Nəsimi

“Mükafat” rubrikasında bu dəfə sənədli film ssenarisinə yer ayırmışıq və Anarın “Nəsimi” sənədli film ssenarisini oxucularımızın ixtiyarına veririk.
1971-ci ildə çəkilmiş “Nəsimi” filmi XIV əsr Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub. Filmin quruluşçu rejissoru Xamis Muradov, operatoru Əlihüseyn Hüseynov, bəstəkarı Əziz Əzizovdur.
***
NƏSİMİ
(sənədli filmin ssenarisi)
Uca bir təpənin başında insan dayanıb. Qürub çağıdır. Adam çox uzaqdadır, biz onun nə sifətini, nə qiyafəsini, nə də geyimini seçə bilirik. Yalnız siluetini görürük.
Təpənin ətəyindən uzandıqca-uzanan, göz işlədikcə işləyən bir düzəngah başlayır.
Təpənin başında dayanmış adam əllərini qaldırıb kimisə haraylayır. Onun səsini eşidirik. Bu səs dağa-daşa düşüb əks-səda verir. Təpə başında dayanmış adam şer oxuyub kimisə haraylayır, kimisə çağırır. Bu səsdə acı, ümidsiz bir fəryad var:
Canımı yandırdı şövqün, ey nigarım, hardasan?
Gözlərim nuri, iki aləmdə varım, hardasan?
Bu səda, “hardasan”, “hardasan” kəlməsi, sanki dağa-daşa toxunub əks-səda kimi qayıdır, dəfə-dəfə səslənir:
Bağrımı qan eylədi acı fərağın, gəl, iriş
Ey şərabi-kövsərim, getməz xumarım, hardasan?
Kamera zəhmli dağları, əbədi donmuş qayaları, təpələri, yamacları göstərir, elə bil canlı insan səsi bu cansız təbiət parçalarının sərtliyinə toxunub çilik-çilik olur, yalnız bir söz, bir rədif qırılıb yerə düşür: “hardasan?, “hardasan”, “hardasan?”…
Səbrimi yağmaladı şövqün, qərarım qalmadı,
Ey mənim aramım, ey səbr qərarım, hardasan?
Əks-sədanın qaytardığı sonuncu “hardasan”lar susandan sonra bir müddət sükut çökür. Bura qədər şer yüksək bir ehtirasla, fəryadın, harayın zilində oxunurdu. İndi elə bil haray çəkən öz harayından yoruldu, cavab alacağına gümanını itirdi, çağırışından usandı. Şerin ardını o yorğun, pıçıltılı bir səslə oxuyur, qəzəl ümidsizliyin, cavabsızlığın bəmində səslənir:
Bad ilən göndər saçın buyun mənə hər sübhdən
Sanki yandı, keçdi həddən intizarım, hardasan?
Səndən ayrı könlümə yoxdur vəfalı yaru dost…
Qəzəli oxuyan dayanır, nəfəsini dərir, köksünü ötürür, sonra bayaqkı çılğınlıqla, ehtirasla, var səsiylə son misranı haray çəkir.
Ey cəfasız, hüsnü-kamil yadigarım, hardasan?
Buludlar onun səsinə səs verir. Musiqi səslənir, sonra aparıcının sözlərini eşidirik:
-On dördüncü əsrin payız axşamında bax, bu zirvənin başında bir adam dayanmışdı. “Hardasan, hardasan?” deyə o, kimisə səsləyirdi, harayına cavab almırdı. Bəlkə də o, bu zirvədə, bu təpədə yox, o birində dayanmışdı… Bəlkə axşam deyildi, səhər idi, payız deyildi, bahardı bəlkə… Bəlkə onun heç bu dağlara yolu düşməyibmiş, bəlkə şeirlərini bərkdən oxumağı sevməzmiş. Kimi çağırdığını, kimi harayladığını da bilmirik: itirdiyi sevgilisinimi, puça çıxmış ümidlərinimi, ötüb keçmiş, bir daha qayıtmayacaq gəncliyinimi? Bircə onu bilirik ki, bu səs, bu haray, bu susmaz Nəsimi fəryadı altı yüz ilin ağlı-qaralı, qanlı-qadalı günlərini yarıb bizə gəlib çatmışdır.
Şirvan torpağı: yollar, körpulər, tikililər, düzlər, çöllər, ağaclar.
Aparıcı:
-Qədim Şirvan torpağı. Altı əsr bundan qabaq bu yollar belə deyildi. Nə bu körpülər vardı, nə bu tikililər. Heç bu ağaclar da yox idi, onların ən qocası, olsa olsa, 100-150 yaşındadır.
Dağlar, düzəngah, çay, bulaq.
Aparıcı:
-Ancaq bu dağlar vardı, bax, bu düzəngah da beləcə uzanıb gedərdi. Bu çay da vardı. Bəlkə hətta bu bulaq da. Külək beləcə əsirdi, amma bu külək XIV əsr ağaclarını, budaqlarını titrədirdi. Nəsimi gözünü bu torpaqda açmış, dağları, ağacları, bulaqları, dünyanı ilk dəfə bu torpaqda — Şirvan torpağında görmuşdü. İndi bizim gördüyümüz bu dağlara onun gözləri də baxmış, həmin bu külək onu da üşütmüşdü. 600 ildən bəri yer üzündə çox şey dəyişib. Dağlardan, səmadan, günəşdən başqa. Bir də insan hisslərindən, insan duyğularından başqa.
Orta əsr şərq miniatürçü rəssamların çəkdiyi müxtəlif şəkillər: qədim cəngavərlər, gözəl, incə qızlar, vüsala yetmiş aşiqlər.
Aparıcı:
-600 il bundan qabaq da insanlar sevir, iztirab çəkir, kədərlənir, ümid bəsləyir, ümidlərini itirirdilər. Rəssamlar bu hissləri, bu insanları, altı əsr bundan qabaqkı həyatı fırçaya alır, şairlər eşqi, vüsalı, gözəl yarı vəsf edirdilər.
Miniatürlər bir-birini əvəz etdikcə Nəsiminin şeiri səslənir:
KİŞİ SƏSİ:
Ləblərin qəndinə şəkər dedilər
Cani-şirinə gör nələr dedilər.
Dedilər kim, dəhanı yoxdur onun
Bixəbərlər əcəb xəbər dedilər.
Yüzünü məndən nihan etmək dilərsən, etmə gəl.
Gözlərim yaşın rəvan etmək dilərsən, etmə gəl!
Çünki eşqin məskənidir könlümün viranəsi,
Həsrətə onu məkan etmək dilərsən, etmə gəl!
Aparıcı:
-Altı əsr ərzində müəyyən sözlər qocalıb ölür, dildən çıxır. Yeni sözlər, ifadələr doğulur. Ancaq dil qalır. Nəsiminin böyük tarixi fədakarlığı onda idi ki, o, doğma ana dilində, Azərbaycan dilində yazırdı. Altı yüz ilin başı üstündən o, bu günə, bizə hamımızın anladığımız, başa düşdüyümüz, bizə doğma və munis olan bir dildə müraciət edir:
Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyalı nə?
Al ilə ala gözlərin aldatdı aldı könlümü, Alını gör nə al edər, kimsə irişməz alına Sirrini ol qara bəyin yanağı şərh edər, vəli,
Can nola gər fəda ola yanağına və xalına.
Bahar mənzərələri…
Aparıcı:
-Altı yüz il qabaq yaşamış şair baharda oyanan torpağı görəndə, qışın buz buxovlarından azad olub baş qaldıran otları, çiçəkləri görəndə keçirdiyi hisslər sanki bugünkü insanın duyğularıdır.
Nəsiminin “Bahariyyə” şeiri səslənir:
Bahar oldu və açıldı yüzündən pərdə gülzarın
İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın
Fərəhdən qönçənin gülgün yanağı güldü, açıldı
Ki, mənzuri yenə güldür çəməndə bulbülü-zarın,
Boyaçı bir imiş çünkim bu ənvarın, bu əzharın
Bu gün bazar edər gülşən çəməndən, laləvü güldən
Qənimət gör ki, beş gündür tamaşaçı bu bazarın.
Lalədən alışıb yanan çöllər, sıx meşələr, şaqraq şəlalələr, aydın buludsuz səma, bulaqlar, budaqlarda ötən quşlar…
Təbiət səsləri — yarpaqların, otların xışıltısı, şəlalənin, çayın səsi bülbülun cəh-cəhinə qarışır. Qəfildən ayrı səslər eşidilməyə başlayır. Bu səs hələ uzaqdan gəlir, lakin onun müdhiş və məşum ritmi sanki bu bahar sakitliyinə, dincliyinə, ahənginə qənim kəsilib — bu səs yaxınlaşan atların nal səsidir.
Böyuk bir süvari dəstə ekranın bu başından o başına çapır. Biz ayrı-ayrı atlıları, onların qiyafəsini görmürük, seçmirik. Baş gicəllədən bir surətlə belədən-belə keçən bu qoşun qara bir yel kimi, dəhşətli bir tozanaq, qasırğa kimi ekranı tutqun rəngə boyayır, ağaclardan, otlardan, çiçəklərdən əsər-əlamət qalmır. Atlıların əllərində məşəllər də var. At nallarının səsi uzaqlaşır. İndi ekranda başqa bir mənzərə canlanır, meşələr od tutub yanır, otlar, çiçəklər tapdaq altında əzilmişdir.
Biz qədim Azərbaycan şəhərlərinin — Qəbələnin Örən qalasının, Şamaxının xarabalarını görürük.
Uçub dağılmış divarlar, şüşəsiz pəncərələr, yerlə-yeksan olmuş binalar, bir də daşlar, daşlar, daşlar…
Aparıcı hüznlə danışır:
-İstilaçı ordular Azərbaycanı talayıb keçirdilər. Qəsbkarlar insanlara, bahara, həyata qənim kəsilmişdilər. Dünyaya açılan Nəsimi gözləri müxtəlif əlvan çiçəkləri, qönçələri, gülləri gördü. Fəqət bu gözlər dağıdılmış şəhərləri, talanmış evləri, söndürülmüş ocaqları da görməli oldu. Toxtamış qarətlərini, Teymurləng qəddarlığını, insan iztirablarını, dünyanın acısını da görməli oldu.
Nəsimi qəzəli səslənir:
Dil bazarçısı yalandır, varmazam bazarına Gerçək olmaz dil, inanmazam iqrarına. Varı möhnətdir cahanın, nə umarsan ey könül?!
Lənət olsun bu cahanə, həm cahanın varına!
Xaraba qalmış evlərin, şəhərlərin fonunda ağlaşma səsi eşidilir. Qadınlar ağı deyir, hıçqırırlar. Sonra yenə Nəsiminin şeiri səslənir:
Dünya duracaq yer deyil, ey can səfər eylə!
Aldanma onun alına, ondan həzər eylə! Bir halə qərar eyləmə, əyyam, keçər ömür, Ey əhli-nəzər, bax da bu halə, nəzər eylə!
Gecədir. Xarabalıqlar, çöllər, dağlar, qayalar qaranlığa qərq olub.
Aparıcı:
-Orta əsrlərin zülmət qaranlığında, qanlı müharibələr, amansız istilalar, talanlar və qarətlər dövründə iztirab çəkən insan bir təsəlli, bir pənah axtarırdı.
Gecənin qaranlığına qərq olmuş səma fonunda əzəmətli bir məscid binasının silueti — gümbəz, minarələr. Minarənin başında müəzzin əzan çəkir.
Aparıcı:
-İslam dini insanları mütiliyə, şükrana, təvəkkülə çağırır, bu dunyadakı iztirabların əvəzində o dünyada cənnət vəd edirdi.
Aparıcı:
-Dövrün açıq fikirli, düşünən insanları bu mütiliyə dözə bilmir, bu zehni əsarətlə barışmaq istəmirdilər. Lakin o dövrdə dini itaətə, ruhani köləliyə qarşı üsyan yalnız dinin öz daxilində, öz çərçivəsində mümkün idi. Gah sufilik, gah mütəzalilik, gah ismaililik adıyla meydana çıxan müxtəlif islam təriqətləri dar qəliblərdə çabalayan insan təfəkkürünün çırpıntıları idi.
Əzan səsi güclənir.
Aparıcı:
-Din “şəkkakə lənət” deyirdi. Düşünmədən, anlamadan, dərk, etmədən yalnız inanmalı, səcdə qılmalı, şükür eləməliydin. Üsyankar insan şüuru barışmaq, susmaq, tabe olmaq istəmirdi. İslam dini daxilində vəhdət-vücud-panteizm fəlsəfəsi yaranırdı. X əsrdə “Ənəlhəq” — Allah mənəm” deyən sufi şair Həllac Mənsur dara çəkildi. XIV əsrdə hürufilik təriqətinin əsasını qoymuş Fəzlullah Nəimi Teymurləngin oğlu Miranşah tərəfindən edam edildi.
Ekranda miniatürsayaq stilizə edilmiş faciəvi şəkillər. Edam səhnələri. Bu şəkillər Avropa tarixinin qanlı səhifələrini — inkvizisiya işgəncələrini, yanğın gecələrini əks etdirən qravürlərlə tamamlana bilər; cəhalət cinayətləri Qərbdə də, Şərqdə də az olmayıb.
Aparıcı:
-Orta əsrlərin cəhalət zülmətində əqidəsi uğrunda ölümə getmiş Cordano Brunolar, Yan Quslar, Həllac Mənsurların sırasında bir böyük insanın da adı var: İmadəddin Nəsimi.
Nəsiminin müasir rəssamlar tərəfindən çəkilmiş xəyali rəsmləri.
Aparıcı:
-Nəsimi Həllac Mənsurun iztirablı ölümündən xəbərdar idi. Fəzlullah Nəiminin faciəli aqibətini bilirdi. Lakin o da bu yolun yolçusu, fədaisi, mücahidi oldu.
Nəsiminin şeiri səslənir:
Bulmuşam həqqi, ənəlhəq söylərəm Həq mənəm, həq məndədir, həq söylərəm.
Ucsuz-bucaqsız səhrayla dəvə karvanı gedir.
Aparıcı:
-Azad fikrin, açıq sözün bahası qan bahasıydı. Mənsur dara çəkildi, Fəzlullah edam olundu, Nəsimi vətənindən didərgin düşdü.
Dəvə karvanı yoluna davam edir. Dəvə karvanının ləngərli ritmində ekranda yalnız səhra deyil, şairin əbədi tərk etdiyi Şirvan torpağı, doğma Azərbaycan keçir, qədim qalalar, bürclər, saraylar, körpülər keçir. Bakıdakı Qız qalası, Naxçıvandakı Əlincə qala, Atabəy və Atababa məqbərələri, Sınıq körpü, Xudafərin körpüsü. Dəvə karvanı qədim bir qəbiristanlığın yanından keçir.
Aparıcı:
-Nəsimi qədim Şirvandan, doğma Azərbaycan torpağından, baba ocağından ayrılırdı. Bu qədim qalalardan, məqbərələrdən, çöllərdən, dağlardan ayrılırdı. Əcdadının yatdığı bu qəbirlərdən ayrılırdı.
Təpə başında qara çadraya bürünmüş yeddi qadının silueti. Onlar uzaqlaşan karvan səmtinə baxır, bayatı çağırırlar. Zil və yanıqlı səslər dağlardan, daşlardan əks-sədalarla qayıdır. Bu qadınlar sanki vətənin — Azərbaycanın rəmzidir.
BİRİNCİ QADIN:
Karvan yola düzülür,
xumar gözlər süzülür.
Necə qan ağlamayım,
əlim səndən üzülür.
İKİNCİ QADIN:
Mən aşiq qala məndə,
bürc məndə, qala məndə.
Qorxuram düşəm öləm,
həsrətin qala məndə.
ÜÇÜNCÜ QADIN:
Dağların yağışından,
təngindən, axışından.
Bu gediş ömürlükdür,
duymuşam baxışından.
DÖRDÜNCÜ QADIN:
Qızıl gül olmayaydı,
saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
heç biri olmayaydı.
BEŞİNCİ QADIN:
Bu yoldan ötən yaxşıdır,
geyməyə kətan yaxşıdır.
Gəzməyə qürbət ellər,
ölməyə vətən yaxşıdır.
ALTINCI QADIN:
Gəl məni fağır ağla!
Kimsəm yox, sağır ağla!
Çıx dağların başına,
adımı çağır ağla!
YEDDİNCİ QADIN:
Əziziyəm, söz deməkdən,
yoruldum söz deməkdən.
Nə sən yoldan yoruldun,
nə mən yol gözləməkdən.
Karvan uzaqlaşdıqca dağ başında dayanmış qadınlar kiçilir, görünməz olurlar. İndi dəvə karvanı Ərəbistan səhralarını andıran ekzotik mənzərələr fonunda, qədim və zəngin qəsrlər, saraylar, karvansaralar fonunda gedir.
Aparıcı:
-Nəsimi qürbətdə çox dolandı, Türkiyədə, Suriyada yaşadı. Həqiqəti, həyatı, qadın gözəlliyini, məhəbbəti tərənnüm etdi. Onun ən nikbin şeirlərində, həyat eşqiylə dolu qəzəllərində belə bir hüzn, bir nakamlıq, sınıqlıq duyulurdu. Bəlkə bu acı, intizar əbədi tərk edilmiş, yasaq olunmuş vətənin həsrəti idi. Bəlkə, o, yarına müraciət edərkən belə itirilmiş yurdunu düşünürdü.
Nəsiminin şeiri səslənir:
Yanaram eşqindən, axar gözlərimdən yaşlar,
Firqatin dərdi çıxardı ürəyimdən başlar.
Müdəi tən edibən başıma qaxar eşqini, Sınığa vacib deyildir bunca atmaq daşlar. Taqətim taq oldu, yandım, keçdi ömrüm ah ilə,
Dərdimə dərman nə dersiz, neyləyim, yoldaşlar?
Ekranda payız mənzərələri, yarpaq tökümü, çılpaq ağaclar, boz səma, külək.
Aparıcı:
-Nəsimi öz ölkəsindən canını xilas etmək üçun qaçmamışdı. Onun getdiyi ölkələrdə cəhalət zülməti daha qatı, dini təəssübkeşlər daha amansız, şəriət qanunları və ehkamları daha sərt idi. Nəsiminin məramı başqa idi. O, tapındığı hürufilik əqidəsini, vəhdət-vücud fəlsəfəsini yaymaq istəyirdi. Mənsurun, Fəzlullahın aqibəti Nəsimiyə də düçar oldu. O, Hələbdə ələ keçdi.
Hələb şəhərinin müasir mənzərələri.
Aparıcı:
-Budur Hələb. Bugünkü Hələb, Suriyanın ikinci mərkəzi, müasir küçəli, müasir evli müasir şəhər. 600 il bundan öncə burada baş vermiş faciənin izləri çoxdan itib sovulub. Yalnız nəsildən-nəsilə keçən yaddaş xəzinələrində əfsanələr, rəvayətlər qalıb, bir də qədim əlyazmalardakı sənədlər, faktlar…
Ərəb əlifbasıyla yazılmış qədim əlyazmalar vərəqlənir. Həmin əlyazmalardan biri ərəbcə oxunmağa başlanır, ərəb dili arxa plana keçir, aparıcı mətnin azərbaycancaya tərcüməsini oxuyur:
-Hələbin canişini Yaşbəkin dövründə Nəsimi ədalət evində ittiham edilmiş və öldürülmüşdür. İbn Şankaş əl Hənəfi şəhərin qazilərinin və alimlərinin qarşısında Nəsimini ittiham etməyə başladı. Vəkilin müavini İbn Şankaşa dedi ki, əgər sən dediklərini isbat etməsən, sənin özünü öldürəcəyik. Nəsimi isə kəlmeyi-şəhadətdən başqa heç nə demədi və ittihamları rədd etdi. Yaşbək dedi: mən onu öldürürəm, sultan mənə əmr vermişdir ki, onu agah edim. Sultana xəbər verildi, sonra sultanın əmri gəldi ki, dərisi soyulsun, yeddi gün Hələbdə tamaşaya qoyulsun və hamıya məlum edilsin.
Əzəmətiylə, ehtişamıyla adamı sıxan böyük bir sarayın içi. Biz sanki bu sarayın adamsız otaqlarından keçirik, bir-bir açılan qapılardan içəri daxil oluruq. Pilləkənlərlə qalxırıq.
Aparıcı:
-Rəvayətə görə, Nəsiminin dərisi soyularkən ruhanilərdən biri deyir: “Bu, elə bir kafirdir ki, bir damla qanı hara düşsə, kəsib atmaq lazımdır”. Bu zaman şairin qanından bir parça həmin ruhaninin barmağına sıçrayır. Camaat onun barmağının kəsilməsini tələb edir. Zahid qorxub sözündən imtina edir. Bu zaman al qan içində can verən Nəsiminin səsi ucalır. Bu səs altı yüz ildən keçib bizə gəlib çatmışdır:
Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır
Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.
Zahidin əfsanəsindən soydular nahəq məni
Həqq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.
Şişəmi çün daşa çaldım, haqqı izhar eylədim
Haqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.
Soyun, ey murdar sallaqlar, Nəsiminin tənini
Bunca namərdi görün, bir ər qıyarlar ağrımaz.
Yenidən Nəsimi haqqında məlumat olan əlyazmaları vərəqlənir. Yenə ərəbcə mətn eşidilir, sonra bu mətn ikinci plana keçir və tərcüməsi oxunur:
-Nəsimi Hələbdə öldürülmüşdür. Bu adam kafir və allahsız idi. Onun sözlərindən və işlərindən allah bizi saxlasın…
Dağ başında dayanmış çadralı qadınlar bayatı çağırırlar.
BİRİNCİ QADIN:
Bu dağlar ulu dağlar,
çeşməli sulu dağlar.
Burda bir qərib ölüb,
göy kişnər, bulud ağlar.
İKİNCİ QADIN:
Burdan bir atlı getdi,
atın oynatdı getdi.
Gün kimi işıq saçdı,
Ay kimi batdı getdi.
ÜÇÜNCÜ QADIN:
Apardılar gülümü,
eylədilər zülümü.
Nə qoydular danışam,
nə kəsdilər dilimi.
DÖRDÜNCÜ QADIN:
Yatmış idim, oyandım,
dərdə, qəmə boyandım.
Daş olsaydım, ərirdim,
torpaq idim, dayandım.
BEŞİNCİ QADIN:
Əl dəymə, yazığam mən,
ürəyi qazığam mən.
Mən ölsəm, sənə qurban,
sən ölmə, yazığam mən.
ALTINCI QADIN:
Bu dağda ozan ağlar,
dərd qəmin yazan ağlar.
Qürbətdə can verənin
qəbrini qazan ağlar.
YEDDİNCİ QADIN:
Dağlara dolu düşər,
qar yağar, dolu düşər.
Qəbrim yol üstə qazın,
Anamın yolu düşər.
Aparıcı:
-Qəbrini yol üstündə qazmadılar Nəsiminin. Amma şairin anası, vətəni Azərbaycan oğlunun məzarını arayıb tapdı… Şairin ölümündən altı əsr sonra Azərbaycan nümayəndələri Hələbə gəldilər, böyük Nəsiminin məzarı başına əklillər qoydular.
Müasir Hələb. Nəsiminin məzarı olan məhəllə.
Aparıcı:
– Budur Nəsiminin türbəsi.
Türbənin divarında Azərbaycan dilində yazı:
Üzüldük dönmədik mərdanəlikdən
Xudayə belədir hübbi-səmimi
Kəsafətdən çıxıb olduq bəhəqqə
Gülüstani-ilahinin Nəsimi.
Aparıcı:
-Nəsiminin qəbri qürbətdə, Hələbdədir, səsi, sözü, adı, şöhrəti doğma vətəni Azərbaycanda, bütün dünyada… Nəsimi cahanı gəzir. Böyük sənətkarlar nə öz dövrlərinə sığışırlar, nə donub qalmış ehkamların sərt qəliblərinə, nə də dar, qaranlıq məzarlarına. Onların məskəni bütün dövrlər, bütün ölkələr, bütün qəlblərdir. Bütün cahandır.
Filmin ilk kadrlarının təkrarı kimi görunən kadr. Dağ başında tək dayanmış adamın silueti görünür. Ancaq indi günün başqa vaxtıdır. Qürub çağı yox, səhər erkəndir. Dan yeri sökülür. Üfüqdən gunəş qalxır. Dağların, çöllərin üzərinə əzəmətli, möhtəşəm bir səs yayılır:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri laməkan mənəm, kövni-məkana sığmazam!
Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm!
Gör bu lətifəyi ki, mən dəhrü-zəmanə sığmazam!
Zərrə mənəm, günəş mənəm, çaharla pəncü-şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam!
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qüreyşiyəm.
Məndən uludur ayətim, ayətə-şanə sığmazam!
Məndə sığar iki cahan, mən bu cahana sığmazam!