Now Reading
Qulaqlardan getməyən gəmi fiti

Qulaqlardan getməyən gəmi fiti

Dörd ay əvvəl Varşava Film Festivalında iştirak edərkən izləməli olduğumuz filmlər arasında Estoniya istehsalı olan “Kalev” filmi də vardı. Estonların SSRİ-dən ayrılması dövrünü bir basketbol komandası vasitəsilə göstərirdilər. İnsanlar “Kalev” adlı komandadan SSRİ Basketbol Çempionatında iştirakını dayandırmasını gözləyirlər, lakin komanda üzvləri bu yolla pul qazandıqları üçün yarışmağa davam edirlər. Filmdə müəyyən məqamdan sonra “Kalev”in mübarizəsi estonların milli kimliyi ilə üst-üstə düşməyə başlayır və bu komanda həm də bu Baltik ölkəsinin SSRİ-yə qarşı apardığı mübarizənin bayraqdarına çevrilir. Filmin dönüş nöqtələrindən biri 1991-ci ilin 13 yanvar tarixində Vilnüsdə baş verən hadisələrdir. Litvada 11-13 yanvar tarixləri arasında yerli əhali ilə Sovet ordusu arasında qarşıdurma baş verir və bunun nəticəsində 14 nəfər həyatını itirir, 140-dan çox insan yaralanır.  14 nəfərin ölümü ilə nəticələnən bu hadisələr hətta estonlara, Kalev komandasında oynayan litvalı basketbolçuya da təsir edir.

Onlar artıq SSRİ Çempionatında mübarizə aparmaq üçün əlavə motivasiya tapmış olurlar. Filmdə həmçinin, Sovet ordusunun sivil əhali ilə olan qarşıdurmasının Baltikyanı ölkələrin kollektiv yaddaşında necə mühüm yer tutduğunu göstərir. Filmin əsas mövzusu olmasa da, Vilnüsdəki yanvar hadisələrinin bu formada təqdimatı mənə kifayət qədər təsir etmişdi. Axı mən də “Yanvar faciəsi” görən bir ölkədən gəlirdim. “Kalev”i izləyib bitirəndən sonra isə ağlımda bir sual dolaşırdı: Niyə axı bizim də 20 Yanvara aid belə təsirli, insan hekayəsini göstərən filmimiz yoxdur? Faciələri müqayisə etməzlər, lakin miqyası müqayisə etsək, bizdə baş verən hadisələrdə dəfələrlə çox insan həlak olub. Biz isə bu hekayələrdən heç birini uğurlu formada çatdıra bilməmişik.

Elxan Cəfərovun yeni filmi “20 Yanvarda Doğulanlar”ın anonsunu görəndə ümidli idim. “Bu dəfə alınıbmı?” sualı ilə filmi izləməyə başladım. Gəldiyim qənaətin nə olduğunu bölüşməmişdən əvvəl, film barədə qısaca məlumat verim. “20 Yanvarda Doğulanlar” Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sifarişi ilə çəkilib. 20 yanvar hadisələri zamanı Bakı buxtasını ələ keçirən və hərbi gəmilərin hərəkət etməsinə icazə verməyən, Bakıda baş verənləri bütün dünyaya çatdıran cəsarətli mülki gəmiçilərin hekayələrinin sənədli-bədii həllidir. Burada daha əvvəl televiziyada görmədiyimiz müəyyən arxiv kadrları görürük ki, həmin dövrü anlamaq, ruhunu duymaq üçün kifayət qədər dəyərlidir. Rejissor sənədli kadrlarla bədii kadrlar arasında orqanik əlaqə qurmağa çalışır. Bədii kadrlarda isə hamilə Zərifə ilə onun həyat yoldaşı Fərhadı görürük. Bütün hekayə isə bizə Rüstəm Cəbrayılovun canlandırdığı obrazın dili ilə nəql olunur.


“Home video” tərzində göstərilən kadrlardan sonra günümüzə keçid edilir, pəncərədən çölə baxan baş qəhrəmanımızın gözünün qabağında küçədə oynayan uşaqlar təsviri canlanır. Əvvəlcə insan elə düşünür ki, obraz öz uşaqlığını xatırlayır, lakin çox keçməmiş belə olmadığı aydınlaşır. Baş qəhrəmanımız 20 yanvar günü doğulub. Film ərzində bu obraz bircə dəfə də birbaşa danışmır. O, yalnız keçmişdə baş verənləri və hazırda olanları kadrarxası səsləndirməklə kifayətlənir. Tamaşaçıya çatdırılan fikirlərdə, sözlərdə yenilik yoxdur: Əsasən informativ xarakter daşıyır, qəhrəmanın öz hekayəsi ilə birləşdirilən məqamlar olur və bəzən kinematoqrafiyadan uzaq, jurnalistika tərzində tamaşaçıya çatdırılır.

Filmin bədii hissəsi, xüsusilə 1990-cı ilin atmosferi uğur qazana bilir. İnsanların təşvişi, narahatlığı, içində olduqları bilinməzlik və məlumatsızlıq hissi yaradılır. Lakin eyni sözləri sənədli hissələr haqqında demək mümkün deyil. Fərqli, yeni arxiv kadrlarının öz dəyəri kifayət qədər yüksək olduğu halda, kadrarxası səslə bütün yollar qapanır və rejissor bizi öz yolu ilə aparmaq istəyir. Bu yolda isə didaktika, məlumatlar toplusu, xronika təəssüratı yaranır.


Film, axtardığı çıxış yolunu gəmiçilərin hekayəsi narrativə daxil olandan sonra tapa bilir. Gəmiçilərin mərdlikləri insanı həyəcanlandırır, eyni zamanda onların içində olduqları situasiyanın qəlizliyi insanı düşünməyə vadar edir. Üstəlik bu faktların hər kəs tərəfindən bilinməməsi hekayəyə xüsusi bir cazibə qatır. Burada gəmiçilərin həm bədii, həm də sənədli kadrları bir-biri ilə uyğunlaşır. Eyni sözləri gəmi hərəkətlərini göstərən animasiya barəsində isə demək mümkünsüzdür. Bu kadrlar filmin bəlkə də ən uğursuz hissəsidir.

Gəmiçilərin audiolentləri filmin sənədli tərəfini daha da gücləndirir, ssenari yazılarkən yaşayan gəmiçilərin xatirələrindən istifadə olunması da bədii tərəfi müəyyən səviyyəyə gətirməyi bacarır. Qəhrəmanın gəmiçilər barəsində danışmasının “niyəsi” isə kifayət qədər inandırıcı zəminə oturdulmur. Burada müəlliflər rahat yol seçərək, sadəcə bir cümləlik açıqlama verirlər və beləliklə, tamaşaçıdan bütün bu hekayəyə inanmağı tələb edirlər. Qəhrəman 20 yanvar barəsində öz ailə keçmişinə görə maraqlanıb və bu səbəbdən də hər şeyi öyrənib. Hətta buna görə gəmiçi olmağa qərar veribmiş. Beləliklə, “danışma, göstər” prinsipi pozulur.

Filmin əsas ideyası isə ata və anasını 20 yanvar hadisələri zamanı itirən, eyni zamanda həmin gün doğulan gəncin bir xalqla eyniləşdirilməsidir. 20 Yanvar tarixində doğulan, təkcə, daha sonra orduya yazılaraq işğal altında olan torpaqları azad edən qəhrəmanımız deyil, həm də bütünlükdə Azərbaycan xalqıdır. Bu ideya da sonradan qəhrəmanın orduya yazılması, müharibədən medallarla geri qayıtması, Azadlıq meydanında hərbi parada qatılması görüntüləri ilə çatdırılır. Bu görüntüləri  isə bədii-sənədli kadrdan çox, portret videolarına bənzəyir. Super qəhrəman filmində imiş kimi dayanan əsgərlərə edilən “zoom” ilə onların vacibliyinə vurğu edilir.

Həqiqətdə isə biz insan hekayəsindən uzaq, pafos ilə bəzədilmiş, əlində olan fərqli və yeni materialı da uğurlu şəkildə istifadə edə bilməyib didaktiyaya qurban verən bir iş görürük. Film uğurlu anlar tapa bilsə də, bunu 35 dəqiqəyə çatdıra bilmir. Anbaan diqqət çəkən məqamlar olsa da, ümumilikdə, daha əvvəl çəkilən işlərin daha yüksək büdcə ilə hazırlanmış yeni versiyasını izləmiş oluruq.

Dünyada hibrid filmlər getdikcə populyarlaşır, tarixi hadisələrin sənədli və bədii formada çatdırılması ənənəyə çevrilir. Bu trendin artmasının əsas səbəbi isə tamaşaçı ilə iş arasındakı əlaqəni gücləndirmək, onlara hekayəni fərqli bucaqdan göstərmək və mövzuya dair yeni perspektiv qazandırmaqdır. Bu baxımdan “20 Yanvarda doğulanlar” sadəcə bilmədiyimiz bir hekayəni çatdırmaqla fərqlənir. Xüsusilə, baş qəhrəmanın hekayəsinin yetərincə inandırıcı olmaması sənədli tərəfi də aşağı çəkir ki, bəlkə də sadəcə sənədli anlara fokus olunsaydı, daha yaxşı iş ortaya çıxardı.

Aradan 33 il ötməsinə baxmayaraq, hələ də 20 Yanvar barədə ortaya çıxardığımız işlər müəyyən səviyyəni keçə bilmirsə, bəlkə də yanaşmanı dəyişməyin vaxtıdır. Hekayənin mərkəzinə insanı, onun faciəsini göstərmək, lakin bunları edərkən pafosdan, dillər əzbərinə çevrilən ifadələrdən uzaq durmaq faydalı olacaq. Əks halda, bir-birinin bənzəri filmlər çəkməyə davam edəcəyik. Sanki, rejissorlarımız, müəlliflərimiz faciənin miqyası qarşısında əzilir, onu bütünlükdə göstərməyə çalışırlar. Halbuki bircə insanın faciəsi də bəşəriyyətin faciəsidir. Ümidvaram ki, biz də bir gün layiqincə bu hadisəni göstərə bilərik.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top