“Pinokkio məna axtarışında”
Hamımız Tanrının Pinokkiolarıyıq. O, bizi ölümsüzlüklə sevindirmək yerinə ölümlə müjdələdi. Çünki ölüm bizi zamanın dəyərini anlamağa məcbur edəcək tək müjdə idi. Mavi Pərinin söylədiyi kimi: “Birini itirənə qədər onunla nə qədər vaxtının olduğunu bilmirsən”. Əgər insan ömrü sonsuz olsaydı, yaşayacağı anlar, çatmaq istədiyi arzular anlamını itirər, sonsuzluğun ağuşunda heçliyə bürünərdi. Qəhrəmanımız Pinokkio isə monoton həyatdan imtina edərək mənalı ömür seçir. Hər dəfə ölüb-dirilmək əyləncəli görünsə də, mənəvi kamilliyə çatan Pinokkio, əslində, həyatın mənasının ölümün varlığında olduğunu anlayır.
Katolik ailədə dünyaya göz açan meksikalı rejissor Gilyermo del Toro yazıçı, rejissor, prodüser olmaqla yanaşı, on il moda dizaynı ilə də məşğul olmuşdur. O, kinematoqrafiyada ilk addımlarını qısa filmlərlə atmışdır. Onun 1985-ci ildə çəkdiyi ilk qısametrajlı işi “Donna Lupe” adlı qorxu filmi olub. G.Toronun filmləri bədheybətlər, qorxu, vampir və qotik üslub elementləri ilə zəngindir. Bunlara “Kronos” (1993), “Şeytanın onurğası” (2001), “Qanlı zirvə” (2015) və digər filmlərini aid etmək olar.
Rejissorun, 2022-ci ildə çəkdiyi “Pinokkio” animasiyası Karlo Kollodinin nağılına fərqli baxış bucağıdır. İlk növbədə, bu animasiya yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçün nəzərdə tutulmuşdur. Əyləndirir, təəccübləndirir və tamaşaçını suallara qərq edir. Rejissor filmi elə yaratmışdır ki, tamaşaçı Pinokkio ilə birgə öyrənir, sınaqlardan keçir və həyat dərsi alır. Filmin emosional təsiri o qədər güclüdür ki, Pinokkio evdən gedərkən tamaşaçı sanki öz evindən kiminsə ayrıldığını hiss edir. Film Cepettonun, oğlunun məzarı başında görünməsi ilə başlayır. Cepetto, 1916-cı ildə, müharibə dövründə oğlunu itirmiş və bununla barışmayan çarəsiz atadır. Oğlunun ölümündən sonra depressiyaya düşən Cepetto, Tanrıya üsyan etməyə başlayır, oğlunu geri qaytarmasını əmr edir. Qəhrəmanın sahib olduğu ruhi vəziyyət və kadrın kompozisiyası kədərin estetikasını ifadə edir. Belə ki, Cepetto ağlayarkən rejissorun istifadə etdiyi yaxın və ümumi planlar, onun keçirdiyi dərin emosional vəziyyəti və bu vəziyyətin təbiət ilə əlaqəsini göstərir. Yaxın planlar Cepettonun üz ifadələrini və əzabını detallı şəkildə əks etdirir, tamaşaçıya onun kədərini öz kədəri kimi hiss etdirir. Ümumi planlar isə ətrafda baş verən təbiət hadisələrinin (leysan, şimşək və s.) onun kədərinə səs verdiyini göstərir. Cepetto oğlunun məzarının kənarında kök salmış və on il ərzində boy atmış ağacı kəsərək evə aparır. Bu hadisə filmin birinci aktına keçidin başlanğıcıdır. Ağlayıb-sızlamağın Karlonu qaytarmayacağını dərk edən Cepetto, onu əvəz etmək üçün ağacdan uşaq hazırlamaq qərarına gəlir. Lakin o özü ilə gətirdiyi ağacın içərisində yaşayıb-yaradan canlının varlığından xəbərsizdir. Filmin ən vicdanlı, dürüst personajı Pinokkioya bələdçilik edəcək böcək Sebastiyan Kriketdir. Sərxoş halda yuxuya dalan Cepetto hələ ərsəyə gəlməmiş Pinokkionun başına gələcəklərdən xəbərsizdir.
Başına gələn hadisələri qələmə almaqdan zövq alan yazıçı Kriket, əsərləri ilə sərhədləri aşmaq niyyətindədir. Onun bu arzusunu reallığa çevirə biləcək fürsət yeni məskən saldığı evdə yaranır. Belə ki, gecənin bir aləmi masanın yanında peyda olan yaradıcı qüvvə – Mavi Pəri, Pinokkionu canlandırmaqla yanaşı, ona bələdçilik edəcək Sebastian Kriketə bir dilək haqqı verir. O isə Pinokkioya kömək edir və diləyini şöhrət qazanmaq üçün istifadə etməyi planlaşdırır. Lakin tədricən Kriketin arzusu insanlığa töhfə verməyə yönəlir.
Filmdə ata-oğul münasibətləri iki fərqli prizmadan göstərilir. Belə ki, Pinokkio və Cepettonun münasibətləri fonunda, əsgər və oğlunun münasibətləri müharibənin təsiri altında olan bir ailənin vəziyyətini əks etdirir. Əsgərin öz oğlunu cəzalandırmağa çalışması faşizmin təbiətini göstərir və uşağın azad iradəsinə qarşı çıxaraq onu alçaldır. Digər tərəfdən, Cepetto isə Pinokkionun əxlaqi dəyərlər qazanması üçün çalışır. Əsgərin öz oğlu ilə rəftarı insani hissləri məhv edir və humanistliyin itirilməsinə doğru yuvarlanır. Cepettonun Pinokkioya yanaşmasında isə problemlər həm Pinokkionun hələ kamilliyə çatmaması, həm də Cepettonun onu oğlu Karlonun yerinə qoymaq istəyi ilə bağlıdır. Filmdə müharibə ilə bağlı ən böyük dərs ata-oğul münasibətləri üzərindən göstərilib. Belə ki, övladını və Pinokkionu düşərgəyə apararaq müharibəyə hazırlayan ata, “uşaqların müharibəsi”nin sülhlə bitdiyini, onların barışaraq birlikdə olduqlarını görür. Bu, əslində, gələcəyin iki əsgərinin hələ kiçik yaşlarında sülhə meyilli olduqlarını nümayiş etdirsə də, faşist ata tərəfindən müsbət qarşılanmır.
Taxtadan hazırlanmış Pinokkionun başına gələn hadisələri Cozef Kempbellin “Qəhrəmanın səyahəti” nəzəriyyəsi ilə daha aydın ifadə etmək mümkündür.
“Gündəlik həyat” – Pinokkio dəcəllik edən, bir yerdə durmayan, bitib-tükənməyən sualları ilə atasını yoran taxtadan hazırlanmış bir kukladır. Ona daim nəzarət etmək Sebastiyan Kriketə tapşırılıb. Kriketin himayəsinə verilən Pinokkio onunla birgə gəzir, təkliflərinə bəzən irad tutur, bəzən isə qulaq asırdı. Atası ilə gəzib-dolaşır, bəzən verdiyi yersiz suallarla onu yorurdu. Gündəlik həyatın əsas ifadəsi odur ki, Pinokkio üçün dünya, yalnız Cepettonun emalatxanasından ibarətdir.
“Çağırış” – Karlonu itirdikdən sonra Cepetto, qəlbindəki boşluğu doldurmaq üçün taxtadan bir kukla düzəldir. Bir gecə sehirli bir güc Pinokkioya “Balaca taxta uşaq, günəşlə birgə qalx və həyatı yaşa!” deyərək onu canlandırır və Sebastiyan Kriketi ona bələdçi təyin edir. Pinokkio oyandıqda Cepettonu atası kimi qəbul edir. Bu, onun insan olmaq üçün kənar qüvvə tərəfindən həyata dəvət edilməyini simvollaşdırır. İnsan olmaq arzusu isə ilk növbədə komfort zonasını tərk etməkdən keçir ki, bu da qəhrəmanın inkişaf yolunun növbəti mərhələsini göstərir.
Çağırışın rədd edilməsi – Pinokkio insan olmağı arzulasa da, daha çox əyləncəyə, tənbəlliyə və təhlükəyə meyillidir. İnsan olaraq nizamlı və ədəbli olmaq tələb olunsa da, Pinokkio bunu bacarmır: kilsədə özünü doğru aparmır, keşişlərlə kobud danışır, məktəbdən yayınır, nə atasının, nə də bələdçisinin sözünə qulaq asmır. Nəticədə teatr tamaşaçıları ilə əylənir və öz yolundan azır.
Təmas – Mavi Pəri, Pinokkionun mentorudur. Qəhrəmana həyat verən də məhz Pəri idi. O, Sebastiyan Kriketə Pinnokioya nəzarət etməsini, düzgün qərarlar almasına kömək göstərməyi tapşırır.
Antaqonist və protaqonist qüvvələr – Filmdə Pinokkio, atası Cepetto və Kriket əsas protaqonistlər kimi çıxış edir. Antaqonist qüvvələr isə teatr tamaşaçıları və onları idarə edənlərdir. Pinokkio teatrda əylənmək istəyəndə aldanır və ailəsindən uzaq düşür. Atasının “Sən artıq mənə yük olursan” deyə ondan şikayətlənməsi qəhrəmanı ən çox təsirləndirən ifadə olur. Həmçinin bu sözlər Cepettonun Pinokkionu Karloya bənzətmək istədiyini göstərir.
Sınaq: Antaqonist qüvvələrlə mübarizə – Pinokkio dənizə düşür və onu balina udur. Bu səhnə həm mifologiyadakı, həm də dini mətnlərdəki Yunis peyğəmbərin hekayəsini xatırladır. Tanrının elçisi seçilmiş Yunis ibadət etmək üçün Nineva torpaqlarına göndərilir. O, 33 il ərzində insanları Tanrıya inanmağa dəvət etsə də, onların çox az hissəsi onun çağırışını qəbul edir. Yunis, Tanrının izinini almadan Ninevanı tərk edərək Aralıq dənizinə gedir və bir gəmiyə minir. Rəvayətə görə, gəmi dənizin ortasında güclü fırtına ilə üzləşir. Gəmidəkilər günahkar birinin varlığının fırtınaya səbəb olduğunu düşünərək Yunisi suya atırlar. Yunisin dənizə düşməsi ilə dalğalar sakitləşir, amma onu böyük bir balina udur. Yunis balinanın qarnında etdiyi səhvi anlayaraq Tanrıdan əfv diləyir.
Peyğəmbər Yunislə insan olmağa çalışan Pinokkionun oxşar cəhəti odur ki, Pinokkio da balinanın qarnına düşəndən sonra dərketmə keçirir. Orada yalnız deyil; atası və Kriket də yanındadır. Çıxmaq üçün Pinokkio yalan danışmalı olur və burnunun uzanması bu dəfə müsbət bir vasitəyə çevrilir, balinanın qarnından çıxmağa nail olur. Bu, düzgün edildikdə insana verilən mənfi xüsusiyyətlərin belə, faydalı ola biləcəyini göstərir. Partlayış nəticəsində Pinokkio və Cepetto ölür. Pinokkio öləndən sonra Mavi Pəridən atasını geri qaytarmağı xahiş edir. Lakin Mavi Pəri ona qaydaları xatırladır:
1. Qum saatı bitməyənə qədər yer üzünə qayıtmaq olmaz.
2. Əgər qayda pozulsa, ölümlü varlığa – insana çevriləcəksən.
Pinokkio atasını xilas etmək üçün ölümlü olmağa razı olur. Bu qərar onun böyüdüyünü, mənəvi kamilliyə çatdığını göstərir.
“Mükafat” – Pinokkio, atasını xilas etmək üçün ölümlü olmağı seçir və bununla, atasını xilas edir, lakin özü həyatını itirir. Kriket, sahildə Pinokkionun cansız bədənini qollarında tutan Cepettonun dərin kədərini müşahidə edir. Bu zaman Mavi Pəri Pinokkionun artıq geri qayıtmayacağını bildirir. Lakin Kriket ona etiraz edərək xatırladır: Bu, haqsızlıqdır! Bu dünyada nə verirsən, onu alırsan, unutmusan? Pinokkio verə biləcəyi hər şeyi verdi. Demişdin ki, vəzifəmi yerinə yetirsəm, onu doğru yola yönləndirsəm, mənə bir dilək haqqı verəcəksən. O, doğru yolu seçdi və sən vədinə əməl etməlisən. Mən əlimdən gələni etdim. Heç kim daha artığını edə bilməz. Amma Pinokkio mənə də çox şey öyrətdi. O yaxşı idi. İndi isə dilək haqqımı istifadə edirəm və onun yaşamasını arzulayıram”.
Nəticədə, Mavi Pəri Pinokkionu dirildir. Bu dəfə o, ölümsüz bir varlıq deyil. O, insana xas ölümlülüyü qəbul edən və həyatın həqiqi mənasını dərk edən insan kimi həyata qayıdır.
“Evə dönüş” – Dirildikdən sonra Pinokkio evinə qayıdır və insan kimi məhdud bir ömür yaşayır. Atası Cepettonun söylədiyi kimi, həyatın əsl mənası onun sonunun olmasındadır.
Filmin son səhnələri Kriketin dilindən nəql edilir: “Həyat davam etdi. Cepetto qocaldı və dünyasını dəyişdi. Pinokkio isə eyni qaldı. O, Kriketin cansız bədənini kibrit qutusuna yerləşdirərək həmişə qəlbində daşıdı”.
Qəhrəmanlara gəlincə, Cepetto rolunu səsləndirən Devid Bredli, övladını itirən atanın kədər və məyusluq hisslərini daha real və təsirli şəkildə çatdırır. Filmin əsas personajı Pinokkionu səsləndirən Qreqori Mann, obrazın uşağa xas dəcəlliyini və həyəcanını məharətlə təqdim edir. Keyt Blanşett (Spazzatura) və Kristof Valts (Qraf Volpe) kimi aktyorların səsləri ilə yaratdıqları antaqonist obrazlar dramatizmi artırır. Belə ki, tamaşaçı, qara qüvvələrin təsirilə qəhrəmanın hansı manipulyativ təsirlərdən yan keçdiyinin şahidi olur.
Axundova Elza