Qərbə inteqrasiya və ya müəllif məzmunu

Filmlərimizin dünya kinosunda özünə yer tapması bu sahə ilə məşğul olan çox insanın arzusudur. Bu mücərrəd arzunu gerçəkləşdirən tək-tük nümunələr olsa da, davamlı şəkildə dünya kino səhnəsində göründüyümüzü desək, yalan olar. İnteqrasiyadan danışmaq dildə asandır, lakin əməldə müşkülə çevrilir. Azərbaycan kino sənayesinin Avropa kino sənayesi ilə orqanik əlaqədə olduğunu, bir-birinə nüfuz etdiyini söyləmək hələlik mümkün deyil. Bunun üçün bir çox sistematik addımlar, bacarıqlar tələb olunur və vaxt ötdükcə, əlaqələr genişləndikcə, xüsusilə, gənclər tərəfindən həmin bacarıqların mənimsənildiyini görürük. Beynəlxalq layihə inkişaf proqramlarına seçilmək, pitçinqlərdə iştirak etmək, yekun məhsulu bazara çıxartmaq üçün film marketlərində əlaqələr qurmaq və ortaq istehsalla filmin potensialını artırmaq sözügedən sistematik yanaşmanın vacib addımlarındandır.
Sadalananlar işin daha çox texniki tərəfləridir. Nəzərə almaq lazımdır ki, pitçinq sistemi ölkəmizə hələ yeni-yeni ayaq açır və davamlı olub-olmayacağı da sual altındadır. Hər yeni kadr dəyişikliyi yeni fikirlərə yol açır ki, bu da sistemin özünü sıfırlayıb yenidən qurmasına gətirib çıxarır.
Digər və bəlkə də ən vacib tərəf isə hələ də cavabsız qalmaqdadır: Azərbaycan kinosu dünyaya yaradıcılıq baxımından nə təklif edir? Hələlik gördüyümüz odur ki, bu təkliflər pərakəndə xarakter daşıyır, hər rejissor Azərbaycanı dünyaya öz qavradığı formada təqdim edir. Rejissorlarımız yaxşı filmlər çəkməyə çalışsalar da, hələlik müəllif dəsti-xətti ortaya qoyduqlarını demək çətindir. Bu xüsusda ən çox haqqında danışılan və müzakirə edilən məsələ “müəllif kinosu”, müəllifin özünəxas “kino dili” anlayışıdır. Yeni kino dili yaratmaq isə həm qəlizdir, həm də çətin. Hansısa gənc rejissorun birdən-birə özünə aid kino dili yaradacağını gözləmək ən yaxşı halda sadəlövhlük olardı. Dünya kinosunda da orijinal kino dili yaratmağı bacaran müəlliflərin sayı azdır. Bəs “kino dili”ni yaratmaq belə çətindirsə, dünya üçün necə maraqlı iş ortaya qoya bilərik?
Qərb kinofestivallarının və auditoriyasının diqqətini çəkməyin vacib yollarından biri “müəllif məzmunu”dur. Qərbdə fərqlənməyi bacaran rejissorların hər birinin özünəxas müəllif məzmunu var.
Amma əvvəlcə “müəllif məzmunu” deyəndə nəyi nəzərdə tutduğumu izah edim. Bu anlayışı müəllifin karyerası boyu, ya da, ən azından, özünü sübut edib istədiyi filmləri çəkmək imkanı qazanana qədər özü və yaradıcılığı barədə formalaşdırdığı vahid konsepsiya kimi qəbul edə bilərik. İlk baxışdan bu, elə “müəllif kinosu” nəzəriyyəsinə bənzəyir, lakin onları ayıran xətləri diqqətlə çəkməli, “müəllif kinosu”nun daha üstün bir anlayış olduğunu qəbul etməliyik. “Müəllif kinosu”nda rejissordan kinoya ümumi münasibətini, fəlsəfəsini, zamanı və məkanı necə qavradığını sərgiləməsi, janrın kanonlarını dəyişməsi və ya tamam imtina edərək özünəxas yeni bir məhsul ortaya qoyması gözlənilir. “Müəllif məzmunu”nda isə daha çox seçilən mövzular, mövzuların əhatə dairəsi və müəllifin təmsil etdiyi icmalar önə çıxır. “Müəllif məzmunu” sayəsində özünü təsdiq etməyi bacarmış müəlliflərin zamanla “müəllif kinosu” yaratması da mümkündür. Bəhs etdiyim “müəllif məzmunu” anlayışının daha aydın olması üçün həm dünya kinosundan, həm də Azərbaycan kinosundan müxtəlif nümunələr vermək olar. Məsələn, ötən il Kann Film Festivalının əsas mükafatını qazanan Şon Beyker bu mükafatı alana qədər artıq öz müəllif məzmunu ilə fərqlənmişdi. Bu məzmun Amerikanın aşağı sinfindən olan qəhrəmanları, seks işçilərini, transgenderləri ehtiva edir. Təsadüfi deyil ki, onun “Qızıl Palma” mükafatı alan “Anora”sı da bənzər sosial statusdan gələn Aninin hekayəsi idi. Şon Beykerin filmləri “müəllif kinosu” adlandırılacaq qədər unikal kino dili vəd etmir, bəlkə, gələcəkdə kino dilini yarada biləcək, bəlkə də yox. Lakin indiyə qədər “müəllif məzmunu”na sadiq qaldığı şübhəsizdir. Şon Beyker deyəndə artıq dünya kino cameəsində sadalanan mövzular yada düşür və onlar rejissorla assosasiya olunan bir üst-kimlik rolunu oynayır. Bənzər mövzulara daha əvvəllər də xeyli rejissorlar müraciət ediblər, yəni, Beyker heç də problemə yeni yanaşma gətirmir. Ancaq onun təsvir etdiyi icmalara, mövzulara sadiqliyi yaradıcılığı haqqında vahid fikir formalaşdırmağa imkan verir.

Başqa bir misal: Rumın kinosunun ən uğurlu müəlliflərindən olan Kristian Minciu karyerasına Qərbə köçməyə qərar vermiş ailənin başına gələn tragikomik hadisələrdən bəhs edən “Qərb” filmi (“Occident”) ilə başlayıb. Ardınca çəkdiyi “Dörd ay, üç həftə, iki gün” dramı ilə “Qızıl palma budağı”nı qazanıb və hər dəfə Kanna seçilməyi bacarıb. Onun konkret bir janrda işlədiyini demək çətin olsa da, müəllif kimi əsas mövzusu Rumıniyanın Şərq blokundan qopub Qərbə adaptasiyası prosesi və müxtəlif hekayələrlə bu prosesin ağrılarını göstərməkdir. Həmçinin öz ölkəsindəki rüşvət, ədalətsizlik, xurafat kimi mövzular da onun “müəllif məzmunu”nu formalaşdırır. Minciunin orijinal “kino dili” olub-olmadığı sual altındadır, ancaq müəllif məzmunu olduğunu heç kim inkar edə bilməz. Onun məzmunu həm lokal olduğu, həm öz ölkəsinin siyasi-iqtisadi problemlərini ekrana daşıdığı, həm də bunları edərkən universallığa çata bildiyi üçün fərqlənir.
Müəllif məzmunu Qərbin kinoda şəxsiyyət və imza axtarışının ilk mərhələsidir. Qərbdə yanaşma budur ki, yaxşı filmi istənilən rejissor çəkə bilər, ancaq öz ölkəndən, öz mədəniyyətindən, öz icmandan bəhs edən səciyyəvi filmi yalnız “sən” çəkə bilərsən. Buna görə də, rejissorlardan ilk mərhələdə daha orijinal kino dili tapmaqları yox, məhz müəllif məzmunu yaratmaqları gözlənilir. Bizim rejissorlarımızın qabağını kəsən əsas məsələlərdən biri, əksər hallarda, ardıcıl olmamaqları, hər dəfə fərqli mövzuya, fərqli qəhrəmanlara müraciət edərək özləri haqqında konkret bir fikir formalaşmasına imkan verməmələridir.

Elçin Musaoğlunun “Nabat” filmi kino tariximizin ən böyük uğurlarından biri sayıla bilər. Bu film Venesiya Film Festivalının “Üfüqlər” bölməsində mübarizə aparmışdı. Lakin Elçin Musaoğlu qazandığı uğuru davam etdirib daha yüksək pillələrə qalxa bilmədi. Əlbəttə, burda vacib faktorlardan biri ona çox gec-gec “film verilməsi”dir. Çəkdiyi filmlər arasında hər dəfə 7-8 il fərqin olması rejissorun vaxtında parlamasının və öz işində itiləşməsinin qarşısını alır. Digər tərəfdən isə hər filmdə fərqli mövzu seçməsi, fərqli hekayələrə malik qəhrəmanlar onun müəllif yanaşmasına da suallar yaradır. İlk filmi “Qırxıncı qapı”da qəhrəman yeniyetmədir və Bakının keçid dövrü ilə birgə qəhrəmanın böyüməsi göstərilir. İkinci filmi “Nabat”da qəhrəman, həyat yoldaşı ilə birgə müharibədən qorunmağa çalışan anadır. Üçüncü filmi “Məryəm”də isə illər sonra geri qayıdan qızın atası ilə münasibətləri göstərilir. Bu üç filmdə üç fərqli dövr, üç fərqli hekayə, üç fərqli yanaşma var. Rejissorun müxtəlif mövzulara müraciət etməyində qəbahət yoxdur, lakin bu cür yanaşma Qərb tərəfindən qəbul edilməyi çətinləşdirir. Düzdür, Qərb tərəfindən qəbul edilib-edilməməyi mübahisələndirmək olar, bunun indiki şəraitdə vacib olub-olmadığını müzakirəyə qoymaq mümkündür. Ancaq əgər hədəfimiz Qərbə inteqrasiya və Qərb kino dairələri tərəfindən qəbul edilməkdirsə, şərtlərə uyğun davranmaq hədəfə çatmaq üçün ən vacib məqamlardan biridir. Elçin Musaoğlunun ardıcıl müəllif məzmunu olsaydı, nisbətən böyük uğurlar qazanmaq ehtimalı daha çox olardı.

Kinomuzda müəllif məzmunu yarada bilən uğurlu nümunə kimi isə Elvin Adıgözəlin adını çəkə bilərik. Onun Rüfət Həsənovla birgə çəkdiyi “Buqələmun” debüt tammetrajlı bədii filmindən Elvin Adıgözəlin filmlərinin qəhrəmanları cəmiyyətin kənarlarında gəzişən, özlərinə yer tapa bilməyən, məkansızlıqdan əziyyət çəkən insanlardır. Elvinin bütün filmlərini birləşdirən əsas məqam əyalət və paytaxt arasındakı mübarizədir. Qəhrəmanlar ya əyalətdən paytaxta gəlir, ya da tam əksinə hərəkət edirlər. Məsələn, “Buqələmun”da əsas qəhrəman kəndə qayıdır, ancaq həmişəlik yox. O, Bakıya qayıtmaq üçün gün sayır. Və ya son illərin ən uğurlu filmlərindən biri, bəlkə də birincisi olan “Biləsuvar”da qəhrəmanlar ilişib qaldıqları məkandan – Biləsuvardan – çıxmaq üçün yol axtarırlar. Hətta Bakıdan bura müvəqqəti gələn qəhrəman da yenidən Bakıya qayıtmaq arzusu ilə alışıb yanır. Rejissor sadalanan mövzuları realistik yanaşma ilə tədqiq edir, minimal həllər tapmağa çalışır. Onun özünə aid kino dili axtarışında olduğunu, bunu formalaşdırmağa çalışdığını demək olar. Lakin hətta indidən deyə bilərik ki, Elvin Adıgözəl “müəllif məzmunu”nu tapmağı bacarıb və davamlı olacağı təqdirdə daim Qərb festivallarının diqqət mərkəzində qalmağa davam edəcək.
Rejissorlar bəzən kino dili axtarışı uğrunda o qədər fərqli mövzulara müraciət edirlər ki, yekunda heç müəllif məzmunu da formalaşmır. Müxtəlif hekayələrə müraciət etmək olar, ancaq onu rejissor profilinə uyğun süzgəcdən keçirməli, fərdi imzana xidmət edəcək hala salmalısan. Əgər bu gün Dardenn qardaşları deyəndə kinosevərlərin ağlında müəyyən bir ideyalar-hadisələr toplusu canlanırsa, bu onların əvəzsiz “kino dili”nə sahib olduqlarına görə deyil. Sadəcə Dardenn qardaşları illər boyu öz müəllif məzmunlarına sadiq qalıblar və müxtəlif formalarda danışsalar da, əslində, hər dəfə eyni hekayəni danışıblar: Müasir Belçika cəmiyyətinin problemlərini. Bizim rejissorlar da öz müəllif məzmunlarını tapdıqları zaman diqqət çəkəcək, qəbul ediləcək və dünya kinosunda yadda qalan imzaya çevrilmək şansı əldə edəcəklər. Əks halda hər dəfə yaxşı filmlər çəkən, amma konkret bir hədəfə vurmadıqları üçün növbəti mərhələyə keçə bilməyən müəlliflər sırasına qoşulacaqlar. Müəllif məzmunu ilə tanındıqdan və qəbul edildikdən sonra isə başqa eksperimentlər etmək, yeni ifadə formaları haqqında düşünmək olar. O vaxta qədər isə təmkinli, dəqiq addımlarla irəliləmək mütləqdir.
Hacı Səfərov