İNDİ OXUYUR
Qeyri-ixtiyari nəfəs

Qeyri-ixtiyari nəfəs

Birinci Qarabağ müharibəsi zamanı Ağdamdan olan döyüşçü Laçında ağır yaralanır. Onun son arzusu Ağdamın bir ovuc torpağını qoxulamaq olur. Yoldaşları onu təcili Ağdama çatdırmağa çalışır, öləcəyindən qorxaraq, qoxulamaq üçün Laçın torpağından verirlər. Torpağa əli toxunan döyüşçü, “yox, bu, Ağdamın deyil” deyir. Ağdama çatanda ona verilən torpağı qoxulayan və acgözlüklə yalamağa başlayan əsgər dünyasını dəyişir…

Rejissor Elmar Bayramovun “Nəfəs” qısametrajlı bədii filmini izləyəndə istər-istəməz yadıma, adını bilmədiyim naməlum döyüşçünün əhvalatı düşdü. İlk epizodlardan birində qəhrəman (Vüsal Hacı Qədir), uzun ayrılıqdan sonra erməni işğalından azad edilmiş doğma kəndinə qayıdanda, əyilib gölməçəyə üzünü bulayaraq onu öpür. Az əvvəl isə həmin gölməçədə oynayan uşağa valideynləri, paltarını buladığı üçün acıqlanmışdı…


“Nəfəs” real hadisənin motivlərinə əsaslanır. Bu, 1994-cü ildə, 18 yaşında erməni hərbçilərinə əsir düşmüş və həyatının iki ilini ağır işgəncələrdə keçmiş Bəxtiyar Nağıyevin hekayəsidir. Ağdamlı əsgər torpağı öpərək onunla vidalaşır. “Nəfəs”in qəhrəmanı isə torpaqla təmas sayəsində, 28 ildən sonra özünəqayıdışa çalışır. Rejissorun məqsədi qəhrəmanın fiziki qayıdışını vurğulamaq deyil. Onun fokusundakı başlıca məsələ, qəhrəmanın torpaq (Vətən) vasitəsilə mənəvi təmizlənmə, yaddaşındakı ağrılı xatirələri silmək, posttravmatik yaşantılardan xilasa cəhdini göstərməkdir… 

Ona görə “Nəfəs”in meditativ ritmdə çəkilməsi təsadüf deyil. Qəhrəman, doğulub böyüdüyü kəndlə, təbiətdəki obrazlarla meditasiya edir və beləcə, film, ümumilikdə, katarsis prosesinə çevrilir, nəinki ənənəvi dramaturgiyanın qanunlarına əsaslanır. Əsas konflikt isə məhz qəhrəmanın daxilində baş verənlər, keçmişindəki pis xatirələrlə mübarizəsi və  özünə qalib gələrək yeni səhifə açmasına ümididir…    

Rejissor, demək olar ki, dialoqlardan istifadə eləmir. İlk səhnələrdəki xırda dialoqları nəzərə almasaq… Hərçənd, qəhrəmanın daxili səsinə (kadrarxası mətn səslənir) və kadrdaxili mətnə də ehtiyac yox idi. Çünki hekayəni anlatmaq üçün təsvirlər (operator Ruslan Ağazadə) aydın və sadə, mizanlar, kompozisiyalar ifadəli və dolğundur. Üstəlik, qəhrəmanın xatirədən-xatirəyə adlayanda emosional dəyişikliyi, o andakı psixofiziki vəziyyətinin dəqiq ifadəsi sözlə izaha yer qoymur. Amma bütün hallarda rejissor, qəhrəmanın monoloqunu (hətta izafi olsa da belə) onun fiziki fəaliyyəti ilə uzlaşdırıb. Məsələn, qəhrəman, müharibədə itirdiyi əzizlərini, işğalı xatırlayarkən, onun reaksiyası həyəcanlı, yeyin hərəkətlərlə, təngnəfəsliklə müşayiət olunur, o, emosional burulğanda vurnuxur. Yaxşı xatirələri isə daha sakit, asta templə ifadə edir. Yaxud, atasının güllələnməsini xatırlaması ilə bağlı keçirdiyi hisslər, yağış altında ətalət halında dayanması ilə verilir.


Ümumən, rejissor, Bəxtiyar Nağıyevin əhvalatının kinometaforunu tapıb və onu poetik intonasiyada işləyb. Filmin bütün ideyası, bir kadrda ifadə olunur: qəhrəman “yenidən doğulmalıydım” deyəndə, onun palçığa bulaşmış üzü görünür; seçilən rakurs, onu, yer üzündə palçıqdan yaranmış ilk bəndə kimi göstərir. Poetik, soyuq payız mənzərələrindən sərt, realist qış təsvirlərinə keçid, onun mənəvi dəyişikliyini göstərən uğurlu təsvirlərdən biridir. Qəhrəmanın dumandan keçərək aydınlığa qovuşması, azadlığını əldə etməsi, quş obrazı ilə həll edilir və bu transformasiya real kadrlardan animasiyaya keçidlə baş tutur. Həmçinin, fleşbeklərin – erməni əsirliyindən qəhrəmanın dostu ilə qaçması, atası ilə evini tərketmə səhnələrinin animasiyada göstərilməsi daha dərin emosional effekt yaradır, bəlkə də real kadrlar bu qədər təsirli ola bilməzdi. Animasiyadan (animasiya rəssamları Kübra Binnətova, Pərviz Heydəroğlu, Murad Zeynal) istifadə, rejissorun da qeyd etdiyi kimi, həm atmosferin qırılmasına imkan vermir, həm də hadisənin orqanik parçası kimi çıxış edir.


Canavarla qarşılaşma səhnəsi, qəhrəmanın əsirlikdə ikən azadlığın mühüm bir dəyər olduğunun dərkinin ifadəsi və mənəvi dəyərlərinin təcəcssümüdür. Eyni zamanda, həyatının metaforudur; o, zəncirlənmiş ana canavarı, təhlükəli olsa da xilas edir və mənəvi rahatlıq tapır. Bu epizodun müxtəlif planlardan çəkilməsi onun təbii qəbul olunmasına imkan verir.

Son səhnələrdə onun, nə vaxtsa torpaqda basdırdığı, 28 il sonra tapdığı məktublarının ünvanı isə hər kəs ola bilər: tamaşaçı, cəmiyyət, vətən.


Final, uşağın, qış fəslinin monoton rəngi ilə kontrast təşkil edən rəngbərəng şarlarla oynaması və sarı şarının göyə uçması ilə bitir. Çünki sarı – günəş rəngidir, parlaqdır, ümiddir, işıqlıdır. 

Yarım saata qədər davam edən filmi bir aktyorla maraqlı qurmaq, hekayəyə xas dinamikanı təmin etmək çətindir. Bu filmin alınması, hər şeydən əvvəl, Elmar Bayramovun real qəhrəman Bəxtiyarı yaxşı tanıması hesabına başa gəlib. Çox müəlliflərin qəhrəmanlarını yaxşı tanımamasının filmdə necə kobud qüsurlara yol açdığını bilirik. E.Bayramov isə qəhrəmanın emosional-psixoloji xaosunu, təbəddülatlarını, daxili dünyasını görə, hiss edə bilib, bu isə ona işləmək üçün münbit material verib. İlk iki səhnədə qəhrəman motosikletçi və gənc ailə ilə qarşılaşsa da ünsiyyətə girmək istəmir, susur və ancaq torpaqla, təbiətlə danışaraq ona sığınır. Niyə? AKİ-nin təşkil etdiyi film nümayişində rejissor, Bəxtiyarın tək yaşadığını, insanlar arasına çıxmadığını dedi. Çünki əsirlikdə olduğu müddətdə Bəxtiyarın dəhşətli işgəncələrlə üzləşməsi onu yaralayıb, dərin travmalar vurub və o, bu səbəbdən təhlükəli olduğuna, özünü nəzarətdə saxlaya bilmədiyinə görə tək yaşayır…


“Nəfəs” filmi insanın özünəqayıdışın, keçmişindən xilasa cəhdinin ağrılı hekayəsidir… Artıq beş ilə yaxındır ki, işğaldan azad edilmiş Qarabağın yaraları sağalacaq, amma müharibənin psixoloji fəsadlarından qurtula bilməyən fərdin sağalmaq ehtimalı azdır. Və “Nəfəs” filmi bu mənada qəhrəmanın, hər şeydən öncə, mənəvi olaraq sağqalma uğrunda, özü olmaq, tam olmaq uğrunda mübarizəsinin təsviridir. Rejissorun əsas mesajı da budur: “Müharibə, insanı öldürür”. Ona görə qəhrəman  “Məni öldürmədilər, amma hər günümü öldürdülər” deyir. Ona görə filmdə gələcəklə bağlı final nikbin, ümidlə bitsə də, Bəxtiyarın taleyi ilə bağlı sonluq açıqdır. Çünki onun özünəqayıdışı bitməyən, davamlı prosesdir.

Tədbirdə, finalla bağlı Elmar Bayramov çox təsirli, sarsıdıcı fikirlər dedi:

“1996-cı ildə Bəxtiyar artıq yox idi. 1996-cı ildən qabaq da yox idi. Sadəcə, cismən qalmışdı. O, son ümidlərini də basdırıb, tamamlandı. Bugünkü Bəxtiyarla heç bir halda əlaqəyə girmək və razı salmaq olmur. Heç kəslə görüşmür. Bəxtiyarın “finalı” yoxdur. Onun “finalı” 1996-cı ildə olub. Bu, sadəcə Bəxtiyarı göstərməyə cəhd idi”.

Sonda altı nəfər əsirin əks olunduğu şəkil görünür. Fotodakı beş əsir necəsə gülümsəməyə çalışır, Bəxtiyardan başqa. Titrlərdə qeyd edilir ki, foto 1994-cü ildə “Qırmızı Xaç” cəmiyyəti tərəfindən əsirlərin ailələrinə, onların yaşadıqlarını bildirmək üçün çəkilib. Həmin fotoda Bəxtiyarın 18 yaşı vardı…

Vüsal Hacı Qədirin ifasına gəlincə, o,  psixoloji və fiziki səviyyədə tapşırıqların öhdəsindən gəlsə də, ifasında emosional dərinlik çatmırdı. Bütün hallarda, aktyorun emosional təcrübəyə ehtiyacı vardı. Yəni  rol üzərində işləyərkən əsir taleyi yaşamış insanlarla görüşüb, müşahidə etməsi vacib idi.

“Nəfəs” filmi Ülviyyə Heydərovanın kinoda ssenarist kimi ilk işidir. Filmin ideyası isə Elmar Bayramova məxsusdur. Rejissor söhbətimizdə qeyd etdi ki, operator Ruslan Ağazadə onun tapşırıqlarını düzgün yerinə yetirib:

“Ruslan, mənim öncədən verdiyim storiborda, kompozisiyalara əsasən çəkib. İşini peşəkar və zövqlü icra edib, storiborddan demək olar ki, kənara çıxmayıb. Çəkiliş prosesinə distant şəkildə nəzarət etdiyimdən, çalışdım kompozisiyalarda impovizələr olmasın. Təbiətin mənzərələrinin, landşaftın təsvirində isə Ruslanın improvizələri yerində idi. Ondan çox razı qaldım. Mən müxtəlif operatorlarla işləmişəm. Ruslan o operatorlardandır ki, səhnələr arasındakı ağ balans ciddi dəyişmirdi və biz rənglənmə zamanı əziyyət çəkmirdik. Çünki operator, kameranın imkanlarından hadisələrə uyğun, peşəkar istifadə edə bilmişdi”.


Rejissorun musiqidən az istifadəsi düzgün qərar olub. Onsuz da təbii səslərin nəfis işlənməsi (səs montajı və masterinq Natiq Şəkəralıyev), təsvirlə ahəngi, musiqini zəruri etmirdi. Bəstəkar Vüqar Camalzadə Alon Peretsin bəstəsini milli koloritdə interpretasiya edib. Eyni zamanda, bəstəkarlar Maks.H və Mixael Vignolanın əsərlərindən istifadə olunub.

Filmin çəkilişləri İsmayıllıda baş tutub və hazırda Amerikada yaşayan Elmar Bayramov pandemiya səbəbindən çəkilişləri okeanın o tayından, distant şəkildə idarə etməli olub. Bununla belə,  rejissor kimi onun maksimalist, məsuliyyətli yanaşması filmdə hiss olunur.

“Old stone pictures” və “Black Garden Company” şirkətlərinin istehsalı olan filmin baş prodüseri Könül Kəngərlidir. Qeyd edim ki, fimin büdcəsinin formalaşmasında bir neçə fərdi təşəbbüsdən əlavə, Azərbaycan Diasporuna Dəstək Fondunun da rolu olub.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya