İNDİ OXUYUR
Nabat – həyat deməkdir

Nabat – həyat deməkdir

Müasir kinomuzda səssizliyin danışdığı, müharibə səhnələri olmadan, sadə dillə, sükutun ritmi, ecazkar estetikası ilə yeni nəsilə bir ümid qapısı olan, bir insanın təkliyində belə xalqın dirənişini daşıyan, “art-haus” adlandıra biləcəyimiz bir filmdir “Nabat” … Bu film bəşəri olmaqla yanaşı, Azərbaycan kinosunun adını beynəlxalq festivallarda hallandıran filmlərin arasındadır. Bəlkə də, “Nabat”ı müasir kinomuzda çıraqları yandıran, ümidlərə qığılcım verən bir nümunə adlandırmaq olar. Bu film vizual dildən istifadə edərək “Demə, göstər!” prinsipinə sadiq qalıb. Bu ekran əsəri sadəcə müharibəni təsvir etmir – “Nabat”, səssizliyə məhkum olan həyatın necə davam etdiyini, dağılan evlərin divarları arasında qalan ümidin son nəfəsini peşəkarlıqla əks etdirir.

Filmdə hadisələr Qarabağın kiçik bir kəndində, müharibənin bütün amansızlığı ilə hiss olunmağa başladığı günlərdə cərəyan edir. Yaşlı ər-arvad – Nabatla İskəndər – oğullarını müharibədə itirdikdən sonra kəndin ucqarında, digərlərindən təcrid olunmuş vəziyyətdə, bir-birilərinə sığınaraq yaşayırlar. İskəndərin səhhəti günü-gündən ağırlaşır. Nabat həm ona qulluq edir, həm də gündəlik məişət işlərilə məşğuldur. Onların yeganə dolanışıq mənbəyi sahib olduqları inəyin südüdür. Süd həm simvolik, həm də real anlam daşıyır, onu sataraq cüzi də olsa, gəlir əldə edirlər. Müharibə qızışdıqca insanlar bir-bir kəndi tərk etməyə başlayırlar.

Filmin ideyası, müəllif Elçin Musaoğlunun dediyi kimi, hələ 1990-cı illərdə, Qarabağda döyüşlər gedən zaman televizorda gördüyü bir verilişdən götürülüb. Jurnalistin zəlzələ baş vermiş kənddə bir inəyi olan qoca qadından kəndi niyə tərk etmədiyini soruşmağı və qarının: “Mən buranı necə qoyub gedim? Oğlumun, ərimin məzarı buradadır, bura mənim torpağımdır”, – cavabı rejissora çox təsir edir və bunu həm kağıza, həm də yaddaşına həkk edir. “Telefilm” studiyasında çalışdığı dövrlərdə qaçqın şəhərciklərinə gedərək oradakı insanlardan da buna bənzər bir neçə hekayə dinləyən E.Musaoğlu öz hekayəsini daha da zənginləşdirir və onun təklifilə atası – yazıçı Musa Quluzadə bu ideya əsasında “Qarı və qartal” povestini yazır. İllər sonra Elçin Musaoğlu dostu Elxan Nəbiyevlə birlikdə filmin ssenarisini yazaraq 2014-cü ildə arzusunu gerçəkləşdirir. Yaradıcı heyətdə vizual estetikaya quruluş verən iranlı operator Əbdülrəhim Bəşəratın, quruluşçu rəssam Şahin Həsənlinin adlarını görmək mümkündür. Filmə “nabat” – həyat verənlərdən biri də bəstəkar Hamed Sabetdir. Onun musiqisi ilə Nabat obrazının sintezi çox uğurlu, təsirli alınıb.


Çəkilişlər İsmayıllı rayonunun Həftəsiyab kəndində aparılıb. Rejissor buranı uzun müddət bir çox bölgələri gəzib axtardıqdan sonra, kənd həyatının təbii və detallı təsvirini dolğun əks edəcəyini düşünərək seçib. Belə bir yerin seçilməsi Qarabağ müharibəsinin təsirlərini və Azərbaycan qadınının dözümlülüyünü əks etdirən hekayənin vizual və emosional təsirini gücləndirir. Baş rolun ifaçısı, iranlı aktrisa Fatimə Motamed Arya müsahibələrinin birində “Nabat” filmi barədə ürəyindən keçən sözləri səmimi şəkildə etiraf edib: “Filmin ssenarisini, hadisənin lentə alındığı yeri, Nabat obrazını çox bəyəndim, sözün həqiqi mənasında çox sevdim. Nabata olan məhəbbətim nəticəsində Azərbaycan dilini öyrəndim. Çəkilişlər zamanı özümü əsl Azərbaycan qadını kimi hiss edirdim. Düşünürəm ki, bir Nabat olaraq mən artıq azərbaycanlıyam”.

İskəndər obrazını məharətlə oynayan Vidadi Əliyev də filmdə çox inandırıcıdır və xəstə rolunda əsl ustalıq göstərib.

Filmin adı təsadüfən “Nabat” qoyulmayıb. Rejissorun dediyinə görə: “Nabat ərəbcə “həyat” deməkdir. Mən sonra gördüm ki, filmin adı nə qədər düzgün seçilib. Festivalda hamı “Nabat” sözünü gözəl tələffüz edirdi və bu mənim xoşuma gəlirdi. Adın mənası da uyğun gəlirdi – həyat verən. Mən filmimi bizim analara həsr etdim. Əslində, bu film müharibə əleyhinə çəkilmiş ekran əsəridir”.

“Nabat” filmi kinomuza yeni nəfəs gətirdi, savaş olmadan müharibə haqqında ən dramatik şəkildə ekranlaşdırılan çox gözəl iş oldu. “Nabat”, 71-ci Venesiya Film Festivalının ikinci vacib bölümü olan “Horizontlar”da iştirak edən ilk Azərbaycan filmidir. Film həmçinin, 27-ci Tokio Beynəlxalq Film Festivalında iştirak etdi, Almaniyada festivallardan birində 3 mükafata layiq görüldü, İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalının “East Panorama” müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatını qazandı. Bu mükafatlarla yanaşı, Azərbaycanda “Ən yaxşı bədii film” nominasiyasında “Qızıl Pəri” mükafatına, Avrasiya Beynəlxalq Film festivalında “Ən yaxşı rejissor” mükafatına da layiq görüldü.

Filmin vizual həllinin iranlı quruluşçu operatora həvalə edilməsi ona bir Şərq nəfəsi gətirib, bununla da bəşəri hekayə ərsəyə gəlib. Digər bütün səhnələrdə də minimal dialoqlar, “adamı vurmayan” fon musiqisi, əksər hallarda səssiz kadrlar, uzun, ağır hərəkətli və statik planlar, kameranın müşahidəçi rolunu oynaması hadisələri yönləndirmir. Təbiət səhnələri və səsləri elə ilk anda bizi təbiətlə həmhal edir. Rejissor təbii işıqdan maksimal yararlanmağa çalışaraq kənd həyatının reallığını və qəhrəmanı Nabatın ruhunu bizlərə doğmalaşdırmağa çalışır. İşığın yumşaqlığı və zamanla dəyişməsi filmin ritmini təyin edən əsas amillərdəndir. İçində torpaq tonları, tünd yaşıl, boz rənglər ehtiva edən solğun rəng palitrası müharibə fonunu, tənha qalmış qadının daxili səssizliyini və ümidin közərmiş işıltısını vizual şəkildə ifadə edir. Müəllif kinosu üçün səciyyəvi olan ləng montaj, xüsusi seçilmiş kadrlar sayəsində tamaşaçı hər səhnənin təəssüratını ruhunda hiss edir. Geniş, uzun planların içərisində dərin və böyük anlamlar var. Alfred Hiçkokun dediyi kimi, “Filmdə heç bir kadr və əşya boşuna olmamalıdır”, bütün kadrlar düşünülmüş şəkildə bir-birini tamamlayır.

“Nabat”ın süjet xəttini izləyərkən şənətşünas Aydın Talıbzadənin film haqqında fikirləri diqqətimi çəkdi: “Bu film öz poetikasına görə film-ikonadır. Beləsi Azərbaycan kinematoqrafiyasında hələ indiyəcən olmayıb. “Nabat” dünya ilə müasir kino dilində danışan bir filmdir; elə bir film ki, özünə “arthaus”, “intellektual kino” parametrləri də yer tapır”. Həqiqətən, səslənilən fikrin çox orijinal olduğuna əmin oldum.

Açılış səhnəsindəki uzun və ağır hərəkətli plan, bizi o yolun intizarında qoyur. Həm də bu planın başlanğıcı əsl peyzaj əsəri kimi başlayır, qucağındakı süd balonları ilə kəndə gedən qadın, insana çox doğma gəlir. Süd təkcə fiziki məna daşımır, həmçinin dərin metaforik bir anlam ifadə edir – ananı, doğum və həyatın təməl instinktlərini, insanlığın və ümumiyyətlə, həyatın hələ də davam etdiyini xatırladan bir işarədir, ümid, həyat və mübarizə metaforudur.


Dumanlı dağları, uzaq fondakı evi, enişli-yoxuşlu yolu görəndə istər-istəməz iranlı rejissor Abbas Kiarostaminin “yolları” yaddaşımda canlandı. Kameranın Nabatı səlis və yavaş hərəkətlə izləyərək müşahidə etməsi, axırda gətirib kənd mənzərəsinə çıxarması bu intizarı sonlandırır. Kameranın geniş planlarda Nabatı çərçivənin ortasında və ya tək bir nöqtədə izləməsi, yolun onu necə “udduğu”nu, amma onun buna qarşı necə dayandığını göstərir. Yol onu sanki sınağa çəkir, amma o bu yolda dayanır. Qadının həyatla olan bağlantısı, sükut içində möhkəmliyi və zamanın içindəki dirənişi filmin irəlidə necə olacağına dair cüzi proqnoz verir. Beynəlxalq filmlərin rəy saytlarının birində – “Cineman”da belə bir yazı var: “Bəzi anlarda Musaoğlu yunan rejissoru Teo Angelopulosun poetik-epik filmlərini xatırladır. Filmin gücü sakitliyində, intensivliyindədir”.

İlk dialoqa qədər olan səhnənin sonunda, ağacda yetişmiş xurmanı görürük. Həyatın davamlılığını simvollaşdıran, ümidin hələ mövcud olduğunu, təbiətin dövrülüyünün pozulmadığını göstərən bu səhnə tematik dönüşdən əvvəlki kadrdır. Ümumiyyətlə, filmdə vizual baxımdan zəngin kadrlar çoxdur. İlk səhnələrdə Nabatın qonşu ilə söhbəti artıq vəziyyətin pisləşəcəyindən xəbər verir. Rejissor ilk bədii informasiya kimi müharibənin yaratdığı travmanı, insanların psixoloji vəziyyətinin gərginləşməsini məktəbə bomba düşməsi, tifil uşağın sarsıntı keçirməsi (qonşunun dilindən), atışmanın ardı-arasının kəsilməməsi və sonradan kəndin yavaş-yavaş boşaldılması ilə göstərir. Eyni zamanda, qonşunun südə ehtiyacı olmadığı halda Nabata kömək etməsi çox yaxşı örnəklərdən biridir. Fonda ahıllar müharibənin dəhşətindən, itkin düşənlərin və ailələrin çəkdiyi çətinlikdən danışarkən uzaqdan boş süd balonları ilə gələn Nabatın çarəsizliyi içimizi parçalayır. Sonra Nabatın şəhid oğlundan qalan yeganə yadigarı, onun şəklini axtarıb tapa bilməməsini ürək ağrısı ilə izləyirik.


Kəndi tərk edən ilk ailənin acınacaqlı portreti, uşağın maşının arxa pəncərəsindən evinə kədərlə baxması müharibənin dəhşətini göstərir. Kəndin boşaldılacağı açıq-aşkar göz önündədir. Nabat isə evə doğru yola davam edir. Bir məqam diqqətimi çox çəkdi: Bu ev digərlərindən yüksəkdədir, yolu isə məşəqqətlidir, tənha görünür. Nabat yüksəkliyə çatmaq üçün dik və ağır yolu keçməlidir. Eyni zamanda, bu, həyat yoluna da işarədir. Bu yol onun təkliyinin vizual ifadəsidir. Ora qalxmaq üçün dözüm, iradə lazımdır. Yuxarıda yaşayan müdrik qadın sonradan müşahidəçi roluna da bürünəcək. Nabatın evindən artıq boşalmış kəndi izləməsi onun vicdan baxımından da üstün mövqedə durdurduğuna işarədir. Beləliklə, Nabat boşalmış evlərin acı mənzərəsinə şahid olacaq. Nabat hər gün vedrələrlə su daşıyır, çörək bişirir, inək sağır, ərinə qulluq edir. Evə gəldikdən sonra əri ilə nəvazişlə davranmağı, ona kənd haqqında özünün uydurduğu gözəl xəbərlər verməyi, hər şeyin yaxşı olduğunu deməyi, paralel olaraq qaz sobasına süd qoyması, daşmağa hazırlaşan südü son anda götürməsi – məcazi anlamda gərginliyin pik səviyyəyə çatması, südü daşmağa qoymaması isə tutarlı qalmaq, dirənmək anlamına gəlir, eyni zamanda, Nabatın hisslərinin aşıb-daşdığını, yoldaşını narahat etmək istəmədiyini göstərir. O, sakitcə pəncərə kənarında oturarkən hisslərini gizlətməyə cəhd edir, dərdini bölüşə bilməməyin intizarını, çətinliyini yaşayır.

Bu səhnədən sonra kəndin boşaldılması əmri verilir. Buna baxmayaraq, Nabat ev işləri görməyə davam edir. Bu səhnələrlə də biz Nabatın xarakterinin açılmasını görürük, onu daha yaxından tanıyırıq. Növbəti səhnədə gecə vaxtı canavarın səsini eşidən Nabatın yolu, taleyi onunla kəsişəcək. Nabatın kənddən uzaqda, şəhid oğlunun məzarının üstə uzanarkən yuxuda oğlunu ruhani bir varlıq kimi görməsi də duyğulu səhnələrdəndir. Digər maraqlı məqamlardan biri də ərinin öləcəyini hiss etməsidir. Atışma səsləri gücləndikcə İskəndər ömür-gün yoldaşı Nabatın taleyinə görə narahat olmağa başlayır. Səhər açılan kimi güclü külək əsir, Nabat ağacdakı xurmaların yerə düşdüyünü, yəni həyatın da dayandığını, kənddə hər kəsin köçdüyünü, boş qalmış evləri görür. Həmin evlərdə tərkedilmişlik hissi çox güclüdür, otaqda səhər yeməyi yedikləri yerdə stolun üstündə qalmış açıq süfrə, dağılan süd, ipdən asılan paltarlar, ayrı – taybatay qalmış ayaqqabılar, aşmış uşaq velosipedi, açıq qapılar, hay verdiyi evlərdən gələn əks-səda, boşluğun acı səsi, yarı aşmış elektrik dirəyi; bunlar müharibənin dəhşətini göstərən detallardır. Bütün bunlardan sonra bir anlıq gözəl səhnə görürük – ətraf sakitdir, su səsi, çömçə səsi, köhnə evin “nəfəsi” eşidilir. İnsan sanki bir an göz yaşları ilə ümidə sarılır, şənlənir. Nabat çətinliklə yeriyən, danışa bilməyən, ağır vəziyyətdə olan ərini çimizdirir, üstünü örtür. Lampalarla işıqlandırılmış otaqda olan böyük qazan əsl nostalji hisslər yaradır. Aralarındakı mehriban dialoq çox səmimidir….


Nabat suyu tökəndə üşüyən İskəndərə deyir:
– Nolub, uşaqsan?! Murad yadındadır, uşaq həmişə çiməndə ağlayardı? Mən də oxuyardım:  Ay Allah, bundan beş dənə ver, göydə uçan quşlara ver.

Nabatın İskəndəri qurulayıb saçını darayanda eşitdiyimiz dialoq da xüsusi diqqət çəkir:
– Hanı o gur saçlar? O vaxt bu gur saçlarla aldatdın məni.
– O vaxt nə qaçırtdım səniii.
– Hələ bilmək olmaz, kim kimi qaçırıb.

Bundan əvvəlki səhnələrin birində ər-arvadın dialoqunu rejissor çox gözəl qurub. Ən gözəli də odur ki, eyni zamanda, bu xoş mühit bir planda baş verir. Bu dialoqlar sözün olmadığı, səssiz səmimiyyəti, illərin sevgisi, cavab vermədən, yaxud verə bilmədən baxışlarla, gözlərlə – bağışlama, vida, minnətdarlıq; hərəkətlərlə – qayğı, sədaqət, müşahidə; xatirə ilə – keçmişin isti izlərilə insanın içindəki yaşamaq istəyini dərinləşdirir.

Nabatın İskəndərin saçını qaydaya salması, yerinə uzatması o qədər duyğulu, saf səhnədir ki, tamaşaçı dəfələrlə izləmək istəyir. İskəndər Nabatdan gecə ulayan canavara ertəsi gün bir tələ qurmasını və lampanı yandırmasını xahiş edir. Ertəsi gün Nabat tələni qurur. Tövlədə inəyi sağarkən küləyin şiddətindən bir az aralıda evin pəncərəsinin bərk çırpılması və Nabat evə doğru gedərkən inəyin süd vedrəsini ayağı ilə dağıtması da metaforik – ölümün müjdəçisi mənasındadır. O, içəri girir, İskəndərin öldüyünü görür və qayıdıb göz yaşları ilə südü sağır, yəni həyat yenə davam edir. İskəndər öləndən sonra qadının qazanda su qızdırması, cəsədi çətinlikə aparması, yolda onun üzündəki kədərin, iztirabın, göz yaşlarının yağış suyuna qarışması, gizlədilərək göstərilməsi, inəyə qoşulmuş arabanı çəkməsi səhnələrini rejissor kinematoqrafik dillə, detallar vasitəsilə verib. Nabatın üzündən həyatının geri qalan hissəsinin necə olacağı barədə suallar, çarəsizliyi oxunur. Belə səhnədən təsirlənməmək mümkün deyil. Amma ərinin də sağ ikən ona dediyi kimi, Nabat güclüdür. Məzar qazıb tək sirdaşı olan həyat yoldaşını basdırması bir qadının üzərinə düşəcək ən ağır işdir. Axşam isə evdə sobanın ətrafında yanan lampa işığı ilə kədərinin, yalnızlığın səssiz bağırtısını müşahidə edir. Bayırdakı zil qaranlıq, kənd mənzərəsi soyuq, ölgünlük və tərkedilmişlik indi daha kəskin hiss edilir, amma içəridə zəif olsa da, yanan bir lampa işığı var – sönməyən yeganə ümid işığı kimi…


Axşamüstü həmişə şən, gümrah, işıqlı olan evlərin qaranlığa büründüyünü görmək ona ağır gəlir. Nabat lampanı yandıraraq kimsəsiz ocaqlara “çıraq” olur, həm yandırdığı lampası ilə, həm də yaşam sevgisi ilə. O, bir-bir evləri işıqlandırır. Hər evdə canlı xatirələr, geridə qalanlar, əşyaların danışdığı hekayələr və isti nəfəslər hiss ediləcək. “Çıraqlandıracağı” ilk evə girərkən içəridən qaranlıq fonda qapının girişində almaları görürük; onlar çürüməyib, ümid kimi həyatın davam etməsi, burada yaşayanların olduğu mesajını verir. Sonra məscidə gəlir. Sanki ilahi baxışla göstərilən yuxarı plandan Nabat içəri girən kimi göyərçinlər qəfil uçuşur – bu, insan olmayan yerdə belə həyatın, inamın və ruhun qaldığını göstərən simvoldur. Onlar uçan ruhlar, tərk edənlərin, gözləri geridə qalanların kədərli ruhlarıdır. Göyərçinlər onunla birlikdə məsciddə dua edən dərd şərikləridir. Nabatın oranı təmizləməsi sadəcə toz silmək deyil. Bu səhnəni müharibənin və dağılmanın ortasında belə ruhun, inamın təmiz qalması üçün atılan bir addım kimi yozmaq olar. Bu həm də mənəvi təmizlikdir.

Daha sonra qadın, fotoqrafın evinə girir, lampanı yandırır. Bu an insanın zehnində xatirələr canlanır, yarımçıq qalmış həyatlar, tozlu ailə portretləri, əsgər şəkli, xoşbəxtliklər bədbəxt görünür. Nabat təkbaşına qaldığı, tərk edilmiş kənddə həyatın izlərini lampa, çıraq yandıraraq qorumağa çalışır, ya da sadəcə işıqsız kəndə öyrəşmədiyi üçün kəndi çıraqlandırır – sanki o özü bu torpağın son nəfəsidir. Onun varlığı kəndin, millətin və bütövlükdə insanlığın yaşamasına bir ümiddir. Hətta zabitlərimiz də düşmənlərin bu kəndə niyə girmədiyini anlamırlar. Nabat hər gün bir çox evlərə gedir, onlardan birində sallanan beşik ümid verir sanki. Bir evdə qəhvədan və çaydanı, başqa bir evdə divarda asılan şəkilləri görür. Evlərdən birində uşaq şəkli, alma ağacından sallanan meyvələr yenə də sivmolik məna daşıyır. Beləcə, ümid işığı görünür. Bu qədər çətinliklər arasında qaranlığı işıqlandıran, ümid fidanı olan film – “Nabat” sanki bizə deyir ki, sükutla hayqıran bir qadının hekayəsi, bəzən bir insanın əli, bir lampanın közərtisi xilasa səbəb, dünyaya mayak ola bilər.

Dumanlı havada inəyinin itməsi, qarının onu axtarması, sonra da həmin dumanlı havada oğlunun evə qayıdıb qapını döyməsi… və Nabat yuxudan ayılır. O ayılanda, həqiqətən də, inəyinin itdiyini görür. Sonra canavarın tələyə düşdüyünə şahid olur. Tüfəngi ilə onu öldürmək istəyir, amma yazığı gəlir. Oturur, bir az düşünərək canavarı xilas edir. Burada canavarla Nabatın analıq instinktinin paralelləşməsi, həmrəyliyi, təbiətə bağlılığı, hər ikisinin öz ərazisini qorumaq istəyi bir vəhdət təşkil edir. Xülasə, canavarın tələyə düşməsi və Nabatın onu analıq instinkti ilə xilas etməsi gözəl səhnələrdən biridir. Çünki Nabat ərinə, şəhid oğluna görə, canavar da öz balalarına görə bu torpaqlardan gedə bilmirdi. Nabatın canavara yardım etməsi analıq hissinə, adının anlamı olan yaşamaq, yaşatmaq amalına xidmət edir.

Filmin ən təsirli yeri isə, şübhəsiz ki, buradır: nə qədər ki lampalarda nöyüt var idi, həyat da var idi, evlər işıqlı idi, düşmən kəndə girə bilmirdi. O vaxt ki nöyüt bitdi, kənd qaraldı, evlər soldu, Nabatın da həyatının, taleyinin sonu çatdı. O özü də bilmədən, bəlkə, bir kəndi, rayonu xilas etdi. Ordumuzun kəndə daxil olarkən ayaq səsləri ilə donmuş Nabat hüzur içində səssizliyə, əbədiyyətə qovuşur.

Ölümündən əvvəl oğlunu yuxuda görməsi və getdikcə açılan qapı planını məcazi aləmdən real aləmə qayıdış kimi də başa düşmək olar. O səhnədə itirilmiş ailə, unudulmamış keçmiş, davam edən izlər var.

Sonda isə hekayəni rejissor səssiz göstərir, minimal şəkildə ifadə edir. “Nabat” filmində bir qadının simasında bütün müharibənin faciəsi məharətlə göstərilib. Onun tale yükü vətənin yükünə çevrilib. Adətən, bir nəfərin dərdi – kəndin dərdidir, burada isə kəndin dərdi bir nəfərin dərdidir.

Yazımı elə rejissorun sözlərilə bitirmək istəyirəm: “Nabat sadəcə həmişə işıqlı gördüyü evləri, məscidi yenə işıqlı görmək istəyir. Kiçik şey edir, lakin bu, sonradan qloballaşır”.

Yunus Müşfiq

*Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya