Qadın bətnindən doğulan ölkə

Kino sadəcə zamanı dayandırmır, həm də zamanın axarını dəyişir, onun ahəngini pozur və öz dramaturji strukturuna tabe edir. Tamaşaçı isə rejissorun yaratdığı kinematoqrafik zamanla üz-üzə qalır. Meksikalı rejissor Alfonso Kuaron da o müəlliflərdəndir ki, zaman və yaddaşın qarşılıqlı əlaqəsinə istinad edərək, xatirələrini həm fərdi, həm kollektiv anlamda kino dili ilə ifadə edir. Kuaronun hələlik sonuncu filmi olan “Roma” (2018) ailə tablosu vasitəsilə Meksikanın tənəzzülünü və dirçəlişini simvolik ünsürlərlə göstərməsi ilə yadda qalır. İlk “Oskar” mükafatını “Qravitasiya” filmi ilə qazanan müəllif, avtobioqrafik dram janrında çəkdiyi və ona üç “Oskar” gətirən “Roma” filmi ilə zirvəyə yüksəlib. Meksika şəhərində dünyaya göz açan rejissor bu filmində özünəməxsus yaradıcı üslubu ilə tamaşaçıları doğulduğu şəhərə səfərə aparır.

Film Mexikonun Roma adlı rayonunda yaşayan orta təbəqəyə məxsus dörd uşaqlı bir ailənin hekayəsini danışır. Ailənin məişət qayğıları çərçivəsindən çıxmayan adi həyatı 1971-ci ildə katoliklərin bayramı zamanı baş verən tələbə etirazları ilə paralelləşir.
Ənənəvi süjet quruluşundan çıxan, əsasən, rejissorun yaddaşından və yaradıcı təfəkküründən qaynaqlanan “Roma”da hadisələrin fonunda vahid bir sistemin süqutu və yenidən quruluşu patriarxal cəmiyyətin məhvi ilə təsvir olunur. “Roma” sadəcə avtobioqrafik film deyil, eyni zamanda Kuaronun kinematoqrafik təfəkkürü ilə təhtəlşüurunun qovuşduğu məkandır. Rejissor bu filmlə nəinki özünü, həm də Meksikanın çöküşdən yenidən doğuluşa gedən yolunu ekranlara gətirir. Film, ağ-qara rəng palitrası, tutqun fonu ilə nostalgiya atmosferi yaratmaqla başlayır. Təyyarənin döşəmədəki çirkli suda əksi ilk baxışda adi təmizlik prosesinin bir parçası kimi görünsə də, statik kadrdan istifadə olunmuş bu səhnədə, əslində, filmin süjetində əsas yer tutan sosial təbəqələşmə vizual formada ortaya çıxır. Ailənin həm dayəsi, həm də xidmətçisi olan hindu Kleonun təmizlədiyi gölməçə onun aid olduğu aşağı təbəqəni, səmadakı təyyarə isə xidmət etdiyi ailənin “azadlığını” və yuxarı sinfə mənsubiyyətini simvolizə edir.

Süjetin əsas personajlarının xarakterlərinə nəzər yetirək. Filmin ekspozisiyasında tamaşaçının tanış olduğu ilk personaj Kleodur. Bu obraz, rejissorun həyatında xüsusi yer tutan, ailənin xidmətçisi olmaqla yanaşı, fədakarlığı və Balaca Alfonsoya qarşı nəvazişi ilə seçilən qadının prototipidir. Burada haşiyədən çıxaraq qeyd edim ki, Meksikada kolonial dövrdən başlayaraq varlı ailələr ev işlərini görmək üçün xidmətçilərdən istifadə edirdilər. Bu, bir növ, sosial statusun simvolu sayılırdı, evdə xidmətçi saxlamaq ailənin iqtisadi gücünü göstərirdi.
Kleo Kuaronun xatirəsində bir qulluqçudan daha çox, ona böyük sevgi və nəvaziş göstərən qadın, xilaskar ana kimi qalıb. İlk baxışda soyuq və emosiyasız insan təsiri bağışlayan, irəliləyən dəqiqələrdə isə zavallı və fədakar qadın kimi tanıdığımız qəhrəman, ailənin ayrılmaz bir parçasıdır. Orta sinifə mənsub ailənin evinin ümumi planda dağınıq formada təsviri XX əsr Meksikasının melanxolik ab-havasına, o dövrün hərc-mərcliyinə işarə edir. Kuaron iki saatdan çox davam edən filmdə təbəqələşmə, patriarxal cəmiyyət, qadınların bir-birilərinə olan münasibətlərinə işıq salmaqla yanaşı, qəhrəmanının mənəvi qatına da toxunur. Məsələn, Kleonun daxili dünyasında baş verən xaosun təsvirini qeyd etmək yerinə düşər. Rejissor, qəhrəmanın daxili aləmini dialoqlarla deyil, oyun vasitəsilə göstərir. Kinoda oyun sadəcə əyləncə üçün deyil, eyni zamanda psixoloji, emosional həqiqətləri çatdırmaq üçün istifadə olunan bir üsuldur. Kleonun, himayəsində olan uşaqların “silah-silah” oyunlarına qoşulması əyləncə yox, onun daxili monoloqunun emosional təcəssümüdür. Qəhrəmanın betonun üstünə uzanması, “yorğunluğunu” “Mən ən çox ölü olmağı sevdim” cümləsi ilə ifadə etməsi varlığı və yox olmaq istəyi arasındakı mövqeyini ifadə edir. Burada oyun – metafordur. Oyun həqiqət donu geyinir, həqiqət isə oyun vasitəsilə ifşa olunur.

Zənnimcə, “Roma” filmini diqqətəlayiq edən əsas məqamlardan biri də patriarxal mövzunun Meksika ilə birləşdirilmiş metaforik təzahürünü görməyimizdir. Məsələn, zahirən ailə yükünün daşıyıcısı kimi görünən Antonio, müəllif tərəfindən patriarxal rejimin əsas nümayəndəsi kimi təqdim edilir. Təkcə o yox. Kleonun hamilə olduğunu öyrənən kimi onu tərk edən Ferri də patriarxal rejimin çöküşünü, əslində, bir ailənin bütün yükünün qadının çiyinlərinə düşdüyünü göstərir. Ferrinin hamiləlik xəbərinə reaksiyası, Kleonu alçaltması maskulinliyin ifşasıdır.
Filmdə sosial təbəqələşmə ailələr arasında müşahidə olunsa da, qadınlar arasında bu hiss olunmur; kişilər ailələrini tərk edirlər, qadınlar isə bir-birilərinə dəstək üçün birləşirlər. Kleonun xidmət etdiyi evdən aralı yerləşən daxmada yaşaması təbəqələrarası fərqin, iqtisadi çətinliklərin vizual təsviridir.

Filmdə rejissorun ön planda saxladığı mövzulardan biri də 1972-ci ildə Meksikada sosial və siyasi gərginliyin pik həddə çatmasıdır. Sözügedən dövrdə tez-tez hökuməti dəstəkləyən qüvvələr – sağçılarla rejimin əleyhinə çıxan solçuların toqquşmaları baş verirdi. Sağçılar dövlətin cəmiyyət qarşısında sosial borcunun olmadığını, solçular isə dövlətin cəmiyyətin rifahı üçün məsuliyyət daşıdığını deyirdilər. Bu tarixi gerçəklik filmdə tamaşaçılara tələbə hərəkatı, küçə qarşıdurmaları, repressiyalar vasitəsilə çatdırılır. Təsadüfi deyil ki, bu mübarizədə aşağı təbəqənin təmsilçisi kimi Ferri də iştirak edir. Rejissor demək istədiklərini Ferri obrazı vasitəsilə çatdırır. Onun Kleonun həyatına daxil olub-çıxması təkcə şəxsi münasibətlər kimi deyil, Meksikanın siyasi və sosial taleyinin simvolu kimi də göstərilir. Kleonun Ferridən hamilə qalması, doğulacaq körpə, Meksikanın gələcəyinə olan ümidlərin simvoludur. Körpənin ölü doğulması gerçəkləşməyən arzuların metaforu kimi yozula bilər – bir tərəfdən ölü doğulan uşaq, digər bir tərəfdən isə Meksikanın siyasi və sosial böhranı. Lakin ev yiyəsi Sofinin “Biz qadınlar, həmişə təkik” replikasına istinad etsək, işıqlı sonluq görə bilirik. Belə ki, filmin son səhnəsində belə qadın əli “xilaskar ana” rolunu oynayır. Bura da Kuaron tamaşaçısına metaforik mesajlar ötürür. Finalda uşaqların baş vurduğu dənizin dalğası Meksikanın çətinliklərini və böhran vəziyyətdə olduğunu təsvir edərkən, Kleonun batmaqda olan uşaqları xilas etməsi xalqın mübarizəsinin, gələcəyə olan ümid və gücün simvoluna çevrilir. Beləcə, Kuaron “Roma” filmində qadının həm məişətdə, həm də ölkənin doğuluşunda oynadığı rolun gücünü və təsirini göstərir.
Elza Axundova