İNDİ OXUYUR
“Qızıl palma budağı”ndan Oskara qədər

“Qızıl palma budağı”ndan Oskara qədər

Rejissor Şon Beykerin dünya premyerası Kann festivalında baş tutan “Anora”sı  burada “Ən yaxşı film” seçilərək diqqətləri özünə çəkmişdi. Bu, bir çoxları üçün gözlənilən idi, çünki Beyker əvvəlki filmlərində də Amerika cəmiyyətinin astarına toxunmağı seçirdi. Onun qəhrəmanları seks işçiləri, porno ulduzlar, transgenderlər, iqtisadi vəziyyəti pis olan valideynlər, “Disneylend”in yanında yaşayıb ora heç vaxt girməyən (və ya girə bilməyən) uşaqlardır. Beyker azbüdcəli, müstəqil filmlərlə artıq özünü uğurlu rejissor kimi təsdiq etmişdi və bu uğuru yeni bir səviyyəyə daşıyaraq daha geniş auditoriya tapmağı təəccüblü olmazdı. “Anora” ilə qazandığı uğur da həmin gözləntilərin boşa çıxmadığını göstərdi.

Şon Beykerin klassik kinoya bəslədiyi sevgi, seçdiyi mövzulara yanaşmasında da hiss olunur. “Florida layihəsi”, italyan neorealizminin 2010-cu il amerikasına adaptasiyasıdır. Transgenderlərdən bəhs edən “Mandarin” filmi də özündə eksentrik komediya ilə dövrün ictimai-sosial həyatını birləşdirirdi. Rejissorun profilinə bu qədər geniş yer verməyimin səbəbi “Anora” filminin sözügedən elementləri özündə birləşdirməsi və inkişaf etdirərək əyləncəli formada çatdırmasıdır.

“Anora” ilk baxışdan sadə bir hekayədir: Kasıb qız – 23 yaşlı Ani varlı oğlanla – Vanya, öz dediyinə görə 21 yaş – qarşılaşır və onlar arasında ildırım sürətli sevgi yaşanmağa başlayır. Ani barda qucaq rəqsi edir, gəlib-gedən müxtəlif mötəbər qonaqları razı salır, bəzən isə pul qarşılığında görüşür. Vanya isə atasının milyardları hesabına nağıl kimi bir həyat yaşayır və heç bir ciddi işlə məşğul olmadığı aydın görünür. Ərköyün oğulun ildırım sürətli eşqi və Las-Veqasda Ani ilə evləndiyi xəbəri tezliklə uzaq Rusiyaya da çatır və ondan məsul olan Toros və Qarnik məsələni araşdırmaq üçün Vanyanın evinə göndərilir. Onlar hər ehtimala yanlarında qoluzorlu İqoru da götürürlər.


Ani mühacir ailədən çıxıb. Onun yaşadığı bölgə – Brayton-Biç də, əsasən, Şərqi Avropadan gəlmiş şəxslərin, ələlxüsus rusların kompakt yaşadığı zonadır. Təsadüfi deyil ki, burada hekayənin bütün qəhrəmanları immiqrantlardır. Toros və Qarnik rus oliqarx üçün çalışan erməni obrazlarıdır. İqor nənəsindən qalma Mersedesi sürən rusdur. Aninin də bir tərəfi özbəkdir, onu Vanya ilə tanış edən təsadüf də elə az-maz rusca bilməsidir. Şon Beyker immiqrantları qəhrəman seçərək Hollivud kinosu üçün çox da yad olmayan bir mövzuya toxunmağı bacarır: Amerikan arzusu. Bu, Amerikaya daha yaxşı həyat dalınca gələn, daha yüksək rifah arzusunda olan şəxsləri təsvir etmək üçün istifadə olunan termindir. “Amerikan arzusu” ABŞ-də yüksəlmək və sosial nərdivanda qalxmaq istəyən hər kəsin ortaq məqamıdır. Rejissor bu mövzuya vurğunu gücləndirmək üçün rəng paletini də ona uyğun seçir. Filmdə qırmızı və mavi tonlar önə çıxır ki, bu da ABŞ bayrağının elementləri kimi oxuna bilər.

“Anora”da diqqətçəkən məqamlardan biri, hekayənin sadəliyi və bəsitliyidir. Çünki həm varlı qız-kasıb oğlan mövzusu, həm də öz arzularına bir anda çatan qəhrəman hekayəsi dəfələrlə istifadə edilib. Sehrli ayaqqabı geyərək şahzadəni özünə aşiq edən Zoluşka hekayəsi ilə Aninin hekayəsi oxşardır. Ancaq Şon Beyker bu motivi götürəndə nağılvari başlanğıc təklif etsə də, sonrasını dekonstruksiya edərək nağılı faciəyə çevirir. Bu faciə siniflərarası keçidin mümkünsüzlüyünə, sevginin bütün əngəlləri aşa bilməyəcəyinə, insanların aid olduğu yerdə daha dəyərli olduğuna dair baxış təklif edir.


Bir seks işçisi olaraq Aninin portreti kifayət qədər diqqətəlayiqdir. O hər nə qədər Vanyadan xoşu gəlsə də, onunla evlənsə də, ehtiyatı əldən buraxmayan obrazdır. Bütün sövdələşmələrində pulu unutmur, hətta lazım olanda qiymət danışmağı da bacarır. Mayki Medisonun uğurlu performansı bu obrazın nüanslarını çox yaxşı çatdırır. Ani tamamilə acgöz deyil, ona qarşı ikrah hiss etmirsən, əksinə, ona simpatiya bəsləyir və hərəkətlərinə bəraət qazandırmağa çalışırsan. Mayki Medisonun obraza hazırlıq məqsədilə rusca öyrənməsi, üç ay “pole dance”la məşğul olması, oxşar məkanlara girərək oranın insanları ilə ünsiyyətə girməsi aktyorun Oskar kampaniyası ərzində danışılan mövzulardan bəziləri idi. Bunun nəticəsi olaraq da Mayki Medison “Ən yaxşı aktrisa” mükafatı qazandı.

Ani ilə bağlı digər məqam – öz adının qısaldılmış versiyasını seçməsi və başqalarına da özünü məhz “Anora” yox, “Ani” kimi təqdim etməsidir. İqor ilə dialoqu zamanı o belə deyir: “Amerikada adların heç bir mənası yoxdur”. Obrazın dilindən eşidilən bu cümlə həm də Amerikanın şəxsiyyətləri parçalaması, onları dəyərsizləşdirib sistemin bir hissəsinə çevrilməsi kimi yozula bilər. Axı, bir insan niyə mənası “şərəf, ləyaqət” olan “Anora” sözünün yerinə heç bir mənası olmayan “Ani”ni seçər? Filmin həm də ssenari müəllifi olan və “Orijinal ssenari” mükafatı qazanan Şon Beyker obrazın xarakteristikası ilə yanaşı amerikan sisteminin fərdlərə qarşı münasibətini bu cür yozumla dilə gətirir.


Yazımın əvvəlində Şon Beykerin yaradıcılığında eksentrik komediyaya üstünlük verdiyini qeyd etmişdim. “Anora” da sözün əsl mənasında eksentrik komediyadır. Filmin ilk aktı sevgi filmlərinin başlanğıcı ilə oxşarlıq təşkil edir. Ancaq, ailənin öz adamlarını göndərib evliliyi pozmaq cəhdləri istiqaməti dəyişir və filmə yeni nəfəs gəlir. Bu yeni nəfəs isə məhz eksentrik komediyadır. Obrazlar qəsdən karikaturlaşdırılır, onların kobud və köntöy davranışları insanı güldürür, Aninin nəzarətdən çıxan qəzəbi isə filmin gərginlik dozasını artırır. Ani inanmaq istəyir ki, onun rəsmi evlilik şəhadətnaməsi var və onları heç kim ayıra bilməz. Axı, Amerikada qanundan ali nə var? “Xaç atası”nın açılış səhnəsində Don Korleonenin yanına gələn Bonaseranın dediyi “Mən Amerikaya inanıram” sözü Ani üçün də keçərlidir: O, Amerikaya inanır.

Ancaq bu köntöylük və kobudluq içərisində öz zərifliyi ilə diqqət çəkən başqa bir obraz da var: İqor ilk baxışdan “qopnik” kimi görünsə və adlandırılsa da, hər zaman Aniyə həssas yanaşması ilə digərlərindən fərqlənir. Hətta Aninin özünün İqora baxışı birmənalı deyil. Onu öz geyiminə, üslubuna və görünüşünə görə tənqid edir, xor görür. İşin ironik tərəfi odur ki, Ani özü filmboyu ən çox bu cür tənələrə məruz qalan obrazdır. Müxtəlif qəhrəmanlar onu fahişə adlandırır və Ani inadla elə olmadığını sübut etməyə çalışır. Film başqalarının tənələrindən bezən obrazın özünün də eyni səhvi etdiyini çox dəqiqliklə çatdırır.


Filmin mövzusu ilə onun forması, xüsusilə, montaj həlli bir-birinin içinə keçir. Gecə həyatının dinamikliyi montajda da özünü göstərir, başlanğıcdan etibarən sürətli montajla məkanlara, hadisələrə ötəri nəzər salınır. Bu, həm də Aninin həyatının montaj həllidir: O, bir çox kişilərə xidmət göstərir, müxtəlif məkanlara gedir, dərin və mənalı münasibətlərə yer qalmır. Hadisə ancaq ciddiləşəndən sonra həmin o ötərilik azalır və qəhrəmanlara daha diqqətlə nəzər salmağa başlayırıq. Burada isə musiqi, montaj həlli kimi elementlər yerini əvvəlcə komediyaya, sonda isə drama verərək son ana qədər müxtəlif emosional qatlarda gəzişir.

Şon Beyker filmin əsas ideyasını son səhnəyə saxlayır və unudulmayacaq bir finala imza atır. Ancaq, ondan əvvəl itkin düşən Vanyanı axtaran dörd qəhrəmanı görürük ki, burada onların hər nə qədər fərqli kimi görünsələr də, eyni sinifdən gəldiklərini duyuruq. Bu insanları eyni sinifə mənsub olmaq və varlıların həyatına sadəcə ötəri daxil ola bilmək, onların istəklərini yerinə yetirərək pul qazanmaq və bundan daha çoxuna nail ola bilməmək birləşdirir. Ani ilə İqorun yaxınlığı isə həmin bərabərhüquqluluğu aşkar formada göstərir.


Filmdə seks işçiliyi əsas mövzulardan biridir və məhz son səhnədə öz məntiqi sonluğunu tapır. Ani Vanya ilə münasibətdə onu tələsməməyə, prosesdən zövq almağa sövq etmək istəyir. Vanyanın tələskənliyi və Aninin məyusluğu obrazın seksual işçiliyinə dair bədii həlldir. Çünki bir tərəfdə gördüyü işdən heç bir zövq ala bilməyən, digər tərəfdə isə pul ilə hər şeyi ala biləcəyini düşünən insan var. Şon Beyker Ani və Vanyanın ötəri sevişmələrini insanın öz bədəninə yadlaşmağın təzahürü kimi göstərir. Bu ötərilik ancaq İqor tərəfindən rədd edilir və Ani Anoraya çevrilərək özünü İqorun qollarına buraxır.

Burada gözləri dolmuş Anoranın “Amerikan arzusu”ndan uzaq düşdüyünü, hətta bu arzunun mümkünsüzlüyünü anladığını duyuruq. “Amerikan arzusu” ancaq oliqarx oğlu olan Vanya üçün, milyonları olanlar üçün keçərlidir. Aşağı sinifdən gələn, tək inandığı şey nikah şəhadətnaməsi olan Anora üçün bu arzu mövcud deyil və heç vaxt da mövcud olmayıb. Çünki etibarlı Amerika çürüməyə başlayıb, insanlar öz şərəf və ləyaqətlərini itiriblər. Burada şərəfini qorumağın, Anora olmağın yeganə yolu bütün qərəzləri kənara qoyub öz sinfindən olan insanlarla həmrəy olmaq, xam xəyal ardınca qaçmayıb yaxınlıqdakı həqiqi sevgini duymaqdır.

Hacı Səfərov

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya