Qaniçənlərin manifesti
Şər, yalnız alçaq və ikrahdoğuran təzahürlə qarışanda yamanlanır. O vaxta qədər isə cəlbedici, hətta örnək ola bilir.
Fridrix Nitsşe
Şər, küləyə qarşı atılmış xəfif bir toz kimi qayıdır.
Budda (“Dxammanada”, İX.125)
Sivilizasiyanın və dünyanın məskunlaşmasının qəbul edilmiş tərəqqi ehkamlarına görə, insan, gəlirini güdən, ovçu, təcavüzkar olaraq doğulub. Qan tökmək onun kökündə və genetik kodundadır. Və bu ümumdünya qırğını ən yaxın insanların qətlə yetirilməsindən başlayıb. Fransızlar demişkən, bizə xəyanət edən özümüzünkülərdir. Amma, öldürənlər də özümüzünkülərdir…
“İncil”ə görə, qanına qəltan edilən ilk bəndə, böyük qardaşı tərəfdən qətlə yetirilən Habil olub. Əkinçi Qabilin, Allahın onun qurbanını rədd edib Habilin qurbanını qəbul etməsindən, bundan sonra özünün sərgərdan həyat sürmək aqibəti ilə üz-üzə qalmasından hikkələnməyinin aqibəti bu dərəcədə kəskin və amansız olur. Qardaş, ata, övlad qatilinə çevrilmək və təcavüzün digər ifrat formaları böyük yaradıcı insanların demək olar ki, bütün əsərlərində öz əksini tapub.
Dünya irsində yaradıcı şəxslər mütəmadi olaraq öz əsərlərində vampir dastanı mövzusuna, dəhşət janrına müraciət edirlər. Xeyir və Şər – kinematoqraf yaranandan bəri bu iki əbədi, aktual, ölməz qayələrə rejissorlar fərdi rakurslardan yanaşmaqdadırlar.
Səssiz kino dövründə bu mövzuya müraciət edən ilk rejissorlardan biri, 1922-ci ildə çəkdiyi “Nosferatu, dəhşət simfoniyası” filmi ilə Fridrix Vilhelm Murnau olub. Bu filmin ssenarisinə ekran həyatı vermək Henrik Qaleyena həvalə edilmişdi və o öz növbəsində bu materialı Brem Stokerin “Drakula” kitabı üzrə adaptasiya etmişdi. Təəccüblüdür ki, filmdə qəhrəmanların adları və digər detallar, həmçinin, Qraf Drakulanın adı (filmdə o Qraf Orlok adlanır) dəyişdirilib, amma bu dəyişikliklər ilkin mənbəni, kitaba istinadı tanınmaz etməyib.
Yəqin ki, kassa, kommersiya blokbasterləri ekşnlərlə, fəlakət filmləri, yüksək büdcəli filmlərin bütün janrları ilə “korlanmış” tamaşaçılar üçün Murnaunun Karpat dağlarının gözdən uzaq diyarlarından olan vampir və yırtıcıdan bəhs edən filmi bu gün, müasir dövrdə bir qədər sadəlövh və köhnəlmiş təsir bağışlayır.
1922-ci ildə, kinematoqrafın yeni yaranmağa başladığı dövrdə, tamaşaçıların ixtiyarında kino yenilikləri kifayət qədər deyildi və Murnau, tamaşaçılar arasında görünməmiş, özünəməxsus bir şok yaratmışdı. Onlar ekranda gördüklərindən dəhşətə gəlmişdilər – bunları yalnız nağıllarda, kitablarda, əfsanələrdə oxuya biləcəklərini düşünürdülər. XXI əsrin texniki tərəqqisinin doğurduğu müasir tamaşaçılar, xüsusi effektli, müxtəlif kino fəndləri ilə zəngin, “qan dadlı” pop-kornlardan xirtdəyəcən yeyib və indi Murnaunun yaratdığını adicə ağ-qara, səssiz film kimi nəzərdən keçirir. O dövrün kinematoqrafiya meyarlarına görə aktyor Maks Şrekin özü, vampir Orlok rolunu tamamilə təbii və ədəb-ərkanlı oynayıb.
Dəhşət mövzusunu ekrana gətirən növbəti rejissor Qərbi Almaniya kinematoqrafını təmsil edən Verner Hersoq oldu. Onun öz ssenarisi üzrə 1978-ci ildə çəkdiyi “Nosferatu – gecə kabusu” filmi Fridrix V. Murnaunun klassik ekran əsərinin remeykidir. Film, Almaniya Kino Akademiyasının “Rolun ümumi ən yaxşı ifasına görə” nominasiyasının qalibi olmuşdu. Müəllif, Brem Stokerin “Drakula” kitabı üzrə orijinal fabulaya çox yaxın bir yanaşma ilə filmi ərsəyə gətirib. Filmdə, daşınmaz əmlak üzrə agent Conatan Harker (Bruno Hans) Almaniyada malikanə almaq istəyən qraf Drakula (Klaus Kinski) ilə görüşməkdən ötrü Transilvaniyaya yollanır. Conatanın sevgilisi Lüsini tamaşaçıların yaxşı tanıdığı İzabel Acani canlandırır.
İllər sonra bu ekranlaşdırmaya kino sənətinin metri F.F.Koppola qayıdaraq, 1992-ci ildə “Drakula” filmini çəkdi. Burada yeganə dəyişiklik, Drakulanın (Hari Oldmen) İngiltərənin paytaxtında daşınmaz əmlaka sahib olmaq istəməsidir, Conatanın gözəl sevgilisinin adı isə Minadır (Vaynona Rayder). 1993-cü ildə Koppolanın filmi bir neçə nominasiya üzrə “Oskar”a layiq görüldü: “Ən yaxşı qrim və saç düzümünə görə”, “Ən yaxşı kostyum dizaynına görə”, həmçinin “Ən yaxşı öpüş səhnəsinə görə” (Vaynona Rayder və Hari Oldmen) və “Ən yaxşı rəssam işinə görə” MTV-nin mükafatını aldı.
Xələflərinin filmlərindən fərqli olaraq, Koppolanın filmi əsas vampirdən bəhs edən klassik bir əsər olmaqdan daha çox, sevgi, qaçılmazlıq, Xeyirlə Şərin çevrilmələri, münasibətlərin transformasiyası, ölüm və əbədi həyat, gözəl və bədheybət haqqında əfsanədir. Axtarışlarının nəticəsi olaraq, əsrlər sonra sevdiyi xanımın əkizi ilə rastlaşanda, Drakula məhəbbət, xoşbəxtlik naminə dəyişilməyə can atır. Onun gözəllər gözəli xanımı – Minanın simasında reinkarnasiyası buna əyani sübutdur. Drakulanın öz ovçularına ürək parçalayan nərəsi: “Baxın, görün, sizin Tanrınız mənim başıma nə oyun açıb”, onun özündə də, tamaşaçılarda da baş verənlərə görə qüssə və məyusluq hissi doğurur. Femidanın ədalət tərəzisi kimi, əlində tutduğu taxta xaçı Drakulaya tərəf tuşlayan Van Helsinq (Entoni Hopkins), bütün bunlara aydınlıq gətirərək, onun etirafına eyni tükürpədici nərə ilə cavab verir: “Sənin Tanrı ilə muharibən başa çatdı!”.
Yaradıcı insanın (rejissorun) istənilən işi ya Tanrının əta etdiyi, ya da İblisin göndərdiyi fəal, ilhamlanmış canlı övlad kimidir. Rejissorların bizə çatdırmaq istədikləri də məhz budur – mənsub olduqları dünyanı ekranda vizuallaşdırmaq. Şər və ya Xeyir, ya da sülh dünyasını.
Bəşəriyyəti daim maraqlandıran əbədi həyata və ölümsüzlüyə necə çatmaq sualı, rejissoru bu mühüm suallara və açılmamış dilemmaya yönəldir. Və bu gənc bakirəlik qanı ilə assosiasiya olunur, əbədi olaraq gənc və sağ qalmaq, ölümsüzlük və güc qazanmaq.
Əhdi-ətiqdə və əhdi-cədiddə biz dəfələrlə oxumuşuq ki, qədim sivilizasiyanın ibtidai insanlarının orta ömrü 900-1000 il olub. Gənc rejissorların vampirlər, qan və əbədi həyat haqqında yeni interpretasiyalar çəkməsi və beləliklə, qəzəbli kuklaçıların və qara qüvvələrin sifarişini yerinə yetirməsi, müqəddəs kitablardakı bu məlumatlardan sui-istifadə deyilmi?
Qədim yunanların, romalıların, misirlilərin qoyub-getdikləri irs barəsində az yazılmayıb. Şumerlərin mifologiyası isə o qədər də dərindən araşdırılmayıb, halbuki Şumer mədəniyyətindən xəbər verən, bizə gəlib-çatmış qaynaqlar dünya mədəniyyətinin özəyinə aid təsəvvürləri alt-üst edir.
Şumer mifologiyası daha sonrakı sivilizasiyalara birbaşa təsir edib, onun əlamətləri İncildə öz əks-sədasını taparaq günümüzədək çatıb. Şumerlər dünyanın ən ilkin sivilizasiyalarndan biridirlər. Bu sivilizasiyanın irsi ilə biz müasir dövrdə hər an qarşılaşırıq. Məhz onlar ili 12 aya, sutkanı 24 saata, saatı 60 dəqiqəyə, dəqiqəni 60 saniyəyə bölüblər. Yeddi günlük həftəni də yəqin ki, onlar düşünüb tapıblar. Qeyri-ixtiyari belə bir sual yaranır: Əgər onlar vaxt ölçülərini, zamanı və məkanı, yeri və subyekti, tanrını və iblisi müəyyənləşdiriblərsə, ola bilərmi ki, özlərini ölümdən sığortalamağın da yolunu tapıblar?
Ehtimal etmək olar ki, (şumerlər irriqasiya sistemini və bizim mixi yazılar adlandırdığımız ilk yazı sistemlərindən birini yaradıblar) onlar həyatın və ölümün, əvvəlin və sonun sirrini tapıblar. Buna istinadən biz belə bir fikrə gəlirik ki, öz dövrlərinin bütün dahi mütəfəkkirləri özlərinə ölümsüzlük arzulayıblar və bu barədə dəfələrlə düşünüblər və buna populyarlıq qazanmış rejissorların yaradıcılıqlarını aid etmək olar.
Qeyd etmək lazımdır ki, norveçli rəssam Edvard Munkun ən dəyərli şedevrlərindən biri “Vampir” əsəridir. 1894-cü ildə yaradılmış bu əsərin mövzusu, rəssamın beynində bacısının faciəli şəkildə ölümündən sonra cücərməyə başlayıb. Hesab olunur ki, əsərin ilkin adı “Məhəbbət və ağrı” imiş. Sənətsevərlər bu əsəri ilk dəfə 1902-ci ildə Berlində görüblər. Bu əsər 20 rəsmi özündə birləşdirən “Həyatın frizi” silsiləsinə daxil edilib, bu silsilədə Edvard Munkun məşhur “Qışqırıq” əsəri də yer alıb. “Vampir” cəmiyyətdə sensasiya təəssüratı oyatmışdı. Tənqidçiləri şoka salan cəhət, rəssamın ehtirası necə bir pozğunluqla və ya mazoxist bir yanaşma ilə təsvir etməsi idi.
Corc Melfordun hələ 1931-ci ildə çəkdiyi “Drakula” filmi, Transilvaniyaya – qraf Drakulaya (Karlos Vilyarias) baş cəkməyə gedən Renfilddən bəhs edir. Bu ekranlaşdırma da Brem Stokerin romanına və Hamilton Din ilə Con L. Balderstonun eyniadlı pyesinə əsaslanıb. Bu “Drakula”nı tənqidçilər tez-tez Tod Brauninqin “Drakula”sı ilə müqayisə edirlər və bu zaman hər iki filmin müsbət və mənfi cəhətləri arasında paralellər apararaq Karlos Vilyariasın oyununa böyük diqqət ayırırlar.
Sadalanan filmlər sırasına əlahiddə mövqedə dayanmış “Drakula üçün qan” (baş rolda Udo Kir) ekran işini də aid etmək yerinə düşər. Pol Morrissinin 1974-cü ildə çəkdiyi bu qara yumorlu komediyanın prodüserləri Endi Vorhol, Endrü Braunsberq və Jan Yandır. Rollarda Vittorio de Sikanı, Roman Polanskini (Roman Polanski rolunda) görmək olar. Kameo rollara, obrazı ekrana gətirilən tanınmış şəxsin özünü çəkmək təcrübəsinə Amerika kinematoqrafında tez-tez rast gəlmək olar (indiki halda bu Roman Polanskidir). Artıq, başqa ölkələrin kinematoqrafçıları da bu təcrübəni tətbiq edirlər.
Bütün “Drakula”ların diqqətli təhlil və tədqiqinin nəticəsi olaraq, belə bir qənaət hasil olur ki, sadalanan filmlər arasında yalnız F.F.Koppola, öz filmində Murnauya istinad edərək ilkin mənbəyə sadiq qalıb. Ola bilər ki, bu film bədii materialın tam kinosurəti deyil, kino dili də fərqlidir, bununla belə, kino elementləri kifayət qədər uyğun dərəcədə saxlanılıb. Paralellər və səhnə oyunu, çevrilmə və vizualizasiya identikdir. Koppolada “Nosferatu”nun musiqisini yazmış Hans Erdmanın harmoniyası ilə oxşarlıq da az deyil.
Məncə, rejissor müəyyən mənada “dəlidir”, fantaziya və uydurmalarının görünməz xassəsini görünən, duyulan lövhəyə (ekrana) çevirə bilir. Bu zaman, şübhəsiz ki, səni də öz qavrayışının ardınca aparır, həm də heç bir etirazı, heç bir tənqidi qəbul etmir.
Tanrı və İblis, Koppolanın yozumunda transsendentaldır. Onlar hər yerdə, hər nəsnədədirlər: kinematoqrafın yaranmasından – “kinoda kino” – qəbir evinədək əbədi məhəbbətə kimi.
Vampirin canından və qanından olan qurban, İblis üçün olan qurbandır. Qara qüvvələr üçün gətirilən bu qurban yalnız ondan ötrüdür ki, şeytanın hökmranlığında ölümsüzlüyü özünə satın alasan. Və bu ritual beşguşəli ulduz olan pentaqramsayağı müxtəlif sehrli fiqurların köməyilə, həmçinin, keçinin və ya bakirə qızın qurban verilməsindən tutmuş, təcrübə qazanmaqda olan mason şeytan yataqlarında kütləvi eyş-işrət məclislərinədək müxtəlif qurban vermə vasitələrilə icra olunur.
Məsələn, Roman Polanskinin Arturo Peres-Revertenin “Düma klubu, yaxud Rişelyenin kölgəsi” romanının motivləri əsasında cəkdiyi “Doqquzuncu qapı” və Stenli Kubrikin “Geniş yumulmuş gözlərlə” filmləri. Və bu heç bir təəccüb doğurmur. Çünki hər iki film qətiyyən təsadüfi çəkilməyib, hətta, istehsal ili də simvolikdir – 1999, tərsinə çevirəndə 666 – şeytani rəqəm…
Qədim ellinlər, kişilərin və qadınların həyatını, keçmiş, indi və gələcək zaman xromosomlarına bölürdülər. Əgər insanlar zamanın sonsuzluğuna düşüb getsəydilər, bəşəriyyətin halı bütünlükdə hansı təəssüratı doğurardı? Yunan mifologiyasında nə kişi, nə də qadın qəhrəmanlar fiziki ölümsüzlüyə can atmırlar. Əsl qəhrəmanların heç biri qocalıb ölməyi arzulamır. Cavan və gözəl ikən layiqli rəqiblə nəcib bir qarşıdurmada həlak olmaq – mifik qəhrəman obrazının əsl təyinatı məhz budur.
Tarkovsknin “Qurbanvermə” filmində Koppolanın ekran işindən fərqli olaraq, qəhrəman, dünyanı baş verəcək fəlakətdən xilas etməkdən ötrü məhz nəyi qurban verməyin lazım olması və tanrının mehrabına nə kimi qurban qoyması haqqında düşünür – bütün digər qəhrəmanlar cindəndir!
Doğulan gündən insan öz həmcinsi ilə qidalanmağa başlayır. İnsan insan üçün həm qurbandır, həm də qidadır. Qan, fiziki varlığın və ruhun yenilənmə mənbəyidir. Qan – hər şeyin başlanğıcıdır.
Klassikadan yenilikçi interpretasiyalara qədər çoxlu sayda vampir dastanlarını sadalamaq, onları kinematoqrafik reyester və irsə daxil etmək olar: “Vampirlə müsahibə” (1994). “Vampirin öpüşü” (1988), “Qürubdan sübhədək” (1995), “Vampirlərin ziyafəti” (1967), “Baffi – vampirlərin qənimi” (1992), “Bleyd” (1988) və s.
Gənclər arasında xüsusi populyarlıq qazanan film Ketrin Hardvikin “Alatoran” ekran işi olmuşdu; kinolentin nümayişindən toplanan kassa gəliri 407 milyon dolları ötmüşdü. Bu film gənclərdə heç bir zəmini olmayan trend dərəcəsinədək yüksəlmiş, bir növ, sehrli totemə çevrilmişdi. Məncə, “Alatoran”, yuxarıda adları cəkilən digər ekran əsərləri kimi ismarış yükü daşımaq və bədii dəyər kəsb etmək keyfiyyətlərindən xaricdir. Bu filmin yeganə maraq doğuran cəhəti, on yeddi yaşlı Bellin qəribəlikləri ilə seçilən, daha sonra isə vampirlər ailəsinə (bu ailə insanlara hücum etməkdən imtina etdiyi üçün vampir klanları arasında qarsıdurma səbəbi yaradır) məxsus olması aşkar edilən sinif yoldaşına vurulmasını göstərən romantik məhəbbət əhvalatıdır. Vampirə məhəbbət – romantik filmin əsas xəttidir. Başqa heç nə.
Xeyirlə Şər mövzusunu araşdırdıqca o qənaətə gəlirəm ki, yalnız tənbəl kəs vampir dastanının estetikasına nüfuz edib, ciddi səkildə maraqlanmaz. Vampir mövzusu hər zaman kütləvi mədəniyyətin, kütləvi belletristikanın sevimli mövzusu olub.
Hətta Rusiya da bu mövzuya müraciət edib. “Orta zolağın vampirləri” filmi bir və ya bir neçə müəllifin işinin, pastiş imitasiyası, eklektikanın incəsənətdə üslublaşdırılması, xüsusi haldır. Bu film Pravoslav etikasından uzaqdır, baxmayaraq ki, təkcə elə Mixail Bulqakov dünyaya “Master və Marqarita”nı bəxş edib. Süjetdə iblisanə varlıqlar kifayət qədərdir. Roman XX əsr rus ədəbiyyatında ölməz, sehrli, müstəsna iz qoyub və bu iz bütün dünya klassikasına və mədəniyyətinə qeyri-ixtiyarı təsir edib. Oxucu üçün İblisin öz əhli-əyali ilə 1930-cu illərin Moskvasına təşrif buyurmasından, İudeyanın prokuratoru, atlı Ponti Pilatdan və dilənçi filosof İeşua Qa-Nosridən, istedadlı və bədbəxt Ustaddan və onun gözəl və vəfalı sevgilisi Marqaritadan bəhs edən əhvalatla tanış olmaq imkanı yaradan bu əsər şübhəsiz ki şedevrdir.
Qoqol, Hofmanın ardınca “Dikanka yaxınlığındakı xutorun axşamları” və “Viy” əsərlərini yazanda romantik idi – “horror” janrında qələmə aldığı bu əsərlər insanın tanrıya olan sevgisinin kifayət qədər möhkəm olmadığı təqdirdə qara qüvvələrin onu özlərinin qaranlıq guşəsinə çəkib aparmasından danışır.
“Vampir” anlayışı haradan meydana gəlib və onu kim fikirləşib tapıb?
Bu anlayışı Corc Qordon Bayron tapıb – vampir obrazının atası, yaradıcısı odur. 1816-ci il iyunun 16-da Bayron, Çenevrə gölünün sahilindəki villasına Meri Şellini və bir neçə dostunu dəvət edib. Onlar bütün gecəni bir-birinin bəhsinə qorxulu əhvalatlar uydurmaqla məşğul olubmuşlar. Meri Şelli məşhur “Frankenşteyn”i yaradır; bu obraz sonralar müasir zamanlaradək kütləvi belletristikanın əsas mətninə çevrilir. Frankenşteynin versiyalarının sayı vampir obrazlarından az deyil. Corc Bayronun “Dəfnetmə” adlı yarımçıq qalmış hekayəsi məlumdur. Onun şəxsi katibi və həkimi Polidori, ideyanı yazıçıdan oğurlayacaq, bundan sonra plagiat məsələsi qalxacaq və Polidori ilk “Vampir” povestini dərc etdirəcək, Bayron isə həlak olan, dəfn edilən, bir müddətdən sonra isə heç nə olmayıbmış kimi peyda olan bir ekspedisiya üzvü haqqında “Dəfnetmə” povestini yazacaq. Bu ölmüş insan ideyası, Nosferatu ideyasıdır. Bu ideya erkən romantizm zamanlarında populyarlıq qazanmışdı və hətta Puşkinə də gəlib-çatmışdı.
…Sizin bakirə gözəlliyinizə
Qüssə ilə heyran olsam da mən,
Tver quberniyasında.
Vampir kimi tanınsam da…
XIX əsrin sonunu əhatə edən neoromantizm dövründə Oskar Vayldın evlilik üzrə Brem Stoker adlı rəqibi meydana gələcək və məşhur “Drakula”nı ərsəyə gətirəcək. Vlad Sepiş orta əsrlər ideyasını ölmüş adam ideyasınadək aparacaq. Bu ideya dünya mədəniyyətinə, Qərbi Avropa mədəniyyətinə daxil olacaq. Kinematoqraf yarananda məhz vampir dastanı onun başlanğıcını təşkil edəcək. Yuxarıda qeyd etdiyim kimi, söhbət Murnaunun “Nosferatu” şedevri və ona güclü bənzətmə ilə 1990-cı illərin blokbasterinə çevrilmiş Koppolanın filmindən gedir. Koppola Murnaudan çox şey əxz edib və azca dəyişdirib.
Vampirlərin ədəbi təcəssümlərindən tutmuş kinoda görünmələrinə qədər, onların hamısı üçün antitəyinat olaraq təsviri, qara qüvvə qismində xaç, işıq, sarımsaq, gümüş güllə, güzgü kimi əşyaları özündə ehtiva edir. İnsanların nəzər və diqqətindən yayınıb gizlənmək üçün “xilasedici yataq” rolunu isə nəm torpağa basdırılmış tabut oynayır; məhz orada vampirlər özlərini təhlükəsizlikdə hiss edirlər. Bu “ölüm silahları” klassik vampir dastanının yeganə konsepsiyasıdır.
Kinomanlar, kinoşünaslar və kino ekspertləri arasında kinonu musiqiyə, yaxud rəngkarlığa aid etmək mövzusunda uzun müddət qaynar müzakirələr gedirdi. Lakin biz belə bir yekdil qənaətdəyik, onu vurğulayırıq ki, kino müəyyən bir anlayış, konkret bir hərəkətə göstəriş kimi qavranıla bilməz. Kinonun ifadə vasitəsi loqos deyil, söz deyil. Söz, müəyyənləşmiş mövqeyə malikdir, kino isə yox. Eynilə musiqili obraz kimi. Təsadüfi deyil ki, iblis, Salyerinin nəfsini məhz musiqidə sınağa çəkir, musiqi vasitəsilə onu paxıllıq və qisasın əyri yolu ilə dahi Motsarta doğru aparır, ən alçaq cəhətlərini üzə çıxararaq insanın əsl üzünü və təbiətini açıb göstərir.
Burada Motsart və Salyeri iki antipod kimidirlər – Allahla İblis. Xeyirlə Şərin iki submədəniyyəti. Klassik təfəkkürün istənilən mətnində bu cür təzahürü müşahidə etmək mümkündür.
Cim Carmuşun 2013-cu ildə çəkdiyi “Yalnız sevgililər sağ qalacaqlar” filminin təhlilinə xüsusi yer ayırmaq istərdim. Bu filmdə çəkilən Tilda Svinton ən yaxşı qadın roluna görə, Cim Carmuş özü isə ən yaxşı ssenariyə görə “Azad ruh” mükafatına layiq görülmüşdülər. Bu, qədim vampirlər olan Adəmlə Həvva haqqında əhvalatdır. İncilə və bəşəriyyətin ilk valideynlərinə istinad da buradan qaynaqlanır.
Filmdə Ava adlı qəhrəman var. O, süjet xəttinin iştirakçısıdır. Ava – Həvvanın surətidir. O, Həvvanın triksteridir – (mədəni qəhrəmanın arxetipi – “şeytani-komik dublyorudur və təlxək, məzhəkəçi xarakterlidir – ümumi davranış qaydalarına da tabe deyil. O, qanın dadını bilən şeytanvari obrazdır.) Romantiklər üçün bu, Şərin ideallaşdırılmasıdır, standart düşüncəli insanlar üçün isə dünya və Qərbi Avropa mədəniyyətində idealların idealı İsa Məsihdir. Vampirlər işığı görmürlər, işıq onların qənimidir – onlar işığın təsirindən ölürlər. Tanrı isə işığın özüdür və işıq Tanrının özüdür. Yüksək amallı çevrilmənin romantik estetikasını çatdıran epizod, vampirlərin kiçik stəkanlara süzülmüş qanı içdikləri epizoddur – bu İsa Məsihin qanıdır; onlar ona yaxınlaşmaq, təmizlənmək istəyirlər, buna görə bütün filmboyu miskin adlandırdıqları insanların qanını içmirlər.
Bu filmdə insanlar iki yerə ayrılırlar: zombilər, zombiləşmiş insanlar və ierarxiya üzrə yüksəlmiş şəxsiyyətlər olan vampirlər. Bu, Qərbi Avropa mədəniyyətinin aplodudur (inkişaf etmiş feodalizm dövründə relikt kimi mövcud olan erkən feodal Qərbi Avropada sərbəst şəkildə özgəninkiləşdirilə bilən fərdi-ailə torpaq mülkiyyəti), bu zaman epizodda baş qadın qəhrəman müxtəlif xalqların dillərində yazılmış mətnləri vərəqləyir. Ardınca biz, baş qəhrəmanın sinəsində Faust yazıldığını görürük – deməli iblisin özü də buradadır. Və Fibonaççi nişanı – bu onun “qızıl nisbətindən” xəbər verir, bu “qızıl nisbət” Leonardo da Vinçinin bütün əsərlərinin əsasındadır. Dünyanın yaradılışı da “qızıl nisbət” üzrə qurulub – İblis və kainat.
Carmuş bütün kütləvi mədəniyyətin təşəkkül tapdığı romantik estetikadan faydalanır, çox güman ki o, kütləvi estetikanın basmaqəlibini istifadə edir. O, romantik istehza, yüksək təxəyyülə dayaqlanır və eyni zamanda, ona yerli-yataqlı istehzanın yüngül örtüyünü əlavə edir.
Carmuşa görə rəngkarlıq, ədəbiyyat, musiqi, fəlsəfə, texnologiya, elm – bunlar hamısı vampirizmin törəmələridir. Vampirlər – bütün kütləvi mədəniyyəti qidalandıran, ilhamlandıran gizli ordendir. Stiven Kinqin vampirlərdən bəhs edən, Brem Stokerdən köçürülmüş “Püşk” adlı romanı var. Qalanları isə zombilərdir – prodüserlərin oturduğu Hollivud, vampirlərin “ölü” adlandırdıqları standart düşüncəli insanlar. Carmuş, prodüser diktatorluğundan asılı olmayan müstəqil rejissordur. Onun yozumunda vampirlər, mədəniyyəti təcəssüm edirlər – bu mədəniyyətə nəzər salanda müasirliklə klassika arasındakı parçalanmanın çox böyük olduğunu görürük, Qərbi Avropa klassik mədəniyyətinin məhv olması dövründə bu, xüsusən qabarıq ifadə olunur. Carmuş, Qərbi Avropa metaforları və “dünya öz interpretasiyalarında sonsuzdur və Xristianlıq bu interpretasiyalardan biridir” deyan Nitsşe ilə, doymuş Xristian fəlsəfəsindən söhbət açmır. Pavelin koriflilərə xitabını xatırlayaq, orada İlahi məhəbbətdən danışılır, burada isə İlahi məhəbbətdən əsər-əlamət yoxdur, sevgililərə bəslənən məhəbbətdir – “Yalnız sevgililər sağ qalacaqlar” və onlar öz məhəbbətlərinə hansısa başqa dünyanın, ola bilər ki, bir davam olaraq, xristianlıqdan daha yüksəkdə dayanan ərəb dünyasının da insanlarını da aid edirlər.
Carmuş həm də musiqiçidir, ona görə saundtrekin yaranmasında onun iştirakı təbiidir. Onun filmi ideyaların, mənaların və digər məfhumların sintezidir. Film rebus, ehtimal, assosiasiya üzərində qurulub və bu yalnız musiqidə özünü büruzə vermir, məna qatı bütünlüklə tapmaca ruhundadır.
Carmuş üçün ali eşelon – vampirlərdir, ölülər isə adicə standart düşüncəli insanlardır. O hər şeyi yüksək estetikanın üzərində qurur, bu isə öz növbəsində Xeyirlə Şər estetikasına dayaqlanmağı nəzərdə tutur. Və nəticədə Şər xeyirxah ola bilər, Xeyir isə qəddar. Bu Qeyri-Müəyyən Alinin dahiyanə çevrilməsidir!
Süjetin sonu, zombinin qanı “zəhərli” olduğu üçün ölməyi üstün tutan Adəmlə Həvvanın ekzistensializminə köklənib. Zombilər mədəniyyətə qarşıdırlar, onların qanını içmək olmaz, yoxsa zəhərlənərsən. Onlar yalnız rafinə edilmiş qan içə bilərlər, suyu yalnız su qabından içdikləri kimi. Bu onlar üçün estetikləşdirici barbarlıqdır, burada zombilər dünyası hər kəsi və hər şeyi əhatə edir. Buna görə də konsepsiya aydındır: qeyri-müəyyən sivilizasiyanın davamından və sonsuz dövretməsindən ötrü onlar gənc cütlüyü yönləndirmək istəyirlər! Sivilizasiya ondan ötrü hər şey edəni artıq onlara verə bilməz!
Məncə, qanın hələ yalnız görünüşünün kimlərdə heyranlıq, riqqət, kimlərdə dəhşət və ümidsizlik doğurduğunu qeyd etmək lazımdır. Lakin necə deyərlər, tamaşaçılar öyrəncəlidirlər. Ən aşağı meyarlı janrlardan olan dəhşət fillmlərinə böyük tələbat və maraq var. Baxmayaraq ki, böyük hesabla bu janr elitar kateqoriyaya aid deyil, hər şeyə rəğmən klassik, müasir, o cümlədən, müstəqil rejissorlar onu nəcib kinostatusa qaldırırlar. Bu yerdə belə bir sual doğur: “onsuz da qorxudulmuş bəşəriyyəti çıxılmaz, dəlisov dəhşətlə qorxutmaq, bunu ümumi bir dərk edilməyən eyforiyaya və atraksion effektinə çevirmək nəyə lazımdır?” Məyusluq da axı böyük günahlardan biridir. Bəs onda dəhşət filmləri niyə istehsal olunur?
Rejissorun “qaniçənsayağı” coşqu və hərisliklə vampir dastanı mövzusuna yanaşması, onun psixoloji tipini əyani şəkildə müəyyən edir və onun filminin son nəticəsi də bu əyaniliyə dəlalət edir. Belə görünür ki, əslində elə həmişə belə olub, dünyamızın iqtidar sahibləri ölümsüzlük şöhrəti xəstəliyinə düçardırlar, onlar fəlsəfi daşı əldə edib həyat eliksirini içmək istəyirlər ki, əbədi həyat qazansınlar və bu zaman bığaltı oxusunlar: ZİYAFƏTİ ŞEYTAN İDARƏ EDİR”.
Elçin Əsədov
Tərcümə: Samirə Behbudqızı; Redaktor: İlqar Quliyev