İNDİ OXUYUR
“Pərdə”də cəmiyyət

“Pərdə”də cəmiyyət

Filmlər eşq hekayələri, dramlarla yanaşı heç vaxt getmədiyimiz ölkələrin və görmədiyimiz insanların həyatları haqqında təsəvvür formalaşdırmağımıza kömək etmiş və cəmiyyətdəki problemləri ekranda əks etdirmişdir. Həyat bizə yalnız bir dəfə verilir və o hər yerə getmək, bütün dərsləri almaq üçün bəs etmir. Filmlər həmçinin bizə mövcud dövr və cəmiyyəti gördüyümüz və görə bilmədiyimiz bütün tərəfləri ilə göstərir. Haqqında danışacağımız “Pərdə” trilogiyası da bu mövzuya aid filmlərdəndir. Emil Quliyev tətəfindən ardıcıl (2016, 2017, 2019) çəkilən trilogiyanın ilk filmi olan “Pərdə” eyni zamanda rejissorun ilk tammetrajli filmidir. “Pərdə” filmi Lalə adlı qızın atası tərəfindən zorla əri verilməsinə dözə bilməyərək sevgilisi və eyni zamanda qardaşının uşaqlıq dostu olan Eminlə qaçmasından bəhs edir. Qadın, cəmiyyət və “ailə şərəfi” kimi mövzulara toxunur. Trilogiyanın ikinci və tamaşaçı rəylərinə əsasən  ən yaxşı filmi olan İkinci pərdə”də isə əsas mövzu xəyanətdir. Timaya həyat yoldaşı tərəfindən xəyanət edilir və bu xəyanətdən xəbərdar olan dostları ona heç nə demirlər. Beləliklə, filmdə ailəyə, dosta, həyat yoldaşına xəyanət mövzusu işlənir. “Sonuncu pərdə”də maddiyyət və mənəvi dəyərlər arasındakı qarşıdurma ön plana çəkilir. Nəriman adlı biri uşaqların həyətdə oynadığı ərazidə tikinti aparmaq istəyir bütün məhəlləni bir şəkildə yola gətirsə də içlərindən yalnız bir nəfər Fərman bu işin qarşısını almağa çalışır.

Pərdə (birinci hissə)


Pərdədə qadınlar

Lalənin anası cəmiyyətin basqısına boyun əymiş və yaşadığı həyatı qəbul etmişdir. Qızının və ailəsinin xoşbəxtliyindən əvvəl, cəmiyyətdəki yeri onun üçün vacibdir. Lalə ona və ailəsinə baş qaldıraraq sevgilisi ilə qaçsa da, Raufun ona təcavüz etməsini yalnız qardaşının dostu Fuada deyə bilir. “Demədim ki heç kim mənə inanmaz” deyərək özünə təsəlli verir və həyatını yeni həyat yoldaşına həsr edir. Lalənin hekayəsi timsalında cəmiyyətdə namus, bəkarət və s. qadına yüklənən öhdəliklər gözlər önünə sərilir. Bütün bunların yanında diqqəti Zaurun balaca qızı çəkir. Film onun haqqında olmasa da, hətta biz onu cəmi iki səhnədə görsək də əslində, bu gələcəyin onu da gözlədiyini duya bilirik. “İkinci pərdə”də qadınlar Samirə, Arifin bacısı və anasıdır. Samirə ərində görmədiyi qayğını Ariflə bir yerdə olaraq unutmağa çalışsa da, Timanı hələ də sevir ya da cəmiyyətdəki boşanmış qadın olmamaq üçün özünü belə aldadır. Arifin bacısı İbişlə evlidir. Ona yaxşı həyat verə bilmədiyinə görə Ibişi günahlandırır, onun öz dostları və yoldaşları ilə müqayisə edir. Əslində, qardaşı Arifdən fərqli olaraq İbişin onu dinləməsindən güc alır. Həyatıboyu aşağılanmış, boşanmaq istərkən belə qardaşından icazə alan insan özündəki aşağılıq hissini bu cür yox edir. Arifin anası qızının boşanmasının qarşısını almaq üçün molla və cadulara ümid bəsləyir. Onun filmdə cəmi bir dəfə – Arif bacısını zorla evə aparanda ümidsizcə “hər şey yaxşı olacaq” deyib qızı başından etdiyi səhnədə görürük. “Sonuncu pərdə”də iki qadın obrazı bizi qarşılayır bunlardan biri Solmaz, digəri isə yalnız adını eşitdiyimiz Nərimanın həyat yoldaşıdır. Solmaz və Ülvi arasındakı münasibət qarşılıqlı istifadəyə əsaslandığı qədər, həm də reallığa əsaslanır. Solmaz ailəsinə, Ülvi isə insanlara göstərmədiyi üzlərini, mənliklərini bir-birlərinə rahatlıqla göstərə bilirlər

Atalar və oğullar

Trilogiyada ata və oğulları arasındakı oxşarlıq və bu oxşarlıqdan yaranan ziddiyyət də özünü göstərir. Zaur və filmdə göstərilməsə də adı olan atası, İbiş və oğlu, Fərman və oğlu. Zaur atasına boyun əyib evlənmiş sonra isə peşman olmuşdur. Atasının hökmlərinə boyun əyən ana ilə böyümüşdür. Filmdə səs çıxarmaq, boyun əyməkdən qaçmaq istəsə də, finalda cəmiyyətin basqısına boyun əyərək qəzəbinə məğlub olur. İbiş və oğlunu “İkinci pərdə”də bir dəfə görsək də, digər atalardan fərqli olaraq məsuliyyəti ananın üstünə yıxmayan, daha doğrusu, məsuliyyətdən boyun qaçıran ananı əvəz edən ata kimi qarşımıza çıxır. “Sonuncu pərdə”də Fərman, oğlunu aşağılayaraq doğru yola gətirmək istəyir. Əslində, onunla münasibətini necə quracağını bilmir, cəmiyyətin tələblərinə uyğun yaratdığı güclü,  ağlamayan, sərt kişi obrazı buna imkan vermir. Hətta balaca oğlu üçün meydançanın satılmasına qarşı olsa da ona sevgi göstərə bilmir. Atalar, atalarının onlarla davrandığı kimi oğulları ilə davranırlar. Coni ilə atasının simasında da bu təsvir edilir. Fərman  Coninin yanında  oğlunu alçaltsa da, ondan başqalarının qarşısında əyilməməyi tələb edir. Nəticədə, ailəsində atasının qprxusundan yer tapa, sözlərini deyə bilməyən uşaqlar gələcəkdə öz sözünü deyib qərarını verə bilməyən fərdlərə çevrilirlər.

“İkinci pərdə”


Daxildəki düşmən

Hər 3 filmdə oğru, satqın və xain personajların tanıdığı insan olur. Trilogiyanin ilk filmində Laləni sevən, lakin ondan qarşılıq ala bilməyib tapdığı ilk fürsətdən istifadə edərək onu zorlayan Raufu əslində, Zaur və Fuad da sevmir. Zaurun Raufla münasibətinin olmasının tək səbəbi qan bağıdır. Digər dostlarından fərqli olaraq, Raufu o seçməyib, onun üçün məcburiyyətdiк, eynilə ailəsi və cəmiyyəti kimi. “İkinci pərdə”də Anar filmin ilk səhnələrindən hamı ilə sərt rəftar edib bacısına namus üçün boşanmağa icazə verməyən biri olaraq qarşımıza çıxır. Əslində isə dostunun həyat yoldaşı ilə bir yerdə olacaq qədər, Timanın verdiyi tüfənglə Samirəni vurmaq istəyəcək qədər qorxaqdır. “Sonuncu pərdə”də Ülvi pulda gözü olmayan biri kimi davransa da, sonda Nərimanın verdiyi 50.000 üçün onu öldürtməyə çalışır. Trilogiyanın hər 3 filmində düşmən obrazı, protaqonist üçün ən çox canı yanan kimi görünəndir.

Olmayan qəhrəman

Trilogiyada müsbət qəhrəman yoxdur. Cəmiyyət zülm edənlər, bu zülmə məruz qalanlar və susanlardan ibarət kimi təqdim olunur. Bunlara Fuad, Ibiş, Conini misal göstərmək olar. Birinci filmdə Zaurun dostu Fuad, Laləyə təcavüz edənin Rauf olduğunu biləndə Zaura zəng etsə də, artıq gec olur. Filmdə onu sonuncu dəfə maşının içində ağlarkən görürük. “Ikinci Pərdə”də  Ibiş digər dostlarından fərqli olaraq, Timaya həqiqəti deyir amma tüfəngi istəmək üçün gələndə onu dayandırmaq üçün nəsə etmir, səssizcə tüfəngi ona verir. Yaxşı qəhrəmanlar heç nəyi dəyişə bilmir ya da dəyişmək üçün çabalamırlar. “Sonuncu Pərdə”də Coni, atasını öldürən Nərimana, pulgir Ülviyə və Anara heç nə demədən uzaqlaşır. Film günəşin doğuşu ilə sona çatır. Günəşin doğuşu gələcək günlərə olan ümidin simvoludur. Trilogiya hər nə qədər cəmiyyətin həqiqətlərini göstərsə də, bu həqiqət sadəcə əzən və əzilənlərdən ibarətmiş kimi təqdim olunur. Qadınlar kişilər tərəfindən alçaldılıb ona tabe olur, kişilər isə qəddar, qəzəbli təqdim olunur. Hər cəmiyyətdə bu insanlar Azərbaycan cəmiyyətinin prototipi kimi göstərilir. Hər 3 filmdə polis, həkimin adı keçsə də tamaşaçı onları görmür. Bu hal trilogiya üçün xarakterik olsa da “Sonuncu pərdə”də iki nəfərin ölüb, bir nəfərin yaralandığı hadisədə olmamaları,  xüsusilə Anarın öndən vurulmasına baxmayaq, “arxadan vurulmuşam” deməsinə polis və həkimlərin  inanmaqları bu vəziyyəti dəyişir.

“Sonuncu pərdə”


Trilogiyanın hər üç filmi cəmiyyətin “iç üzünü” cəmiyyətin özünə göstərmək cəhdidir. Rejissorun cəmiyyətə “güzgü” tutmaqda, onun “pərdəarxasını” göstərməkdə məqsədi nədir? Hər halda, onlayn platformalarda trilogiyanın hər üç filminin çoxlu sayda baxış toplaması, rejissorun müəyyən qədər öz məqsədinə – cəmiyyətə sözünü çatdırmasına müvəffəq olduğunu deməyə əsas verir.

Səkinəxanım Vəliyeva


© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya