İNDİ OXUYUR
Paytaxt və bölgələrdə kinoteatrlar

Paytaxt və bölgələrdə kinoteatrlar

2022-ci il 12-20 avqust tarixlərində Sarayevo Film Festivalında iştirak etmək fürsətim oldu. Orada Cənub-Şərqi Avropanın kino adamları ilə müzakirələr, ortaq problemlərin həlli və başqa bir çox mövzularda söhbət etmək imkanı oldu. Ən çox marağımı çəkən məqam isə “Cinelink Industry Days”in yayımladığı jurnalda bölgədəki ölkələrin kinoteatrları, əhali sayı və gəlirlərinin yazıldığı qrafa idi. Bu statistikada bizimlə birlikdə Ermənistanın da rəqəmləri yoxdur, ancaq digər ölkələrin rəqəmlərinə baxaraq müəyyən nəticə əldə etmək mümkündür. Üstəlik, bu bölgəyə daxil olan ölkələrin əksəriyyəti digər Avropa ölkələri ilə müqayisədə daha yoxsuldurlar və biz müqayisəmizi böyük Avropa ölkələri ilə yox, məhz bu yoxsul ölkələrlə etdiyimiz zaman daha ədalətli davranmış olarıq.

Ötən il Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov bir neçə müsahibəsində Azərbaycanda hazırda fəaliyyət göstərən kinozalların sayını 90, ümumilikdə kinoteatr kimi fəaliyyət göstərən məkanların sayının isə 14 olduğunu demişdi. Ötən ildən sonra bəzi yeni zalların və məkanların da açıldığı məlumdur. Hazırda “CinemaPlus” kinoteatrlar şəbəkəsi 8 müxtəlif məkanda fəaliyyət göstərir, bir açıq hava kinozalı isə Şamaxıda restoran daxilində mövcuddur. “Park Cinema” isə 6 müxtəlif məkanda fəaliyyət göstərir. Bu iki şəbəkədən başqa yalnız Nizami Kino Mərkəzi çalışır, ümumilikdə məkan sayı 15 edir. Bu 15 məkandan əksəriyyəti Bakı və Bakıətrafı bölgələrin payına düşür. Bakıdan kənarda, Gəncədə 2, Sumqayıt, Lənkəran və Qusarda 1 məkan fəaliyyət göstərir. Bütün məkanların yalnız üçdə biri bölgələrin payına düşür ki, bu da Azərbaycan mədəni həyatının və tamaşaçı nisbətinin bölgələrdə problem yaşadığını göstərir. Bu məlumatlar işığında yola çıxaraq, özümüzü regiondakı digər ölkələrlə müqayisə etməyə başlaya bilərik.

Müqayisəyə digər qonşumuz Türkiyədən başlasaq, daha aydın bir mənzərə ilə qarşılaşa bilərik. Türkiyə, bölgədə ən çox əhalisi olan ölkədir, onların 85 milyon əhaləsi var. Ölkədə olan kinozal sayı isə 3286-dır. Əgər Azərbaycanda olan kinozal sayını yuvarlaqlaşdırıb 100 olaraq qəbul etsək, qarşımıza çıxan nəticə budur: Azərbaycanda 1 milyon insana düşən kinoteatr sayı 10-dursa, Türkiyədə bu rəqəm 1 milyona 39 edir. Azərbaycanın Türkiyə səviyyəsində bir kino ölkəsinə çevrilmək üçün kinoteatr sayını az qala 4 dəfə artırması lazımdır. Yəni indiki kinoteatrlarımızın sayı 100 yox, 300-400 arası olmalıdır. Əlbəttə, Türkiyə Avropanın ən böyük ölkələrindən biri olduğunu görə “sağlam müqayisə deyil” deyənlər ola bilər. Ona görə də əhalisi bizim əhali sayımıza yaxın olan Macarıstana baxa bilərik.

Macarıstanın 9 milyon 700 min əhalisi var. Orada olan kinozal sayı isə 415-dir. Hər 1 milyon adama düşən kinozal sayı 42 edir. Təxminən Türkiyə ilə eyni rəqəmlərə malikdilər. Görünür ki, Türkiyə nümunəsi çox da qüsurlu deyil. Üstəlik, statistikada Macarıstanın orta bilet qiyməti qeyd olunub. Dünya Bankının statistikasına görə, Macarıstanın 2021-ci ildə adambaşına düşən gəliri 18 min 772 dollar, ortalama bilet qiyməti isə 5 avro olub. Azərbaycanda adambaşına düşən gəlir isə 2021-ci ildə 5 min 384 dollar olub. Bizdə statistik olaraq Azərbaycandakı ortalama bilet qiyməti müəyyən olunmayıb, amma özümüz kinoteatrların saytına nəzər saldığımız zaman günün saatından və həftənin günündən asılı olaraq qiymətlər 5-9 manat arası dəyişir, hətta bundan daha yüksək olduğu seanslar da var. Əgər biz ortalama qiyməti 7 manat götürsək və ötən ilin avro məzənnəsi ilə hesablasaq, əlimizdə olan nəticə 3.7 avro edir. Macarıstanla müqayisədə adambaşına düşən gəlir 3.5 dəfə az olsa da, biletlər cəmi 26 faiz daha ucuzdur. Bir azərbaycanlı film izləmək üçün illik gəlirindən bir macarıstanlıya nisbətən daha çox pul xərcləməli olur. 

Ümumi statistik göstəricilərə baxdığımız zaman əksər ölkələrdən həm kinozal sayında, həm də bilet qiymətinin ucuzluğu baxımından geri qaldığımız aşkardır. Bu baxımdan qabaqladığımız yeganə ölkə qonşumuz Gürcüstandır. Gürcüstanın əhalisi 4 milyondur və ümumilikdə olan kinozal sayı cəmi 35-dir. Bu da 1 milyona 8.75 kinozal düşdüyünü göstərir ki, Azərbaycanla müqayisədə aşağı göstəricidir. Oradakı bilet qiymətləri də 5 avro təşkil edir. Gürcüstanın Azərbaycandan daha az adambaşına düşən gəlirə sahib olduğunu nəzərə alsaq, qonşumuzda ürək heç də ürəkaçan deyil. Lakin şəxsi təcrübəmə istinadən bunu xatırlatmaq istərdim ki, Gürcüstanın kifayət qədər tanınan, yaxşı filmləri əsas müsabiqəsinə cəlb edə bildiyi festivalları var. “Tbilisi Film Festivalı”, “Batumi Arthaus Film Festivalı”, “Cinedoc Tbilisi” kimi festivalları bölgənin diqqətini çəkməyə bacarır. 2019-cu ildə “Batumi Arthaus Film Festival”ında iştirak edərkən bütün nümayişləri cəmi bir kinozalda keçirməklərinə təəccüblənmiş, həm də cəmi bir kinozalları olmasına baxmayaraq, bölgədən bu qədər insanı cəlb etməklərini təqdir etmişdim. Kinozalların olmaması durğunluq üçün bəhanə deyil və bu çətinliklərin öhdəsindən gəlməyi bacarırlar. Bəs biz bu vəziyyətdə nə etməliyik?

Hazırda, dünyada trend olan kinoteatrlar multipleks adı verilən, alış-veriş mərkəzlərinin içində olan kinoteatrlardır. Bu kinoteatrların məqsədi təkcə filmi izlətmək deyil, həm də filmlə əlaqəli əşyaların, geyimlərin, posterlərin satılması üçün uyğun bazar formalaşdırmaqdır. Bu tip kinoteatrlar alış-veriş mərkəzlərinin özünə də sərfəlidir, çünki tamaşaçıya istehlaka əsaslanan bir çox xidmət təqdim edilir. Tamaşaçı bu mollara gedərək həm yemək yeyə, həm geyim əldə edə, həm də film izləyərək ailəsi və ya dostları ilə vaxt keçirə bilər. Bizim ölkədə də bu tərz məkanların artması kinoteatrların və onların daxilindəki kinozalların artmasına təkan verir. 2000-ci illərin əvvələrinə nisbətdə indiki vəziyyət daha yaxşıdır, amma əhali sayına uyğun olaraq yetərli olmadığını daha əvvəl də vurğulamışdıq. Yerli istehsalın artması və bu sahənin gəlirli bir sənayeyə çevrilməsi məhz kinozalların artmasından keçir. Nümunə üçün, prodüseri Orxan Mərdan olan “Zəhər tuluğu” filmini göstərə bilərik. Orxan Mərdan qonaq olduğu verilişlərdən birində bölgələrdə filmin nümayişindən, hər biletin 5 manata satıldığından və bu cür nümayişin birindən 10 min manat əldə etdiklərindən danışır. Üç avrodan daha aşağı bir rəqəmə insanlara film izlətməyin mümkünlüyü elə bu nümunədən üzə çıxır.

Avropada multipleks adlanan kinoteatrların artması 1990-lara təsadüf edir. Bu kimi məkanların çoxalması isə birbaşa ABŞ şirkətlərinin marağı ilə əlaqədardır. Onlar öz filmlərinin bütün dünyada daha çox izlənməsini istədikləri üçün bu sahəyə investisiya edərək kinozal sayını artırdılar. Bu davranış heç də birmənalı qarşılanmadı, hətta ona qarşı çıxanlar da oldu. Məsələn, macar rejissor Bela Tarr 2001-ci ildə filminin multiplekslərdə nümayişini qadağan etmişdi. Buna səbəb kimi isə multiplekslərin filmləri istehlak mallarına çevirdiyini, incəsənət dəyərini itirdiyini bildirmişdi.

Ölkəmizdə də bu multiplekslərin ortaya çıxması qaçılmazdır. İnsanları filmlərə öyrəşdirmək, onların marağını daim filmdə saxlamaq üçün kinoteatrların artırılmasını dəstəkləməkdən başqa çarə yoxdur. Ya bunu Sovet dönəmindəki kimi müxtəlif mədəniyyət evlərinin daxilində etməliyik, ya da kapitalist dünyanın çırpan ürəkləri olan mollarda. Əgər Azərbaycan kinosunun inkişafından söhbət gedirsə, bu ilk növbədə tamaşaçı ilə qurulacaq düzgün münasibətlə mümkündür. Əgər tamaşaçı yoxdursa, tamaşaçı filmə pul vermirsə, digər bütün hallarda davamlı film istehsalı mümkünsüz olacaq. Film istehsalının demokratikləşməsi, hansısa məmurun əlindən çıxaraq daha çox fürsət və imkanların yaranması məhz kinoteatrlardan keçir. Bunun üçün də dövlət kinoteatrların sayının artmasını təşviq etməli, subsidiya və kreditlərlə investorlar cəlb edərək tamaşaçı üçün məkanlar yaratmalıdır. Əks halda, ildə bir neçə kommersiya filmindən, dövlət tərəfindən maliyyələşən, amma kinoteatrda uğur qazana bilməyən filmlərdən başqa əlimizdə nəsə qalmayacaq. Təbii ki, müstəqil rejissorlarımızın bütün məhdudiyyətlərə baxmayaraq festivallarda uğur qazanan filmləri istisna olmaqla.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya