Qapalı nümayişin aşkar fikirləri

İyunun 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” sənədli qısametrajlı filminə qapalı baxış keçirilib.
Film, müəllifin şəxsi xatirələri əsasında qurulub və yaddaşa həkk olunmuş ilk xatirəni tapmaq cəhdindən bəhs edir. Bundan əvvəlki “12/35” filmində olduğu kimi, “Yaddaş sarayları”nda da M.Muxtarov Sumqayıt və sumqayıtlılar vasitəsilə xatirələrin insanı niyə narahat etdiyini, keçmişə həsrət duyğusunun səbəblərini araşdırır.

Rejissor Vaqif Azəryar, Oleq Səfərəliyev, kinotənqidçilər Sevda Sultanova, Ülvi Mehdi, Aygün Aslanlı, Sədaqət Kamal, Kinoyazar.az saytının gənc müəllifi, teatrşünas Aytən Abdullayeva, yazıçılar Cavid Ramazanov, şair Şəhriyar Del Gerani, Vüqar Vanın iştirak etdiyi baxışdan sonra film müzakirə olunub, tədbir iştirakçıları film barədə rəylərini bölüşüblər. Onlardan bəzilərini təqdim edirik.
Kinotənqidçi Ülvi Mehdi:
“Hər bir düşünən insan gec-tez öz xatirələrində eşələnməyə, öz həyatının montajçısı kimi onları yerbəyer etməyə başlayır. Subyektiv varolmanın prizmasından baxaraq, zaman və gerçəklik illüziyasından keçərək ilk qığılcımın hələ də közərdiyi məqama qayıdır: həyət, küçə, məktəb – fərdi topoqrafiyanın elementlərinə, yoxa çıxmaqda olan dövrün rudimentlərinə.
Rejissor Mətləb Muxtarov “Yaddaş sarayları” filmində videoeskizləri daxili dialoq məkanına çevirir – özü ilə, keçmişlə, fakturası, mahiyyəti, səciyyəvi cizgiləri barmaqların arasından süzülüb gedən şəhərlə. Burada Sumqayıt sadəcə məkan deyil, həm də bir layihə-şəhər, bağlı şəhər olaraq metafordur. O şəhər ki, orada adi evlər, mənzillər yaddaş piyaləsinə, atılmış, boş qalmış həyətlər isə bir daha qayıtmayacaq anların sarayına çevrilir.
Müəllif keçmişin izlərinə müdaxilə etmir, sadəcə onları həkk edir. Filmin üslubu gündəliklə kinoesse arasında gedib-gəlir. Burada yaddaş süjet yox, materialdır. Muxtarov zamanın operatoru rolunu oynayır, yox olanları – qazlı su avtomatlarını, tozlu fasadları, lampalı televizoru – keçmişdə qalmış nisgilin, duyğuların artefaktlarını həkk edir, kadrlardan zamanın çalarları, deyilməmiş sözlərin işartıları, mikrohekayələr axır.
Mətləb Muxtarovun videohekayələrində bir vaxtlar ABŞ-dən götürülmüş 1-3 qəpiklik qazlı su avtomatları, demək olar ki, unudulmuş, zamanın bir kənarında ilişib qalmış bu obyektlər keçmiş sovet həyatının simvoluna, Viktor Pelevinin “Cenereyşn P” (“P” nəsli – red.) romanında köpüklənən “Pepsi”nin ilk qurtumları ilə vizual kəsişmə nöqtəsinə çevrilir. Pelevində içkinin dadı illüziyalar və kütləvi mədəniyyət dövrünə girişin metaforudursa, Muxtarovun filmində itirilmiş zamanın arxivləşmiş dadıdır, bizi keçmişə qaytarır.

Filmdə küçə səhnələrinə və interyerlərə yerləşdirilmiş televizor adi obyekt yox, medium – onda və indi arasındakı rabitə qovşağı rolundadır. Bu nə retrodur, nə də nostalgiya; bu rabitə qurmaq, anlamaq cəhdidir: bir insan gedib, evi qalanda yaddaş necə işləyir, obraz necə səslənir?
Firudin Allahverdinin musiqisi də filmdə adi müşayiətçi deyil deyil, o, filmin ikinci dərisidir. Bu musiqi küçə heyvanlarına, xüsusilə də, sanki ekrandan keçib çıxan, simvolla reallıq, yuxu və gerçəklik arasındakı fiqura – qara pişiyə psixologizm qatır.
Film cavabı olmayan suallar verir: yoxa çıxan, çıxmaqda olan şeylərin əslini qorumaq mümkündürmü? Bəlkə yaddaşımızın içində “montaj tikişləri” var? Heç vaxt yaşamağa macal tapmadığımız, yaşamadığımız şeyləri xatırlamaq mümkündürmü?
Yazıçı Cavid Ramazanov:
“Dünyada Azərbaycan kimi çox az ölkə tapılar ki, qısa müddət ərzində həm daxilən, həm də zahirən təpədən dırnağa dəyişsin. 1990-lar çox da uzaq keçmiş deyil, əslində, amma elə bil bugünkü ölkəyə aid olmayan tamam başqa bir reallıqdır: uzaq, ağ-qara və yad. Çoxları xatırlamaq belə istəməz, amma görünən odur ki, Mətləb Muxtarovun timsalında yaradıcı adamlar o dövrə təkrar-təkrar qayıtmaq, arxeoloq kimi layları qazımaq və hadisələri başa düşmək istəyirlər. (Səbəb yəqin ki, bizim ölkə, cəmiyyət və fərd kimi təməllərimizin 1990-larda atılmasıdır.)

“Yaddaş sarayları” filminin nostalgiya yüklü kadrlarını çox bəyəndim. Mətləb, nəsli kəsilmiş 1990-ları – peçenye salınmış bulanıq çay stəkanının arxasındakı prustvari (Marsel Prust – red.) dünyanı gözümüzün qabağına gətirir və bir sənətkarın etməli olduğunu edir: cavablar yox, suallar verir. Filmdə keçmişini xatırlamaq istəyən qəhrəmana ətrafındakılar bir ucdan suallar yağdırır: filmin nə haqdadır, niyə çəkirsən, nəyi xatırlamaq istəyirsən? Axırda qəhrəman da özünə sual verir: Bəlkə mən ilk xatirəmi tapmaqdan qorxuram?
“Yaddaş sarayları” tamaşaçıya suallar verən həssas və incə filmdir. Ümidvaram, lazım olan qiymətini alar.
Kinotənqidçi Sevda Sultanova:
Yaddaşla bağlı film çəkmək, onun təsvir həllinə yanaşma tapmaq çətindir. Rejissor Mətləb Muxtarov “Yaddaş sarayları” filmində uşaqlıq dövrünə qayıdır, yaddaşında qalmış ilk kadrları, hansısa elementləri necəsə xatırlamağa çalışır və şəxsi xatirələri təbii şəkildə 1990-cı illərin ictimai-sosial, mədəni məzmunu ilə kəsişir.

Müəllif, xatirələrini vizuallaşdırmaq üçün televizordan istifadə edir. Televizor hər kadrdadır və bir neçə funksiya yerinə yetirir: keçmişi əks etdirir, ekrandakı təsvirlər indiki zamandakı məkanla, görüntü ilə qarşılıqlı əlaqəyə girərək vahid kompozisiya yaradır. Televizor eyni zamanda üsluba xidmət edir. Mətləb musiqi ilə yaxşı işləyib, çünki hər epizoddakı musiqi təsvirin şərhində, hekayənin ovqatının verilməsində sadəcə elementdir, önə keçmir. Hərçənd kadrarxası mətn daha minimalist ola bilərdi.
“Yaddaş sarayları” filmi şəxsi yaddaşa əsaslansa da, düşünürəm ki, rejissor, hekayəsini universallaşdıra bilib. Film ona görə uğurludur ki, rejissor yaxşı bildiyi, hakim olduğu hekayəni çəkib.
Kinotənqidçi Sədaqət Kamal:
“Filmin adı çox xoşuma gəldi. “Qəlbimin sarayları” adlı məşhur mahnı ilə poetik assosiasiyası aşkar idi. Əslində, yaddaş, xatirə elə qəlb atributlarıdır. Digər bir məşhur fikri də xatırlatmaq istərdim. Deyir ki, bədii əsər müəllifin öz real xatirələrinə söykənərək yarandığı halda səmimi əsərdir. Bu baxımdan “Yaddaşın sarayları” sənədli film statusunda olsa da, müəllifin kadrarxası nəqli burada bədiilik atributudur.
Bircə balaca uşağın nitqi yerinə düşməyib. Uşaq yerinə düşüb, ancaq sualı yox; filmin bütün atmosferini pozdu baxdığım anda. Uşaqların həyatda elə maraqlı, göydəndüşmə sualları olur ki?! Bax elə bir sual çox yerinə düşərdi.”
Kinoyazar.az