Neft, inqilab və kino

Kinoyazar.az mərhum filosof Rəhman Bədəlovun “Azerbaijan İnternational” jurnalının 1997-ci il 5/3 sayında ingilis dilində dərc olunmuş “Neft, inqilab və kino” (Oil, revolution and cinema”) məqaləsini ilk dəfə Azərbaycan dilində təqdim edir.
1898-ci ildə Bakıda çəkilmiş ilk kino süjetinin “Bibiheybətdə neft fontanında yanğın” epizodu ilə başlaması təsadüfi deyildi. Bakının bu qəsəbəsi neft mədənləri ilə dolu idi və burada tez-tez yanğınlar baş verirdi. Kino ilə neftin yollarının kəsişməsi bu mənada qaçılmaz idi. Hər şeydən əvvəl artıq ötən əsrin astanasında neft Azərbaycan və Bakının simvoluna çevrilmişdi. Neft bizim əsas sərvətimiz, eyni zamanda problemlərimizin də əsas mənbəyi idi. Bu həmişə belə olub — neft həm nemətdir, həm də bəla. Bu püskürən enerjini ram etmək uğrunda mübarizə taleyimizə çevrilib. Məhz buna görə də, Azərbaycan kinosunun bir neft fəvvarəsi haqqında süjetlə başlaması tamamilə təbiidir.
Əlbəttə ki, alovlanan neft fəvvarələri kino üçün möhtəşəm vizual materialdır — bunu danmaq mümkün deyil. Bir vasitə olaraq, yalnız kino güclü neft axınını alovlu canavara bənzər formada püskürən kimi təsvir edə bilər. Yalnız kino belə dəhşətli bir aləmi öz qorxunc gözəlliyi və əzəməti ilə nümayiş etdirmək gücünə malikdir.
Kinematoqrafçılar neftlə bağlı hər mövzuya böyük həvəslə, bəzən isə düşünülməmiş cəsarətlə yanaşıblar. Bəzi kino xadimləri Bakıya gəlib burada uzun müddət qalıblar, digərləri isə şəhərdə yalnız müvəqqəti olsalar da, Azərbaycan kinematoqrafiyasının əsasının qoyulmasına, formalaşmasına töhfələr veriblər.
Məsələn, 1908-ci ildə rus kinooperatorları Bakının iki böyük rayonu — “Ağ Şəhər” və “Qara Şəhər”də neft yataqlarını lentə alıblar.
“Ağ Şəhər” və “Qara Şəhər” o dövrdə Bakının iki böyük rayonuna verilmiş məşhur adlar idi. Həmin dövrdə, “ağ”, daha çox şəhərin yaşayış bölgəsini, “qara” isə quyular və neft hovuzları ilə əhatə olunmuş sənaye hissəsini ehtiva edirdi. Nefti hər yerdə görmək, onun qoxusunu hiss etmək, hətta dadmaq mümkün idi.
1916-cı ildə Svetlov neft mövzusunda ilk ekran işini -“Neft və milyonlar səltənətində” filmini istehsal etdi. Bu film Panov-Potyomkinin, İbrahim Musabəyovun eyniadlı romanı əsasında yazdığı ssenari ilə çəkilmişdi.
1917-ci ildə fransız kinooperatorları Bakıya gəlib neft yataqlarını və neftçilərin gündəlik həyatını lentə almışdılar. Hər dəfə yeni bir neft fontanı haqqında xəbər yayılanda operatorlar hər şeyi qoyub kadr çəkməyə tələsirdilər. Bu gün Suraxanı, Balaxanı və Bibiheybətdəki fontanları əks etdirən sənədli kadrlar mövcuddur. Belə hadisələr 1920–30-cu illərdə də, 1950–60-cı illərdə də baş verib. Bu epizodlar kinozallarda geniş tamaşaçı kütləsini cəlb edirdi.
Alovlanan neft fontanlarının çəkilişi və onları idarə etmək uğrunda mübarizə Azərbaycan kinematoqrafiyasının sənədli filmlərində ən dramatik və həyəcanverici səhifələrdən birinə çevrilib.
SOVET DÖVRÜ
Sovet dövründə neft uğrunda mübarizə geniş kommunist təbliğat maşınının yanacağı rolunu oynayırdı. Əslində, təbiəti fəth etmək Sovet mifologiyasının ən yayılmış motivlərindən biri idi. Belə qələbələri yeni qurulan sosialist dünyanın böyük uğurunun isbatı kimi təqdim etməyə çalışırdılar. Neftçilərdən bəhs edən bütün filmlər “Sovet qəhrəmanının əməyi” kimi xarakterizə olunurdu. Təbii ki, 1970-ci illərin həvəsi 1930-cu illərin coşqunluğunu təkrarlaya bilmirdi.
Bu mifin ən davamlı ifadəsi 1933-cü ildə Pumpyanski tərəfindən çəkilmiş “Neftin simfoniyası” filmində öz əksini tapır. BU filmdə Səhnələr neft fontanları və onunla mübarizə aparan neftçilər arasında dəyişirdi. Neft nə qədər qüvvətlə püskürürdüsə, musiqi bir o qədər dramatik olurdu. Fəhlələrin fiziki əməyinin ritmi musiqi ilə sinxronlaşdırılmışdı. Nəhayət, fontan ram edilir, neft xilas olunur, işçilər isə fərəhlə rəqs etməyə başlayırdılar.
“Neftin simfoniyası” filmi çox uzun deyildi və doğrusu, nəzərdə tutulduğu kimi bir simfoniya olmaqdan daha çox marş və ya emosional himni xatırladırdı.
1962-ci ildə Teyyub Axundov tərəfindən çəkilmiş “Bu, Qum adasında olmuşdur” filmi isə 29 noyabr 1961-ci ildə baş vermiş bir yanğın haqqındadır. Yanğın üç həftə davam etmiş və yalnız içinə böyük miqdarda partlayıcı qoyulandan sonra söndürmək mümkün olmuşdu. Əslində, bu film sənədli xronika adlandırıla bilər, çünki kinooperatorlar fontanların o qədər yaxınında işləyirdilər ki, alovla mübarizənin hər detalını lentə almağı bacarmışdılar.
“Neft daşları” əfsanəsi məşhur sənədli film rejissoru Roman Karmenə iki film üçün ilham vermişdi — “Xəzər neftçiləri haqqında roman” və “Dənizin fatehləri”.
“Fatehlər” filmi dənizdən neft çıxarılması prosesinə fokuslanır. Filmin əsas süjeti estakadalar üzərində qurulmuş şəhərin həyatını təhlükəyə atan yanğınla mübarizə üzərində qurulub. Müəlliflər, bu tip filmlərdə çox rast gəlinən həddindən artıq emosional tonu azaltmağa çalışıblar. Onlar neftçilərin problemlərinə və çətinliklərinə yaxından bələd olmaq üçün bu insanların niyə xoşbəxt olduqlarını, niyə gülümsədiklərini, nələrin onlara ağrı və məyusluq gətirdiyini və niyə təhlükə həddinə bu qədər yaxın yaşadıqlarını araşdırırdılar. Filmin real qəhrəmanlarından biri olan məşhur neftçinin çəkiliş zamanı vəfat etməsi isə bütün film boyu ehtiyatlı bir tonun izlənməsinə səbəb olur. Buna baxmayaraq, neft qəhrəmanlığı haqqında Sovet mifinin təsiri filmdə hələ də aydın görünür.

“Möcüzələr adası” (H. Seyidbəyli, 1965) və A. Babayevin “İnsan məskən salır” (1968) və “Həyatın ilk günü” (1975) filmləri də eyni ideologiyaya əsaslanır, neftçilərin qəhrəmanlığını əks etdirirdi. Bu qəhrəmanlar heç vaxt yorulmur, nəsildən-nəsilə neftçıxarma sahəsində işləməyə davam edirdilər. Digər personajlarla müqayisədə onlar həmişə məğlubedilməz, sarsılmaz və dönməz idilər; digərləri isə zəif göstərilir və daha asan vasitələrlə dolanışıq qazanmağı üstün tuturdular.
“Qızıl uçurum” (Fikrət Əliyev, 1980) melodram janrında çəkilib. Qəhrəman böyük pullar fırlandığı dünyaya cəlb olunur, amma taleyin əlində oyuncağa çevrilərək əzilir. Nəticədə tamaşaçının bu “böyük neft” dünyası qarşısında məğlub olan qəhrəmana simpatiyası yaranır.

Azərbaycan kinosunda neft mövzusuna yanaşma çox dar idi. Əslində, həqiqət melodramalarla “neft qəhrəmanlarını” tərənnüm edən hekayələr arasında bir yerdə yerləşirdi. Bu iki janrın heç biri çirklənmə və yoxsulluq mövzusunu qaldırmır, neftçilərin yaşadığı Bakı rayonlarını və onların yoxsulluğunu göstərmirdi. Bütün bu aspektlər gizli saxlanılırdı.
İNQİLAB: BÖYÜK İLLÜZİYA
Bir zamanlar “inqilab” sözü böyük həvəs və coşqu ilə səsləndirilirdi. Amma indi, XX əsrin sonlarına yaxınlaşdığımız günlərdə bu söz səslənəndə insanın ağlına sadəcə qorxulu və təhdidkar fikirlər gəlir. Bu günlərdə “inqilab” sözü dağıntı və terrorla assosiasiya olunur. Bəs 1920-ci ildə, bolşeviklərin Bakıya gəldikləri dövrdə Azərbaycanda nə baş vermişdi? Əgər artıq qanuni hökumət mövcud idisə, Qırmızı Ordu kim xilas etməyə gəlmişdi? Tarixçilər bu detalları uzun-uzadı müzakirə edə bilərlər. Mən isə bu aspektlərin ekranda necə təqdim olunduğunu təsvir edim.
1920–30-cu illərin Azərbaycan filmləri kukla teatrını xatırladırdı. Hər şeyi əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Təxminən, həmişə süjetdə tamahkar bir “bəy” və ya torpaq sahibi, mənfur bir molla və sərt bir çar zabiti olurdu. Həmişə bu məkrli obrazlara qarşı çıxan bir kəndli də vardı; filmin əvvəlində sadəlövh və savadsız olan bu kəndli, sonlara yaxın, tədricən, “görmə qabiliyyətini bərpa edirdi.”
Həmçinin, adətən, hekayədə özünə güvənən və hər zaman “mübarizəyə hazır” bir fəhlə obrazı da olurdu. Qeyd etmək lazımdır ki, bu fəhlə, adətən, rus proletariatını təmsil edirdi və onun əsas məqsədi həmrəylik idi.
TAMAMİLƏ OXŞAR SÜJETLƏR
Bu filmlərin süjetləri, demək olar ki, eyni idi — xanlar, bəylər, mollalar həmişə insanları aldadır və onların savadsızlığından sui-istifadə edirdilər. Sonra bolşeviklər səhnəyə çıxır və kimin xalqın dostu, kimin düşməni olduğunu yenidən müəyyənləşdirirdilər. Nəticədə inqilab zülm görmüş bütün insanların xilaskarına çevrilirdi. Hər halda, filmlər bunu belə təsvir edirdi.
“Bismillah” (A. Şərifzadə, 1925) filmi bunun ən bariz nümunəsidir. Tamahkar və hiyləgər molla həmişə kəndlilərdən birini aldatmağın yolunu tapır; kəndli isə itaət etməyə o qədər öyrəşib ki, etiraz edə, müqavimət göstərə biləcəyi heç vaxt ağlına gəlmir. Yalnız inqilab və bolşeviklərin təsiri altında kəndli anlayır ki, onu uzun müddətdir aldadırmışlar. Nəticədə, xalq məhkəməsi mollani həbs edir və ədalət bərqərar olur.

S. Mərdanovun 1939-cu ildə çəkdiyi “Kəndlilər” filmində mülkədar kəndlinin sonuncu atını da əlindən alır, ona torpağını becərmək üçün vasitə qoymur və onu aclığa məhkum edir. Yenə də fəhlələr (rus proletariatı) izah edirlər ki, kəndli öz mülkiyyətini geri qaytara bilər və digər zəhmətkeşlər ona kömək edəcəklər. İnqilabi hərəkat “qanlı Müsavatı” (o dövrdə Azərbaycan Demokratik Respublikasına verilən ad) devirir; bu qurum bəyləri və xanları qoruyurdu. Kəndli isə yeni sosialist həyatın təbliğatçısına çevrilir.
Biz bu eyni süjetli filmlərin siyahısını sonsuza qədər uzada bilərik. Amma unutmayaq ki, kino, hər şeydən əvvəl bir illüziyadır. Əks halda, sərt Qərb filmlərinə, qorxu filmlərinə baxarkən dəhşət içində iflic olmazdıq, melodramalarda göz yaşlarımızı saxlaya bilməz və komediyalarda gülməkdən ölməzdik. Həmin dövrün tarixində, şübhəsiz, çoxlu vəhşiliklər, amma həm də böyük illüziyalar və sadəlövh inanclar da olub. Onları nəzərə almaq vacibdir.

“Bismillah” və “Kəndlilər” bu illüziyanın ifadələridir — yaxşı və pis anlayışlarının tamamilə zidd olduğu və zülm görənlərin xoşbəxt edilə biləcəyi ideyası. Bu gün biz bu filmlərə böyük rus kinooperatorları, məsələn S. Eyzenşteyn və V. Pudovkin kimi sənətkarların ənənələrinin xronikası kimi baxırıq, çünki onlar filmlərində hadisələri xronika şəklində əks etdirməyə çalışmışdılar.
1960–70-ci illərdə çəkilmiş filmlərdə Sovet ideologiyası çox dəyişməmişdi. Baxmayaraq ki, ideyalar daha bədii şəkildə təqdim olunurdu. Həm dünyada ədalətin bərqərar edilməsinin ideallaşdırılmış şəkildə təsviri, qorxusuz qəhrəmanın romantikləşdirilməsi, həm də gərgin atmosfer unikal bədii oyun hesab edilirdi.
“Yeddi oğul istərəm” (Tofiq Tağızadə, 1971) filmi Səməd Vurğunun “Komsomol poeması” əsasında çəkilib. Yeddi oğul, yeddi samuray kimi, kənddə Sovet hakimiyyətini qurmaq üçün göndərilən yeddi komsomolçuya (kommunist liderlərə) çevrilir. Yeddi oğul xalq qəhrəmanlarının romantikləşdirilmiş obrazlarıdır, onlar intiqam almağa hazırdırlar. Onlar bütün hərəkətlərində öz əxlaqi kodekslərinə əməl edirdilər ki, bu da onların davranış və ədəb-ərkanını müəyyən edirdi. Nəticədə, onlar məğlubedilməz olurdular. Yeddi oğulun hər biri fərqli şəxsiyyətə malik idi, amma həmişə birlikdəydilər və böyük bir ideya ətrafında birləşmişdilər.

“Yeddi oğul istərəm” həm də birliyi, əbədiliyi simvollaşdıran folklor obrazıdır. Bu baxımdan say həmişə yeddi olacaq. Kəndə daxil olan yeddi oğul vardı və film boyu altı qardaş faktiki olaraq ölsə də, lider öz ətrafında altı yeni davamçı toplamaq məcburiyyətində qalmışdı; beləliklə, yeddi sayı qorunurdu.
“Axırıncı aşırım” (Kamil Rüstəmbəyov, 1972) filmi bir qədər fərqli mövzu üzərində qurulub. Burada iki keçmiş “bəy” (torpaq sahibi) bir-birinə qarşıdır. Biri keçmiş ideologiyaya sadiqdir və yeni hakimiyyətlə barışa bilmir, digəri isə keçmişi rədd edir və bolşeviklərin hakimiyyətini qəbul edir. İnanır ki, bu hakimiyyət ədaləti bərpa edəcək.

Digər bir film isə “26 Bakı Komissarı” haqqındadır. Əslində, komissarlar haqqında iki film çəkilmişdi. Birincisi N. Şengelaya tərəfindən, ikincisi isə A. İbrahimov tərəfindən (1966). Hər iki film maraqlıdır; ona görə yox ki, onlar komissarların real həyatı haqqında mühakimə etməyə imkan verirdi. Əksinə, bu filmlər komissarlarla bağlı əfsanələri gücləndirirdilər.
Şengelayanın filmində demokratik hökumət (“qanlı Müsavat”) amerikalılarla müqavilə imzalayır. Lakin britaniyalılar bu müqaviləni pozmağa və öz maraqlarını təmin etməyə nail olurlar. Onlar neft kəmərini bağlayırlar və neft anbarlardan dənizə axır. Film boyu neftin, tədricən, bütün ekranı örtməsi göstərilir. Bu, imperialistlərin neft enerjisini nə qədər bacarıqsız idarə etdiyini vurğulamaq üçün metafora kimi nəzərdə tutulub.
Hər iki filmdə komissarların lideri Şaumyan, demək olar ki, eyni sözləri deyir: “Bakı fəhlələri inqilabi Rusiyadan ayrılaraq ingilisləri dəvət etməklə ölümcül səhv etdilər. İngiltərə dünyanın yarısını fəth edib və öz maraqları üçün Bakı neftinə ehtiyac duyur.” Bu sözləri eşidən Bakı proletariatı bolşevikləri dəstəkləməyə başlayır.
GƏLƏCƏK
Amma gəlin, gələcək barədə düşünək. Nəticədə, 70 illik zülmdən sonra Azərbaycan yenidən müstəqilliyini əldə edib. Keçmişdə olduğu kimi, böyük neft böyük siyasətə və Azərbaycanın tarixi taleyinə təsir göstərir. Yenə də taleyimiz enerji ilə – yəni neft quyularını necə idarə etməyimizlə bağlıdır – güc qazanacağıq, yoxsa zəifliyə təslim olacağıq? Ümid edirik ki, bu dəfə böyük neft inqilabın təhrikçisi olmayacaq.
Yaxınlarda “Azərbaycanfilm” kinostudiyası “Əsrin müqaviləsi” adlı sənədli film çəkib – bu ifadə azərbaycanlılar tərəfindən 1994-cü ildə 7 ölkədən 11 neft şirkəti ilə “Azəri”, “Çıraq” və “Günəşli” dərin su yataqları üzrə imzalanmış nəhəng müqaviləyə istinad olaraq işlədilir. Təbii ki, kino belə bir hadisəni diqqətsiz qoya bilməzdi. Bəlkə də, bu müqavilə gələcəkdə Böyük Bakı nefti haqqında çox uğurlu bir film ərsəyə gətirməyə imkan verəcək. Belə bir film, şübhəsiz, dramatik olacaq, hətta faciəvi də bitə bilər. Amma ümid edək ki, ən azından, ideoloji stereotiplərdən azad olacaq.
Tərcümə etdi: Afaq Yusifli