Qazax festivalının qırğız filmləri

Türk ölkələri olmağımıza, Xəzərin sahillərində məskunlaşmağımıza, bir vaxtlar SSRİ-nin tərkibində birlikdə yaşamağımıza baxmayaraq, çox təəssüf ki, biz Mərkəzi Asiyanı yaxşı bilmirik, tanımırıq. Bəli, marağımız var, eyni qandan gəlirik deyə sevirik, amma qışda gürcü xəngəli yemək vərdişimiz kimi türk xalqlarının mətbəxinə aşinalığımız yoxdur, nə də kinosunu – mədəniyyətini dərindən bilirik. Halbuki o coğrafiyada gizli qalmış xeyli mədəni xəzinələr var.
O xəzinə ilə tanışlığa bir addım olaraq, NETPAC (Asiya kinematoqrafiyası təbliği şəbəkəsi) münsiflər heyətinin sədri qismində iştirak etdiyim X Bayqonur Film Festivalında yarışan iki qırğız filmi haqqında danışmaq istəyirəm. Bunun əsas səbəblərindən biri, Qırğızıstana duyduğum doğmalıq hissidirsə (səfər etdiyim ilk xarici ölkə olub və orada bir müddət yaşamışam), digəri, ölkədə nə baş verməsindən asılı olmayaraq, kinematoqrafik hərəkatın davam etməsidir.
Filmlərə keçməzdən əvvəl Qırğızıstanın kino siyasətinə nəzər salaq. “2025-ci ildə burada dövlət tərəfindən film istehsalına ayrılan büdcə 500 milyon qırğız somundan (9,718,293 manat) çox olub. Bu vəsait seriallar, animasiya filmləri və festival filmlərinin istehsalı üşün istifadə edilib”, – deyə akchabar.kg yazır. Beş il əvvəl isə bu rəqəm 30 milyon som təşkil edib.
Ümumilikdə, 2020-2024-cü illər ərzində 52-yə yaxın tammetrajlı film istehsal edən 7.3 milyonluq əhaliyə sahib bir ölkədə bazara hesablanmış bu rəqəmi uğurlu hesab etməmək mümkün deyil. Rəqəmlər ölkənin davamlı kinematoqrafik ənənəyə malik olduğunu sübut edir ki, bu izləri gənc rejissoların filmlərində görürük.
Haqqında danışmaq istədiyim birinci film Bayaman Asanalıyevin “Ana” filmidir. Başdan-ayağa müşahidə üzərində qurulmuş bu 12 dəqiqəlik sənədli filmin qəhrəmanı rejissorun anasıdır. Filmin adı bir çox baxımdan düzgün seçilib. Çünki tamaşaçı söhbətin hansı anadan getdiyini bilmir – rejissorun anasından, ya dünyaya uşaq gətirib təzəcə ana olanlardan. Baş qəhrəman qadın ginekoloqdur və biz 12 dəqiqə ərzində onun məşəqqətli işinə şahidlik edirik və bütün əziyyətlərə rəğmən solmayan gülərüz çöhrəsini. Filmin tamaşaçı kütləsi “18+” dur, çünki qadının övlad dünyaya gətirmək üçün çəkdiyi əziyyət, sancılar, ağrı, qışqırıq bütün çılpaqlığı ilə göstərilir. Estetik, kinematoqrafik, bədii fikirlər qatılmış formada yox, necə var elə. Təbiidir ki, belə bir filmdə qadınların intim, həm də ən zəif olduqlarını görürük. Və əksər ölkələrdə tabu hesab edilən bu prosesi 25 yaşlı gənc bir oğlan çəkib göstərir. Daha doğrusu, o, sadəcə kamera ilə anasını iş başında izləyir. Bu, bir kişinin qadına baxışıdır, ana olmağı göylərə qaldırmaq, qadının çəkdiyi əziyyətə çılpaqlığı ilə, cəsarətlə baxmağı bacarmaqdır.
“Ana” bir proses filmidir. Həkim, işinə necə hazırlaşır, xəstələri necə yoxlayır, binanın içində nələr baş verir? Bunu real görüntülərlə hətta doğuş prosesindən xəbərsiz tamaşaçıya da öyrədir. Məhz buna görədir ki, kamera statik deyil. Məsələn, uşaq doğulursa, hərəkət edən kamera ilə ümumi planlardan iri planlara keçirik. Hiss olunur ki, orada ştativ yoxdur. Proses özü necə sıx və gərgindirsə, filmin dinamikası da ona uyğunlaşır.

Sevimli Bişkeki və onu əhatələyən Tyan-Şan dağlarının Şimal qolu olan Ala-Tu dağlarının gündüz və gecə mənzərəsindən sonra bizi təcili yardım qarşılayır. Bundan sonra film dəqiqliklə üç hissəyə bölünür: Qeysəriyyə ilə doğulan birinci körpə və konflikt. Növbəti, ananın problemi var. Döl uşaqlıq boynunu içəridən itələyib. Baş qəhrəman və xəbəri ona çatdıran həkim ümid edir ki, erkən doğuş olmayacaq, uşaqlıq boynu yırtılmayacaq. Digər həkim üçün yetkin qadının doğuş prosesi çətindir. O, qəhrəmanımızdan kömək istəyir. Beləliklə filmin “təzyiqinin qalxdığı” anlar başlayır. Amerikalı sosioloq Barbara Katz Rotman deyir ki: “Doğuş yalnız uşaq dünyaya gətirməkdən ibarət deyil. Doğuş güclü, bacarıqlı, özünə inanan və daxili qüvvəsini tanıyan anaların yaradılmasıdır”. Bu cümlənin sübutu filmin bu hissəsində göstərilir. Doğrudan da, yaratmağın zirvəsi olan doğuşu hələ bu qədər realistik göstərən film xatırlamıram. Düz deyirlər ki, “güc doğana düşür”. Amma doğuş həm də qadınların anlayaraq formalaşdırdıqları bir “icma”dır. Bu çətin prosesdə altı qadın birləşir. Biri doğuşa hazırlaşan qadının saçını hörür, digəri saçını rezinləyir, hətta zarafat da edirlər. Bu “qadınların yaratmaq dövləti”dir. Amma ən qəribəsi, bu əzablı dəqiqələri səbirlə kameranın yaddaşına ötürən kişi rejissordur. Videolardan da görünür ki, əksər kişilər doğuş prosesində huşunu itirirlər, ya da doğuş sancısına bənzər ağrının ən aşağı dozası onlara elektrik vasitəsilə veriləndə dözə bilmirlər. Lakin müəllif nəinki özünü itirmir, hətta doğuşun ağrısını bu qədər hiss edib ötürə bilir.
Nəsrəddin Tusi deyir ki, övladın anaya olan sevgisi iradi, ananın övlada olan sevgisi isə təbiidir. Bu səhnədə bu cümlənin tam mənasını anlayırsan. Amma ən gözəli emosional varlıq olan qadının burada da özünü göstərməsidir. 12:05-də doğulan körpənin anası, sizcə, nəyi müzakirə edir? Doğum tarixi 10 mart yazılsın, yoxsa 11 mart. Qadın 11-ni seçir, çünki 10 martda atasını itirib.
Belə detallar filmi adi müşahidə predmeti olmaqdan çıxarıb ona həyati elementlər qatır, qadın təbiətini üzə çıxarır. Çox çətin prosesdən çıxmış qadın, sualı ilə güldürür, qərar verir, danışır, hətta düşündürür. Bu, qadının özüdür. 10 dəqiqə əvvəl qışqırırdı, indi qərar verir.
Filmin üçüncü hissəsində üçüncü uşaq doğulur. Çətinliklə doğulan körpəsini qucaqlamaq istəyən gənc ana, bir də bayırda doğuşa girən qızına görə təşviş keçirən ana. Bu dialoqların filmdə saxlanılması tamaşaçı ilə baş verənlər arasında bağ qurmağa kömək edir.
Bir detalı da qeyd edək. Rejissor doğuş prosesinin ağırlığını və reallığı göstərsə də, anaların üzünü göstərmir, doğuşu iri plana salmır. Bunu rejissorun doğuş prosesinin sakrallığını qorumaq cəhdi və ya tamaşaçını düşünərək atılmış addım da adlandırmaq olar.
Film, baş qəhrəmanı istirahətə göndərməklə bitir. Missiya uğurla tamamlanıb. Qəhrəman kameranın arxasındakı şəxsə “Məni belə çəkmə, oğul!” deyərək rejissorla olan şəxsi bağını aşkara çıxarır.
Film, yeni doğulan üç körpənin üzləri ilə bitir.
Bayaman Asanalıyevin “Ana” filmi Bayqonur festivalından əvvəl Vyana Beynəlxalq Qısa Filmlər Festivalı (Vienna shorts) və Köçəri Film Festivalında (Nomad Film Festival) iştirak edib. “Ana” filmi cəmi üç saata çəkib, lakin çəkiliş üçüncü cəhddə alınıb və son nəticə 70-ci montaj cəhdindən sonra alınıb. Bayamanın dediyinə görə, çəkilən materiallar arasında komaya düşmüş qadın da varmış. Amma həmin ana rəhmətə getdiyinə görə onun kadrlarını filmə əlavə etməkdən vaz keçib.
Haqqında danışmaq istədiyim ikinci film Qırğız-Türk Manas Universitetinin tələbəsi, gənc rejissor Aycamal Mirbəyqızının “Qızıl balıq” filmidir. Atasından başqa heç bir doğması olmayan balaca Sezimin atası dənizdə həlak olur. Kənd sakinləri bunu qızcığaza deməyin yollarını axtaranda onların köməyinə balıqlar gəlir. Onlar Sezimə içində qızıl balıq olan banka verərək atasının balığa çevrildiyini deyirlər.
Filmin açılış səhnəsi hadisələrə zorakı poetiklik qatmaq təsiri bağışlasa da, mövzu qəlbə toxunandır.
Uşağın ata həsrəti, onunla ünsiyyəti, dostlarının, bütün kənd sakinlərinin bu nağıla qoşularaq Sezimi dəstəkləməsini göstərən xırda detallar vasitəsilə müəllif bir uşaq üçün atanın varlığının nə qədər vacib olduğunu vurğulamağı bacarır.
Balıqların, adətən, “tutulan” və ya “hədiyyə edilən” canlı olduğunu nəzərə alsaq, onlar həmçinin qurbanverməni, əzabı və ya transformasiyanın dəyərinin metaforu rolunu oynayırlar. Suda üzən balıq həyatın axışını, keçən zamanı və ya varlığın davamlılığını simvolizə edir. Sözügedən filmdə balıq məhz varlığın davamlılığını təcəssüm etdirir. Həmçinin bankadakı balıq həm atanın azadlığı, həm də balaca Sezimin mənəvi qurbanıdır.

Filmdə vizual həllində təbii işıqdan, qırğız milli elementlərindən uğurla istifadə olunub (quruluşçu operator Nurbəy Azamat oğlu, rəssam Nargiza Mamatkulova). Həmçinin balaca qəhrəmanın reallığı qəbul etməsi, bir növ, böyümə prosesi dialoqlardan çox, təsvir vasitəsilə çatdırılır. Filmin sonunda Sezim qərara alır ki, atası balaca bankada üzməkdən yorulub və onun yeri İssuk-kuldur. Tamaşaçı balaca Sezimin balığı – atasını gölə buraxıb-buraxmadığını görmür. Amma əsas olan bu deyil. Əsas olan onun özündə cəsarət tapmasıdır. “Qızıl balıq” filmi emosional baxımdan kifayət qədər təsirli, dialoqları səmimi olsa da, ana xəttin dağınıqlığı tamaşaçıda müəyyən sualların cavabsız qalmasına səbəb olur.
Heyvanlar və uşaqlarla iş kinoda çətin məqamlardan biri sayılır. Lakin gənc rejissor bu qədər həssas mövzunu uşaqlarla uğurla işləməyi bacarıb. Məhz buna görə, film X Bayqonur Film Festivalının “Beynəlxalq qısa filmlər” kateqoriyasında “Ən yaxşı rejissor işi” mükafatına layiq görüldü.
“Ana” kimi “Qızıl balıq” da çox az büdcə ilə çəkilib. Hər iki film bir şeyi deyir: Rejissor olmaq üçün ilk iş mütləq 10.000 manatlıq büdcə ilə başlamamalıdır. Püxtələşmək yolunda olan gənclər üçün əsas məsələ az məkanda, az insanlarla, qısa zamanda çox sözü deməyi bacarmaqdır.
“Qızıl balıq” filminin yaradıcı heyəti altı, “Ana” filminin isə maksimum dörd nəfərdən ibarətdir. Lakin bütün komanda yaradıcı potensialını göstərməyi bacarıb.
Xronometrajı 12 dəqiqəni keçməyən hər iki film sübut edir ki, qırğız kino irsini öyrənməyə dəyər. Orada, həqiqətən də, köçəri həyatın, təbiətlə iç-içə olmağın, Mərkəzi Asiyanın və türklüyün ruhu var.
Afaq Yusifli