Nitsşe nigarançılığının sonu
“Fəlsəfə və kinonun dili çox fərqlidir. Fəlsəfə kinodan kənar bir məkanda çalışır. “Turin atı” filminin fəlsəfi film adlandırılmağını qəbul etmirəm. Çünki hər ikisi bir-birindən olduqca uzaqdır. Bu sadəcə bir filmdir. Mənim üçün əsas məqam – atın aqibətidir. 1985-ci ildə filmin ssenarisini yazan Laslo Krasnahorkay bu sualı vermişdi. Və buna cavab tapmaq üçün otuz ilə qədər gözlədik. “Turin atı” filmi həmin suala cavabdır. Çevrilişlər, dəyişilmələr, yenilənmələr davamlı olaraq baş verəcək. Amma bu dünya xeyli sayda kiçik canlılardan ibarətdir. Bir tək canlının yox olması, dünyanın bir hissəsinin sonudur. Fimdəki atın ölümü, söhbətin mövzusudursa, o zaman, onun ölümü də dünyanın müəyyən hissəsinin sonudur”.
Yuxarıda qeyd olunan fikirlər Bela Tarrın “Turin atı” filmi ilə bağlı verdiyi müsahibədən sitatdır. Əgər siz bu filmi izləmək niyyətindəsinizsə, sizə məlum olan bütün əxlaq meyarlarını unudun. Gecə saat neçə olur-olsun, həqiqətlərinizin qapısını döyün və onları yenidən sorğu-sual edin. Yaxşı və pisə, müsbət və mənfiyə aid bütün tərəflərinizi məhv edin. Əgər sözlərim sizi hələ də təlatümə gətirmədisə, “Turin atı” filmini izləyin.
Gündəlik rutinimiz həyatın axarlılığının ifadəsi kimi görünsə də, kinematoqrafik səyahətimiz bizi paradoksal nümunələrlə qarşılaşdırır. Əgər siz monotonluqdan qaçmaq və fərqlilik yaratmaq niyyətindəsinizsə, oxuyacağınız məqalə sizdə narahatlıq hissi yarada bilər. Yaşayacağınız ruhi vəziyyətin müəllifi isə, aktyorlarla birgə işdə fərqli münasibət sərgiləyən, onları səhnəni və rolu unutmağa təhrik edən, tamaşaçının gözündə qəhrəmanların onlardan biri olduğuna inandıran macar əsilli ssenarist və rejissor Bela Tarrdır. Filosof olmaq niyyəti puça çıxan Bela Tarr, nəinki fəlsəfəyə olan marağını itirdi, hətta fəlsəfi görüşlərini özü ilə birgə kinoya daşıdı. Müxtəlif illərdə “Şeytan rəqsi”, “Lənətlənmiş”, “Son gəmi ” və bir çox filmlər ərsəyə gətirən müəllif, puça çıxmış və ya heç vaxt baş tutmayacaq, optimist gözləntilərinin, pessimist təzahürünü “Satantanqo” və “Turin atı” filmlərində tamaşaçıya təqdim edir.
Rejissor, karyerasının zirvəsi hesab edilən “Turin atı” filmini ərsəyə gətirdikdən sonra tamaşaçılarla vidalaşıb. Melanxolik ab-havası ilə seçilən filmin hekayəsi, alman filosofu Fridrix Nitsşenin nihilizm görüşlərindən və onun 1889-cu ildə qarşılaşdığı sarsıdıcı hadisədən bəhs edir. Belə ki, Nitsşe, yanvarın 3-ü, 1889-cu ildə İtaliyanın Turin şəhərində gəzərkən, taksi sürücüsü tərəfindən qamçılanan at görür. Nitsşe atın halına dözməyərək, sürücünün üzərinə atılır və atı ondan ayırır. Deyilənə görə, Nitsşe, hadisənin nəticəsi kimi ortaya çıxan psixi pozğunluqdan əziyyət çəkərək on il lal vəziyyətdə yaşadıqdan sonra vəfat edir. Filosofun yaşadığı hadisədən ilhamlanan Bela Tarr, kamera arxasına keçib, atın sonrakı taleyini lentə alaraq, iki əsr gec qaldığı Nitsşe nigaranlığına son qoyur. Bu atı Nitsşe və Tarr üçün xüsusi edən səbəb nədir? Bu sualın cavabı həm filmin ideyasını, həm də nihilizmi anlamağa kömək edir. Atı xüsusi edən ata və qızının yaşadığı eyniliklərlə barışmazlığı, itaət etməkdən qaçışı və bütün bunlara görə acı çəkmək məcburiyyətində qalmasıdır. “Turin atı” filmində rejissor, hekayədəki atla bizi əyani formada tanış edir. Lakin tək fərq, onun Nitsşenin olmadığı bir dünyada yaşamasıdır. Filmdə baş verən hadisələr tamaşaçını dramaturji tələyə salmaq məqsədinə hesablanmayıb. Çünki rejissorun çatmaq istədiyi hədəf ilk növbədə sənətə yox, bəşəriyyətə xidmət edir. Təsadüfi deyil ki, filmin əvvəlində təkrar halını almış hərəkətlər, sona doğru ağrının, əzabın ifadəsi təsirini bağışlayır. Filmdə hadisələr, sanki insanların olmadığı, tanrının belə unutduğu komada cərəyan edir.
Müəllif kinosunun aparıcı simalarından olan Bela Tarr, “Turin atı” filmində xaosla yaranmış dünyadan, ata, qız və bir atın hekayəsindən bəhs edir. Heç bir kadrda üzündə təbəssüm və mülayimlik görmədiyimiz qız və bütün bu xüsusiyyətlərə xas şikəst ata, fermerlik fəaliyyətində istifadə etdiyi at. Müəllifin tamaşaçıya təqdim etdiyi hər üç canlı, biri-birindən asılı formada seçilmişdir. Atdan asılı olan kişi, atadan asılı olan qızcığaz. Tamaşaçının maraqla izlədiyi, hətta bir nöqtədən sonra ekrandan əlini uzadıb kömək etmək istədiyi qızcığaz, hər səhər təkrar olunan ritmlə atası və atı qarşında öhdəliyini yerinə yetirir. Filmdə hadisələr altı gün ərzində baş verir. İncil və Qurani-Kərimdə dünyanın tanrı tərəfindən, altı günə yaranması qeyd olunur. “Filmin tanrısı” isə, altı gün ərzində hər üç qəhrəmanın günü-gündən necə çökdüyünü göstərir. Ata və qızı, özlərini ətrafdan və ətrafda baş verən hadisələrdən o qədər təcrid ediblər ki, baş verən fırtınadan xəbərsizdirlər. Filmboyu hakim olan tutqun hava, sonradan, yerini fırtınaya verir. Sanki Tarr, rutinlərinə bağlı olaraq yaşayan ata və qızın hekayəsini xaosdan yaranmış dünyanın sonunda təqdim edir. Bu fikri təsdiqləyən digər məqam isə, filmin sonunda suyun tükənməsidir. Əksər hekayələrdə sudan başlayan yaradılış, onun bitməsi ilə də sona yetir. Bəxş etdikləri ilə yaşadan təbiət, odu, suyu əllərindən alaraq, artıq öldürməyə hazırdır. Ata və qız, suyun bitməsindən sonra evi tərk etmək qərarına gəlirlər. Lakin müşahidə olunan nəsnələrdən biri də odur ki, onlar “dördkünclü evin əbədi sakinləri”dirlər. Gedəcəkləri hər bir nöqtə bu evin dörd tininə çıxır. Qaçmaq istədiklərinə geri dönürlər, qurtulmaq istədiklərinə çevrilirlər.
Rejissorun Nitsşeyə olan heyranlığından dolayı, tamaşaçının döydüyü hər qapıda onu nihilizm fəlsəfəsi qarşılayır. Nihilizm, dinin, tanrının və cəmiyyətin modelini mənasız adlandıraraq onu inkar edir və ona qarşı çıxır. Tarr bu filmlə, qarşı çıxdığı sistemin içinə həbs olunmuş insanları və atı təsvir edir. Rejissor, bizi Nitsşenin özü ilə olmasa da, filmboyu ruhunun, qəhrəmanları təqib etdiyi hissi ilə qarşılaşdırır. Bu ilk növbədə palinka üçün gələn adamdan başlayır. Onun tanrı, təbiət, və cəmiyyət üçün söylədiyi fəlsəfi fikirlər tamaşaçı üçün önəmli olsa da, bu modeldə, özünü yox etmiş qoca üçün sərsəmlikdən başqa bir şey deyil. İkinci qonaqlar isə, özlərini bir evdə təcrid etmiş insanların yuxarıdan baxdıqları qaraçılar olur. Qaraçılar bir yerə bağlı qalmadıqları üçün hamı tərəfindən qəribə baxılan tayfa kimi nihilizmin rəmzinə çevrilərək, məngənədə sıxılmış ata və qızın qarşısında azadlıq simvolu kimi peyda olurlar.
Filmdə Nitsşenin düşüncələrinin son daşıyıcısı isə, filmə də adını verən atdır. Sahibi tərəfindən hikkəsinə görə qamçılanan at, onu xilas edən Nitsşenin olmadığı bu dünyaya yeməkdən imtina etməklə baş qaldırır. Lakin nə qaraçıların,nə də içki üçün gələn kişinin özlərini eynilikdə itirmiş ata və qıza təsiri olmur. Ata özünü illərdən bəri həbs etdiyi quruluşa elə bağlayıb ki, ətrafındakı insanların söylədikləri, onun beynindəki qığılcımıyandırabilmir. Əlli səkkiz il davamlı şəkildə eşitdiyi qurdların səsinin yox olması, onda illərdir yaşadığı sabitliyin pozulacağı ilə bağlı narahatlıq yaradır. Əslində, sadəcə bir şeyi həmişə etdiyindən fərqli etsə, həyatının tamamilə dəyişəcəyini görə bilər. Qızı isə atasının təsirində böyüyüb. Bu bataqlığa, qan bağı ilə çəkilən bu qız, atanın qurduğu sistemdə yeri dəyişməməli olan əşya kimidir – orada olmağa məhkumdur.
Filmlərini, tamaşaçının özünün kəşf etməsini istəyən rejissor, tamaşaçılar üçün ipucları buraxır. Bu ipuclarından biri də ata və qızın altı gün ərzində yediyi kartofdur ki, İncildə, haqqında bəhs edilmədiyi üçün haram kimi qəbul edilir. Hətta filmin adında işlədilən “Torino” sözü belə xüsusi mənaya sahibdir. İtaliyanın Turin (Torino) şəhəri – orada doğulmuş tarixi şəxsiyyətlərə görə, azadlığın beşiyi adlandırılır. Buna qarşı olaraq, filmdə tez-tez gördüyümüz palinka isə macarların ənənəvi içkisidir. Bu iki söz arasındakı fərq kimi, filmboyu azadlıq və bağlılıq mövzusu qarşı-qarşıya gətirilir. Filmdə diqqətçəkən məqamlardan biri də, quyunun qurumasıdır ki, bu hadisə dünyanın sonunun gəlməsini göstərməklə bərabər, həm də daxildən quruyaraq məhv olan ata və qızın simvoludur.
“Turin atı” filmini bir çox cəhətlərinə görə, rejissorun 1994-cü ildə çəkdiyi “Satantanqo” (“Şeytan tanqosu”) filmi ilə müqayisə etmək olar. Lakin “Turin atı” filmindəki atı, burada inəklər əvəz edir. Rejissor on dəqiqə ərzində tamaşaçıya inəkləri izlədir. Rejissorun filmlərində heyvan obrazının çoxluğunun səbəbi isə, Tarrın təbiət və insanın bütövlüyünə olan inamıdır. Hamımız təbiətlə mövcuduq və onsuz məhvə məhkumuq.
Müəllifin ata və qızın baş rol aldığı filmində atı seçməsi kimi, “Satantanqo”da bir kəndin əhvalatından bəhs edərkən, sürü halında yaşayan insanlara istinad edərək inəkləri seçir. Hətta hər iki filmində insanların duyğu və düşüncələri kimi tutqun və qaranlıq olan hava da bu fikrə əhəmiyyətli misaldır.
“Turin atı” filmində ata və qızın problemi olan monotonluq “Satantanqo” filmində bir kəndin probleminə çevrilir. Lakin monotonluğun içində ölümə məhkum olan ata və qızdan fərqli olaraq, rejissor bu kəndi öldüyünə inanılan İrimiası gətirməsi ilə monotonluq bataqlığından xilas edir. Öldüyü zənn edilən İrimiasın qayıdışı, İsa Məsihin dönüşünü xatırladır. Təbii ki, “Turin atı” filmində qızın oxuduğu kitabın İncil olmamasının təsadüf olmadığı kimi, “Satantanqo” filminin baş obrazı olan İrimiasın dələduz olması da təsadüfi deyil.
Bütün bu oxşar və fərqli məqamlarla yanaşı, “Satantanqo” filminin əsas mövzusu din və din vasitəsilə idarə edilən insanlar olduğu halda, “Turin atı” filmində əsas xətt, dini ənənəviliyə bağlılığı olan insanlardır. Hər iki filmdə keçmişdən bu günə qədər mövcud olan və olacaq cahil kütlə təqdim edilir, onlara qarşı qoyulan hər şeyi hiss edən azlıq isə “Turin atı” filmindəki at kimi qidalanmaqdan imtina edərək özünə qapanır, ya da ağırlığa dözə bilməyərək intihar edir.
Axundova Elza