“Qış yuxusu” – cılızların tənhalığı
Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmi, mənzərə təsvirləri ilə, rejissorun taktik olaraq seçdiyi statik, uzun kadrlarla başlayır. Bu musiqisiz kadrlar tamaşaçını qəhrəmanların dünyasına düşməyə, onları “eşitməyə” hazırlayır. Görünən odur ki, belə üsul sadəcə bir rejissor taktikası deyil.
Nuri Bilgənin musiqisiz statik kadrları çoxlarının düşündüyü kimi, həyatla kino arasına bir “intellektual darıxdırıcılıq” cızığı qoymur, əksinə, başqa filmlərdə musiqi, sürətli montaj, çoxplanlılıq, çoxrakursluluq kimi gözəçarpan kino komponentlərilə bol, hadisələrin başqa zaman sürəti ilə baş verdiyi “nağıl-kino”ya “etiraz edir”.
Rejissorun, tənqidçilərin filmlərində simvol axtarmasını (hətta özü nəsnələrə mənalar yükləsə də), həzm edə bilməməyi də bu üzdən ola bilər – axı o, hər cür quramadan imtina edib. Bir ehtimal…
“Qış yuxusu”nun qəhrəmanı Aydın keçmiş aktyordur, otel biznesi ilə məşğuldur, bizneslə bahəm ziyalı missiyasını da üzərinə götürüb: heç kimin oxumadığı qəzetə didaktik məqalələr yazır. Bu ehtiyac hardandır? Keçmiş sənətindən ona yaradıcı elita olmaq yanğısı qalıb yoxsa? Aydının özü ilə, məqalələrinin məzmunu ilə tanış olduqca, bu ehtimalımız aradan qalxacaq.
Aydını bu yazıları yazmağa vicdanı vadar edir. Aydın, Levent Hoca kimilərin bir parça çörək üçün tər tökdüyü dünyada maddi öz zənginliyinə, yaxşı yaşamaq lüksünə bəraət qazandırmaq istəyir. Bu bəraətsə həmin məqalələrdir: kasıbların antiestetikliyini, mədəniyyətdən uzaq olmasını (halbuki təqdir etdiyi milli mədəniyyəti elə iyrəndiyi xalq yaradır) vurğulayır, onu məqalə yazmağa Hamdinin pulsuzluq üzündən yolu piyada gəldiyi üçün palçığa batmış ayaqqabıları ruhlandırır…
Və bir yerdə bu klassik konflikt-“mənəvi zənginlik-maddi zənginlik konflikti”- ən çeynənmiş nümunəni tam tamaşaçı qıcığına doğru itələyir: İsmail Nihalın gətirdiyi pulu ocağa atır. Qəsdən düşünülmüş klişe. Məgər filmin özündə İncildən “Vanya dayı”yadək sitatlar, göndərişlər yox idimi? Aydının şəcərəsi ədəbiyyat tarixi boyunca gəzişmirmi? Tamam, elədir.
Aydının simasında kasıb qonaq üçün qayğıkeşcə çəkələk gətirdən, amma bir anda qadın çəkələyi geydirib onu əzik duruma düşürən, hər addımda qarşısındakını aşağılamaq üçün daha incə məqamlar axtaran tipik otel rəhbərini də görmək olar, aqressiv və tamahkar snobu da, alicənab görünmək istəyən xırda merkantili də, sadəcə tənha kişini də…
Məsələ təkcə kapitalist dünyada snob ziyalını ifşa etmək deyilmiş; müəllif daha dərin qatlara baş vurur, Aydının tüm saxta tövrləri içində onun tənhalığını, qorxularını, yalqızlığını göstərir. Məlum olur ki tənhalıq yalnız mənəviyyatca zənginlərin deyil, cılızların da payıdır. Həm də cılızlığını dərk edənlərin əzabı min qat artıqmış; Bu əzabla daha qəzəblidirlər, daha əzicidirlər, əzici olduqca daha cılızdılar.
Nuri Bilgə hər saniyəni, hər kadrı, hər baxışı doldurur. Aydına nifrət etmirsən artıq, daha dərini – ona acıyırsan, yazığın gəlir. Acıdığın adamısa nə sevə, nə nifrət edə bilərsən. Onu ancaq yük kimi içində gəzdirərsən. Aydının arvadı Nihal eynilə belə edir. İllərlə daşımaqdan yorulsan da, atmağa qıymadığın biridi Aydın. At (azadlıq) saxlayıb, dovşan (qorxular) öldürsə də, öz mənəvi xarabalığından (Kapadokya) çıxa bilməyən bir zavallı…
Filmin qoyduğu daxili zənginlik və maddi zənginlik problemi daha çox dialoqlarda çözülür. Bu klassik, “çeynənmiş” amma aktual konflikt Aydınla – biznesmen ziyalı ilə müəllim Ləvəntin (maarifçi) Suavinin evindəki dialoqunda öz kulminasiyasına çatır; Aydının estetika və mədəniyyət haqda məqalə-bəraətləri alt-üst olur. O, kamera qarşısında ən antiestetik vəziyyətə düşür – içkinin təsirindən yediklərini qaytarır…
Qoyulan konfliktin hadisədə yox, dialoqlarda açılması filmin qüsurudurmu?
Hadisələr və dialoqlar arasında qopuqluq, daha doğrusu, təkrarçılıq təbiidirmi?
Dialoqların uzunluğu, nəsrvariliyi, sitatlardan bolluğu, əlbəttə, qəsdən düşünülüb. Və o uzun dialoqlar, yalnız mürəkkəb obraz üzərindəki peşəkar aktyor oyunu sayəsində yorucu deyil. Ümumiyyətlə, bütün aktyorlar bu baxımdan peşəkar, mükəmməl oyun təqdim edirlər – onların bir neçə dəqiqədə obrazın bütün həyat yolundakı çətinlikləri, nələrlə əlləşdiklərini göstərmək kimi çətin tapşırığı var: oyununu qəhrəmanının “kasıb da olsaq, qürurumuz var” kompleksindən qoparan Necati İşlər də, vaizlikdən deyil, yoxsulluqdan xarakterinə zəvzəklik kimi qazanılmış xasiyyət qatan imam Hamdini oynayan Serhat Kılıç da, zəvzəkliyə ehtiyacı olmayan, amma eyni döşəmədə sürüşən ucuz ayaqqabılarına görə ağasından bərk yapışmalı olan Hidayəti oynayan Ayberk Pekcan da qəhrəmanlarını yaxşı tanıyırlar.
Bəs filmdə “klişe”lərin, sitatların, dialoqların verilməsinin məqsədi nədir? Bu sual verilən andan Aydın fəlsəfi fenomenə çevrilir. Kapadokyanın dolanbac cığırlarla sarınan, uzaqdan labirint kimi görünən mənzərəsinin fonunda Aydın… O, getməyə cəhd edir – ilxıdan gətirdiyi atı buraxır… Amma təbiəti dəyişmək olmaz. O, bacarmır və yenidən öz daxili labirintinə – Kapadokyaya – aşa bilmədiyi adlamalara, onu eyni yerə gətirən cığırlara qayıdır.
Əlbəttə, Soma mədənçilərinin xatirəsini yad etmək üçün (rejissor Kann festivalında Soma mədənində həlak olanların xatirəsini anmışdı) qışda cəmi bir-iki dəfə qalanan ocaqların bütün soyuğunu hiss etmək, acığı arvad-uşaqdan çıxan sərxoş ismayılları başa düşmək, ucuz ayaqqabıların yaş döşəmədə sürüşdüyünü bilmək, əlində gah odun, gah qəhvə aparıb gətirən dilsiz-ağızsız sevdaların nələr susduqlarını eşitmək lazımdır. Bütün bunlar tamaşaçını pessimist fəlsəfəçiyə çevirəndə isə fokusu daha geniş açmaq lazımdır.
Gerisi tamaşaçının işidir.
“Qış yuxusu”nun finalı da “Bir zamanlar Anadoluda”, “İqlimlər”, “Üç meymun” filmlərinin finalını təsdiq edir: “Qadın bətndir, yerdir və kişinin qadından başqa getməyə yeri yoxdur”. Aydın Kapadokyaya, Nihalın yanına qayıdır. Onun tapınmağa başqa yeri yoxdur… Bu artıq instinktivdir.
Düşüncə, ruh, ədəbiyyat, mədəniyyət, təbiət və instinktlər üzərində mənasız bir yükdürmü?
Bütün dövrlərin dəfələrlə verilmiş köhnə, açıq sualıdır. Bu sürətli internet əsrində düşünmək üçün üç saat vaxt verilir…
Aliyə Dadaşova