏNLƏR
Qəhrəman ilk astananı keçib yeni çətinliklər və sınaqlarla üz-üzə gəlir, yeni dostlar və düşmənlər qazanır. O get-gedə düşdüyü fövqəl aləmin qaydalarından baş çıxarmağa başlayır.
Bu mərhələdə hadisələrin inkişaf məkanı çox vaxt barlar və digər meyxanalar olur. Vesternin qəhrəmanı çətin vəziyyətə düşüb, öz igidliyini və qətiyyətini nümayiş etdirir. Eyni zamanda da onun dostu-düşməni bəlli olur. Həm də qəhrəman orada həmin fövqəl aləmin quruluşu barədə qiymətli biliklər əldə edə bilər.
“Kasablanka” (“Casablanca”) filmində kafe süjet xətlərinin birləşdiyi yerdir, dostluq və düşmənlik o kafedə baş verir, qəhrəmanın mənəvi prinsipləri isə sınaqlarda yoxlanır. “Ulduz müharibələri” filminin qəhrəmanı Lyuk məhz Xan Solonun simasında öz müttəfiqini və Cabb Hattın simasında düşmənini kafedə tapır. Hər ikisi də epopeyanın sonrakı filmlərindən biri olan “Cedanın qayıdışı” (“Return of the Jedi”) lentində meydana çıxır. Barın təcavüzkar yad adamların qaynaşdığı boğucu, sürrealist şəraitində Lyuk ilk dəfə cəlbedici, amma təhlükəli fövqəl aləmin dadını hiss edir.
Bu cür səhnələr qəhrəmanın evolyusiyasını göstərməyə imkan yaradır, tamaşaçı onun və yoldaşlarının xarici çağırışlara necə reaksiya verdiklərini müşahidə edir. “Ulduz müharibələri” filmində Lyuk Han Solonun çətin vəziyyətdən necə çıxdığını görür, Ovi Vanın qüdrətli döyüşçü və ovsunçu olduğunu öyrənir.
Oxşar epizodlar “Zabit və centlmen” filmində də var. Həmin filmdə qəhrəman özünə dostlar və düşmənlər qazanır, sevgisi ilə qarşılaşır. Böhranlı vəziyyətlərdə onun şəxsiyyətinin ətrafındakı adamlara təcavüzkar münasibəti, küçə döyüşlərinin üsullarına bələd oması, qadınlarla nifrətamiz davranışı aşkara çıxır. Bu cür səhnələrdən biri barda baş verir.
Şübhəsiz, qəhrəmanın sınaqlardan keçməsi, tanışlıq və dava-dalaş məkanı heç də həmişə meyxanalar olmur. Bir çox tarixçələrdə, məsələn, “Oz diyarının sehrbazı” filmində bu hadisə yolda baş verir. Doroti sarı rəngli kərpicdən salınmış yolla gedə-gedə dostlar – Bədheybət, Dəmir Odunçu və Qorxaq Şir – tapır, eyni zamanda da saysız-hesabsız maneələri dəf edir: qorxunc, danışan ağaclar bitmiş bağdan çıxır, Bədheybəti mismardan xilas edir, Dəmir Odunçunu yağlayır və qorxusuna üstün gəlməkdə Qorxaq Şirə yardımçı olur.
“Ulduz müharibələri” filminin qəhrəmanı üçün barda baş verən səhnədən sonra sınaqlar davam edir: Obi Van gənc Lyuka gözübağlı döyüşməyi öyrədir, onun üçün ilk imtahanlardan biri imperiyanın əsgərləri ilə lazer döyüşü olur, qəhrəman da həmin döyüşdə qələbə çalır.
7. GİZLİ MAĞARAYA YAXINLAŞMA
Əsas qəhrəman qorxulu, əksər hallarda gözdən uzaq yerlərdə yerləşən məkana yaxınlaşır: səfərinin başlıca məqsədi olan hədəf həmin məkandadır. Belə yer, bir qayda olaraq, qəhrəmanın həddən artıq qəddar düşməninin yuvası, fövqəl aləmin ən təhlükəli nöqtəsi, ya da gizli mağara olur. Qəhrəman özünü qorxusuna üstün gəlməyə və həmin yerə girməyə məcbur edərək, ikinci astanadan keçir. O çox vaxt qəti addım atmazdan əvvəl gücünü toplamaq və düşmənin gözətçilərini aldatmağa kömək edən plan işləyib hazırlamaq üçün dayanır. Bu, yaxınlaşma mərhələsidir. Qəhrəman sevgilisini xilas etmək (Orfey) üçün cəhənnəmə, xəzinəni ələ keçirmək (norveç eposundakı Siqurd) məqsədilə əjdahanın məskəninə, yaxud orada yaşayan qorxunc məxluqu öldürmək (Tesey) naminə dolanbaca girə bilər.
Kral Artur haqqında əfsanələrdə gizli mağara müqəddəs Qraalı axtaran cəngavərlərin təhlükəyə baxmayaraq girməyə can atdıqları gözətçi məntəqəsidir.
Müasir “Ulduz müharibələri” mifologiyasında Lyuk Skayuoker və onun yoldaşları Ölüm Ulduzuna düşüb gizli mağaraya girirlər, onlar Dart Veyderlə vuruşmalı, şahzadə Leyanı xilas etməlidirlər. “Oz diyarının sehrbazı” filmində Doroti bədxah cadugərin qaranlıq qəsrinə girir, qızı oradan dostları çıxarırlar. Gizli mağaranı işarə edən əlamət S.Spilberqin 1984-sü ildə çəkdiyi “İndiana Cons və Tale Məbədi” (“Indiana Jones and the Temple of Doom”) filmində də var.
Yaxınlaşma içəri girmə hazırlığından və ölüm, yaxud təhlükə ilə qarşıdurmadan ibarət olan mərhələdir.
8. ƏSAS SINAQ
Burada qəhrəman onda daha böyük qorxu doğuran məxluqla toqquşmada taleyini sınaqdan keçirir. O, ölümcül təhlükə ilə qarşı-qarşıya gəlir, düşmən qüvvə ilə döyüşə girmək məcburiyyətində qalır. Bu məqamda oxucu, yaxud tamaşaçı həddən artıq gərginlik keçirir, qəhrəmanın sağ qalacağını, yoxsa həlak olacağını bilmir. Qəhrəman balinanın mədəsinə düşmüş İona oxşayır.
“Ulduz müharibələri” filmində Lyuk, Leya və dostları üçün həmin həyəcanlı məqam onların Ölüm Ulduzunun təkində, nəhəng zibil presinin içində olduqları vaxt başlayır. Su yollarında yaşayan qorxunc məxluqlar Lyuku caynaqları ilə tuturlar. Qəhrəman uzun müddət xilas ola bilmir, bizsə onun öləcəyindən narahat olmağa başlayırıq. Spilberqin yaraşıqlı yadplanetlisi əməliyyat masası üstündə az qala ölür. “Oz diyarının sehrbazı” filmində bədxah cadugər Doroti ilə dostlarını yoldan çıxarıb öz qəsrinə aparır, onlara elə gəlir ki, həmin qəsrdən qurtula bilməyəcəklər. “Beverli-Hillzli polis” lentində Aksel Fouli başına pistolet dayamış quldurların caynağına keçir.
“Zabit və centlmen” filmindəki Zak Meyo üçün əsas sınaq nizami hazırlıq üzrə təlimatçını məktəbdən çıxmağa məcbur etmək üçün ona cürbəcür üsullarla işgəncə verdiyi və gənc müdavimi alçaltdığı məqamdan başlayır. İki qəhrəman arasında psixoloji müstəvidə ölüm-dirim mübarizəsi gedir. Zak boyun əyib zabit və centlmen olmaq ikmkanını əldən buraxa bilər, amma o geri çəkilmir, keçdiyi sınaqlarsa oğlanı dəyişdirir. Filmdə mifoloji müdrik qoca funksiyasını yerinə yetirən sataşqan serjant Zakı özünün başqalarından asılı olmadığını başa düşməyə məcbur edir, həmin məqamdan sonra da təkcə özü deyil, başqaları barədə də düşünməyə başlayır.
Romantik komediyalarda ölümcül təhlükə klassik dramın ikinci səhnəsindəki kimi, münasibətlərə zərbə şəklində meydana çıxır: “Qız oğlana rast gəlir, qız oğlanı itirir və oğlan qızın könlünü fəth edir”. Adama elə gəlir ki, onun arıq sevgilisinin qəlbinə girmək imkanı yoxdur.
Əsas sınaq hər bir tarixçənin başlıca məqamıdır. Baş qəhrəman yenidən doğulmaq üçün sanki ölür. Bu, qəhrəmanlıq mifində magiyanın başlıca mənbəyidir. Biz – oxucular, yaxud tamaşaçılar sevdiyimiz qəhrəmanla birgə qarşıya çıxan bütün maneələrdən keçib onun halına acıyır, başına gələn hadisələri sanki öz başımıza gəlmiş kimi qavrayırıq. Onun öldüyünü güman edəndə kədərlənir, həyata döndüyünü görəndə sevinirik. Qəhrəmanın yenidən doğulmasının nəticəsi hamımızın sevinc hissi keçirməyimizdir.
Əyləncə parklarında attraksion quranlar bu prinsipdən bacarıqla istifadə edirlər: təpədən aşağı şığıyan adama elə gəlir ki, bir an sonra qəza baş verəcək, amma təhlükə ilğımı ilə toqquşub ondan sağ-salamat qurtulur, aldığı zövq də elə bundan ibarətdir: insan ölümlə üz-üzə gələndən sonra həyatdan daha çox zövq almağa başlayır.
Bu bir sıra dini mərasimlərin və inisiasiya rituallarının – məsələn, tələbə ittifaqlarına və cürbəcür gizli cəmiyyətlərə daxil olmağın – əsas elementlərindən biridir. İnsan ölümün nəfəsini hiss etməli, dəhşətli hadisədən keçməli, sonra qrupun yeni üzvü kimi, ikinci dəfə dünyaya gəlməyin sevincini yaşamalıdır. Hər bir hekayətin qəhrəmanı mütləq həyat və ölümün sirləri ilə təmasda olmalıdır. Buna görə də hər bir tarixçədə həyatla ölüm arasındakı hüdudda qəhrəmanın özünün və niyyətinin ölümcül təhlükə ilə üz-üzə gəldiyi məqam əks etdirilməlidir.
9. MÜKAFAT
(QILINCIN ƏLƏ KEÇİRİLMƏSİ)
Qəhrəman da, oxucu-tamaşaçı da ölümlə üz-üzə gəlib və əjdaha, yaxud Minotavr üzərində qələbə çalıb sevinir. Göstərdiyi igidliyin müqabilində qəhrəman axtardığını əldə edir: sehrli qılıncı, yaxud başqa bir sehrli silahı, müqəddəs Qraalı, yaxud məhsuldarlığını itirmiş torpağı sağaltmaq qüdrətinə malik olan iksiri ələ keçirir.
Bəzən belə bir “qılınc” funksiyasını düşmən qüvvələri daha yaxşı tanımağa və onlarla dil tapmağa imkan verən təcrübə və bilik yerinə yetirir.
“Ulduz müharibələri” filmində Lyuk şahzadə Leyanı xilas edir və Ölüm Ulduzunun çertyojlarını ələ keçirir, həmin çertyojlar da Dart Veyder üzərində qələbə qazanmağa yardımçı olur. “Oz diyarının sehrbazı” lentində Doroti bədxah cadugərin qəsrindən qaçır, onun süpürgəsini və yaqutdan düzəldilmiş, yol göstərən başmaqlarını özü ilə gətirir.
Bu məqamda qəhrəman valideynləri ilə münaqişələrini yoluna qoya bilər: “Cedanın qayıtması” filmində Lyuk, sən demə, atası olan, üstəlik heç də pis adam olmayan Dart Veyderlə barışır.
Romantik komediyalarda bu məqam sevgililərin vüsalı anıdır. Çox vaxt qəhrəmanın mükafatı ələ keçirdiyi, yaxud xilas etdiyi sevgilisi olur, qələbə sevgi səhnəsi ilə təqdim edilir.
Qəhrəmanın baxış bucağından baxanda, əks cinsin nümayəndələri çox vaxt qulyabanıya oxşar məxluqu xatırladırlar. Bu, dəyişkənlik arxetipinin təcəssümüdür. Yaş, forma – hər şey daima aradan çıxa-çıxa və heyrətləndirə-heyrətləndirə dəyişir. Qaniçənlər, vervolflar (insan-canavarlar) və digər çoxsimalı məxluqlar haqqında tarixçələr kişilərin və qadınların bir-birində gördükləri dəyişkənliyin simvolik əks-sədalarıdır.
Qəhrəman sərt sınaqdan keçib, mükafat olaraq əks cinsi daha yaxşı tanımaq bacarığı qazana və zahiri dəyişikliklərin arxasında təzahür edən daxili sabitliyi sezə bilər. Hər çey də bu cür yoluna düşür.
Bəzən qəhrəman ağlagəlməz sınaqlardan sağ çıxıb daha cazibədar olur. O öz həyatını qardaşlarını sağ qalmaları naminə riskə atıb, hər mənada qəhrəman adlanmaq hüququ qazanır.
10. GERİYƏ YOL
Təhlükə hələ ötüb keçməyib. Üçüncü mərhələ qəhrəmanın hələ çox iş görməli olduğu məqamda başlayır. Hələ atası, tanrılar, yaxud düşmən qüvvələrlə barışmayıbsa, onların arxasınca düşə bilər. Səyahətin məhz bu mərhələsində, qəhrəman geri dönəndə çox vaxt ən həyəcanlandırıcı təqiblər baş verir: şər qüvvələr ələ keçirilmiş qılıncı, sehrli iksiri, yaxud qiymətli daş-qaşla dolu sandığı qaytarmaq üçün qəhrəmanın arxasınca düşürlər.
Lyuk və Leya Ölüm Uluduzundan qayıdanda, Dart Veryder onları qızğın şəkildə təqib edir. Spilberqin filmində yadplanetli və onun Yerdəki dostu Eliot uçan velosipedi minib hakimiyyəyin təcavüzkar nümayəndəsindən (onun rolunu Piter Koyoti oynayır) xilas olurlar.
Bu mərhələdə qəhrəman adi aləmə qayıtmaqla bağlı qəti qərar qəbul edir. O başa düşür ki, necə olur-olsun, fövqəl aləm keçmişdə qalmalıdır. Amma onu hələ yeni təhlükələr, aldanışlar və sınaqlar gözləyir.
11. DİRÇƏLİŞ
Qədim zamanlarda öz icmalarına dönən ovçular və döyüşçülər əlləri qana bulaşdığına görə saflaşma mərasimindən keçirdilər. Ölülər səltənətində olmuş qəhrəman da ölüm və dirçəlişlə son sınağı keçəndən sonra saflaşmalıdır, yalnız bunu yerinə yetirib canlıların adi aləminə qayıda bilər.
Çox vaxt bu məqamda qəhrəman ikinci dəfə ölümlə üz-üzə gəlir. Buludlar həmişləlik dağılmazdan əvvəl yenidən qatılaşır. Bu, qəhrəman üçün bir növ son sınaqdır: o, keçdiyi əsas sınaqdan dərs aldığını sübuta yetirməlidir.
Qəhrəman bir neçə dəfə həyatla ölüm arasında qalıb, adi aləmə yenilənmiş və yeni biliklə zənginləşmiş halda qayıtmaq üçün dirçəlir.
Bu elementdən “Ulduz müharibələri” eposunda bir neçə dəfə istifadə olunub: ilk üç filmin hər biri Lyukun öldüyünün güman edilməsi ilə başa çatır, amma o sonra möcüzəli şəkildə sağ qalır. Hər bir yeni sınaq ona bədxah qüvvələr üzərində hakimiyyət bəxş edən bilik gətirir. Hər dəfə qazandığı təcrübə qəhrəmanı dəyişir.
“Beverli-Hillzli polis” filminin kulminasiya nöqtəsində Aksel Fouli növbəti dəfə quldur tərəfindən öldürülmək təhlükəsi ilə üzləşir, amma həmkarları baş qəhrəmanı xilas edirlər. O, düşmənə heç zaman təklikdə qalib gələ bilməyəcəyini başa düşüb, yoldaşlarına daha böyük hörmətlə yanaşmağa başlayır.
“Zabit və centlmen” filminin qəhrəmanı bütöv bir silsilə final sınaqlarından keçməli olur. Filmdə mifoloji ölümün rəmzi kimi bir neçə hadisə var. Zak başqa bir kursanta yardım etmək üçün idman yarışında öz qələbəsini qurban verdiyi məqamda edqozimindən də əl çəkməli olur. Rəfiqəsi ilə münasibətlərinə də son qoyulur. Ən yaxın dostu intihar edir. Sanki bütün bunlar bəs deyilmiş kimi, Zak öz təlimatçısı ilə sonuncu ölüm-dirim mübarizəsinə girişir. Qəhrəman bu sınaqlardan keçib, filmin adından da göründüyü kimi, nəcib zabit və centlmenə çevrilir.
12. İKSİRLƏ QAYITMA
Qəhrəman adi aləmə qayıdır, amma o, fövqəl aləmdən hər hansı bir möcüzəvi iksir, xəzinə, yaxud dərs gətirməsəydi, səyahətinin heç bir mənası olmazdı. İksir müalicəvi xüsusiyyətlərə malik olan sehrli içkidir. Torpağın yaralarını sağaltmaq iqtidarında olan müqəddəs Qraal, yaxud insanlar üçün qiymətli bilik həmin iksirin funksiyasını yerinə yetirə bilər.
Doroti Kanzasa qayıdır, dərk edir ki, onu sevirlər, həm də qonaq qalmaq yaxşıdırsa, öz evində olmaq daha yaxşıdır. İnsanla dostluqdan mütəəssir olmuş yadplanetli öz qalaktikasına dönür. Lyuk Skayuoker mübarizədə Dart Veyderə qalib (müəyyən müddətə) gəlir, qalaktikada sülhü və qayda-qanunu bərqərar edir.
Zak Meyo zabit rütbəsi alıb tədris və sınaqların fövqəl aləmini tərk edir, yeni həyat perspektivləri qazanır. Təptəzə zabit mundirində, sevgili seçiminə yeni münasibətlə qızın qəlbini asanlıqla fəth edir və onunla həyat qurur.
İksir bəzən mübarizə nəticəsində əldə edilmiş xəzinə, bəzən sevgi, azadlıq, müdriklik, yaxud sadəcə yaşamaq mümkün olan fövqəl dünyanın mövcudluğu haqqında bilikdir. Bəzənsə bu sadəcə evə başqaları ilə bölüşə biləcəyi yaxşı əhvalatla dönməkdir.
Qəhrəman gizli mağaradan heç nə gətirməyibsə, çox güman ki, onu qarşıda yeni səyahət gözləyir. Bu cür finaldan çox vaxt komediyalarda istifadə edirlər: sadəlövh qəhrəman başına gələnlərdən dərs almır, yenə də hadisələr başlamamış qarşılaşdığı problemlərlə üz-üzə gəlir.
BELƏLİKLƏ, QƏHRƏMANIN SƏYAHƏTİNDƏ:
Qəhrəman gözlərimiz qarşısında adi aləmdə canlanır.
Qəhrəmanın adi həyat tərzini macəralara çağırış pozur.
Qəhrəman tərəddüd keçirir, çağırışa müqavimət göstərməyə çalışır. Amma bu məqamda səhnəyə müəllim çıxır.
Qəhrəman onun yardımından ilhamlanıb ilk astananı keçir və fövqəl aləmə qədəm basır.
Qəhrəman burada sınaqlarla üzləşir, müttəfiqlər və düşmənlər qazanır.
Qəhrəman gizli mağaraya yaxınlaşır və ikinci astananı keçir. Əsas sınaq məqamı başlayır.
Qəhrəman qələbə qazanıb mükafat alır.
Qəhrəman adi aləmə geri qayıdanda, düşmən qüvvələr onu təqib edirlər.
Qəhrəman üçüncü astananı dəf edir və dirçəlməyə başlayır. Qazandığı təcrübə onu dəyişdirir.
Qəhrəman iksir, mükafat, yaxud xəzinə ilə adi aləmə qayıdır.
Bu on iki bənd hər bir konkret tarixçənin təfərrüatlarını və gözlənilməz məqamlarını özündə əks etdirən unuversal özəkdir. Bu əsas struktur məqsədə çevrilməməlidir və ona mütləq ciddi surətdə əməl etməyə də ehtiyac yoxdur. Elementlərin nizamı sonsuz sayda dəyişə bilər: onları buraxmaq, yenisini əlavə etmək, ümumi mənaya xələl gətirmədən əməll-başlı qarışdırmaq olar.
Burada başlıcası qəhrəmanın səyahətinin dəyərli olmasıdır. Əsas versiyaların qəhrəmanları – qoca cadugərin əlində olan sehrli qılınca sahib olmağa can atan gənc, sevgililərini xilas etmək naminə öz həyatını riskə atan qızlar, qaranlıq mağarada əjdaha ilə döyüşmək niyyətində olan cəngavərlər və i.a. – bütün bunlar yalnız universal həyat təcrübəsinin rəmzi təcəssümləridir. Rəmzlər seçilmiş tarixçədən, yaxud cəmiyyətin tələbatından asılı olaraq, istənilən qədər müxtəlif ola bilər.
Qəhrəmanın səyahəti müasir dramların, melodramların, komediyaların, yaxud macəra filmlərinin dilinə asanlıqla çevrilir. Əsas qəhrəmanın müəllimi şaman, yaxud sehrbaz, bəlkə də müəllim, həkim, ciddi, amma ədalətli rəis, ata-ana, baba-nənə, eyni zamanda sadəcə dost, məsləhətçi, köməkçi ola bilər.
Müasir qəhrəmanlar artıq mağaralarda və dolanbaclarda mifoloji məxluqlarla döyüşmürlər, amma onlar fövqəl aləmə və gizli mağaralara daxil olurlar, belə bir aləm personajlar üçün kosmosun ənginlikləri, okeanın dərinlikləri, nəhəng şəhərin küçələri, yaxud öz qəlbinin sirləridir.
Mifoloji süjetlərdən istifadə etməklə primitiv komiks, yaxud dərin psixoloji dram yaratmaq olar. Qədim süjet əsası yeni təfərrüatlarla zənginləşdikcə qəhrəmanın səyahəti də dəyişir. Ənənəvi gender və yaş münasibətlərinin dəyişməsi daha mürəkkəb tor qurmağa, daha maraqlı və çoxcəhətli obrazlar yaratmağa imkan verir. Əsas elementləri birləşdirmək, yaxud əksinə, parçalamaqla onların hər birinin yeni məna cəhətlərini aşkara çıxarmaq mümkündür.
Qəhrəmanın səyahətinin mifoloji strukturu öz cəlbediciliyini saxlamaqla ağlagəlməz çevikliyi və sonsuz variantlılığı ilə fərqlənir, şübhəsiz ki, hələ uzun müddət belə də olacaq.
Qəhrəmanın səyahət etdiyi möcüzəvi ölkənin xəritəsini öyrənib, o məkanda mövcud olan qəhrəmanlarla – arxetiplərlə tanış olmaq mümkündür.
Tərcümə etdi: Nəriman Əbdülrəhmanlı
Qeyd: Məqalə “Fokus” analitik kino jurnalının 10-cu sayında dərc edilib