Nabat. Bir qələbənin tarixçəsi
Filmin ilk dəqiqələrində tamaşaçı, baxışlarını təpə üzərində yerləşən daxmadan sonu bilinməyən yola qədər uzadır. Bu gözün yolçuluğu, həyatda olduğu kimi ekranda da, qəhrəmanın – Nabat ananın yaşadığı hər bir yolun cığırına, izinə şahidlik edir. O yol ki, haradan başladığı bəlli olsa da, harada bitəcəyi elə Nabat ana kimi, tamaşaçını da düşündürür. Nabat yalnız ana deyil, o, şəhid övladının məzarına belə analıq edən Azərbaycan qadını, işığı sönən daxmaların yanan işığı, yataq xəstəsi olan əri üçün isə hamıdır…
Nabatı ən çox tanıyanlardan biri də mənəm. Onu ən yaxşı mən tanıyıram. Onunla və onun kimi neçə qadınla ilk tanışlığımız isə atamın, nənəmin ən gözəl günlər yaşadığı və bir gecədə düşmən tərəfindən məhv edildiyi həmin şəhərin xəyali küçələrində olub. Heç vaxt görüşməsək də bilirəm ki, onlar üçün həyatın şirin günləri, dadı damaqlarında qalan gəncliyin ləzzəti, ele o torpaqda, o şəhərdə də “dəfn olunub”. Nabat xala da həyatın gözəl günlərini o torpaqda yaşayan, amma ölümü də gözə alaraq, o torpaqda can verməyə razı olan insanlardan biridir…
“40-cı qapı ”, “Şüşə oyuncaqlar, “Durnalar qayıtdı” filmlərinin rejissoru olan Elçin Musaoğlu 2014-cü ildə çəkdiyi “Nabat” filmi ilə bizə düşməni, ordusunu, müharibə ləvazimatlarını göstərmədən, onun fəsadlarını, qəddarlığını, acımazsızlığını bir qadının və tərk edib gedə bilmədiyi kəndin yalnızlığını, baş qəhrəman – Nabat xalanın simasında çatdıra bilmişdir. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə ərsəyə gəlib. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmin əvvəlində, süjet boyu tamaşaçının da özünü onun yanında hiss etdiyi Nabat xalanın hər iki əlinə süd balonu alıb, onları satmaq səbəbilə yola çıxdığını görürük. Ərini və özünü saxlamaq üçün süd satmaqla məşğul olan Nabat xala kəndi gəzərkən, salam verdiyi qonşuların kəndi tərk etmək üçün yer yığış etdiyini görür. Bu köçün qəhrəmanın baxışlarında yaratdığı yadlıq hissi bir neçə saniyəlik ümumi planlarla tamaşaçıya ötürülür. Və bununla rejissor, filmin irəliləyən dəqiqələrində kəndin taleyi ilə bağlı artıq təsəvvür yaratmış olur. Amma nə qədər ki, biz qəhrəmanı kameraya yaxınlaşdıqca ağacdakı xurmalarla birgə iri planda görürük, o qədər də ümidimizi itirmirik. Yəni, Nabat xalanın hələ danışmağa, daha doğrusu, süd aldırmağa adamı var. Lakin Nabatın, kənd sakinləri – Telli və oğlu Qiyasla söhbəti zamanı, məlum olur ki, elə Telli xalanın qızı da güllə səslərinin uşaqda yaratdığı səksəkə səbəbindən, kənddən rayona köçüblər. Oğlu Qiyasın anası ilə dialoqu belə (“Utanıram arvada da deyim ki, rayonda süd alan da azalıb”), artıq Nabat xalanın addım-addım yalnızlığa yaxınlaşdığından xəbər verir. Buna baxmayaraq, onu ənənəsinə sadiq qalaraq, kənddə hamı köçən günə qədər hər səhər südü satmaq üçün yola çıxdığını görürük.
Filmin estetik həllini tapdığı nümunələrə misal olaraq “Nabat xala və fotoqrafçı” adını verə bilməyəcəyimiz həmin kadrı vurğulaya bilərik. Kadr ekranlara getdiyi andan bir neçə saniyə sonra Nabat xala ilə sanki paralel danışmağa başlayır. Təkcə fərq ondadır ki, Nabat xala susanda belə, kadr sanki tamaşaçı ilə dialoqa keçir. Nabat xalanı danışdıran isə şəhid oğlunun yeganə şəklini böyütmək məqsədilə versə də, heç yerdən tapa bilməməsi, itməsidir. Hətta kənd sovetinə yaxınlaşıb orada şəkillə bağlı öz narahatlığını bildirsə də, sonda “bu çaxnaşmada heç yeridi?” cavabını Davud kişidən aldıqdan sonra sözünü yarımçıq kəsərək oradan uzaqlaşır. Nabat xalanın evinə “daxil olduqda” divardan asılmış 2 şəkil bizə tanış olsa da (Nabat xala və həyat yoldaşı) ortadakı boşluq, yəni çərçivənin izi burada Nabat xalanın şəhid oğlunun itmiş şəklinin asılı olduğu vaxtlardan xəbər verir. Kimin üçünsə adi şəkil hesab edilsə də Nabat xala üçün o həm təsəlli, həm də evinin 3-cü sakinidir. Bəzən otaqda yatanda, yuxuya gedib röyalarında oğlunu görəndə, güllə səslərindən qəfil oyanaraq qorxuya düşür. Rejissor bir silah belə göstərmədən müharibənin nə qədər dəhşətli olduğunu hətta Nabat xalanı yuxuda belə olsa, oğlundan ayırdığını və reallıqda övladsız olduğunun acısını hiss etdirir. Günlərin birində Nabat xala Qiyasgilin evinə süd aparmaq üçün gedir. Lakin keçən dəfəki söhbət məkanına çatmamış, xurmaların yerdə görünməsi – ağacdan tökülməsi kəndin boşalmasından xəbər verir. Nabat xala qapını döydükdə isə ona kimsə hay vermir. O, otağa daxil olduqda süfrəyə – çörək üzərinə çəkilmiş yağa, şirin çaya nəzər yetirdikdə məlum olur ki, ev sakinləri elə yediklərini oradaca qoyub kəndi tərk ediblər. Nabat xalanın həyat yoldaşı onun əməyinə qiymət verməklə yanaşı, bir qədər də öz vəfatından sonra həyat yoldaşının təkliyindən nigarandır. Nabat xala isə öz növbəsində həm ərinə, həm oğlunun məzarına son dərəcə sadiq vətənpərvər Azərbaycan qadınıdır. Nabat xalanın ərinin dünyasını dəyişməsi səhnəsi birbaşa deyil, dolayı yolla – Ağcanın südünün bitməsi, daxmanın pəncərəsinin açılaraq bağlanması və sonda inəyin vedrəyə təpik vuraraq itələməsi, kənddə yalnız Nabatın qalmasına işarə edir… Filmin ortalarından Nabat xalanın yalnızlığını görürük. Yağışlı havada ərini dəfn etməyə gedən qəhrəmanın iri planda verilməsi, göz yaşlarının da yağışa qarışaraq sanki onun əvəzinə nələrisə deməyə çalışdıqlarını göstərir. Əziyyət çəkən təkcə o deyil… Bir də Nabat xalanın halına “ağlayan” Ağca var. Nabatın əri üçün çəkdiyi sonuncu əziyyət, torpağı qazdıqdan sonra gücündən istifadə edərək “başdaşını” oraya qaldırmaq olur.
Düşmənlər kənddə camaatın yoxluğundan duyuq düşüb hücum etməsin deyə, Nabat xala, tərk edilmiş evlərin çırağı olur. Hətta məscidə daxil olaraq əlinə süpürgə alıb, oradakı daş qırıntılarını təmizləyir. Ənənəsinə sadiq qalaraq, sonda Allahın evində də çırağı yandırır. Nabat xalanın daxil olduğu evlərdə olan əşyalar burada kimlərin yaşadığından xəbər verir. Bir sözlə, filmdə təbiilik, vizual gözəllik və estetik həll süjeti monotonluqdan xilas edərək sükuta qərq edir. Otaqlardakı şəkillər, əşyalar tamaşaçı ilə sanki söhbət edir. Kəndin bütün sakinləri köçüb getsələr də, ömürlərinin ən şirin günləri, ləziz xatirələri bu kənddə qalıb. İnsanların bir vaxt öz yurdlarında firavan yaşaması, dillə deyil, tərk edilmiş evlərin hər bucağından çıxan əşyaların təzahürü ilə bildirilir.
Bu filmi, torpağı işğaldan azad olunan qarabağlı kimi izləmişəm. Və hər bir tamaşaçı kimi mən də ümid edirəm ki, illərin həsrətini, ağrısını, hicranını və qələbəsini yüksək səviyyədə əks etdirə biləcək keyfiyyətli filmlər mütləq çəkiləcək. Filmin baş qəhrəmanı – Nabat rolunu, Fatimə Motamed Arya ifa edir. Aktrisanın üz cizgiləri Nabat obrazını tamamlamasa belə, bu acıya ən çox, torpaqları işğal olunmuş ölkənin, millətin nümayəndəsi bələd ola bilərdi. Nabatın həyat yoldaşı rolunu isə Azərbaycanın Xalq artisti Vidadi Əliyev canlandırır. Film 2015-ci ildə “Ən yaxşı bədii film” nominasiyasında “Qızıl pəri” mükafatına layiq görülmüşdür. 2016-cı ildə Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir..,
Elza Axundova
Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.