İNDİ OXUYUR
Mənlik: iki ruh arasında

Mənlik: iki ruh arasında

Hər bir insan, bir tərəfdən bioloji, digər tərəfdən isə sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini isə şəxsiyyət termini ilə ifadə edirlər. İnsan fərd olaraq doğulur, zamanla sosiallaşır və şəxsiyyətə çevrilir. Şəxiyyət və fərdiyyət anlayışına qarşılıq olaraq, 1930-cu illərdə Birinci Dünya müharibəsinin gətirdiyi dağıntılar və minlərlə insanın məhvi nəticəsində Freyd vicdan anlayışını ciddi şəkildə şübhə altına almış, insanın qərar və mühakimə sistemini üç mərhələ ilə izah etməyə  çalışmışdır. Şüurun bu  kateqoriyasına aiddir: İd, Eqo və Supereqo. “İd” içimizdəki doymaz heyvandır. Yalnız insanın ehtiyaclarına uyğun olaraq özünü nizamlayan və tənqidi qəbul etməyən instinktiv, qarşısıalınmaz tərəfidir. Bunun ən yaxşı nümunəsi seksuallıq, aqressiya, aclıq, nifrət və s. bu aspektdə üstünlük təşkil edir, vicdan anlayışı yoxdur. Freydin müəyyən etdiyi  Mənlik (Eqo) təbiət və ya ətraf mühitlə İd arasında tarazlığın elementidir. Bəs insan şəxsiyyətdən sıyrılaraq fərdiyyətini və ya eqosunu yox edərək İd-i üzə çıxarsa, ilk gedəcəyi yer, ya da edəcəyi şey nə olar? 1931-ci ildə Robert Lüis Stivenson 1886-ci ildə yayımladığı eyniadlı qısa romanına əsasən Ruben Mamulyan tərəfindən ekranlaşdırılmış “Doktor Cekil və Mr. Hayd” ilə 1999-cu ildə Devid Finçer tərəfində lentə alınan “Döyüş klubu” filmləri fərqli baxış bucağında və cəmiyyət ilə bu mövzuya toxunur. Haqqında danışacağımız  ilk film Doktor Cekil və Mr.Hayddır. Filmin ilk səhnələrində biz qulluqçusunun Dr.Cekillə olan dialoquna şahid oluruq, amma tamaşaçı onun üzünü ilk dəfə güzgüdəki əksində görür. Dr.Cekil, qulluqçularına və ətrafındakı insanlara mehriban davranan varlı bir gəncdir. Onu narahat edən yalnız bir məsələdir –  daxilində olan və onu narahat edən ibtidai mənlikdən xilas olmaq. İlk səhnələrdə – iclasda bu fikrini açıqlasa da, təsdiq tapa bilməyən Cekil iclasda çıxışında kömək etdiyi qadının onu öpməsinə görə dostu tərəfindən tənqid edildikdən sonra qaranlıq mənliyini yox etmək üçün evində hazırladığı dərmanı içərək çirkin Mr.Hayda çevrilir.


Nişanlısının, Mürielin atası ilə birlikdə tətil üçün şəhərdən ayrılmasından sonra rahatlıqla əylənmək üçün o,  yenidən Mr.Hayda çevrilir.  Əyləncə anlayışı,  Viktorian dövründə orta təbəqənin normalarından fərqli idi. Bu, Dr.Cekilin  “Bizim kimi insanlar rahatlıqla əylənə bilməz, Pule” sözlərindən də aydın anlaşılır.  Sənayeləşmənin təsiri ilə artan orta təbəqə üçün məhrumiyyət və prestij əsas məsləyə çevrilmişdi. Onlar öz təbəqələrindən olan insanlarla əylənməyə və ya sosiallaşmağa üstünlük verirdilər. Hətta bu, Dr.Cekilin imkansız xəstələrə kömək etməsinə, dostu Lanyonun münasibətində də hiss edilir. Dr.Cekilin qaranlıq tərəfini üzə çıxaran sevgilisi, aşağı təbəqədən olan İvidir. İvi adı Qərb dillərində və Əhdi-Ətiqdə İvi olaraq adlandırılan Həvvaya kinayəli istinaddır. Həvva, Adəmi alma yeməyə təşviq etdiyi kimi İvi də fərqində olmadan Dr.Cekilin həyatını məhvə aparır. Nişanlısının gəlişindən sonra  dərmanı içməmək qərarına gələn Cekil artıq qaranlıq tərəfin idarəsi altında qalır. Hayd, İvini Dr.Cekilə şikayət etdiyi üçün öldürür. Rejissor tamaşaçıya İvin öldürülmə səhnəsinin yerinə Antonio Kanova tərəfindən yaradılan “Kupidin öpüşü ilə yenidən canlanan Psixe” heykəlini göstərir. Apuleyin “Dəyişimlər” kitabına daxil olan hekayəyə əsasən Psixe, sonsuz gözəlliyi görmək adı ilə açdığı qutuda qaranlıq tərəfindən yalnız Kupidin öpüşü ilə ayılacağı bir yuxuya gedir və gördüyümüz heykəldə Kupid, sevgilisi Psixeni öpüşü ilə yenidən canladırır. İvini öldürdükdən sonra, dostu Lanyondan kömək istəyən Dr.Cekil günahlarının əfvi olaraq nişanlısından ayrılır, bu vaxt üzə çıxan Hayd, Mürielə hücum edir və laboratoriyada polislər tərəfindən öldürülür. İnsanın daxilində mübarizədə olan iki “mənlik”dən biri daim digərini üstələyir, ancaq Dr.Cekilin bədənini qaranlıq tərəflə bölüşmək istəyi onu məhv edir.


Haqqında danışacağımız ikinci film 1999-cu ilə Devid Finçer tərəfindən lentə alınmış “Döyüş klubu” filmidir. Filmi avtomobil firmasında işləyən Edvard Nortonun canlandırdığı personaj nəql edir.  Onun həyatı, bir-birini təkrarlayan günlər yaşamasının fərqinə varması ilə pozulur. Kapitalizmin qulu olan bu insanlar həyatlarını sevmədiyi işlərdə çalışıb, ehtiyacları olmayan geyimlər və əşyalar alaraq məhv edirlər. Yuxusuzluqdan xilas olmaq üçün həkimin məsləhəti ilə terapiya qruplarına qatılan Edvard, yuxu problemini burada həll edir. Çünki, digər insanlardan fərqli olaraq buradakı insanlar tamamilə azaddırlar, digər insanları bu dünyaya bağlayan ölüm qorxusu, geyimlər, mülklər onlar üçün bir şey ifadə etmir. Çünki bu sadalananların olmamaq fikrinə özlərini alışdırmağa məcburdurlar və ən əsası, burada olan hər insanın bir həyatı və keçmişi, bir-birinə bənzəməyən, bir-birinin eynisi olmayan hekayələri var. Qrup terapiyalarına ad dəyişdirərək davam edən Edvardın bu həyatı, Marlanın gəlişi ilə sarsılıb, Tayler Dardenlə tanış olması ilə kökündən dəyişir. Tayler, Edvardın xəyalındakı obrazdır – cəsur və mükəmməl. Yolları gözlənilməz şəkildə kəsişən bu cütlük, “Döyüş klubu”nu qurur.


Klubun sürətlə böyüməsindən sonra Tayler, kredit kartları arxivinin binalarını partladaraq, insanları azad etməyi planlaşdırır. Taylerə görə, insanlar ehtiyacları olmayan əşyalara sahib olmaq üçün həyatlarını, onların pulunu ödəməyə həsr edirlər. O, insanları istehlakdan xilas etməyə çalışır. Edvard, Tayleri dayandırmaq  istəyəndə, onun, əslində qeyri-ixtiyari yaratdığı obraz olduğunu anlayır, ən əsası isə Tayler artıq idarəolunmaz bir vəziyyətə gəlir.


38 il fərqlə çəkilən bu filmlərdə cəmiyyətin “böyük uşaqları” ilə “ortancıl uşaqları” qarşı-qarşıya qoyulur. Dr.Cekil cəmiyyətə və elmə töhfə vermək üçün dərman hazırlayır və Mr.Hayda çevrilir. Edvard isə Tayleri, yaxın dostu və mükəmməl bir varlıq kimi görür. Bəs Tayler mükəmməldirmi? Mr.Hayddan iyrənən cəmiyyətin yetirmələri necə olur ki, Tayleri ideal obraz kimi görür? Tayler. tarixin “ortancıl uşaqları” üçün ümid olur. Onun verdiyi bu ruhani savaş, izləyənlər üçün cəsarət mənbəyinə çevrilir. “Biz tarixin ortancıl uşaqlarıyıq, nə savaş gördük, nə də böhran. Bizim savaşımız özümüzlə, böhran isə həyatımızdadır” sözləri, “Döyüş klubu”nun fəlsəfəsini ifadə edir. Yeni nəslin əsas davası özü ilədir, bu nəsildə köməyə ehtiyacı olan aşağı təbəqə yoxdur. Bu cəmiyyətdə hər bir fərdin özünü göstərmək və tapmaq üçün cəsarətə və müəllimə ehtiyacı var. Tyler və Edvardı mənəvi birləşdirən ikinci insan Marla obrazıdır. Taylerə olan sevgisi ilə İvidən, istismar edilərək keçmiş uşaqlıq illəri ilə Murieldən fərqlənərək özünəməxsusluğu ilə seçilir. Hər iki filmin finalı “qaranlıq” tərəfin ölümü ilə bitir, lakin Edvarddan fərqli olaraq, Dr.Cekil, ölümdən və həbsdən qorxduğu üçün finalda ölür. Edvard isə ölümə olan qorxusundan azad olur və “ikinci özü”nü yox edə bilir.

Qaranlıq və aydınlıq tərəf, şəxsiyyət və fərdiyyət və ya insan və ibtidai insan – bu iki tərəfin hansısa biri olmadan mövcud olmaq mümkündürmü? Miflərin əksəriyyətində dünya yaranmazdan əvvəl qaranlığın mövcudluğundan bəhs edilir. Yaşam, işıq və qaranlıqla birlikdə mövcud olur. Eyni şəkildə insan sahib olduğu ibtidai və insani hisslərlə insandır, tamamilə saf olan insan Dr.Cekil və ya Edvard kimi insanlar tərəfindən əzilən birinə çevrilir. İnsani hissləri olmayan ibtidai insan isə, Mr.Hayd kimi yırtıcıdan belə fərqlənmir. Şərin mövcudluğu, xeyrin mövcudluğuna məna qazandırır.


“Dr.Cekil və Mister Hayd” romanı kinonun ilk illərindən 50 dəfədən çox kino və televiziya üçün adaptasiya edilmiş məşhur hekayənin ilk səsli versiyası və eyni zamanda, romanın ən uğurlu film versiyası hesab olunur. Filmin baş personajı Dr.Cekili canlandıran aktyor Frederik Març, filmdəki performansına görə, 1932-ci ildə “Ən yaxşı aktyor” nominasiyasında Oskar mükafatını qazanıb. Həmçinin “Ən yaxşı ekranlaşdırılmış ssenari” və “Ən yaxşı operator işi” nominasiyalarında da Oskara namizəd olub. Bundan əlavə F.Març 6 avqust 1932-ci ildə Venesiya Film Festivalında tamaşaçıların səsverməsi ilə sevimli aktyor seçilib, Ruben Mamulyana da xüsusi tamaşaçı mükafatı verilib.

“Döyüş klubu” filmində baş rollarda Bred Pitt, Edvard Norton və Helena Bonhem Karter çəkiliblər. B.Pittin Devid Finçerlə olan əməkdaşlığında aktyorluq qabiliyyəti daha ön plana çəkilir. “Döyüş klubu” filmindən əvvəl, “Yeddi” filmində onlar əməkdaşlıq etmişlər.

Səkinəxanım Vəliyeva

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya