Now Reading
Paralel zamanı yaşadan məbəd

Paralel zamanı yaşadan məbəd

Saat neçədir, qumru,

Sən qonduğun budaqda?

V.Səmədoğlu

“Zamanın sürəti” bəlkə də yanlış ifadədir, hərəkətin sürəti olur, zaman özü kəmiyyətdir. Amma biz bu ifadəni anlayırıq, anlamaq nədir, hətta ondan istifadə edirik. “Vaxt tez keçdi” deyirik. Bu, əlbəttə, zaman qavrayışımızdakı dəyişikliklərdir. Mənə elə gəlir ki, erkən gənclik illərimdə zaman gec keçirdi, indi sanki əksinədir. Buna səbəb yetkinlikdən, təcrübədən irəli gələn gerçəkliyə alışma da ola bilər, texnogen inkişaf da.

Ötənlərdə yeni bir zaman ölçüsünün “internet saatı” nın tətbiqi barədə məlumat oxudum. Məqalə müəllifi “internetdə keçirilən vaxtla realda yaşanan zamanı eyni cür ölçə bilmərik” deyirdi.  İnformasiya axını zaman qavrayışımıza təsir edir. Bir yandan da karantin. Hətta neyrofizioloqlar, sosioloqlar karantinin zaman qavrayışına təsiri haqqında araşdırmalar-sorğular edirlər.

Kənar amillər bir yana, insanlar həm də fərdi olaraq və müxtəlif emosional vəziyyətlərdə zamanı fərqli qavraya bilir. Psixologiyada buna “zaman distorsiyası” deyirlər. Məsələn, depressiya adamda zamanı düzgün duymaq hissini yüksəldir. Depressiv vəziyyətdə olanlar və sağlam insanlar arasında aparılan təcrübədə verilmiş eyni zaman kəsiyini birincilər daha dəqiq ölçüblər. Bunun başqa adı depressiv realizmdir.

Əlbəttə ki, burada söhbət fiziki olaraq zamanı hiss etməkdən gedir (hərçənd depressiya keçirən insanlarda öncəgörmə qabiliyyəti də yüksək olur – amma bu öncəgörmə mübahisəli məsələdir, yazının sizi fatalizmə aparmasını əsla istəmirəm). Məntiqlidir – depressiyadasan, dünyadan, bütün irili- xırdalı təfərrüatlardan qopmusan, “huuhhhhh” deyə keçən nəhəng zamanla təkbətək qalmısan. Onun necə keçdiyini səndən yaxşı kim biləcək?

Əlbəttə, zamanın ruhunu duyan sənətkarlar. Bu nəhəng zaman qarşısında duyduqlarını ifadə etdinsə, ələgəlməz zamandan bir göz qırpımlıq anı qopardınsa dahisən.

“Şərti teatr” nəzəriyyəsi ilə bu günün özündə dünyanın teatr anlayışına güclü təsir edən, sənətin faciəviliyini ilikləri ilə duyan, tamaşaları ilə bu faciəvilikdən öz həyatına da pay alan rus teatr rejissoru Vsevolod Meyerxold məhz sənətkar-zaman mövzusu üçün əla nümunədir.

…1917-ci ilin fevralıdır (illər sonra Meyerxold əks-inqilabi fəaliyyətdə suçlanıb işgəncələr içində öldürüləcək). Meyerxold Lermontovun pyesi əsasında hazırladığı “Maskarad” tamaşasını təqdim edir. Sonu hələ nə ilə nəticələnəcəyi bəlli olmayan Fevral inqilabı və “Maskarad” tamaşası. Tənqidçilərdən biri premyera gününü təsvir edir:

“Maskarad”ın ilk tamaşası 25 fevral şənbə günü, inqilabın artıq sürətlə davam etdiyi vaxtda oynanıldı. Küçələrdə atışma səsi vardı, tramvaylar getmir, fənərlər zəif yanırdı… Tək-tək  taksilər od qiymətinə işləyirdi. Qışqırıq səsləri eşidilir və küçələrə əli bayraqlı kütlə toplaşırdı. Dükanlar, küçələrin çoxu boş və qorxunc idi. Teatrsa tam dolmuşdu, özü də necə qiymətlərlə! Altıncı sırada bir kreslo 22 və ya 23 rubla idi… Teatrın girişində cərgə-cərgə düzülmüş qara maşınlar vardı. Bütün sərvət, bütün zadəganlar, bütün nəhəng Petroqrad, plutokratiya, bürokratiya və tılokratiya burada idi”.

Daha sonra tamaşanın rejissoru Meyerxold və rəssamı Qolovin atışmalardan yayına-yayına teatra gələcək, hətta tamaşa gedən günlərdə teatrın foyesində dayanmış tələbəni də küçədə atılan güllələrdən biri tutub öldürəcək.

Bəs əsas məsələ – bu qarmaqarışıqlıqda teatrın qarşısına cərgə-cərgə bahalı avtomobilləri toplayan tamaşanın özü necə idi?

İmperator səhnəsində hazırlanan tamaşaya böyük pullar xərclənmişdi. Beş il zaman və üç yüz min qızıl xərclənmiş tamaşanın tərtibatı tamaşaçını XVIII əsrin Venesiyası üslubuna aparırdı.  Meyerxold olduqca dəbdəbəli dekor və kostyumlarla rəngarəng, zəngin bir interyer yaratmışdı. Onun şərti teatr anlayışına uyğun olaraq, bu dəbdəbə yalnız səhnəni deyil, tamaşaçı salonunu da əhatə edirdi və tamaşaya gələn kəs hadisənin olmasa belə, məkanın, zamanın içinə düşürdü.

Və bu tamaşanı yüzlərlə tamaşadan ayıran bir cəhət vardı: “Maskarad” faciəsi yalnız qəhrəmanların deyil, mütləqiyyət Rusiyasının çöküşü, bütöv bir dövrün sonu haqqında öncəgörmə idi. Meyerxold sənətkar fəhmi ilə bunu duymuşdu. O səbəbdən bu qədər dəbdəbəli dekor istəmiş, hər əşyanın ölçüsünü adi ölçüdən iki-üç dəfə artıq hazırlatmışdı. “Tamaşanın vahiməli, soyuq və kabusvari atmosferində səslənən peyğəmbərlikdə (gələcəkdən xəbər vermədə) aristokratik Peterburqun taleyinin zəhər kimi acı “müjdəsi” eşidilirdi. Tamaşanın finalında “mistik və cəhənnəm dəhşətli” külək uğuldayırdı” – deyə sonradan tənqidçilər şərh edirdilər.

Bu “cəhənnəm küləyi”nin bir gün özünü də aparacağını bilirdimi Meyerxold? İnsanın faciəsini bu qədər dərindən duymuş sənətkar üçün o anda “Axırda nə olacaq?” sualı əhəmiyyətli olmur. Xüsusən də axır zamanı görmüş sənətkar üçün.

Zamanın axmağınısa hamımız görə bilirik. Sanki bizimmiş kimi təşvişə düşə-düşə. Teatr məhz bu təlaşla yaşayan günün insanına vaxt kəsir. Özü ilə təkbətək qalmaq üçün zaman biçir. Teatrın mistikası məhz bundadır: o, tamaşaçıya paralel zaman hissini yaşadır. “Burada və indi”ni deyil, burada “İndi və indi”ni duyurmağa – bu indinin içindəki əbədiyyətin qoxusunu ötürməyə çalışır.

Teatr məhz indi, proqnozlaşdırılmamış, plandan çıxa biləcək, bilinməz indi olduğu üçün (məsələn, elə yenə də Meyerxoldun tamaşalarından birində teatra gələn teleqram tamaşanın içində obrazın dilindən “isti-isti” oxunurdu) teatrdır.

Teatrda canlı olan yalnız aktyor deyil. Zamanın, hətta üç zamanın (filmdəki hadisələrin zamanı, filmin çəkildiyi zaman, filmə baxdığımız zaman) izlərini daşıyan  kinodan fərqli olaraq, teatr tamaşaçını zamanın izi ilə deyil, özü ilə üzbəüz qoyur.

Bəlli, kino zamanla müqaviləli münasibətdir, teatrsa birbaşa zamana xitab edir, səhnəyə çıxan hər aktyorun yalnız bir misiyası var: bütün varlığı ilə səhnənin nəhəng boşluğunu göstərmək, işığı üstünə almaqla (ən rəngarəng komediyada belə) səhnənin dərin-dərin qaranlıqlarını sezdirmək. Ki, biz tamaşaçılar özümüzü o qaranlığın bir parçası kimi hiss edək.

Əlbəttə, hər tamaşaçı filosof deyil, amma teatrda hər tamaşaçı filosof kürsüsündə oturdulur və ona canlı insana, həyata, taleyə, əhvalata daha yuxarıdan, üçüncü gözlə baxmaq imkanı verilir. Hadisəyə üçüncü göz rakursundan həm də “burada və indi” baxmaq tanrılara, zamanın sahiblərinə xas olan fövqəladə bir imkandır.

İnformasiya cəmiyyətində lazımsız xəbərlər, təfərrüatlar insanın zamanla münasibətindəki mistik duyğunu yoxa çıxarır. Və xırdavat alverçilərinin küçə boyu düzdüyü piştaxtalar kimi, yolumuzu hər cür lazımsız təfərrüatla dolduran sosial şəbəkələr dövründə teatra ziyarətin ilkin məqsədi budur: zamanı hiss etmək…

Aliyə Dadaşova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top