İNDİ OXUYUR
Qoca palıd qədər qoca cəmiyyət

Qoca palıd qədər qoca cəmiyyət

Rejissor Ken Louç digər filmlərində olduğu kimi yeni “Köhnə palıd” filmində də sosial problemlərə geniş yer ayırmışdır. Film bir mövzu altında modern dünyanın çoxşaxəli problemlərini cəmləşdirir. Bu yazıda həmin problemlərin təsvir həllinə toxunulacaq. Əvvəlcə kütlə psixologiyasının insanların həyatındakı rolunun filmdə təsvirinə nəzər salaq. Filmdə kütlənin təmsilçiləri – Tomminin (T.J.) pabına yığışan bir qrup sakinlərdir. Onlar tipik kütlə psixologiyasının xüsusiyyətlərini özlərində birləşdirirlər. Bu kütlədə onların fərdi olaraq həyatının, sosial statusunun, xarakterinin oxşar və fərqliliyindən aslı olmayaraq kollektiv ruh aşılanır. Kollektiv ruh dediyimiz anlayış, T.J-nin məkanına yığışanların hər birinin düşüncəsinə, hisslərinə, hərəkətlərinə tamamilə təsir göstərir və onları dəyişdirir. Yəni bu kütlə ona daxil olan fərdlərin xarakterinə uyğunlaşmadan canlı orqanizm kimi yeni və fərqli xarakter əmələ gətirir. Filmdə kütlə üzvlərinin zəkaları, intellektual bacarıqları eyni olmasa belə, onların istəkləri, fikirləri və əxlaqi düşüncələri ya eynidir, ya da çox yaxındır. Məhz kütlənin mistik gücünün əsasında dayanan təhtəlşüurdur. Onların müsəlmanlar, Orta şərq xalqları haqqındakı düşüncələri öncədən düşünülmüş, ağılla mühakimə edilmiş nəticələr deyil, təhtəlşüurda yerləşən, nəsillərlə gələn, bir çox xarici təsirlərin (media, siyasət, ideologiya) aşıladığı bəsit, radikal fikirlərdir. Təhtəlşüur, kütlənin hisslərini, düşüncələrini meydana çıxarır. Yəni təhtəlşüurun üstünlüyü fərd olaraq insanın qabiliyyətinin, xarakterinin silinməsinə gətirib çıxarır. Kütlə olaraq verilən qərarlar (görüş keçirmək, media orqanlarının dəvəti, məkana zərər vurmaq) bir axmağın qərarından üstün deyil və daha da aşağı ola bilər. Filmdə gördüyümüz kütlənin söz və ya hərəkətlə siraət etməyə malik olmasıdır. Fərd, üzv olduğu kütlədə öz mənafeyini hansısa bəsit, ona heç bir yararı olmayan fikir uğrunda fəda edə bilər.Tamaşaçı filmdəki bir yerə yığışan bu insanları fərd, şəxsiyyət olaraq qavraya bilmir. Onlar kütlənin parçasıdırlar.


Məsələn, bir səhnədə onlar uşaqlar tərəfindən Yaranın qardaşının döyüldüyü videonu izləyirlər. Tamaşaçı məhz bu anda özü ilə kütlənin baxışındakı fərqi anlayır. Tamaşaçının və kütlənin videoya yüklədikləri məna tamamilə fərqlidir. Bizim gördüyümüz, dözülməzlikdən yaranan şiddət idi. Kütlənin gördüyü isə yetişdirdikləri nəslin cəmiyyətini müdafiə üsuludur. Onlar üçün bu uşaqlar qəhrəmandır. Bu, kütlə psixologiyasında bizə tanış olan fərdin şəxsiyyətini itirməzdən öncə qorxağı qəhrəmana, haqsızı haqlıya çevirmə prosesidir. Kütlədən kənar duran T.J kütlə tərəfindən təzyiqə məruz qalsa da, ağıl onu bu fikirlərə baş əyməyə qoymur. Çünki kütlədə hər hansı ağılla düşünülmüş hərəkət və fikirlərdən söz açmaq belə mumkün deyil. Filmdə kütlənin tipik xüsusiyyətləri olaraq hadisənin şişirdilməsi, səhv müşahidə aparılmasını görürük. Aydındır ki, Avropa kütləsi ilə Orta Şərqdəki insan kütləsi arasında ciddi fərqlər mövcuddur. Modern dünyada Avropa xalqları toplu şəkildə yaşamaq, ailə içərisində kollektivlik kimi məfhumlara yadlaşma dövrünü yaşayırlar və getdikcə bu proses irəliləyir. Orta Şərq xalqlarının daha bir bədbəxtliyi məhz hər zaman kütlə halında hərəkətləridir. Kütlə halında hərəkət onlara tarix yazmaq baxımından çox şey verir. Amma fərdiliyin, tənhalığın varolma nəzəriyyəsinə görə şəxsi inkişaf, sağlam düşüncə baxımından əhəmiyyəti böyükdür. Şərq mədəniyyətində fərdilik, tənha qalmaq qorxusunun mövcudluğu, daimi aidiyyət hissi onları hər bir sahədə kütlə şəklində hərəkətə məcbur edir. Məhz əsas fərq də daimi kütlələrin verdiyi zərərin daha böyük və dəhşətli olmasıdır. Bu kimi kütlələrdən qopan yeni nəslin nümayəndəsi olaraq Yara yaradılmış təsəvvürü dəyişdirəcək nümunədir. Yaranın köçkün olaraq tamamilə fərqli məkana yerləşməsi, aid olduğu məkanla əlaqələrin kəsilməsi, taleyini dəyişdirməyin (geri dönmənin) mümkünsüzlüyü şəxsiyyət olaraq yeni məkanda təsdiq olunmağın çətinliyinin simvoludur. Yaranın atasının həbsxanada olması ilə ozünün və ailəsinin yad bir yerdə, hər bir aspektdən sərhədlər və maneələrin əmələ gətirdiyi həbsxanada olmasının eyniliyinin təsviri verilir.


Yaranın digərləri ilə əlaqə qura biləcək aləti fotoaparatıdır. Onun sərhədlənmiş bu məkanda yeganə azadlığı çəkdiyi şəkillərdir. Ziqfrid Krakauerin modern dünyada təmsil forması kimi fotonun üstünluyünü qeyd edir. Çünki foto, görüntü ilə tarix yazmaq qabiliyyətinə malikdir. Yara, T.J ilə dialoqunda fotoaparatında  baxılmasının belə dəhşətverici olduğu fotoların olduğunu deyir. Bu insanın yaşadığı zamanın hadisələrini əbədiləşdirmək istəyidir. Haradan gəldiyinin, şəxsiyyətinin təsdiqetmə formasıdır. Yaranın fotoaparatının “tarix yazması” çəkən tərəfindən görüntüyə müdaxilə edilməməsinin nəticəsidir.Yəni səhnələşdirilməməsidir. Fotonu çəkmək üçün həmin hadisəyə, məqama yadlaşmaq. M.Prustun dediyi kimi, foto yadlaşmanın məhsuludur. Duyğuların hakimliyi anı itirməyimizə səbəb olur. Ona görə də Yara, çəkdiyi həmin hadisəyə ,təsvirə bir anlıq yad, şahid olmalıdır.

Üçüncü Dünyanın birinci Dünyaya qarışma prosesini çəkilmiş fotoların Şərq musiqisi altında nümayişi zamanı görürük. Əgər Qərbdə çoxmədəniyyətlilik sözünü işlədə biliriksə, bunun bir səbəbi həmin Üçüncü dünyadan insanların könüllü və ya məcburi köçüdür. Qərb ölkələrinin həyatın bütün tərəflərinə yeridilən “yad insan” qorxusu, filmdə göstərildiyi kimi kütlə təhtəlşüurunda artıq yerləşib. Yad insan dediyimiz müsəlman, qorxu dediyimiz anlayış isə Qərbdə geniş yayılan islamafobiyadır.


Digər bir tərəfdən dil, tərcümə də köçkün qruplarında əsas problemləri üzə çıxarır. Tərcümə orijinal məlumatın tam deşifrə edilmədən ötürülməsidir. Bu bir növ şəffaflığa xəyanət kimidir. Çünki tərcümə olduğu kimi deyil, başqa şeyə çevirərək özünü ön plana çıxarır. Necə deyərlər, pis təqlid hesab olunur. Yaranın ingiliscə danışması, məcburiyyəti, xəyalının kölgəsində duran, özgə dilin istifadəsi hisslərin çatdırılmasında belə fərqlilik yaradır. Yara və ailəsi hər şeylərini itirərək yeni dünyada varlıqlarının təsdiq edilməsi məcburiyyəti ilə qarşı-qarşıya qalıblar. Kütlədən fərqli olaraq şəxsiyyətin itirilməsi deyil, dəyişilməsi prosesinə giriblər. Yəni Yara və onun timsalında minlərlə köçkün mülk, qan, soy, dili bir kənara qoyaraq öz varlıqlarının onlara aid olmayan, istəkləri daxilində baş verməyən hər şeyə görə yeni cəmiyyətdə məsuliyyət daşıması təhlükəsi ilə qarşılaşıblar.

T.J obrazı modern dünyada insan tənhalığının təsviri kimi verilmişdir. O, qərbli olaraq fərdiliyin gətirdiyi mənfi və müsbət cəhətlərini özündə birləşdirir. Onun ən böyük problemi yaşadığı cəmiyyətdə hər şeyə yadlaşmasıdır. Hər sey onun üçün keçmişdə qalıb. Evi, işlətdiyi pab, xatirələr keçmişin qalıqlarıdır. Amma bu T.J-nin  seçimi deyil. Fərd olaraq o, ehtiyac hissi ilə yaşayır. Lazım olmaq anlayışı insanın yaşadığı  sosial çevrədə təsdiqedilmənin vasitəsidir. Onun Yaraya və suriyalı ailələrə yardımı, bütün tədbirlərə başçılıq etməsi, itinə görə hər səhər tezdən durması, bütün sakinlərə yardım etmək istəməsi, daxilində baş qaldırmış ehtiyac və arzunun doyurulmasıdır. Lakin bütün bunlarda heç bir qarşılıq gözləmir. Bu məqamda Nitsşenin, insanın digərinə verdiyi həddindən artıq qarşılıqsız yaxşılıqların fəlsəfi baxımdan doğru olub-olmadığı yada düşür. T.J-nin hər kəsə köməyi, əslində, həyatında hədəf  kasadlığının göstəricisidir. Burada digərinə verilən həddən artıq dəyər  “mən o qədər də dəyərli deyiləm”  mənasını verir. Nitsşeyə görə, öz acizliyindən əziyyət çəkən biri, özünə dözə bilmədiyindən başqasına doğru qaçar. Yəni, əslində bütün bu yardımlar T.J üçün bir qaçış vasitəsidir. T.J-nin heç bir kütləyə daxil olmadan bitərəf qalmaq istəsə də filmin gedişatında bu əxlaqi məsələyə çevrilir. Məkanın arxa otağında təşkil olunan nahar bizə insanları bir-birindən ayıran əsas cəhətin onlara təhkim olunmuş dini, ideoloji, siyasi vəzifələr olduğunu göstərir. Həmin otaq tarixiliyini qorumaqla bir vaxtlar Qərbdə mövcud olmuş birlik ənənəsinin izlərini daşıyır. Amma zaman bu ənənəni dəyişdirdi.


Filmdə məkanın adının “ The old oak” (Köhnə palıd) olması heç də təsadüfi deyil. Dini, mifik və tarixi mənalarla izah oluna bilər. Məlumdur ki, palıd ağacı heybətli görkəmə malik olduğundan güc, qûdrət, əbədiyyət və yenilməzlik rəmzi də hesab oluna bilər. İngilislər üçün isə palıd ağacı böyük tarixi əhəmiyyətə malikdir və hər il bayram kimi qeyd olunur. Buna səbəb İngiltərədə müharibə zamanı Kral II Çarlzın uduzması və palıd ağacında gizlənərək xilas olmasıdır. Mifologiyada palıd müqəddəs sayılır və qədim xalqlarda bu ağacı kəsən ölüm cəzasına layiq görülürmüş. T.J -in məkanı İbrahimin palıd ağacının altında  qurduğu çadırla eyniləşir. Bu məkanın mistik və müqəddəs havası burada olan bütün insanların hələ təktanrılı dinlər yaranmamışdan öncə, irqi ayrıseçkiliyin, hər hansı siyasi ideologiyaya qurban verilməyən insanlığın metaforudur. Birlikdə nahar etdikləri bir otaq bətnin bənzəri kimi hamını öz daxilində eyniləşdirir. Heç kim digərindən üstün deyil. Hamı bərabərdir. İnsanın məsumluğunun, bərabərliyin pozulması bətni (məkanı) tərk etdiyi zaman başlayır.

Şəlalə Bədəlova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya