İNDİ OXUYUR
Pislik – seçimdən doğur

Pislik – seçimdən doğur

Arxa fondakı səs bizə xatirələri danışarkən, film təbiət kadrları ilə başlayır. Qulam kişinin həyətindəki gilas ağacı filmin mərkəzində dayanan obyektdir. Uşaqlar gilas ağacına mahnılar oxuyur, ətrafında oynayırlar. Böyüklər isə onları izləyir, bəzən onlara qoşulurlar. Artıq ilk səhnələrdən aydın olur ki, gilas sadəcə meyvə deyil. O, bu insanların gündəlik həyatının və həmrəyliyinin ayrılmaz parçasıdır. Gilas, bu icma üçün paylaşımın və mənəvi bağın ifadəsidir. 

Rejissor Tofiq İsmayılovun Ə.Əylislinin eyniadlı hekayəsi əsasında çəkdiyi “Gilas ağacı” (1972) filmində (filmə bax) hadisələr İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. Həmin il gilas yetişən vaxt kəndin kişiləri müharibəyə yollanırlar. Kəndə hüzn çökür və insanların gündəlik ritmi pozulur. Kəndin yarısından çoxunun səfərbərliyə alınması kollektiv həyatın da yarıya bölünməsi deməkdir. Hadisələrin Azərbaycanın kəndlərindən birində baş verməsi filmi konkret tarixi məkana bağlasa da, danışılan faciə ümumbəşər xarakter daşıyır. Rejissor Tofiq İsmayılov və ssenari müəllifi Əkrəm Əylisli müharibəni arxa cəbhə prizmasından göstərməyi seçirlər.


Qulam kişi (Məmmədrza Şeyxzamanov) filmin əsas obrazıdır. Müharibəyə aparılmaması onun məsuliyyətini artırır. O, kənddə qalanların vicdanı rolunu oynayır. İki il keçsə də, müharibə davam edir. Gilas ağacı bu çətin vaxtlarda insanlar üçün həm maddi, həm də mənəvi dayaq rolunu oynayır. “Axı, o gilas bizim idi!” arxa fonda bu cümlə yenə təkrarlanır. Gilasın bar verməsi, insanların ondan yararlanması müharibə şəraitinin məhv edə bilmədiyi yeganə xoş hadisədir. Filmin operator işindən danışmasam, olmaz. Burada kamera filmin emosional yükünü daşımağı bacarır. O, statik deyil, tez-tez yaxınlaşır, uzaqlaşır və bizi hadisələrin içinə aktiv şəkildə daxil edir. Müəyyən səhnələrdə xatirə ilə reallıq arasındakı sərhəd qəsdən bulanıqlaşdırılır. Məsələn, uşaqlıq xatirəsi ilə bağlı səhnənin xülya, yoxsa gerçək olduğu obraz üçün belə, müəmmalı qalır. Eyni zamanda vizual effektlər səhnəyə xəyalvari, poetik bir ab-hava verir və xatirənin nağılvari keyfiyyətini gücləndirir. Şübhəsiz ki, istifadə edilən vizual effektlər bugünkü texniki meyarlarla yox, emosional təsirinə görə qiymətləndirilməlidir. Tamaşaçı bu kadrlara baxarkən rahatlanır və xoş hisslərə qapılır. Lakin bu, uzun çəkmir, kamera qəfil perspektivi dəyişdirərək tamaşaçıya sosial reallığın sərtliyini bütün “əzəməti” ilə göstərir. Tədarük azdır, aclıq tədricən yaxınlaşır. Yemək ehtiyatının azalması müharibənin ən amansız tərəfidir. “Qara kağızlar”ın gəlməyə başlaması ilə müharibənin əsl üzü açılır.

Kəndə gələn alverçi, Qulam kişinin yoldaşı Müşəfər nənədən (Leyla Bədirbəyli) ağacı neçəyə satdığını soruşur, qarşılığında hər şeyi verməyə hazır olduğunu deyir. Axı, bu nadan haradan bilsin ki, bu gilasın dəyəri pulla ölçülmür. Bu insanlar, xüsusilə, uşaqlar gilas ağacına görünməz, mənəvi bir bağla bağlanıblar. Alverçi obrazı isə müharibənin yaratdığı boşluqdan istifadə edən mənəvi korluğu təmsil edir. Qida ehtiyatı tükənmək üzrə olduğu üçün nənə ərzağı götürməyə məcbur qalır. Burada kapitalizmin açıq tənqidini duya bilərik: insanların çarəsizliyindən pul qazanmaq. Mənəvi dəyərlər böhran anında ucuzlaşdırılır. Film Müşəfər nənəni mühakimə etmir, vəziyyətin onu bu nöqtəyə gətirdiyini göstərir. Qulam kişinin reaksiyası isə qətidir: “Ağac uşaqlarındır”. Bu, bir daha sübut edir ki, gilas ağacı şəxsi mülk deyil, elə ona görə də, satıla bilməz. Lakin çarəsizlikdən satılır.


Ağacın məftillənməsi filmin ən ağır metaforudur. Bir vaxtlar hamıya aid olan nəsnə artıq şəxsi mülkə çevrilib. Qulam kişinin uşaqlara gizlicə gilas yeməyə icazə verməsi alverçi ilə onun arasındakı əsas fərqi ortaya qoyur. Müharibə şəraiti insanları eyni vəziyyətə salır, amma eyni seçimə məcbur etmir. Film açıq şəkildə bildirir ki, pislik şəraitdən yox, seçimdən doğur. Qulam kişi insanların ən qaranlıq məqamlarda belə öz mərhəmətini və xeyirxahlığını itirmədən yaşaya biləcəyinin simvoludur. Alverçinin əksinə o, müharibə dövründə belə öz yüksək insani keyfiyyətlərini qoruyub saxlaya bilir.

Sadığın ağacdan yıxılması faciənin kulminasiyasıdır. Qulam kişinin ağacı baltalaması isə çarəsizlikdən doğur. O, problemi kökündən yox etmək istəyir, amma bacarmır. Həmin səhnə ilə paralel olaraq quşların pərən-pərən olduğu səhnə göstərir ki, bu zorakılıq təbiətə yönəlib. Gilas ağacı canlıdır və ona edilən hər müdaxilə birbaşa təbiətə təsir göstərir. Daha sonra dəyirmana gedən Qulam kişi dəyirmanı işə salır və bütün kənd yavaş-yavaş suya batır.


Finalda at və günəş motivləri qətiyyən optimizm yaratmır. Bu motivlər müharibənin bitəcəyinə dair vəd də deyil. Film nəticə çıxarmır, hökm vermir. Sadəcə göstərir ki, müharibə ya insanı məhv edir, ya da dəyişir. At – murad deməkdir. Deməli, bu kənd üçün hələ də ümid var. Müharibə üçün hələ də ümid var. Günəşin yenidən doğacağına dair ümid var. Çünki ümid ən sonda ölür.

Beləliklə, “Gilas ağacı” müharibə şəraitini insan mənəviyyatını sınağa çəkən vəziyyət kimi ələ alır. 

Aytən Abdullayeva

Fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya