İNDİ OXUYUR
Postmodernizm manifesti

Postmodernizm manifesti

Rejissor Kventin Tarantinonun artıq əfsanəyə çevrilmiş “Kriminal qiraət” (1994) filmi haqqında çox danışılıb, yazılıb və çəkilib. Yeni bir şey demək iqtidarında deyiləm, amma adı çəkilən film haqqında deyilən bütün fikirləri bir yerə toplamaq qərarına gəldim. 1994-cü ildə – kinematoqrafiyanın yüzilliyi ərəfəsində çəkilmiş film, bütün mövcud maneələri aşaraq postmodernizm manifesti kimi meydana gəldi. Və bununla da dünya kinosu tarixində yeni bir mərhələ başladı.

Bu filmi izləmiş tamaşaçı ordusu iki hissəyə bölünür – onu sevənlər və ona nifrət edənlər. Amma bu film heç kəsi biganə qoymayıb. Belə bir sual meydana gəlir, bu filmin özəlliyi nədən ibarətdir? Filmin vahid süjet xəttinin qeyri-mövcudluğu, filmdə baş rolun olmaması, qeyri-müəyyən antaqonist və protaqonist və s. kimi məqamlar filmi digər filmlərdən fərqli pilləyə qoyur. Lakin sadaladığım bu məqamlar dogrudanmı filmdə var yoxsa bütün bunlar filmin çəkildiyi gündən bu günə kimi yayılmış yanlış fikirlərdir?



Yuxarıda qeyd etdiyim kimi, film postmodernizm paradiqması üzərində qurulub. Postmodernizm – sadə dildə desək, daha öncə mövcud olan əsərlərdən bəzi nüansları özününküləşdirərək (!) öz əsərini, məhsulunu yaratmaqdır. Başqa sözlə, müəllif özündən əvvəlki qaydalara riayət etməklə və eyni zamanda onları pozmaqla öz manifestini ortaya qoyur.  

“Kriminal qiraət” filmi ekranlara çıxanda, kinematoqrafiya artıq yüzüncü ilini qeyd etməyə hazırlaşırdı və bu müddət ərzində edilənlərlə özü-özünə bir növ hesabat verməli idi. Kinematoqrafiya XX əsrin məhsuludur və XXI əsrin astanasında o tamaşaçılara yeni yüzillik üçün nə təklif edə bilərdi? Tarantino ənənəvi amerikan kinosu qaydalarına riayət və eyni zamanda onu dekonstruksiya edərək, kollaj vasitəsilə yeni əsər ortaya qoyur. Niyə mən kollaj sözünü işlətdim? Misal üçün, filmdəki məşhur – Semyuel L.Cekson və Con Travolta dueti… Bu filmə qədər bu iki məşhur aktyorun özlərinin artıq oturuşmuş amplua və kinematoqrafik obrazları mövcud idi. Con Travoltanı tamaşaçı, artıq məşhur “Şənbə axşamının qızdırması” (1977, rejissor Con Bedem) filmindən tanıyırdı və onun rəqs bacarığına bələd idi. Və onun “Kriminal qiraət”dəki rəqsi heç kəs üçün yeni deyildi. Sadəcə, Tarantino, “rəqqas” Con Travoltanı tamaşaçıya yeni kontekstdə təqdim edir. O cümlədən Brüs Uillis – tamaşaçı onu 1988-ci ildə çəkilmiş “Məğlubedilməz” (Die Hard; rejissor Con Maktirnan) filmindəki Con Makkleyn obrazı ilə yaxşı tanıyırdı. O, tamaşaçının qarşısında sadəcə boksçu və ya məharətlə qılınc oynadan qəhrəman kimi çıxış etmir. Tarantino onu Con Makkleyn obrazından Butç obrazına konvertasiya edərək fərqli rakursda tamaşaçıya çatdırır. Filmin saundtreki də kollaj üsulu ilə tərtib edilib. Fərqli illərə və janrlara aid olan mahnılar ordan-burdan yığılaraq filmə daxil edilib. Amma buna baxmayaraq, filmdə iştirak edən həm bəzi aktyorlar həm də mahnılar məhz bu filmlə məşhurlaşıb və yadda qalıb. Bir sözlə, haqqında danışdığım film özündən əvvəl mövcud olan əsərlərdən müəyyən elementlərin qoparılaraq pazl kimi bir yerə yığılması nəticəsində əmələ gəlib. Məşhur Frankenşteyn qəhrəmanını xatırlayın…


Yaxşı, bəs film nə haqqındadır?

Bu film təpədən-dırnağa qədər xristian mövzulu filmdir və bu mövzu iki quldura – Vinsent və Julsa gələn “İlahi vəhy” üzərində cəmlənir. Filmin əvvəlində onları güllə-baran edirlər, lakin onlara heçnə olmur və onlardan biri – Juls bunun işarə olduğuna inanır, digəri isə – Vinsent, bu hadisəyə ciddi önəm verməyərək bunu təsadüf adlandırır. Bu “inamsızlıq” nəticəsində onun başına silsilə şəklində bədbəxt hadisələr gəlir və sonda o, tualetdə “kriminal qiraət” zamanı təsadüfən qətlə yetirilir. Amma Juls, filmin sonunda başdan-ayağa qədər bulaşmış özgə qanından yuyularaq ağ köynəkdə təmizliyə çıxır, çünki o, möcüzənin baş verdiyinə inanır və onu qəbul edir. Fiziki təmizlikdən başqa burada mənəvi təmizlik də mühüm rol oynayır – Juls rəhmə gəlir – o, restorana basqın etmiş quldur cütlüyü bağışlayır. Bağışlanma, burada Brüs Uillisin qəhrəmanının obrazında da baş verir. O özü rinqdə rəqibini təsadüfən öldürür, amma öz düşmənini – onu öldürmək istəyən Marselus Uollesi əfv edir, bağışlayır. Və bununla da öz həyatını xilas edərək, sonda azad şəkildə çıxıb gedir. Bütün bunlar xristian dininin etikasından xəbər verir. Bir sözlə, söyüşün, quldurların, qətlin bol olduğu film xristian dininin ali məqsədlərini tərənnüm edərək, ruhun qələbəsi və ali azadlıqdan bəhs edir.


Tarantino kriminal, boks və sair film janrlarını qatır və süjet inversiyası edərək, xristian dinindəki “Dirilmə” mövzusunu da qabardır. Yuxarıda qeyd etdiyim – Con Travoltanın qəhrəmanı Vinsent Veqa da, Semyuel L.Ceksonun qəhrəmanı Juls ilə filmin sonunda təmizlənərək “dirilir”. Və rejissor bu fəndi fleşbeksiz edir. Filmdə baş verən süjet dəyişiklikləri və “möcüzələr” onun “dirilməsinə” səbəb olur.  

“Kriminal qiraət” filmi 1994-cü ildə əsl “möcüzə” kimi meydana gələrək dünyaya səs salır və bütün prestijli mükafatlara, o cümlədən, Kann festivalının “Qızıl palma budağı”na və Oskara layiq görülür.


Ekranlara çıxmasından 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, film öz “təravətini” itirməyib. Bir çox tamaşaçılar bu filmi Tarantinonun ən yaxşı filmi hesab edirlər və ondan sonra çəkdiyi bütün filmlərini bu filmin “kölgəsi” adlandırırlar. Filmin çıxdığı dövrdə olduğu kimi indi də onun ətrafında dolaşan səs-küy səngimir və fikir ayrılıqlarına gətirib çıxarır. Bütün bunlar isə “Kriminal qiraət” filminin sözün hər mənasında şedevr olduğunu bir daha təsdiq edir.  

İlqar Quliyev

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya