İNDİ OXUYUR
Nə vaxt tərpənirsən?

Nə vaxt tərpənirsən?

Yaxın günlərdə premyerasını etmiş və fevralın 9-dan kinoteatrlarda uğurla yayımlanan “Evdə qalmış” romantik komediyasının təhlilinə keçməzdən öncə, filmin rejissoru və ssenari müəlliflərindən biri olan Valeh Əhmədov haqqında qısa bir arayış vermək istərdim. Valeh Əhmədov geniş televiziya tamaşaçısı auditoriyasına yaxşı tanış olan, yüksək reytinqli “Ata ocağı” teleserialının ssenari müəllifidir. Bundan əlavə, o, daha bir neçə teleserialların (“Aramızda qalsın”, “Bir ailəm var”, “Həyat, sən nə qəribəsən”) ssenari müəllifi və prodüseridir. Bu arayışı verməkdə məqsədim, Valeh Əhmədovun bu günə qədər tamaşaçı zövqünü oxşamağa çalışması, kütlənin istəyinə cavab verməyi nəzərə çarpırdısa, “Evdə qalmış” bədii filmində, müasir Azərbaycan komediyalarında artıq qəlibə çevrilmiş, tamaşaçını “qıdıqlayan” stereotipləri qıraraq yeni axın yaratması diqqəti cəlb edir. Buna baxmayaraq, müəllif filmin fabulası cəmiyyətdəki gənclərin əbədi və əzəli başağrısı olan mövzuların üzərində qurub. Filmin adından da göründüyü kimi, filmdə subaylıq, “evlilik yaşının” keçməsi və ən əsası, xoşbəxt olmaq mövzuları qabardılıb. Sadaladığım mövzular müasir Azərbaycan ekran nümunələrində dəfələrlə işlənsə də, onların demək olar ki, heç biri ciddi xarakter daşımırdı. Hər dəfə bu mövzular banal yumorla, KVN zarafatları ilə bəzədilərək tamaşaçıya təqdim edilirdi. “Evdə qalmış” bədii filmində isə bu mövzular yerli tamaşaçının alışmadığı yeni müstəviyə qaldırılıb.


Filmin ssenari müəllifləri (Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova) Azərbaycan klassik kinosunun və musiqisinin şah əsərlərindən olan “Arşın mal alan” operettasındakı Əsgər və Gülçöhrə cütlüyünün arxetiplərini və bu arxetiplərin qarşılaşdığı maneələrin müasir ekran həllini veriblər. Bu uğurlu seçimdir, belə ki, “Arşın mal alan”dakı qəhrəmanların düşdüyü situasiyalar müasir dövrümüzdə hələ də aktualdır.

“Evdə qalmış”ın “Əsgəri” – Ruslan (Şəhriyar Əbilov) zəngin ailənin övladıdır. Onun valideynləri uğurlu biznesə malikdirlər – atası Faiq (Rüstəm Rüstəmov) turizm şirkətinin, anası Zümrüd isə (Həmidə Ömərova) sağlamlıq klinikasının rəhbəri və sahibidir. Zəngin və heç bir qayğısı (oğullarının subaylığından savayı) olmayan cütlük, həm də, yüksək mədəniyyətə, dünyagörüşünə və intellektə malikdirlər. Klassik dünya kinosundan, təsviri incəsənətdən ağızdolusu söhbət edən bu cütlüyün arasındakı harmoniya mükəmməl verilib.


Buna baxmayaraq, onların yeganə oğlu Ruslan ayrı “dalğaya” köklənib. O, dostlarıyla kef çəkir, eyni zamanda bir neçə xanımla görüşür və sair. Buna baxmayaraq, o, zadəgan valideynlərinin mədəniliyini də özündə əks etdirir. O, evlənmək istəyir, lakin, hələ uyğun namizədi – xəyalında qurduğu xanımı tapmayıb. Təvazökarlıqdan uzaq və soyuqqanlı biridir. Ruslan obrazı, İtaliyanın məşhur estrada müğənnisi və aktyoru Adriano Çelentanonun məşhur “İnadkarın ram edilməsi” bədii filmində yaratdığı Elaya obrazı ilə üst-üstə düşür. Ruslan da Elaya kimi zəngin, inadkar və bəzi məqamlarda kobud, düşündüyünü yaş əsgi kimi üzə çırpır. Amma Elayadan fərqli olaraq, Ruslan açıq-aşkar sevgili axtarışındadır. O, valideynlərinin “nə vaxt tərpənirsən?” sualını hər dəfə qulaq ardına vuraraq müxtəlif bəhanələr gətirir.


Sevda (Kəmalə Piriyeva) gənc, istedadlı rəssam və fotoqrafdır. Ruslandan fərqli olaraq o, özünə “yoldaş” axtarmır və anası Xatirənin (Mehriban Xanlarova) “30 yaşına qədər bu evdən gəlin paltarında çıxmasan qan düşəcək” kimi tənələrini eşitməməkdən ötrü, anasının onun üçün tapdığı potensial namizədlərlə görüşür və onların heç birini bəyənmir. Sevdanın 30 yaşının tamam olmasına az vaxt qalıb və anasının fikrincə, vəziyyət həddən artıq gərgindir. Sevdanın bu vaxta qədər subay qalmasını müəlliflər, onun acıdil və səbrsiz olduğu üçün əsaslandırırlar. Ümumiyyətlə bu filmdə, cəmiyyətdə dərin və möhkəm kök salmış stereotip fikirlər ciddi tənqidə məruz qalır. Sadə anaların “Vağzalı” sədalarını eşitmək xəyalı üzündən qızlarını “tez-bazar” kimə oldu vermək istəyinin arxasında “tək olub xoşbəxt olmaqdansa, kimləsə cüt ol – bədbəxt ol” fikri dayanır. Əlbəttə, valideynlər bunu istədiklərini özləri də bilmirlər. Onların fikrincə, insan, heç cür tək xoşbəxt ola bilməz, xoşbəxtlik, yanında yalnız kimsə olduğu halda qazanılır. Sevdanın bibisi Əmanət də (Firuzə Balayeva) bu cür “bədbəxtlərin” sırasındadır. Onun “evlilik yaşı” artıq çoxdan keçib və onun hazırki məşğuliyyəti, özünün sosial şəbəkə hesabındakı yeganə izləyicisi üçün “ünvanlı” videolar çəkib paylaşmaqdır. Müəlliflər Əmanətin simasında, özlərini qartımış, “ağıllarını, artıq itirmək üzrə” olduğunu hesab edən və bu halları ilə barışan qadınların karikatur obrazını yaradıblar.


Film, ümumiyyətlə parlaq və yaddaqalan obrazlarla doludur. Və bu obrazlar filmin baş qəhrəmanlarının ətrafında cəmlənib ki bu da cəmiyyətimizdə hər gün rast gəldiyimiz insanlara bir parodiyadır. Sevdanın rəfiqəsi Şahnisə (Sanura Cəfərova), rusca danışmağa cəhd edən, lakin alındıra bilməyən və bu dildə danışmayan insanlara pis baxan kütlənin əksidir. Yeri gəlmişkən, Şahnisə də “istehlak müddəti” bitmiş “bədbəxtdir”. Daha bir obrazı – Təhminəni (Nigar Əhmədova) xüsusi qeyd etmək istəyirəm. O, meyxanaçı ailəsində doğulub və məlahətli səsə malik müğənnidir. Öz emosiyalarını, qəzəbini və sevincini  məhz bu vasitə ilə ifadə edən biridir. Rəfiqələrindən fərqli olaraq, o evlidir, sözün birbaşa mənasında öz tayını tapıb. Onun “tayı” Asif (Elçin Məmmədli) də Təhminə kimi “musiqili” personajdır. Ər-arvadın ikisinin də nəbzi eyni “tonallıqda” vurur. Bu cütlük belə bir sitatı mənə xatırlatdı: “Xoşbəxtlik mövcud deyil. Sadəcə özünüz kimi səfehi tapın və xoşbəxt olun”. Asif və Təhminə, məhz bu sitatın “qəhrəmanlarıdır”.


Filmdə ən çox diqqəti cəlb edən, parlaq qəhrəman Aparıcı (Məcid Hüseynov) obrazıdır. O, gündəmin hər bir, hətta ən xırda hadisəsinə belə reaksiya verir və öz şərhlərini şəxsi videobloqu vasitəsilə cəmiyyətə çatdırır. Hamının ondan zəhləsi gedir, buna baxmayaraq, hamı onu izləyir. Onun videolarının baxış sayı rekord həddədir. Aparıcının yersiz davranışı və danışığı, son zamanlar tamaşaçıları boğaza yığmış aşağı səviyyəli teleaparıcılara eyhamdır. Aparıcı, cəmiyyətlə yalnız monitor vasitəsilə əlaqəyə girir, o bir növ təcrid olunmuş paraziti xatırladır. Aktyor Məcid Hüseynov rol aldığı filmlərdə əsasən, səfeh obrazları və gülünc zarafatları ilə tanınır. Filmin müəllifləri Məcidin qəhrəmanını – Aparıcını təcrid etməklə, filmdən bayağı yumoru da təcrid ediblər. Qəhrəmanlar Aparıcıya nifrət etsələr də, ona işləri düşür, o isə özünə və adına uyğun formada işləri daha da korlayır.



Yazının əvvəlində filmin müəlliflərinin stereotipləri qırmaq cəhdlərini qeyd etmişdim. Film romantik komediya janrında olsa da, müəlliflər bu janra xas detalları və ənənəvi, ifrat romantik situasiyaları da qıraraq yeni tapıntılar əldə ediblər. Nəticədə, səmimi və daha gülməli epizodlar ərsəyə gəlib. Bu filmdəki qadınları öz reputasiyaları narahat etmir. Onlara cəmiyyətin fikri maraqlı deyil. Onlar səmimidirlər və özləri kimi “səfeh” axtarışındadırlar. Filmdə məşhur meyxana ustası Rəşad Əmirova da (Dağlı) maraqlı eyham edilir. Meyxanaçı ailəsinin yetirməsi olan Təhminə, Rəşadın məşhur “Şir həmişə şirdir” bəndini, “Titanik” bədii filminin saundtreki ilə sintez edərək maraqlı nümunə yaradır. Bu, həm son günlər faciə yaşayan Rəşada mənəvi dəstək, həm də başıbəlalı meyxana sənətini submədəniyyət statusundan biraz xilas etmək üçün atılmış addımdır.

Ruslan və Sevdanın ilk görüşü şəhərkənarı gəzinti zamanı baş verir. Bu çox əlamətdar bir xarakter daşıyır. Üç milyondan çox əhalisi olan Bakıda, iki gəncin bir-birini görüb sevməsi müşkül işdir. Halbuki, adı çəkilən qəhrəmanların hər ikisi filmin əvvəlində, Təhminənin toy mərasimində iştirak edirdilər, amma, müəlliflər  onların görüşünü şəhərdən kənarda “təyin ediblər”. Sevdaya bir könüldən min könülə aşiq olan Ruslan, ondan sosial statusunu və zəngin olduğunu gizlətməyə çalışır. Ruslan özünün sevilməyini istəyir, sərvətinin yox. Paralel olaraq, Ruslanın valideynləri onu “xoşbəxt” etmək məqsədilə, Ceyla adlı xanımı (Aygün Akif) Ruslandan xəbərsiz özlərinə gəlin etmək istəyirlər. Ceyla, Ruslanın çoxsaylı rəfiqələrindən biridir. Amma o, Ruslandan çox, onun zənginliyini sevir. Ruslanın əsl “Sevdasından” xəbər tutan Ceyla, onu əldə etmək üçün müxtəlif avantüralara əl atır, amma, heç nə əldə edə bilmir. Onu idarə edən məkr deyil, sadəlövhlüyüdür. Ümumiyyətlə, bu filmdə “pis insan” nümunəsi yoxdur, nə istədiyini bilməyən və nə istədiyini bilən insan nümunələri var. Lakin, bütün qəhrəmanları birləşdirən ümumi bir cəhət var – onlar xoşbəxt olmaq istəyirlər. Müəlliflər filmdəki bütün qəhrəmanları arzularına çatdırırlar, “evdə qalmışların” hamısı kama yetir, təkcə Ceyladan başqa. Ceyla da digər personajlar kimi orijinal xüsusiyyətlərə malikdir. Amma müəlliflər, onun xəttini sona qədər çatdırmır və nəticədə obraz “havada qalmış” təəssüratı bağışlayır. Zənnimcə, bu məqam filmin yeganə mənfi cəhətidir.




Sevdanın anasının, filmin son epizodlarının birində qızına etdiyi arzu-diləyi və analıq hissinin etirafı, tamaşaçılarda sentimental hisslərə toxunmaq üçün verilib, amma, bu hissə qədərindən uzun getdiyi üçün tamaşaçıda qismən yorğunluq hissi oyadır. Haqqında danışdığım epizodun metrajı qismən qısa olsaydı, fikrimcə, daha məqsədəuyğun olardı.

Filmin uğurlu aktyor ansamblı, bu ansambla daxil olan aktyorların hər birinin yaddaqalan performansı filmi uğurlu edən amillərdəndir. Amma, şəxsən mənim fikrimcə, filmin ən uğurlu məqamlarından biri, onun təsvir həlli, daha dəqiq desək rəng qammasıdır. Filmin hər bir epizodunda rənglər çox mükəmməl harmoniya yaradır. Operator (Emil Qarayev), quruluşçu rəssam (Xuraman Əkbərova), işıq rəssamı (İsmayıl Nəsibov), geyim rəssamları (Aytən Əsədzadə və Gülsüm Seyidova) əl-ələ verərək ideal təsvir həlli verməyə nail olublar. Əlbəttə ki, bu komandanı bir araya gətirən rejissor Valeh Əhmədovdur və filmin uğuru, onun simasında bütün heyətin uğurudur.

Filmin qəhrəmanlarının cəmiyyətdə gəzib-dolaşan fikirlərə önəm vermədiyi kimi, filmin müəllifləri də, tamaşaçılar arasında ara-sıra dolaşan “Azərbaycanda kino yoxdur” və ya “komediyalarımız aşağı səviyyədədir” kimi fikirlərə rəğmən, fərqli və keyfiyyətli ekran işi ilə Azərbaycan kinokomediyasında dönüş nöqtəsi yarada biliblər.

İlqar Quliyev

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya