İNDİ OXUYUR
Qırmızı – etirafın rəngi

Qırmızı – etirafın rəngi

Sevindiricidir. Kinomuz artıq ədəbiyyatımıza qovuşmaq niyyətindədir. Azərbaycan kinosunun boylandığı çəpərin o üzündədir Azərbaycan ədəbiyyatı. Oradadır. Kinomuza əl yetirə biləcək qədər addımlayıb artıq. İndi isə növbə kinodadır. Əsas məqsədlərdən biri, ədəbiyyatla dil tapmaq, şairanə baxış sərgiləməkdir. Söhbət, kinonun quruluqdan azad olub poetikaya əsir olmağından,  kadrlarından şeirin süzülməsindən, rənglərin ünsiyyətindən gedir. Narın qırmızısı kimi. Mirbala Səlimlinin “Qırmızı bağı”-ı kimi.


“Qırmızı bağ” filminin istehsalına teatr ve kino rejissoru, ssenarist, Əməkdar incəsənət Xadimi Mirbala Səlimli tərəfindən 2011-ci ildə başlanılsa da, 2016-cı ildə tamaşaçılara təqdim olunub. Bu qədər fasilə, rejissor və onun “ilham pərisi” ilə olan münasibəti haqqında düşünməyə sövq edir. Müsahibələrinin birində illər ərzində çəkiliş prosesində durğunluğun olmadığını, ssenarinin davamlı dəyişdiyini söyləyən müəllif, ildən-ilə mövzuya olan baxış bucağında yaranan dəyişikliyi öz kimliyinin inkişafı ilə əlaqələndirir. Bəs sizcə necə? İllərlə istehsalat mərhələsində olan və davamlı dəyişən bir filmin uğurlu olma ehtimalı nə qədərdir? Fikrinizcə, çəkiliş prosesinin illərlə uzanmasına baxmayaraq, ideyanı ilkin təravətində saxlamaq həqiqətən ustalıq tələb edir? Səksəkənizə son qoyub, suallarınıza cavab verəcək, həm də sizi suallar aləminə qərq edəcək “Qırmız bağ” filmi. Qırmızı ehtirasın, şəhvətin, bəzən nifrətin, bəzən isə dava-dalaşın rəngi kimi yozulsa da, zənnimcə, rejissorun bu filmində qırmızı – etirafın, insanın öz “məni” ilə barışıqlığının rəngi kimi ifadə olunub.


Rejissor Mirbala Səlimlinin ilk tammetrajlı bədii filmi olan “Qırmızı bağ” 15-ci Dəkkə Beynəlxalq Film Festivalında “Ən yaxşı bədii film”, Trabzon  Beynəlxalq Film Festivalında “Altın kemança” və s. mükafatlara layiq görülmüşdür. Filmin ilk dəqiqələrindən ekranlarda tutqun ab-hava kadrları dramatik mövzunun müjdəçisidir. İlk olaraq təbiət ünsürü –  filmdə ağacın təzahürü və birbaşa təbiətlə ünsiyyət XX əsr dünya kinosunun və rus kino məktəbinin parlaq nümayəndəsi Andrey Tarkovskini, müasir rus rejissoru Andrey Zvyagintsevin dəst-xətini xatırladır. Elə bu dəst-xətdən ilhamlanaraq deyərdim ki, filmi uğurlu edən tərəf onun vizual estetikası, kadrların bədiiliyi və tamaşaçı ilə yaratdığı obrazlı əlaqədir. Filmdə baş verən hadisələr fleşbek səhnələrlə çatdırılır. İlk olaraq, tamaşaçı, ixtisasca təbiətşünas müəllimi olan Abbas müəllimi vəfat  etmiş həyat yoldaşı Vəfanın məzarı başında görür. İzləyicinin, Abbas müəllimin daxili aləmi ilə ilkin tanışlıqlarından biri onu yolütsü məktəbə aparan mollanın maşınında olur. Mollanın “ölənlə, ölmək olmur” nəsihətedici monoloquna Abbas müəllimin hiddətlənməsi onun yoldaşının ölümü ilə barışmadığını göstərir. Zahirən qaraqabaq olan Abbas müəllimin narahatlığı, filmə yeni qəhrəman – Orxan daxil olduqdan, məktəbə qayıdışından sonra başlayır. Hadisələrin xronoloji ardıcılıqla irəlilədiyi məqamda, fleşbek səhnələr gərgin atmosferin açarına çevrilir.


Keçmiş və indiki zaman arasında get-gəl edən iki əsas qəhrəman – Orxan və Abbas müəllim arasındakı gərginliyi şərh edir. Orxan, Vəfa və Abbas müəllimin münasibətlərinə  nəzər salsaq, ər və arvadın xoşbəxt göründüyü kadrlarda Orxanın qısqancvari davranışları onu, iki şəxs arasındakı qara pişiyə çevirir. Abbas müəllimin nifrətini qazanmış Orxanın, sanki bilərəkdən Vəfanın əri ilə olan xoşbəxtliyinə mane olması, hətta onların bir-birlərinə yaxın  olduğu anlarda “gəlişi ilə aranı qatması” içindəki gizli Edip kompleksinin varlığından xəbər verir. (Edip kompleksi – uşağın əks cinsdən olan valideynə olan istəyini və eyni cinsdən olan valideynə qarşı qısqanclıq və qəzəb hisslərini təsvir edir. Bu konsepsiya ilk dəfə Ziqmund Freyd tərəfindən psixoseksual inkişafın mərhələləri nəzəriyyəsində təqdim edilmişdir. “Edip kompleksi” ifadəsi oğlanların atalarına nifrətini və analarına olan sevgisini ifadə etmək üçün istifadə edilir.) Nənəsinin vəfatından sonra Vəfanın himayəsinə keçən Orxanın, Vəfaya qarşı münasibəti – onunla sevinməsi, rahat olması, Abbas müəllimə qarşı gizli qısqanclığı, böyümədiyindən və ya böyümək istəmədiyindən xəbər verir. Bu münasibətdən nəzərən onu deyə bilərik ki, Abbas müəllim və Orxan təbiətən, tarixən bir-birlərinə rəqib olan iki eyni cinsin nümayəndəsidir.  Rəqib ifadəsi tarixin minilliklərlə şahidlik etdiyi ata-oğul intiriqası fonunda hələ yumşaq səslənir. Abbas müəllimin Orxanı inkar etməsi və təkrar-təkrar nəslinin davamçısı olacaq övladın Vəfanın özündən olmasını istəməsi, həm Vəfa ilə, həm də öz “məni” ilə mübarizənin əsasını qoyur.


Belə ki, rejissor, hadisələrin fonunda insanın özü və “məni” arasında gedən mübarizəni qabardır. Freydin nəzəriyyəsinə qayıtsaq, bu dəfə üzərində duracağımız mövzu fərdin kimliyidir. Yəni Abbas müəllimin sahib olduğu, psixi strukturda mövcud olan kimlik.  (İd, eqo, supereqo) Abbas müəllimin kökünə olan bağlılığı, stereotiplərə sadiqliyi başa düşülən olsa da, Vəfanı, ölümünə səbəb olacaq riskli hamiləliyə vadar etməsi bir müddətdən sonra daxilində bəslədiyi eqonun ifrat şəkildə təzahürünü göstərir.

Filmdə bir-birləri ilə mübarizə aparan bəşəri varlıqların mübarizəsində əslində təbiət də var. Vaxtı ikən Vəfanın həyatda qalmasına kömək edən sarağan ağacının, bu dəfə işə yaramadığını görsək də, təbiətin rəqib seçdiyi qəhrəmanın ən çox Abbas müəlimin olduğunu dərk edirik. İntihar etmək məqsədilə dərman içən Abbas müəllim yuxuya dalır və o biri dünyanı ziyarət edir. Lakin orada qarşılaşdığı qoca mütləq həqiqəti dərk etməyənə qədər nəinki Vəfanı görə biləcəyini söyləyir, hətta gözləri və qulaqlarının möhürlü olduğunu deyir. O nə görə, nə də eşidə bilir. Bu o deməkdir ki, Abbas müəllim zahirən daxilinin əksini yaşayır.  Lakin öz eqosundan imtina edib, daxili fəsadını dəf edərək, səhvlərini  şüurlu şəkildə dərk edib mütləq həqiqətə çata bilər. O zaman gözləri görər, qulaqları eşidər və dili danışar.


Qəhrəmanın həyata qayıdışı yenidən doğulma kimi şərh edilə bilər. Orxanı övladlığa götürməyə razı olan Abbas müəllim, daxilinə qalib gələrək onu yenidən qurur. Fərqli ab-havadır. Etirafın, həqiqətin rəngidir qırmızı. O həqiqət ki, təbiətin inkarından dönüb iqrarına yönəlib. Filmdə bunu təsdiq edəcək səhnə, Abbas müəllimin Orxanı  himayəsinə götürdükdən sonra sarağan ağacları olan bağı ziyarət edərkən aralarında keçən dialoqdadır.

  • Orxan: Eşidirsən?
  • Abbas müəllim: həm də görürəm.

Filmdə musiqi, meşə və s. elementlər əsaslandırılamadığı üçün detal rolundan daha çox, qarışıqlığa xidmət edir. Sanki rejissorun çatdırmaq istədiyi nəsnələr qeyri-ixtiyari kamera önünə keçərək rabitəsizlik yaradıb. Lakin filmi daha uğurlu edən, rejissorun mövzunu poetik dildə ekrana ötürməsidir. Filmin ərsəyəgəlmə prosesini maraqlı edən məqamlardan biri budur ki, texniki heyətin üzvləri müxtəlif ölkələrdən dəvət edilmişdir. Filmin baş qəhrəmanlarından olan Vəfa rolunu Əməkdar artist Gülzar Qurbanova ifa edir. Aktrisanın filmoqrafiyasında “Ölsəm, bağışla”, “Dolu” “Qəm pəncərəsi” və s. filmlər tamaşaçəya yaxşı tanışdır. Abbas müəllim rolunu canlandıran Əməkdar incəsənət xadimi Maqsud Məmmədov “Nə gözəldir bu dünya”, “Seçilən” “Peşə” və s. filmlərdə rol alıb.

Elza Axundova

Məqalədəki fotolar Dövlət Film Fondundan təqdim olunub.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya