İNDİ OXUYUR
Ölülər və dirilər arasında

Ölülər və dirilər arasında

Rejissor Zaur Qasımlının  neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatının müxtəlif dövrlərindən bəhs edən  “Tağıyev” silsiləsinin ikinci filmi “Tağıyev: Çar” (ssenaristlər: İsmayıl İman, Asif İsgəndərli, Zaur Qasımlı; Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə dəstəyilə istehsal edilib) filmini “Tağıyev: Neft” filmindən daha çox bəyənmişdim. Heyif ki, film insanda natamamlıq hissi yaradır. Hərçənd ilk filmdən fərqli olaraq, “Tağıyev: Çar” filmində Tağıyev obrazı ön plandadır. Həmçinin “Tağıyev: Çar” filmində müəlliflər bir dinamika (Tağıyev-Orlovski konflikti və Tağıyevin böyük oğlu İsmayılın qoçunun göndərdiyi adamlar tərəfindən qaçırılma səhnələri sayəsində) yaratmağa cəhd ediblər. “Tağıyev: Neft” filmində isə, demək olar ki, dinamika yoxdur, az-maz hiss olunan hissələrdə isə cərəyan edən hadisələr filmin ümumi xəttinə xidmət edə bilmir.

İndi bəhs edəcəyim filmdə hadisələr 1888-ci ildə baş verir. Artıq bizim obyektivimizdə bütün çətinliklər, maneələr ucbatından hər dəfə neftin çıxacağını ümidini itirəndə inamını sona qədər qoruyan (hərçənd birinci hissədə rejissor Tağıyevin bu inamını göstərə bilmir) Tağıyev yox, beş illik mübarizənin sonunda qalib gəlmiş bir Tağıyev obrazı var. Bu Tağıyev artıq neft maqnatına çevrilib. Bakı Şəhər Dumasına seçilib. Sadaladığımız bu nüanslara əsasən bizdə elə təəssürat yarana bilər ki, Tağıyevin əldə etmək istəyəcəyi heç bir şey qalmayıb. Amma hadisələrin gedişatında tamaşaçı anlayır ki, Tağıyevin (Pərviz Məmmədrzayev) əsl mübarizəsi elə indi başlayır…


“Tağıyev: Çar” filminin giriş səhnəsində Bakıda yaşanan neft bumunun şəhərə xoşbəxtlikdən daha çox, bədbəxtlik gətirdiyi aydın şəkildə göstərilir. Quyuda baş verən qəza nəticəsində neft bir qəsəbəni “yuyub” aparır. İnsanlar evlərini, həyətlərini, paltarlarını neftdən təmizləməyə çalışırlar. Əslində, reallıqda belə bir hadisə baş verməyib, ancaq həmin dövrlərdə neft quyularında tez-tez partlayışlar və qəzalar olurdu. Bu qəzalar nəticəsində evlərin çox yaxınlığında neft gölməçələri yaranırdı (filmdə qonşu qadın mübahisə zamanı Teymurbəyovun həyat yoldaşı Şəfiqəni belə gölməçəyə itələyir). Həmçinin o dövrdə neft emalı və hasilatı zamanı Bakı ətrafında sənaye zonası yaranır. Həmin ərazilərə yaxın evlər bu zaman neft və qara qatranla örtülür. Bunun nəticəsində indi yaxşı tanıdığımız “Qara Şəhər” ortaya çıxıb. Reallıqda baş verən çirklənmə və zərərli havanın yaranmasının filmdə müəyyən mənada şişirdilmiş təsvirinin təqdim edilməsi düzgün və maraqlı seçim olub. Birinci hissə ilə müqayisədə burada neft bir növ obraza çevrilib. Bu obrazın mahiyyəti Şəfiqənin (Zülfiyyə Qurbanova) qızı ilə Tağıyevi ziyarət etməsi zamanı açılır. Şəfiqə görüş zamanı deyir ki, neftdən ürəyim bulanır. Bu ifadə neftin Teymurbəyovun ailəsi (həm də onların yaşadığı ərazinin sakinləri) üçün bir növ uğursuzluqla, çöküşlə, ən əsası isə Şər ilə assosiasiya olunduğunu bariz şəkildə göstərir. Tağıyev üçün isə neft uğurun və yüksəlişin simvoluna çevrilir. Filmin birinci və ikinci hissələri arasında bunun üzərindən aparılan paralellik, məsələni yaxşı anlamağımıza şərait yaradır. Filmin birinci hissəsində neft heç bir funksiya daşımır. Tağıyevin səssizliyi də bundan qaynaqlanır. Ancaq orada da neftə anlam qazandırmağa imkan vardı, hətta bilərəkdən (və ya əksinə) rejissor (həm də ssenaristlər) mollanın dedikləri əsasında buna işarə edir. Təəssüf ki, bu məsələ gözdən qaçıb, nəzərə alınmayıb. Bu da “Tağıyev: Neft” filminin əsas zəif nöqtəsi idi.


Teymurbəyovun özünə qəsd etməsi filmdəki hadisələrin inkişafında aparıcı rol oynayır. Bu obraz çox güman ki, ona miras qalan torpaqlardan neft çıxararaq böyük uğurlar qazanan Teymur bəy Aşurbəyovdan təsirlənərək yaradılıb. Yeri gəlmişkən, bu məqamda bir məsələni xatırlamaq lazımdır. Diqqətli tamaşaçı düşünə bilər ki, “Tağıyev: Çar” filmində nəyə görə hadisələrin başlanğıc nöqtəsi 1888-ci il seçilib. Səbəb budur ki, 1888-ci ildən başlayaraq neft sahəsində emal sistemləri formalaşmağa, bu sahədən vergilər toplanmağa başlanılır. Habelə bu illərdə çar məmurları (əsasən ruslar) rüşvət verərək, təzyiq göstərərək müxtəlif ərazilərdən neft tapan şəxsləri ələ alıb oradan uzaqlaşdırırdılar. Onlar azərbaycanlı (o dövrdə müsəlman) sahibkarları sıxışdırmaq üçün fərmanlardan, vergi təzyiqlərindən və saxtakarlıqlardan istifadə edirdilər. Deyilənə görə, Murtuza Muxtarov da bu kimi hallarla tez-tez üzləşirmiş. Belə sıxışdırılmalara məruz qalan insanlar buna sona qədər tab gətirə bilmirdilər. Ya müflis olurdular, ya da psixoloji sarsıntı keçirib intihar edirdilər. Filmdə göstərilən Teymurbəyov nümunəsində olduğu kimi.

Bu məlumatlar əsasında biz Tağıyev ilə Bakı meri Orlovski arasında baş verən konflikti daha yaxşı anlaya biləcəyik. 1888-ci ildə Bakı meri kimi İvanoviç Despot-Zenoviç fəaliyyət göstərib. Amma filmdə bu vəzifədə Orlovskini görürük. Bu çox güman mövzuya tarixi kontekst nöqteyi-nəzərindən deyil, ədəbi yanaşmanın ortaya qoyulmasından qaynaqlanır. Tağıyev bu məsələyə görə Orlovski ilə üz-üzə gəlməyə məcbur olur.


Teymurbəyov (görünməyən obraz) və Orlovski arasındakı münasibət (həm də mübahisə) Tağıyev obrazının xarakterinin açılmasında rol oynayır.  Müəlliflər Tağıyevi təkcə neft maqnatı kimi təsvir etmir. Onun, xalqının (müsəlmanların) müdafiəçisi (“Tağıyev: Çar” filmi əslində Tağıyevin fərdi düşüncədən siyasi-ideoloji düşüncəyə keçmək cəhdini, daha doğrusu, oliqarxdan mesenata, xeyriyyəçiyə çevrilməsini göstərir) kimi də qəbul edilməsinə çalışır. Lakin buna kifayət qədər nail ola bilmirlər. Elə təəssürat yaranır ki, müəlliflər Tağıyev obrazını necə təqdim edəcəyi ilə bağlı tam qənaətə gələ bilməyiblər. Bunu filmin həlledici səhnələri aydın şəkildə göstərir. Tağıyev neftdən zərər görmüş əraziyə oğlanlarını göndərir. Özü oraya başda deyil, hər şey sona çatanda gedir. Sakinlər Tağıyevi alqışlarla yola salırlar. Bu isə səmimi təsir bağışlamır.


Deyilə bilər ki, Tağıyev təkcə bu işlə məşğul deyildi. O, qubernatorla görüşə getdiyi üçün işi oğlanlarına həvalə etmişdi ki, onun adından məsələni həll etsinlər. İsmayıl və qardaşının həmin ərazidə insanlarla görüşməsi, onlarla söhbətləşməsi, sakinlərin dərdlərini dinləməsi, ərazini müşahidə etməsi səhnələrini filmdə görə bilmirik. Qardaşlar sadəcə bir sakinin evində qonaq olurlar. Evdə danışılanlar baş verən hadisənin əhəmiyyətini demək olar ki, tamaşaçı üçün aça bilmir. Ümumiyyətlə, bu ərazidə yaşayanların etirazını, narahatlığını, nigaranlığını (İsmayıl və qardaşı sanki atasının tapşırdığı işi başdansovdu, natamam görürlər. Əraziyə gedib-qayıtmaları çox qısa sürür) ekranda görə bilmirik. Müsəlman qəbirlərinin dağıdılma səhnələrində də eyni problemi sezirik. İnsanların etirazı ya görünmür, ya da quru şəkildə əks etdirilir. Belə bir yanaşma həm filmin dinamikasını aşağı salır, həm də dövrün panoramını (Duma binası qarşısında etiraz edənlərin görüntüləri öncə bəhs etdiyim iki səhnənin çatışmazlığını kompensasiya edə bilmir) tamaşaçıya güclü şəkildə hiss etdirə bilmir. Tağıyev obrazının bu hadisələrin mərkəzində deyil (əraziyə baş çəkmədiyi kimi,  heç bir halda müsəlman qəbiristanlığının ətrafında tamaşaçı Tağıyevi görə bilmir) kənarında görünməsi onun filmdə yaradılmaq istənilən profili haqqında bizi düşündürür. Bir sözlə, Tağıyev camaata yaxınlaşmaq əvəzinə, sanki ondan uzaq düşür.

Halbuki Tağıyev Dumada iclas zamanı, neftin ziyan vurduğu ərazidə yaşayan sakinlərin üzləşdiyi çətinliklərə diqqət çəkməyə çalışır. Amma Dumanın gündəliyində mərkəzi məsələ kimi Çar III Aleksandrın Bakıya gəlişi durur. Tağıyev insanların problemlərini dilə gətirdiyi üçün çar ilə görüşün siyahısından adı silinir. Çünki bu ərazini Orlovski özü ələ keçirmək istəyir. Çarın sırf bu ərəfədə (həm də 1888-ci ildə) Bakıya gəlməsi heç də təsadüfi deyil. O, formal olaraq kilsənin tikilişi üçün Bakıya gəlir…

Burada, Tağıyev daim xalqının yanında olmasının təsvirinə cəhd edilir. Hadisələrin davamında isə sanki elə təəssürat yaranır ki, Tağıyev üçün çar ilə görüş birinci plana keçir. O, bunu xalqının istəklərini şəxsən çarın özünə çatdırmaq məqsədilə əlaqələndirir. Xalqının səsini daim daşımaq üçün onların elitasına girməyi özünə məqsəd qoyur. Yuxarıda qeyd etdiyim məqamlar isə Tağıyevin xalqın mənafeyindən daha çox, öz uğurunu düşünməsi kimi görünür.


Filmin son səhnələrində mer və qubernator tərəfindən Tağıyev və onun təmsil etdiyi müsəlmanlar lağa qoyulur. Tağıyev anlayır ki, yüksək elitaya qəbul olunmaq üçün sadəcə varlı olmaq yetmir. Təhsil və mədəniyyət də gərəkdir. Filmin ortasında tamaşaçı Tağıyevin yazıb-oxumağı öyrənmək üçün müəllim tutduğunu görür. Bu səhnə gözəl düşünülsə də, məsələyə ötəri yanaşılıb. Səhnənin mahiyyəti yaxşı formada üzə çıxarılsaydı, mer və qubernatorun aşağılayıcı münasibətinə Tağıyevin cavabı bizim üçün pafoslu deyil, daha anlamlı olardı. O özündən çıxış edərək xalqını (camaatını) daha yaxşı anlaya bildiyini tamaşaçıya hiss etdirə bilərdi.

Filmin birinci hissəsində Tağıyevin ərazisini tərk edən Rəcəbəli burada qarşımıza artıq qoçu Rəcəbəli (Rüstəm Cəbrayılov) kimi çıxır. O, digər qoçu tərəfindən Tağıyevin oğluna qurulan plandan xəbər tutur və İsmayılı xilas edir. Rəcəbəlinin təsviri bizə karikatur obrazları xatırladır. Bu isə heç də uğurlu alınmayıb. Rəcəbəlinin filmdəki rolu onunla Tağıyev arasında münasibətlərin yox, Tağıyev ilə Orlovski arasında konfliktin gedişatını dəyişdirir. Tağıyev onun qarşısına qoyulan iki şərtdən birini seçir. O, ölülərin deyil, dirilərin haqlarını müdafiə etməyi boynuna götürür. Filmin əsas məsələsi elə bununla bağlı idi. Bir tərəfdə kilsənin tikilməsi üçün sökülməli olan müsəlman qəbiristanlığı var, digər tərəfdə isə neftdən zərər görmüş ərazidə yaşayan sakinlər. Bu hadisələrin mərkəzində isə Tağıyev durur. Amma müəlliflər Tağıyevi hadisələrin mərkəzi fiquruna çevirə bilmirlər. Birinci hissədə olduğu kimi, tamaşaçı yenə də Tağıyevin kifayət qədər nə tərəddüdlərini nə də özünə əminliyini görə bilir. Tağıyevin şərtlərdən birini qəbul etməsində Orlovski tərəfindən oğlunun qaçırılmaq istəməsi rol oynayır. Düşünürəm ki, qaçırılma hadisəsi Tağıyevin qərarını verməsində birbaşa deyil, digər hadisələrin gedişatının nəticəsi olaraq son tamamlayıcı nöqtə olmalı idi. Belə olmaması, əslində, Tağıyev ilə öz camaatı arasında görünməz ipi qırır. Bir növ Dumanın divarı kimi onlar arasında xəyali sədd yaradır…

İsmayıl və Nurcahan Ərəblinski məsələsinə burada toxunmaq istəmirəm. Çünki “Tağıyev: Çar” filmindəki bu xətt buradakı hadisələrin gedişatında xüsusi bir rol oynamır. Tağıyev filminin üçüncü hissəsində İsmayıl-Nurcahan sevgisinin filmin mərkəzində yer alacağını düşünürəm. Bu da bizə imkan yaradacaq ki, Tağıyevin başqa cəhətlərini görə bilək.

Nəcəf Əsgərzadə

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya