İNDİ OXUYUR
Mən əfsanəyəm!

Mən əfsanəyəm!

“Mən 28 yaşımda öldüm”. Gənc boksçunun filmin başlanğıcında səsləndirdiyi bu sözlər onun həyatını iki mühüm dövrə böldü. Həyatının intibahından əvvəlki və sonrakı dövrlərinə. Bu fiziki həlak deyildi. Əksinə, bu bir dirçəliş idi. Tarixi dirçəliş.

Prodüser, rejissor, ssenarist Corc Tilmanın 2023-cü ildə ekranlaşdırdığı “Corc Forman” filmi məşhur ağırçəkili peşəkar amerikalı boksçu Corc Formanın idman platformasına uzun müddət fasilədən sonra fövqəladə qayıdışından bəhs edir.


Corc Formanın bu yolunu rejissor, bütün yüksəlişləri və çöküşləri ilə tamaşaçıya nəql edib. Onun filmdə toxunduğu başlıca mövzulardan biri insanın öz xarakteri ilə mübarizəsidir. Çətin həyat yaşayan Corc Formanın həddindən artıq qəzəbli xasiyyəti onun həyatını daha da çətinləşdirir. Forman, sanki çaşqınlıq içərisindədir, yanlış fikirlər dumanına qərq olub. O, Allahı belə inkar edir. Görəsən, usandıra bilmədiyi bu qəzəb və inamsızlıq Corcu hara gətirib çıxaracaq? Çılğın xarakterinə qalib gələrək, özünü sındıra biləcəkmi? Bunu səbirsizliklə gözləsək də, hələ ki, ümidlərimiz özünü doğrultmur. Corcun nifrət hissi doğuran insan olduğunu demək də səhv olar. Bəs, onu bu cür olmağa nə vadar edib?

Rejissor məhz bu məsələyə aydınlıq gətirməyi tamaşaçının ixtiyarına buraxıb. Dərinliyə varsaq, insanın deqradasiyaya uğramağının səbəbini onun özü və ətraf mühitlə bağlı komplekslərində görə bilərik. İnsanı ailədən savayı həm də cəmiyyət formalaşdırır. Corcun gənc yaşlarından idarəolunmaz aqressiyasında, cəmiyyətdəki qəddarlığın da payı var. Nalayiq rəftar, şərəf və ləyaqətin tapdalanması qəhrəmanı biganə qoymur. Səhnələrin birində Corc, müəllimi tərəfindən təhqir olunur. Yer üzündə ən müqəddəs insanlardan biri olan, özündə həm valideyni, həm yaxın dostu, həm müdrik məsləhətçini təcəssüm etdirən, valideynlərdən sonra insanın daxili “mən”ini formalaşdıran, özünü cəmiyyətdə təsdiq etməyə kömək edən, ona cəsarətli olmağı öyrədən şəxs – müəllimdir. Bütün bu keyfiyyətlərdən məhrum olan müəlliminin Formana qarşı etdiyi hərəkət onun qəlbində uzunmüddətli  bir çat izi qoydu. Bu nalayiq hərəkəti yaşlıdan görən yeniyetmə Corc həmyaşıdlarından nə gözləsin? Digər tərəfdən isə, yoxsulluqdan irəli gələn komplekslər onu get-gedə daha da bədgümanlığın dibinə çəkir.

Bütün bunları yaşayan yeniyetmə oğlanın özünü cəmiyyətdə “təsdiq” etməsi üçün yeganə çıxış yolu güc tətbiq etməsi idi. Biz film boyu müxtəlif cür müqavimətləri izləyirik. Ona bunu etməyə heç nə bəraət qazandırmasa da, həmin anda yeganə çıxış yolu bu idi.


Əsər boyu Tilman, Formanın düzəlməsi üçün tamaşaçıda bir ümid yaradır. Bu ümid işığını biz bir sıra mükafatlar sahibi olan aktyor Forest Vitekerin canlandırdığı Dok Brodusun simasında görürük. Formanı, sözün əsl mənasında, bataqlıqdan çıxaran şəxs məhz o olur. Beləliklə, rejissor filmdə paralel olaraq, həm də möhkəm rəhbər-şagird münasibətini vurğulayır. Hələ ki, rinqdə 1:0 hesabına nail olmayan Corc, həyatda artıq bu hesabla öndə idi. Çünki onun həyatında sağlam düşüncəli, müdrik bir rəhbəri var idi. Corc bu insanı məktəb dövründə qazanmasa da, yetkin dövründə həmin insan özü onu tapdı. Beyninin “qanla dolu” vaxtı və hər şeyə az qala, son qoyacağı zamanda Tanrı sanki özü Brodusu ona yetirdi. Forest Viteker inandırıcı oyunu ilə tamaşaçıya hər şeyin yaxşı olacağına sanki işarə yollayır. Onun simasında yazılmış müdriklik, böyüklük hər rolunda olduğu kimi, bu rolunda da öz sözünü demiş olur.

“Hava başqa cür olacaq. Günəş başqa cür saçacaq. Və Yer üzündə yalnız biz
olacağıq”.
Bu, Brodusun Corca dediyi sözlərdir. Doğrudan da, Brodusun dəstəyi Corc üçün tamamilə fərqli mahiyyət daşıyırdı.

Tez bir zamanda şan-şöhrət və uğur əldə edən gənc boksçu inkişaf etmək əvəzinə yenə də çökmək üzrədir. Eyni süjeti biz rejissor Baz Lurmanın 2022-ci ildə ekranlaşdırdığı “Elvis” bədii filmində müşahidə edə bilərik. Saymon Körtisin “Merilinlə 7 gün və 7 gecə”, Anton Kobeynın “Kontrol”, Culi Teymorun “Frida” filmləri (Diyeqo Rivera obrazı) bu qəbildəndir. Bütün bu filmlərdə qəhrəmanları birləşdirən ümumi cəhət onların zəif iradəsi və asılılığıdır. Bu xüsusiyyət ömrü boyu tanınmış əksər şəxslərdə, sənətkarlarda müşahidə olunub. Bir sıra filmlərdə uğur və şan-şöhrət bu cür insanları ruhlandırmaq, önə getmək və inkişaf etməyə sövq etmək əvəzinə, yanlış addımlar atmağa vadar edib. Ad-sandan irəli gələn arxayınlığın və yaxud da əksinə, bədgümanlığın sonu nəinki həyatda, heç fimlərdə də yaxşı sonluqla bitmir. Nəyisə düzəltmək əvəzinə belə insanlar, əksinə hər şeyi korlayırlar, məhv edirlər. Münasibətləri, qazandıqları hörməti, etibarı. “Populyar insan” cildinə girən qəhrəmanlar ətraf-aləmi unudub sanki ekstaz vəziyyətini yaşayırlar. Hətta bəzən elə olur ki, onlar Tanrını belə unudurlar. Bir növ, ruhlarını şeytana təslim etmiş olurlar. Corcun öz həyat yoldaşına xəyanət etməsi, ailəsi ilə nahar zamanı Tanrını inkar etməyi onun yenə də büdrədiyindən xəbər verir.


Filmin kulminasiyasını, Formanın rinqdə yaşadığı məğlubiyyəti, həm də qalibiyyəti təşkil edir. Bu dəfə özünə qalib gəlməyi bacaran Corc, Tanrının qarşısında əyildi. Onun ruhunda, beynində sanki dirçəliş baş verdi. Aktyorun “Həmd-səna”, “İçimdə İsa Məsih yaşayır”, “Hidayət olmalıyam” kimi səsləndirdiyi sözlər tamaşaçıya katarsis yaşadır. Bu artıq yeni bir başlanğıcdır. Təmiz və doğru həyata atılan ciddi bir addımdır.

Filmdə rejissorun diqqətçəkən tapıntılarından biri Corc Formanın dua etdiyi səhnənin təsviridir. Bu kadrda açar detal “məhəccərdir”. Orta əsrlərdə kilsə məhəccərlərindən insanlar öz günahlarını, dərdlərini keşişlərə danışırdılar. Corcun da diz çöküb məhəccərdən Tanrıya yalvarmağı bu məqamı təcəssüm etdirir. Lakin burada o, üzünü keşişə deyil, daha uca varlığa – Tanrıya tutur.

Fimdə rejissor, qəhrəmanın düzgün yola gəlməyinin iki xəttini cızıb: çətinliklərdən keçərək, öz sevdiyi peşəsindən imtina edib ruhunun Tanrıya təslim etməyini, sonra isə Tanrının buyurduğu düzgün yol ilə öz məqsədinə nail olmağını.


Corcun bu yola gəlib çıxmağı kor-koranə başlamadı. Burada həmçinin “ana gücü” məfhumu ortalığa çıxır. Filmin əvvəlində göstərildiyi kimi, ana övladlarını süfrə duasını səsləndirməyə çağırır. Bu o deməkdir ki, Tanrının varlığı və böyüklüyü ana tərəfindən övladlarına həmişə aşılanıb. Corcun mənəvi olaraq özünə qalib gəlməyi də məhz bundan qaynaqlanır. Ona uşaq vaxtında kiçik şeyə görə belə Tanrıya minnətdarlıq bildirmək aşılanıb. Bəlkə də o, bunu dərk edib. Əməl etməsə belə, bu onun qanında var idi ki, sonda o, özünə qalib gəlməyi bacardı. Düşünürəm ki, filmi həm də “12 addım” proqramı ilə müqayisə etmək yerinə düşərdi. Bu proqram uca varlığa, yaxınlara, qohumlara və ətrafdakı insanlara spirtli içkilərə hədsiz aludəçiliyə görə tövbə etmək fikrinə əsaslanır. Onu da qeyd etmək lazımdır ki, proqramda söhbət yalnız fiziki asılılıqdan getmir. Bu proqramdan həmçinin mənəvi cəhətdən, xəstəlik dərəcəsində olan asılı insanlar keçirlər. Hazırkı vəziyyətdə bu, Corcun öz inadkarlığından və bir qədər maddi həyatdan asılılığıdır. “12 addım” proqramının mərhələlərinə “xəstəliyə qarşı mübarizədə öz gücsüzlüyünü etiraf etmək”, “mənfi davranışdan qurtulmaq üçün bədənin və ruhun hazırlanması”, “ruhu və bədəni gücləndirmək üçün Tanrı ilə ünsiyyət”, “mənəvi dirçəliş əldə edərək, proqramın mənasını və ideyasını digər xəstə və asılı insanlara çatdırmaq arzusunun yaranması” və s. daxildir. Formanın əlacsızlığının pik nöqtəsində üzünü Tanrıya tutub yalvarmağı, qapı-qapı gəzib hər kəsdən üzr istəməyi, yeniyetmə və gənclərin daha sağlam həyat sürməsi və ziyanlı vərdişlərdən uzaq durması üçün idman zalını tikdirməyi açıq şəkildə bu mərhələləri əks etdirir.

Filmdə baş rolda çəkilən Kris Devisin daimi dəyişilməsi ayrı bir mövzudur. Bədənin transformasiyası üçün saatlarla edilən məşqlər, bir boksçuya xas olan hərəkətlərin peşəkar inkişafı, döyüş taktikalarının hər dəfə fərqli şəkildə icrası, aktyorun bunun öhdəsindən yüksək səviyyədə gəldiyini sübut edir. Fiziki transformasiyadan savayı, aktyorun film boyu mənəvi rəngarəngliyi də alqışlara layiqdir. Döyüş zamanı boksçunun hakim ola bilmədiyi qəzəb hissi ilə dua etdiyi zaman əlacsız, saf  baxışları arasında olan konktrast olduqca kəskindir.

Filmin sanki iki finalı var. Zənnimcə, rejissor bunu qəsdən edib. O, Corc Formanın dinə gəlişinə qədər bir həyatını əks etdirir. Kilsədən aralanandan sonra sanki, ikinci film başlayır. Filmin müəllifi çox ustalıqla, riyazi baxımdan incə surətdə ekran əsərini iki hissəyə bölür. Sanki ortada İntibah baş verir və biz əyani şəkildə həm daxilən, həm zahirən, hətta mənəvi qatda qəhrəmanın dəyişilməsini çox sadə və eyni zamanda cəzb edən bədii ifadələrin vasitəsi ilə ötürüldüyünü müşahidə edirik.


Rejissor iri, orta planlardan çox həssaslıqla istifadə edib. Bununla yanaşı, operator işinin də fərdi dramaturji həlli var. İşıq və rakurslar qəhrəmanın ovqatını ifadə edə biləcək səviyyədə ustalıqla qurulub. Həmçinin də rəssam işi. Dövrü əks etdirən geyimlər, saç düzümləri, bir sözlə, dəb, tamaşaçıya keçmiş dövrün ekskursunu edir. Filmin rənginin tədricən dəyişməsi, qəhrəmanın daxilində gedən islahatları tamamlayır.

Müəllif, filmdə, həyatda hər bir şeyin insanın inamına və iradəsinə bağlı olduğunu göstərib. Çətinliklər həmişə olub, var və olacaq da. Yaranan sual məhz budur: “İnsan onların öhdəsindən necə gələ bilər?”.

İlk növbədə insanın özündən də qat-qat qüdrətli bir qüvvənin mövcud olduğuna inanmaqla – Tanrıya dönməklə.

Filmin musiqi müşayiəti olduqca zövqvericidir və dövrün bütün koloritini özündə ehtiva edir. “The Dramatics”, “The Bar-Kays”, “The Staple Singers” qruplarının ifaları 1970-ci illərin ab-havasına qərq edir. Sənədli kadrlar fonunda səslənən Aloye Blekin “King is born” musiqisi isə ən gözəl sonluqdur. Elə musiqi də deyildiyi kimi: “Kral doğuldu… Halallığımı aldım… Hidayət oldum… Mən əfsanəyəm!”

Nəzrin Mahu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya