Mən burdayam, ilahi!

Kinoyazar saytı 8 Noyabr Zəfər günü münasibətilə “Mükafat”rubrikasında son illərin uğurlu ekran işlərindən biri olan “Mən burdayam, İlahi” filminin ədəbi ssenarisini təqdim edir. “Mən burdayam, İlahi!” bədii tammetrajlı filmi 44 günlük müharibədə ağır kontuziya almış qazinin komadan ayılandan sonra başına gələnlərdən bəhs edir. 2023-cü ildə ekranlara çıxmış filmin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, təsvir rejissoru Vasif Vəlizadədir. Filmdə əsas rollarda Rasim Cəfər və Günay Həsən,Aygün Əlipənahova, digər rollarda isə Ayşad Məmmədov, Leyli Vəliyeva,Oktay Mehdiyev, Nəsibə Eldarova çəkiliblər.
MƏN BURDAYAM, İLAHİ!
Dram
Nicat Dadaşov
QARANLIQ EKRAN. Fasiləsiz avtomat atəşi səsləri gəlir, mərmilər partlayır. Şüşənin qırılıb yerə səpələnməsini eşidirik.
Ətrafdan gələn səs – küy, əsgərlərin qışqıra-qışqıra danışığına qarışaraq, kakafoniya kimi eşidilir.
EKRAN AÇILIR.
1. İNT. DAĞINIQ MƏKAN – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, ƏSGƏR 1, ƏSGƏR 2, ƏSGƏR 3, MASSOVKA (AZƏRBAYCAN VƏ ERMƏNİ ƏSGƏRLƏRİ) RATSİYADAN GƏLƏN KİŞİ SƏSİ.
Od içində olan QAPI.
Bir əsgər qapını təpiklə açıb içəri keçir. Yalnız indi biz TEYMURU (38) görürük. Gur saqqallı, üzü gözü çirk içində olan əsgərdir.
TEYMUR
Abbasov hanı?
ƏSGƏR 1
(otağı göstərir)
Şəhid oldu.
Teymur Əsgərin göstərdiyi otağa keçir. Pəncərənin yanında divara söykənən, alnından güllə dəymiş Abbasovu görürük. Onun sinəsindəki ratsiyadan səs gəlir.
KİŞİ SƏSİ
(ratsiyadan gələn səs)
Mərkəz 01-i çağırır, qəbul.
TEYMUR
01 eşidir, qəbul.
KİŞİ SƏSİ
(ratsiyadan gələn səs)
Vəziyyət necədi orda?
TEYMUR
Obyekt bizdədi amma mühasirədəyik, qəbul.
KİŞİ SƏSİ
(ratsiyadan gələn səs)
2 val qalıb çatırıq. Dayana biləcəksiz? 2
TEYMUR
Torpaq bizim torpaqdı, niyə dayanmırıq ki? Ancaq irəli komandir.
Əsgər 1 gəlib Teymurun yanında oturur.
ƏSGƏR 1
Sağ tərəfdən gəlirlər.
TEYMUR
Sən burda qal.
ƏSGƏR 1
Muğayat ol.
Teymur o biri otağa keçir.
Taxtalarla döşənmiş 3 böyük pəncərənin yanında əlində avtomatla AZƏRBAYCAN ƏSGƏRİ durub çölə atəş atır.
Düşmənin güllələri səngimək bilmir.
Yan otağın birində möhkəm partlayış baş verir. Toz-torpaq aləmi bürüyür. Həmin otaqdan kiminsə zarımasını eşidirik. Sürünü-sürünə ƏSGƏR 2 otaqdan çıxır. Onun ayağı qopub. Teymur ona tərəf qaçıb bronojiletindən yapışır, dartıb çıxarır.
TEYMUR
(qışqırır)
Kömək eləyin. Jqut, jqut…
Əlində tibb ləvazimatlar olan 2 əsgər yaralıya yaxınlaşır. Teymur aralanıb lap axırıncı otağa tərəf qaçır.
Teymurun qabağındakı otaqdan bir KOMANDIR (45) çıxır.
KOMANDİR
Qırın bunların hamısını…
TEYMUR
Bizimkilər çatır…
Teymur yan otağa keçir. Tez mərkəzdəki pəncərənin divarına qısılır.
Ratsiyanı qırağa qoyur. Silahın darağını çıxarıb doldura-doldura yaxında olan əsgərlərə baxır.
RAUF (35) Teymurun əsgər yoldaşı pəncərədən düşmənə atəş açır və tez əyilir. Onun sol ayağı dizdən yuxarı – bud tərəfdən ağır yaralıdır. 3
Ağrıdan qıvrıla-qıvrıla sarğısını jqutla sıxır. Teymura baxır və yaxşıyam işarəsini verir.
Teymur VÜQARA (27) baxır. O pəncərə ilə üzbəüz divara söykənib oturub. Qarnından ağır yaralıdır. Qana bulanmış əli ilə yarasını sıxır. Onun tərpənməyə belə taqəti yoxdur. Bronojiletini çıxarıb yanına qoyub.
TEYMUR
Vüqar döz, kömək gəlir.
Teymur darağı silaha taxır. Vüqardan reaksiya gəlmir. Teymur baxan anda Vüqarın əli yarasının üstündən yerə düşür.
TEYMUR
Ay Vüqar…
Teymur cəld ona tərəf yaxınlaşır, əlini götürüb təzədən yarasına qoyur.
TEYMUR
Möhkəm tut. Sıx…
Teymur öz bronojiletinin cibindən morfin çıxarır.
ƏSGƏR 2
(güclə danışır)
Anama söz vermişdime, qayıdan kimi evlənirəm. Day bəsdi də…
TEYMUR
Bax bu başqa söhbətdi… Gör qardaşın sənin toyunda neyniyəcək.
Morfini onun ayağının bud tərəfinə vurur.
TEYMUR
(dərmanı hazırlaya-hazırlaya)
Mən də, İlkin də. Eşidirsən İlkin? Deyir evlənmək istəyirəm.
ƏSGƏR 1
(kadrdan kənar)
Onun toyunu özüm aparacam.
Vüqar kəlmeyi-şəhadəti deməyə başlayanda Teymurun gözləri dolur. Bir neçə saniyə sonra kəlmeyi-şəhadət kəsilir. Dostu şəhid olur. 4
Teymur onu bağrına basır. Sonra ona hirs gəlir. Qaçıb silahını götürür. Bir başa pəncərəyə yaxınlaşır, gizlənmədən-eləmədən atəş açır. Hirsindən bağırır. Bir neçə erməni əsgərini güllələyir.
KİŞİ SƏSİ
(ratsiyadan gələn səs)
Burdayıq… Çatmışıq.
Bu an sol çiynindən güllə dəyir. Güllənin dalğası onu bir addım geri atır. Teymur büdrəyir amma yıxılmır. Bir saniyə sonra sinəsinə daha bir güllə dəyir. Teymur yerə yıxılır.
Çətinliklə nəfəs alır. Atəş səsləri səngimək bilmir və birdən sanki uzaqlaşırlar. Teymur cibindən nə isə çıxarır və baxır. Şəkildə 9 yaşlı gülümsəyən qız görürük.
SARA
(kadr arxası səs)
Gec gəlsən səndən küsəcəma.
Partlayışın tozu Teymurun üzünə dəyir. Teymur şəkli üzünə sıxır, təzədən cibinə qoyur. Səslər yenə qayıdır.
Teymur börü üstə çönür. Əlini yerə qoyub yellənə-yellənə bir dizi üstə durur. Silahını götürür. Dərindən nəfəs alır. Pəncərə tərəfdə partlayış baş verir. Teymur qışqırıb irəli atılır. Toz dalğası onu bürüyür.
EKRAN QARALIR. Filmin adı yazılır – Mən burdayam, ilahi!
2. İNT. XƏSTƏXANA. PALATA – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR, TİBB BACISI
Teymurun GÖZÜNÜ İRİ PLANDA görürük. Gözü açılır.
TİBB BACISI
(kadrdan kənar)
Teymur bəy, məni eşidirsiz… Teymur bəy…
Tibb bacısı başının üstündə durub. Getmək istəyəndə Teymur onun əlindən tutur.
TEYMUR
(zəif səslə)
Döyüşə qayıtmalıyam… Döyüşə…
TİBB BACISI
Müharibə 3 aydı ki, qurtarıb. 5
Teymur həyəcanla onun üzünə baxır ki, o nə cavab verəcək.
TİBB BACISI
Qələbə qazanmışıq.
Bu sözü eşidən kimi Teymurun gözləri dolur. Sanki rahatlıq tapır.
Tibb bacısı qaçaraq otaqdan çıxır. Teymur gözü tumbanın üstündəki əşyalara sataşır. Onların içində QIZININ ŞƏKLİNİ görür. Əsgər vaxtı üstündə gəzdirdiyi şəkildir.
Kamera şəklə yaxınlaşır və ora gün işığı düşür. HAVA AÇILIR.
3. İNT. XƏSTƏXANA. PALATA – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR
Kamera uşağın şəkilindən geri gedir və biz görürük ki, Teymur pəncərənin qabağında çəlik ilə dayanıb. Beli bizə tərəfdi.
TİTR
3 həftə sonra.
HƏKIM
(kadrdan kənar)
Əlimizdən gələni elədik, burda saxlamağın heç bir mənası yoxdu.
VAQİF
(kadrdan kənar)
Yaxşı, haçansa tam sağala biləcək?
Teymur üzünü çöndərir və yalnız indi biz onun sifətinin bir tərəfində dərin bir çapıq görürük.
4. İNT. XƏSTƏXANA. DƏHLİZ – SƏHƏR
İŞTİRAKÇILAR: DOKTOR, VAQİF, TEYMUR, MASSOVKA
Vaqiflə həkim Teymurun palatasının qabağında dayanıb. Açıq qapıdan Teymuru görmək olur.
Onlar Teymurla baxışırlar.
HƏKİM
(kadrdan kənar)
Onun sağ qalması özü möcüzədi. Siz keçin mən tapşırıb arabanı gətirsinlər. 6
VAQİF
Doktor demisiz ona?
Həkim başını bulayıb yox deyir. Vaqif palatada oturan Teymura baxır.
5. İNT. XƏSTƏXANA. PALATA – SƏƏR
İŞTİRAKÇILAR: DOKTOR, VAQİF, TEYMUR
Vaqiflə həkim Teymura yaxınlaşır.
VAQİF
Həmişə ayaq üstə bala.
Teymur sadəcə başını yelləyir.
HƏKİM
Amma müalicəni də yaddan çıxartmaq lazım deyil.
(vaqifə)
Dərmanların hamısı burdadı. Nəsə başa düşməsəz yığın.
TEYMUR
Doktor, anamla qızım niyə yanına gəlməyiblər?
Teymur onların ikisinin necə baxışdığına fikir verir.
6. NAT. MƏHƏLLƏ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, VAQİF, MASSOVKA
Teymur çəliklə arkadan keçir. Vaqif yanında gəlir. Qabağda tindən balaca uşaq çıxıb onları görür sonra məhəllə tərəfə səslənir.
BALACA UŞAQ
Gəldilər…
Teymur tini dönür və məhəllə camaatını görüb donub qalır. Evlərdən bayraqlar asılıb.
Kütlə onun başına yığılır deyə Teymur təntiyir.
UŞAQLAR
Qarabağ… Qarabağ…
Teymur sevincək olur.
CAMAAT
Xoş gəlmisən a bala… Həmişə evində eşiyində. Sənə görə dua eləyirdik… Allah səndən razı olsun. 7
Teymur kütlədə anasını axtarır. Sevinc evdən çıxır və onlara tamaşa edir. Teymur anasını tapmayıb sual dolu baxışla Vaqifə baxır.
VAQİF
Gəl çıxaq yuxarı…
7. NAT. TEYMURUN EVİNİN QABAĞI – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, VAQİF
Vaqif ilə Teymur evə çatırlar. Teymur qapını döyür. Vaqif qulpundan tutub qapını açır.
Teymur təəccüblə ona baxır və anasını çağırıb içəri keçir.
8. İNT. TEYMURUN EVİ. DƏHLİZ/QONAQ OTAĞI – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, VAQİF
Teymur anasını çağıra-çağıra dəhlizlə gedir.
TEYMUR
Ana… Sara…
Otaqlara baxır.
Vaqif giriş qapısı tərəfdə durur.
VAQİF
Teymur…
Nəhayət Teymur qonaq otağına keçib pianinonun üstündə anasının şəklini görüb dayanır. Şəklin qırağına lent bağlanıb.
Teymur donub qalır. Başa düşür… Çönüb Vaqifə baxır.
VAQİF
(pauzadan sonra)
Allah rəhmət eləsin.
İlk saniyələr bu söz Teymura sanki çatmır.
9. NAT. TEYMURUN EVİNİN QABAĞI – SƏHƏR
IŞTIRAKÇILAR: SEVİNC, LEYLA, MASSOVKA
Sevinc qapının ağzında durub. Bu an Teymurun fəryadı çölə gəlir.
TEYMUR
Mən sağ qaldım ana.
Sevinc düz qabağına baxır amma sanki heç nə görmür, fikri tam baş yerdə olduğu görünür. 8
LEYLA (55) – Sevincin anası, ora yaxınlaşır, dalıyca 3-4 uşaq düşüb.
LEYLA
Dimədim gəlmiyin dalımca? Düşün aşağı, düşün…
Sevinc fikirdən ayılanda görür ki, anası kədərlə ona baxır. Leyla tez Teymurun evinə keçir.
10. İNT. TEYMURUN EVİ. QONAQ OTAĞI – SƏHƏR
IŞTIRAKÇILAR: SEVİNC, LEYLA, VAQİF, TEYMUR
Teymur divana çökür, bir nöqtəyə zillənir.
Vaqif arxada yazı masası tərəfdə dayanıb.
Leyla içəri keçir. Onlar Vaqiflə baxışırlar. Vaqif başını bulayır.
Leyla gedib Teymurun yanında oturur.
LEYLA
Teymur…
Teymur ona reaksiya vermir.
LEYLA
Elə bilməya tək qalmısan. Biz hamımız sənin yanındayıq.
TEYMUR
Haçan rəhmətə gedib?
LEYLİ
İki ay olar. Kaş Sona sağ olaydı sənin bu günüvü görəydi. Müharibəyə gedəndə bilirsən necə səninlə fəxr eləyirdi? Özüdə hansı şəhər azad olunurdu, həmin günü şirniyyat bişirib Saraynan bir yerdə qonşulara paylayırdılar.
Leyla Saranın adını çəkdiyinə görə özüdə fikrə gedir.
Sevinc qapının ağzında dayanır, izləyir.
Saranın adını eşidən Teymur birdən fikirdən ayılır.
TEYMUR
Bəs Sara hanı? 9
LEYLA
Gəlib apardılar. Biz də dedik hara aparırsız? Qoy bizdə qalsın. İcazə vermədilər ki, biz qohum deyilik.
(pauza)
İndi sığınacaqdadı.
Teymur həyəcanlanır.
TEYMUR
Hardadı o sığınacaq?
Hamı susur.
Vaqif köynəyinin yaxasını açır, sanki nəfəsi çatmır. Sevinc buna fikir verir.
VAQİF
Gedərik indi…
SEVİNC
Ata bəlkə məndə gəlim?
11. İNT. İNTERNAT. PSİXOLOQ OTAĞI – SƏHƏR
İŞTİRAKÇILAR: SARA, MÜDİRƏ, QIZ UŞAĞI, MÜDİRƏNİN KÖMƏKÇİSİ, MASSOVKA
Uşaqlar otaqda qaynaşırlar. MÜDİRƏ (50) onlara nəzarət edir. Bir uşaq ona yaxınlaşır, şəkli göstərir.
QIZ UŞAĞI
Nigar ana, bax…
Köməkçi otağa keçir.
MÜDİRƏ
Burasını da rənglə.
Köməkçisi Müdirəyə yaxınlaşır qulağına deyir.
MÜDİRƏNİN KÖMƏKÇİSİ
Saranın atası gəlib.
Bu sözdə Müdirə köməkçisinə sevinclə baxır.
Biz küncdə oturan, beli biz tərəfə olan qız uşağı görürük.
MÜDİRƏ
(kadrdan kənar)
Sara. 10
SARA (9) – qarabuğdayı, nurani üzlü uşaqdır və kədərli baxışları olan uşaqdır. O səsə tərəf çönür və biz onun üzünü görürük.
12. İNT. İNTERNAT. DƏHLİZ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SARA, MÜDİRƏ, VAQİF, SEVİNC.
Çöldə uşaqlar oynayır.
Teymur onlara baxır. Vaqif və Sevinc Teymurun yanında durublar.
Teymur həyəcanlanır deyə üz-gözü əsir.
VAQİF
Uşağa burda yaxşı baxırdılar. Özümüz də tez-tez gəlib dəyirdik.
Birdən dəhlizin o biri tayında Müdirə ilə Saranı görürük. Sara dayanır. Müdirə onun əlini buraxır.
Teymur çönüb uşağını görür.
Ata-bala bir-birinə sarı gəlirlər. Teymur getdikcə addımlarını artırır. Sara da ona tərəf gəlir.
Çatmağa az qalmış çəliyi əlindən çıxır və o müqavimətini saxlaya bilmir, yıxılı bir əli ilə özünü saxlayır.
Sara lap da bərk qaçıb atasını bərk qucaqlayır.
Uşaq atasının çapıqlı üzünə baxır. Asta-asta həmin çapığa əl dəyir.
SARA
Çox incitdi?
Teymur başı ilə yox deyir.
SARA
(küsülü)
Niyə oyanmırdın ki?
TEYMUR
(kəkilləyir)
Bağışla… Ata yorğun idi…
Sara onun danışığına təəccüblə baxır, sonra gülümsəyir. Təzədən atasını qucaqlayır.
SARA
Elə bildim gəlmiyəcəysən… 11
Teymur onun yanağına sığal çəkir və yavaş-yavaş əlini, üzünü, gözünü, alnını öpür.
TEYMUR
(çətinliklə)
Gedəy evə…
Müdirə Sevincgilə yaxınlaşır.
MÜDİRƏ
(vaqifə)
Olar sizi bir dəqiqə?
13. İNT. İNTERNAT. MÜDİRƏNİN OTAĞI – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SARA, MÜDİRƏ, VAQİF, SEVİNC.
Onlar içəri keçirlər.
MÜDİRƏ
Açıq danışacam. Uşağı təhvil vermək üçün biz əmin olmalıyıq ki, Teymur bəy ona baxa biləcək. Amma vəziyyəti görürsüz də.
Şüşədən Teymuru görürük. O uşağın əlindən tutub otağa tərəf baxır.
VAQİF
Uşağı götürə bilməsə lap da pis olacaq.
MÜDİRƏ
Bilirəm… Başqa yaxın qohumu da yoxdu ki…
SEVİNC
Heç kimi… Bir yoldaşı idi bir də anası…
MÜDİRƏ
Heç olmasa yanında yaxın bir adamı olmalıdı. Ya da sağlamlıq haqqında arayış gətirin. Başqa cürə alınmır axı.
VAQİF
(sevincə)
İndi necə deyək ki, uşağı burda qalacaq?
Onlar yenə Teymurla uşağa baxırlar. Uşaq sanki nə isə hiss edir və atasının ayağını qucaqlayır. 12
14. İNT. TAKSİ – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR
Teymur fikirli halda pəncərədən baxır. Vaqif sükan arxasındadır. Sevinc isə arxada oturub.
15. NAT. TEYMURUN EVİNİN QABAĞI – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR.
Teymur qapısına yaxınlaşıb baxır. Sonra hirsindən qapını döyəcləyir sanki kiminsə açmağını gözləyir. Getdikcə daha da möhkəm döyür. Yorulub dayanır.
16. İNT. TEYMURUN EVİ. YATAQ OTAĞI – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR.
Biz Teymurun anasının və onun özünün uşaqlıq şəkillərini görürük.
Boş çarpayı.
Teymur çarpayıya uzanır. Ayaqlarını yığır, körpə uşaq kimi qalır Yastığı bərk-bərk qucaqlayır, sanki anasının iyini hiss etmək istəyir.
17. NAT. QƏBİRİSTANLIQ – SƏHƏR
Teymur anasının qəbri üstündə dayanıb.
18. NAT. XƏSTƏXANA – ADRES PLANI
19. İNT. XƏSTƏXANA. DƏHLİZ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, HƏKİM.
Teymur dəhlizdə gözləyir. Həkim tindən çıxan kimi Teymuru görür. Teymur sual dolu baxışla ona baxır. Həkim hər şeyi başa düşür.
HƏKİM
Allah rəhmət eləsin.
(pauza)
Komadan təzə ayılmışdın, sənə həyəcanlanmaq olmazdı. Ona görə qoymadım…
Teymur sanki ona qulaq asmaq istəmir.
TEYMUR
Mənə arayış lazımdı.
Pauza gedir.
HƏKİM
Nə üçün? 13
TEYMUR
Qızı belə mənə vermirlər.
HƏKİM
(pauza)
Yaxşı, maraqlanaram görüm neyniyə biliriy.
Teymur yenə həyəcanlanır.
TEYMUR
Bu gün lazımdı…
HƏKİM
Bu gün? Çətin. Bəlkə bir az vaxt keçəndən sonra alınar.
Teymur hirsli baxışlarla baxır.
HƏKİM
Qardaş məndən olsa elə bu dəqiqə həll eliyərəm amma özün bilirsən də…
Teymur gedir.
HƏKİM
(kadrdan kənar)
Teymur…
Teymur reaksiya vermədən uzaqlaşır.
20. İNT. İNTERNAT. DƏHLİZ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, MÜDİRƏ, MÜHAFİZƏÇİ, SARA, MÜDİRƏNİN KÖMƏKÇİSİ, MASSOVKA UŞAQLAR.
Teymur içəri keçir. Boylanıb uşaqların içində Saranı axtarır.
TEYMUR
Sara…
Bərk qışqıra bilmir.
TEYMUR
Sara…
Hirslənir.
TEYMUR
(qışqırır)
Sara….
Müdirə otaqdan çıxır. 14
MÜDİRƏ
Qalxın yuxarıya…
Uşaqlar yuxarı gedir. Müdirə Teymura yaxınlaşır.
MÜDİRƏ
Teymur bəy nolub?
TEYMUR
Qızımı götürəcəm.
(çağırır)
Sara…
MÜDİRƏ
Dünən sizə hər şeyi dedik axı…
Müdirənin köməkçisi gəlir. Teymur dəhlizlə gedir.
TEYMUR
Uşağım burda qalmıyacaq.
Müdirə köməkçisinə pıçıltı ilə nə isə deyir. Qız kədərlə Teymura baxır.
MÜDİRƏ
(köməkçisinə)
Tez elə get.
O qaçıb gedir.
TEYMUR
Sara…
MÜDİRƏ
Teymur bəy… Teymur bəy…
Müdirə ona çatır.
MÜDİRƏ
Gəlin mənim otağıma orda danışaq.
TEYMUR
(gedə-gedə)
İstəmirəm.
SARA
(kadrdan kənar)
Ata?
Teymur çönüb Saranı görür, ona tərəf gedir. 15
TEYMUR
Sara gəl…
Müdirə də yanında gedir.
MÜDİRƏ
Teymur bəy uşağı götürə bilmiyəcəysiz.
TEYMUR
Götürəcəm…
Mühafizəçi gəlir və Teymur uşağa çatmamış onun qabağını kəsir.
MÜHAFİZƏÇİ
Qardaş dayan zəhmət olmasa, gəl keçək ora.
Teymur onun yanından ötüb keçməyə çalışır amma mühafizəçi yenə onun qabağını alır. Teymur onun boğazına əl atır amma qolundan güc olmadığına görə sıxa bilmir.
TEYMUR
Çəkil…
MÜHAFİZƏÇİ
Ay qardaş…
Sara atasına tərəf qaçır amma onu da müdirənin köməkçisi tutur.
SARA
Ata…
Mühafizəçi onun əlindən tutur. Teymur müqavimət göstərməyə çalışır. Sara da orda qışqırır.
MÜDİRƏ
Teymur…
(mühafizəçi)
Muğayat ol…
Mühafizəçi Teymurun yüngülcə qucaqlayır.
MÜHAFİZƏÇİ
Sakit, sakit…
Teymur onun çiynindən köməkçinin qışqıran Saranı apardığına izləyir amma heç nə edə bilmir. Sadəcə ona tərəf əlini uzadır. 16
TEYMUR
(qışqırır)
Sara…
21. İNT. İNTERNATIN HƏYƏTİ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, POLİS.
Polis skamyada oturan Teymurun başı üstə durub. Sanki fikirləşir ki, daha nə desin.
POLİS
Qardaşım, bax deyillər ki, haçan istəyir gəlib qızını görə bilər, lap səhərdən axşama kimi yanında olsun. Amma uşaq burda qalmalıdı…
TEYMUR
Uşağım niyə burda qalmalıdı? Ölmüşəm mən?
POLİS
(pauza)
Səni başa düşürəm amma bu dəqiqə onsuzda başqa variant yoxdu.
TEYMUR
Sən balanı burda qoyub gedərdin?
Polis bir neçə saniyə susur.
POLİS
Yox amma incimə, belə sənə uşağı heç kim vermiyəcək.
Teymur tutub qalır.
22. İNT. SEVİNCİN EVİ. MƏTBƏX – SƏHƏR
İŞTİRAKÇILAR: LEYLA, SEVİNC.
Leyla ilə Sevinc üç bacı dolmasını hazırlayırlar.
LEYLA
Bayaq dükandan gəlirəm, Nəsibəni gördüm, bir az söhbət elədik, deyir elə çıxır ki, uşağı day Teymura vermiyəcəylər. 17
SEVİNC
Onların nə ixtiyarı var uşağı atasından ayırsınlar? Elə şey olur?
LEYLA
Niyə olmur ay qız… Sağalmasa vermiyəcəylər…
LEYLA
Özün demirdin ki, Allah açmaq istədiyi qapını heç kim bağlaya bilməz? Sağalacaq da, belə qalmıyacaq ki…
Sevinc çiyinlərini çəkir.
LEYLA
Nə bilim. Təki elə olsun.
SEVİNC
Amma dünən uşağa çox ürəyim ağrıdı. Teymur özü ona deyə bilmədi ki, burda qalacaqsan.
LEYLA
Kim dedi, atan?
Sevinc başı ilə yox deyir.
SEVİNC
Yo, mən dedim…
(pauza)
Uşaq elə ağlıyırdı ki…
LEYLA
Aciz qalmaq çox pis şeydi…
SEVİNC
Deyirəm ana bəlkə Teymura da bir pay yemək aparım?
Leyla qızına zillənir.
LEYLA
Bişsin. Apararsan.
23. NAT. TEYMURUN EVİNİN QABAĞI – AXŞAM
İŞTİRAKÇILAR: SEVİNC
Sevinc əlində qab yaxınlaşıb, tərəddüd edib qapını döyür sonra açır. 18
SEVİNC
Teymur… Evdəsən?
Sevinc içəri keçir.
24. İNT. TEYMURUN EVİ. DƏHLİZ/QONAQ OTAĞI – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC.
Sevinc əlində qabla içəri keçir.
SEVİNC
Teymur…
Dərman tabletkalarının xışıltısını eşidib qonaq otağına keçib görür ki, Teymur yerdə divanın önündə oturub, əlində dərman qutusu.
Qabağında ayrı-ayrı dərmanlar səpələnib. Əli əsir, “pristupu” tutub.
SEVİNC
Dayan, mən eliyərəm.
Sevinc cəld yaxınlaşıb yeməyi jurnalnının üstünə qoyur. Dərmanı Teymurun əlindən alır və bir tablet götürür.
Jurnalnının üstündəki su qrafinkasından stəkana su töküb ona içməyə kömək edir.
SEVİNC
İç, iç… Bir az da…
Teymur suyu içib bitirir və Sevinclə göz-gözə gəlir. Sevinc onun yarasını görüb cəld gözünü çəkir və stəkanı ondan alıb qırağa qoyur.
Sevinc başlayır yerdən dərmanları yığmağa.
Teymur Sevinci izləyir. Sevinc Teymurla göz-gözə gəlməydən qaçır, sanki üzünün eybəcərliyi onu çəkindirir.
Teymur bunu hiss edir.
TEYMUR
Sən də fikirləşirsən ki, mən uşağıma baxa bilmərəm?
Sevinc qalxıb dərman kulyokunu küncdə duran masanın üstünə qoyur.
Teymura tərəf çönməyə tələsmir. Bir anlıq bu vəziyyətdə qalır, özünü ələ alır. 19
TEYMUR
Onun nə günahı var ki, atası döyüşdə yaralanıb?
(pauzadan sonra)
Niyə o mənə görə əziyyət çəkməlidi?
Bu söz Sevincə toxunur. O Teymura tərəf çönür.
SEVİNC
(pauza)
Bəlkə sabah gedib onu gəzməyə çıxardasan?
TEYMUR
Buraxmıyacaqlar axı…
SEVİNC
Yanında kimsə olsa buraxacaqlar.
TEYMUR
Kim?
Sevinc nə isə fikirləşir.
25. NAT. İNTERNATIN QABAĞI – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, MÜDİRƏ, SARA
Teymur həyətdə var-gəl edir, həyəcanla gözləyir.
Yanında taksi durub.
Darvaza açılanda Teymur bir-iki addım irəli gəlir, ora zillənir. Sevinc çıxır. Teymur ona ümidlə baxır. Ardınca Sara gəlir.
Saranı görən kimi Teymurun üzü gülür.
Sara qaçıb atasını qucaqlayır. Teymur Sevincə baxır və başı ilə sağ ol deyir.
SARA
Sevinc xala dedi ki, biz hara istəsək gedə bilərik. Düz deyir?
Teymur başı ilə hə deyir.
TEYMUR
(gülümsəyir)
Hara getmək istiyirsən?
Uşağın gülüşü solur. 20
SARA
Evə…
Teymur özünü toparlayır ki, pərt olmağını bildirməsin.
TEYMUR
(çətinliklə)
Nə var evdə? Gəl səni aparım pizza yeməyə? İstiyirsən?
Uşaq başı ilə hə deyir. Teymur gülümsəyir.
MÜDİRƏ
(sevincə)
Nə qədər ki, uşaq burdadı məsuliyyəti biz daşıyırıq. Bu dəfə icazə verdim amma…
SEVİNC
Çox sağ olun. Narahat olmayın 2 saata qayıdıb gəlirik.
26. İNT. KAFE – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, SARA, MASSOVKA
Vilka-qaşıqla boşqaba vuran UŞAQ.
Səsli-küylü MƏKAN.
Teymur bir nöqtəyə zillənib qalıb, bütün bu səslər sanki onun diqqətini ələ keçirib.
SARA
Bilirsən şəhərdə nə qədər adam vardı… Çox e lap çox… Ay ata… Ata…
SEVİNC
Teymur…
Teymur fikirdən ayılır və soyuq baxışlarla Sevincə baxır.
SEVİNC
Yaxşı deyilsənsə evə qayıdaq?
TEYMUR
Yo…
SARA
Qulaq asmırsan axı… 21
TEYMUR
(qızına)
Nəsə deyirdin?
SEVİNC
Qələbə gününü danışırdı.
TEYMUR
Neyniyirdin o gün?
SARA
Sənin yanıva gəlmişdik. Nənəynən…
(pauza)
Çöldə hamı qışqırırdı, qələbə, qələbə. Sonra gördüm nənə ağlayır… Dedi, sən bu günü görmədin…
SEVİNC
Heç nə olmaz. Gələn bayramda görəcək.
SARA
(sevincək)
Yenə qələbə günü olacaq?
Biz eşidirik ki, qonşu masadakı uşaq stəkanı yerə salıb sındırır.
Sevincgil səsə tərəf boylanır.
SEVİNC
Olacaq. Əlbəttə olacaq. Noyabrda.
Ofisiant yaxınlaşıb qırıntıları yığır. Teymur o tərəfə baxmır.
SARA
(atasına)
O vaxta kimi sağalacaqsan?
TEYMUR
Sağa….
Teymur sanki danışmaqdan yorulur, son sözü deməyə çətinlik çəkir. Sara Sevincə baxır, sanki bilmir atasına nə cavab versin.
SEVİNC
Sağalacaq özdə səni də götürüb şəhərə gedəcək.
SARA
Onda mən də qışqıra bilərəm, qələbə?
Sevinc görür ki, Teymur uşağın sözünə reaksiya vermir, sanki özünə qapanıb. Səs-küy ona pis təsir edir.
SEVİNC
Qışqırarsan, qışqırarsan, biz də sənə qoşularıq.
Sevinc Teymura baxır. Teymur ona işarə edir ki, day burda qala bilməyəcək. O ayağa qalxır, çıxıb gedir. Sevinc Saranın atasının dalınca necə kədərlə baxdığını görür.
27. NAT. KÜÇƏ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, SARA
Teymur küçədə durub. Sara çıxıb atasına yaxınlaşır. Ardınca Sevinc görünür.
Sara yaxınlaşıb düz atasının qabağına keçir və ona zillənir.
SARA
Day ora gəlmiyəcəm.
(pauza)
Ata, danışanda çox ağrıyırsan?
TEYMUR
Bir az…
SARA
Onda gəl oyun oynayaq. Kim birinci danışsa uduzacaq. Oynayaq? Bax belə danışaq…
Sara əl işarələri edir. Teymur gülümsəyir.
SARA
Hə? Başdadıq?
SEVINC
Onda siz oynayın, mən də bir azdan gəlirəm.
Sara nə isə demək istəyir sonra dayanır. Əli ilə işarə edir ki, hara gedirsən?
Sevinc əyilir Saraya tərəf. 23
SEVİNC
İşim var… Amma tez qayıdacam.
(qulağına pıçıldayır)
Atanı sənə tapşırıram. Ona baxa biləcəysən?
Sara başı ilə hə deyir. Sevinc dikəlir.
28. NAT. PARK – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, SARA
Bərk yağış yağır.
Teymurla Sara bisetkanın altında durublar. Sara topunu yerə vurub oynadır.
Camaat hamı bir yer tapıb yağışdan gizlənir.
Birdən Saranın topu əlindən çıxır və düz yağışın altına düşür.
Sara atasına baxır. Gedib götürmək istəyir amma Teymur onu tutub saxlayır. Uşaq qırmızı topuna baxır.
Teymur uşağın baxışını görür və özü yağışın altına çıxır. Topu götürür, çönüb qızına baxır.
Sara həyəcanla onu izləyir.
SARA
Gəl də, su oldun.
Sonra danışdığını daşa düşüb tez ağzını tutur, gözlərini bərəldib atasına baxır.
Teymuru gülmək tutur.
SARA
Xəstələnəcəysən, gəl…
Qızına tərəf gəlir və əyilib onunla bir boyda qalır.
Sara onun üzünün yaşını silir. Teymur isə sanki su içində olmağını heç vecinə almır, qızına baxır.
SARA
Sən bilə-bilə elədin ki, mən danışım, hə? 24
TEYMUR
(gülümsəyir)
Yo, elə şey olar…
(pauzadan sonra)
Bağışla məni… Elə bilmə ki, mən səni eşitmirəm. Təki sən mənimlə danış. Harda olursam olum, mən həmişə sənin səsini eşidəcəm.
Teymur alnını uşağın alnına toqquşdurub gülür.
Sevinc cəld qaçıb onların yanına çatır.
SEVİNC
Yağışa baxe… Bilsəydim zontik götürərdim.
Ata-bala Sevincin saçının islanmış, pinti olduğunu görüb ona zillənirlər. Özlərini güclə saxlayırlar ki, gülməsinlər. Sevinc təəccüblə gah Teymura gah daki, Saraya baxır.
SEVİNC
Nəsə olub?
SEVİNC
Sevinc xala, saçın…
Sara döz bilmir və qəşş edib gülür.
SEVİNC
Nə olub ki, saçıma?
Sevinc saçına əl gəzdirib onu səliqəyə salır.
Teymur dikəlib Sevinclə yanbayan qalır.
TEYMUR
Zarafat eliyirik, hər şey yaxşıdı…
SEVİNC
(saraya)
Gül, gül mən də sənə hədiyyəni vermiyəcəm.
Sara gülüşünü yığışdırır.
Sevinc cibindən nə isə çıxarıb arxasında gizlədir.
SEVİNC
Bilirsən hara getmişdim? 25
SARA
Hara?
Sevinc telefon qutusunu göstərir.
SEVINC
Atanın hədiyyəsini götürməyə.
Sevinc telefonu uşağa verir.
SEVİNC
İndi haçan istəsən ataya yaza bilərsən. O da danışıb yorulmaz.
Teymur sevinir. Sara sevincindən çaş-baş qalır.
TEYMUR
Nə deyəllər?
SARA
Sağ ol Sevinc xala.
Sara keçib qıraqda telefonu qutusundan çıxarır.
TEYMUR
Mən onun ödənişini bağlıyacam.
Sevinc uşağa baxır.
SEVİNC
Heç nə lazım deyil, onun sevinməyi nəyə desən dəyər.
29. NAT. İNTERNATIN HƏYƏTİ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, MÜDİRƏ, SARA, MASSOVKA
Müdirə uşağın əlindən tutub internata tərəf gedir. Teymur baxışları ilə onları ötürür. Birdən uşaq Müdirənin əlindən çıxıb qaçıb yenə atasını qucaqlayır.
SARA
Sabah gələcəysən?
TEYMUR
Hər gün gələcəm.
SARA
Amma yağış yağsa gəlmə. Xəstələnəcəysən. 26
MÜDİRƏ
(kadrdan kənar)
Sara, gəl.
Uşaq birdə onu qucaqlayır və qaçıb gedir.
Teymurun gözləri dolur.
30. NAT. MƏHƏLLƏ – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, MASSOVKA
Teymurla Sara arkaya keçirlər. Üst başları hələ tam qurumayıb. Sevinc Teymurun dayandığını görüb ona tərəf çönür.
Teymura həyəcan gəlir, sanki nəfəsi çatmır. O divara qısılır. Sevinc yaxınlaşır.
SEVİNC
Noldu? Həkim çağırım?
Teymur başı ilə yox deyir.
SEVİNC
Qalx evə dincəl. Çox yordun özüvü.
TEYMUR
Hər dəfə döyüşə gedəndə evdəkilərnən danışırdım. Sara deyirdi ki, sabah gəlirsən, ata? Deyirdim gələcəm, bilmirdim necə olacaq… Özümə görə qorxmurdum. Qorxurdum uşağım atasız qala… Amma mənim balam kimi şəhidlərimizin də balası var. İstəməzdim onların gözü yolda qalsın… Mən çox dostumu qardaşımı itirdim…
SEVİNC
Allah rəhmət eləsin…
Sevincin gözləri dolur.
Onlar uzaqlaşaraq söhbət edirlər.
SEVİNC
Sabah da gedərik, Nigar xanımla danışaram icazə versin uşağı götürək… 27
Burda maraqlı bir yer tanıyıram, Saranın çox xoşuna gələcək… Elə gedərik ora.
31. İNT. SEVİNCİN EVİ. SEVİNCİN OTAĞI – AXŞAM
İŞTİRAKÇILAR: SEVİNC, LEYLA
Sevinc evə keçir.
LEYLA
Vaqif sənsən?
SEVİNC
Mənəm….
LEYLA
(o biri otaqdan)
Üst-başın su oldu? Dedim axı zontik götür, bu günə yağış deyiblər.
Sevinc otağına keçir. Çantasını çarpayının üstünə atır. Fikirlidir.
Leyla pəncərəyə yaxınlaşır.
LEYLA
Necə keçdi?
SEVİNC
Yaxşı…
Leyla içəri keçir.
LEYLA
Bəs niyə beləsən?
Sevinc susur.
SEVİNC
Heç nə. Yorğunam. Bütün günü uşağı gəzdirmişik.
LEYLA
İndi hər dəfə sən uşağı götürməlisən ordan?
SEVİNC
Hə də. Tək getsə icazə vermiyəcəylər axı… 28
LEYLA
Bildim amma sən çox ürək yandırırsan.
Sevinc anasına zillənir.
LEYLA
Mən bilirsən nədən qorxuram? İndi sən ona ümid verirsən. Sabah Allah eləməsin uşağı əlindən alsalar təsəvvür eləyirsən nə günə qalacaq? Kim günahkar olacaq? Sən.
SEVİNC
Mən niyə günahkar oluram? Pis bir şey eliyirəm ki, bəyəm? Sən bu gün onları bir yerdə görməmisən axı… Görsəydin inanardın ki, uşaq atasının yanında olsa hər ikisi üçün yaxşı olacaq. Bəlkə elə onda Teymur tez sağala…
LEYLA
Ay qız olsune mən nə deyirəm ki, amma sən başa düşmürsən ki…
SEVİNC
(pauza)
Sən nəyə görə belə narahatsan?
LEYLA
Allah peşman eləməsin.
Leyla hirsli halda çıxıb gedir.
32. İNT. TEYMURUN EVİ. QONAQ OTAĞI – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR
Telefonun ekranında qələbə gününə aid video gedir. Kütlə şəhərə axışıb qələbə şüarını qışqırır.
Teymur divanda oturub buterbrod yeyə-yeyə telefonda videoya baxır. Birdən qələbə şüarları güllə səsləri ilə əvəz olunur. Teymur ətrafa baxır amma daha belə diksinmir.
Onun burnundan qan açılır və düşür qələbə videosunun üstünə. Teymur tez telefonu qırağa qoyur və durub gedir. 29
Videonu pauzaya qoymağa macal tapmır deyə qana bulanmış ekranda qələbə şüarlarını qışqıran video gedir.
33. İNT. İNTERNAT. YATAQ OTAĞI – AXŞAM
İŞTİRAKÇILAR: SARA, MASSOVKA
Sara yerində uzanıb telefonda nə isə yazır. “Necəsən, ata?”. Göndərir. Cavab gəlir. “Yaxşıyam qızım, çox yaxşıyam.”
Sara sevinir.
34. İNT. TEYMURUN EVİ. DƏHLİZ – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR
Uzun bir dəhlizin sonunda oturan Teymuru görürük. O kontuziyanın verdiyi ağrılardan qıvrıla-qıvrıla qalıb.
35. İNT. XƏSTƏXANA. PALATA – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, HƏKİM, TİBB BACISI
Teymuru dəmir sütunlardan tutub addımlamağa çalışır.
HƏKİM
İndi burax əlini.
Teymur əlini çəkir.
HƏKİM
Aha…
Teymurun hər addımı ona dözülməz ağrı verir. Bir… İki… Üçüncü addımda büdrəyir və yıxılır. Həkim və tibb bacısı onun yardımına qaçırlar.
TEYMUR
(kadr arxası səs)
Bu gün həkimin yanına getmişdim. Dedi ki, tez sağalacam. Sonra da gəlib səni götürə biləcəm.
36. İNT. TEYMURUN EVİ. QONAQ OTAĞI – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR
Teymur divanda uzanıb yatıb. Üstünü necə gəldi örtüb. Jurnalnının üstü tör-töküntüdür.
TEYMUR
(kadr arxası səs)
Belə amma hər şeyi özüm eliyə bilirəm. Yemək bişirirəm, evləri təmizliyirəm. 30
37. NAT. BULVAR – GÜNƏŞİN ÇIXMAĞI
İŞTİRAKÇILAR: TEYMUR, MASSOVKA
Camaat idman edir, qaçırlar. Hamı hərəkətdədir. Onların içində hərəkətsiz dayanan Teymuru görürük. Təngnəfəsdir.
Günəşin çıxmağına baxır.
TEYMUR
(kadr arxası səs)
Hər səhər idmana çıxıram…
Sən evə gələndən sonra tez-tez bulvara gələrik. Səhərlər bura bilirsən necə gözəl olur? Qabaqlar buna fikir vermirdim.
38. NAT. MƏHƏLLƏ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR
Teymur özünü evə çatdırmaq istəyir amma bacarmır. Elə qapısının ağzında qaytarır.
TEYMUR
(kadr arxası səs)
Ağrılarım da demək olar ki, yoxdu. Özümü yaxşı hiss eləyirəm.
39. İNT. İNTERNAT. YATAQ OTAĞI – GECƏ
İŞTİRAKÇILAR: SARA, TEYMUR, MASSOVKA UŞAQLAR
Sara yatıb. Qapı aralanır və Teymur ona baxır.
TEYMUR
(kadr arxası səs)
O da sənə görədi… Hər gün səni görəndə daha da güclü oluram.
40. İNT. KAFE – AXŞAM
İŞTİRAKÇILAR: SEVİNC, TEYMUR, MASSOVKA
Teymur gərgin oturub. Sevinc onların sifarişini gətirir və onunla üzbəüz oturur.
Teymur fikrə gedib deyə Sevincin gəlməyini görmür. Sevinc nə isə deyir və yalnız onda Teymur ona baxır.
Sevinc başa düşür ki, Teymur yenə səslərə tab gətirə bilmir. Ətrafa baxır və işarə edir ki, gedək. Teymur onu saxlayır. 31
TEYMUR
(kadr arxası səs)
Düzdü mən özümü tək hiss eləmirəm. Sevinc xala hərdən gəlib mənə dəyir. Sağ olsun. O da sənə salam göndərir. Az qalıb, hər şey yaxşı olacaq.
41. İNT. SEVİNCİN EVİ. MƏTBƏX – SƏHƏR
İŞTİRAKÇILAR: SEVİNC, LEYLA, VAQİF
Leyla nə isə iş görür. Sevinc əlində alış-veriş içəri keçir. Leyla onu görür.
LEYLA
Atan gedib də bazarlığa, bunları niyə almısan?
SEVİNC
Özümüzçün almamışam. Bu gün Teymur Saranı evə gətirir. Bayramı bir yerdə keçirəcəylər. Uşaq üçündü.
LEYLA
Yaxşı, qoy ora özüm apararam.
SEVİNC
Aparacam da mən, onsuzda Saranı görmək istiyirəm.
LEYLA
Dəqiq Saranı gərmək istiyirsən?
Sevinc duruxur.
SEVİNC
Başa düşmədim, nə demək istiyirsən ki?
LEYLA
Xəbərin var özünü bədbəxt eliyirsən?
SEVİNC
Niyə, kiməsə yaxşılıq eləmək bədbəxt olmaq deməydi?
LEYLA
Yox. Amma sən hələ cavansan, həyatın qabaqdadı.
(ARDI) 32
LEYLA (DAVAM)
Başa düşürəm yaxşılıq eləmək istiyirsən. Teymur da layiqli adamdı…
(hirsli)
…amma 9 yaşdı uşağı var, özü də qüsurludur.
SEVİNC
Elə demə Allaha acıq gedər.
LEYLA
(qəzəblə)
Getməz…
(sakitləşir, kövrək)
Mənim bir dənə balam var da. Səninçün başqa həyat arzuluyuram.
SEVİNC
(pauzadan sonra)
Ana, mən Teymura kömək eliyirəm, vəssalam.
Qapı səsi gəlir. Leyla tez göz yaşını durmaq istəyir, Sevinc saxlayır. Sevinc gedir.
Leyla göz yaşını silib çıxır.
42. NAT. İNTERNATIN KÜÇƏSİ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SARA, MÜDİRƏNİN KÖMƏKÇİSİ
Teymur bayırda gözləyir. Darvazanın qapısı açılır. Müdirənin köməkçisi uşaqlıq birlikdə Teymura yaxınlaşır.
MÜDİRƏNİN KÖMƏKÇİSİ
Nigar ana sabah günorta burda olacaq. O gələnə kimi uşağı gətirin.
TEYMUR
Lazım olsa mən Nigar xanıma özüm də deyərəm. Amma bu yaxşılığıvızı yaddan çıxartmıyacam.
Teymur cibindən pul çıxarıb ona vermək istəyir.
TEYMUR
Mənim adımdan özünə nə isə alarsan.
Köməkçi onun əlini saxlayır. 33
MÜDİRƏNİN KÖMƏKÇİSİ
Narahat olmayın, mən özüm də burda böyümüşəm. Yaxşı bilirəm ana-ata yolunu gözdəmək nə deməydi. Bayramınız mübarək.
Teymur başı ilə sağ ol deyir və gedir.
43. İNT. TEYMURUN EVİ. QONAQ OTAĞI – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR, SARA
Teymurnan Sara yerdə jurnalnının yanında yanbayan oturublar. Masanın üstündə yeməklər var.
Teymur Saranın qabağına yemək qabını çəkir.
TEYMUR
Bundan da bir az ye.
SARA
(narazı)
Ata…
TEYMUR
Ye, ye…
Yeməyi uşağın ağzına aparır. Sara gülə-gülə başını çəkir.
SARA
İstəmirəm day. Qarnım partdıyacaq.
TEYMUR
Qarnın… Baxım…
Teymur əlini onun qarnına qoyur quya yoxlayır.
TEYMUR
Düz deyirsən, partdıyacaq.
Sonra birdən qıdıqlamağa başlayır. Sara qəşş eləyib gülür.
SARA
Eləmə…
Onlar ikisi də gülürlər. Sonra Teymur yorulub dayanır. Sara pianonun üstündə nənəsinin şəklinə baxır.
SARA
Nənə üçün darıxırsan?
Teymur da şəklə baxır və başı ilə hə deyir.
SARA
Çox uzaqlara gedib?
TEYMUR
Hə….
SARA
Amma sən getməya…
Teymur bilmir nə desin.
Bu an qapı döyülür.
SARA
Mən açaram.
Uşaq qaçıb gedir. Teymur hələdə onun dediyini fikirləşir.
44. İNT. TEYMURUN EVİ. DƏHLİZ – AXŞAM
İŞTİRAKÇILAR: SEVİNC, SARA, TEYMUR
Sara qapını açıb Sevinci görür. Onun əlində bayram xonçası var.
Sevinc ona gülümsəyir.
SEVİNC
Xoş gəlmisən. Necə keçir bayram?
SARA
Ata məni o qədər yedizdirib ki, qarnım partdıyır.
Sevinc gülür, yalandan narahat sifət eləyir.
SEVİNC
Mən də sizə çaynan içməyə pay gətirmişəme.
SARA
Sən də otur da biznən.
SEVİNC
Yox, yox, başqa vaxtı gələrəm. İndi bir az işdərim var.
SARA
Nolar Sevinc xala… Mən 1 günlük gəlmişəm axı…
Bu söz Sevinci tutur. Sevinc qonaq otağından onlara baxan Teymuru görür. 35
45. İNT. TEYMURUN EVİ. QONAQ OTAĞI – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR, SARA, SEVİNC
Qadın əlləri dominoya oxşar daşlardan tikilmiş hündür bir qülləyə oxşar bir şeydən daş çıxarır və çalışır ki, o aşmasın.
SARA
Aşacaq.
Sevinc çox həyəcanlıdır.
SEVİNC
Aşmıyacaq.
Sevinc daşı çıxarır və qüllə aşmır. Sevinc rahatlıqla nəfəsini dərir.
SEVİNC
(saraya)
Gördün? İndi sən…
Sara qəti həyəcanlanmadan bunu bacarır.
Teymur baxır ki, əli əsir və zarafatla söhbətdən çıxmaq istəyir.
TEYMUR
Bəlkə mən eləməyim? Dağıdacam bunu…
SARA
Onda uduzacaqsan.
SEVİNC
Məncə də…
TEYMUR
Yaxşı…
Teymur əli əsə-əsə cəhd edir və onda alınır.
SEVİNC
Yenə mən? Görək…
Sevinc həyəcanla daşı götürməyə çalışır və bu an məhəllədən möhkəm siqnal səsi gəlir. Sevinc diksinir və tikintini dağıdır.
Sevinc onlara baxır. Sara gülməyini saxlamağa çalışır amma bacarmır. Ürəkdən gülür.
Sevinci də gülmək tutur. 36
SEVİNC
Sayılmır bu. Səsdən qorxdum.
SARA
Uduzdun…
SEVİNC
Elə şey yoxdu.
SARA
Cığallıq eləmə… Uduzdun… Uduzdun…
SEVİNC
Yaxşı uduzan neyniyir?
Sara Teymura baxır. Sevinc ayağa durur və qaşlarını çatıb yavaş-yavaş Saranın üstünə gəlir. Sara gülə-gülə durub geri çəkilir.
Sevinc qalxıb Saranın üstünə gedir.
SEVİNC
Mən bilirəm uduzan neyniyəcək…
Sara yazı masasına tərəf qısılır.
SARA
Yo gəlmə…
Biz bu səhnəni dəhlizdən görürük. Sara o biri otağa qaçır. Sevinc dalınca. Onların gülüş səsləri gəlir.
SEVİNC
(kadrdan kənar)
Gəl bura…
Teymur kadra girir. Sara qaçıb onun yanından keçmək istəyir amma Teymur onu tutur.
SARA
Ata burax…
Sevinc onlara yaxınlaşır.
SEVİNC
(gülə-gülə)
Dedim axı qaça bilmiyəcəysən.
Sara bərk gülür. 37
Kamera dəhlizlə uzaqlaşır. Biz xoşbəxt ailə tablosu görürük.
46. İNT. TEYMURUN EVİ. YATAQ OTAĞI – GECƏ
İŞTİRAKÇILAR: TEYMUR, SARA
Teymur qızının üstünü örtür. Görür ki, uşaq yatmaq istəmir. Getmək istəyəndə uşaq onun əlindən yapışır.
SARA
Getmə.
TEYMUR
Yat, gecdi day.
SARA
İstəmirəm.
Teymurun əlini qucaqlayır.
TEYMUR
Niyə?
SARA
İstəmirəm səhər gəlsin. Onda mən gedəcəm. Sən yenə darıxacaqsan.
TEYMUR
(pauza)
Bəlkə mən qoymadım sən gedəsən?
SARA
Doğrudan? Söz verirsən?
TEYMUR
Söz verirəm.
Teymur gülümsəyir. Sara onun üz gözünə əl çəkir. Gözlərini yumur, yuxuya gedir. Teymur onun alnından öpür
47. NAT. MƏHƏLLƏ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SARA, MÜDİRƏNİN KÖMƏKÇİSİ, MÜHAFİZƏÇİ, SEVİNC, VAQİF, MASSOVKA
Köməkçi məhəllədə durub. Yanında mühafizəçi. Onların yanından məhəllə adamı keçir.
KÖMƏKÇİ
Bilmirsiz, Teymur bəy harda qalır? 38
MƏHƏLLƏ ADAMI
İkinci mərtəbədə… O de gəlir.
Teymur pilləkənlə aşağı düşür. Sevinc evdən çıxıb onları görür.
KÖMƏKÇİ
Siz günortaya kimi uşağı gətirməliydiz.
TEYMUR
Bilirəm. Olar qızım bir gün də mənimlə qalsın?
KÖMƏKÇİ
İnanmıram alınsın.
TEYMUR
Biz bu gün şəhərə çıxmaq istiyirdiy. Ona paltar almalıyam.
KÖMƏKÇİ
Teymur bəy biz onsuzda uşağı buraxmaqnan qanunu pozmuşuq. Gəlin işi lap da ağırlaşdırmayaq.
Sara yuxarıda görünür.
SEVİNC
Bəlkə biz Nigar xanımla özümüz danışaq?
KÖMƏKÇİ
O mənə tapşırdı ki, nə olur olsun uşağı özümlə gətirim.
TEYMUR
Mən onu vermiyəcəm.
Vaqif də evdən çıxır.
SEVİNC
Sakit ol…
(köməkçiyə)
İstəyirsız gəlin qalxaq yuxarıda danışaq?
Sara aşağı düşür. Köməkçi onu görür.
KÖMƏKÇİ
Sara necəsən? Gəl.
Köməkçi ona tərəf gedir. Uşaq qaçıb Teymurun arxasında durur.
TEYMUR
Qızım mənim yanımda qalmalıdı.
KÖMƏKÇİ
Bizi də başa düşün. Sonra gəlib yenə onu apara bilərsiz.
Köməkçi yaxınlaşır amma Teymur əlini uzadıb ona yaxınlaşmağa qoymur.
Məhəllə camaatı yığılır.
SEVİNC
Teymur qulaq as, gəl bəlkə onlarnan bir yerdə gedək elə yerində danışaq?
TEYMUR
Yox, yox…
Teymur həyəcanlanır.
SARA
Mən burda qalmaq istiyirəm.
Teymur uşağı qucaqlayır.
Köməkçi mühafizəçiyə baxır və o hər şeyi başa düşüb Teymurun üstünə gedir.
Uşağı almaq istəyir. Bu an Vaqif mühafizəçinin əlindən tutur. Onlar baxışırlar.
VAQİF
Əlini çek görüm…
3-4 kişi xeylağı Teymurun qabağına keçir və tərs-tərs mühafizəçiyə baxırlar.
Məhəllə Teymurun qorumağa çıxır. Mühafizəçi geri çəkilir və çarəsiz halda köməkçiyə baxır.
KÖMƏKÇİ
Teymur bəy yavaş-yavaş ona sahib çıxa biləcəysiz… Amma belə eləsəz biz də məcbur qalıb yenə polis çağıracıyıq. Axırda da əziyyət çəkən uşaq olacaq.
40
Sevinc Teymura baxır.
SEVİNC
Teymur məncə xanıma qulaq asaq. Indi Saranı fikirləşmək lazımdı. Görürsən uşağı buraxdılar sənin yanında qalsın. Yenə də buraxacaqlar.
Sevinc yavaşca yaxınlaşır. Saranın əlindən tutur.
TEYMUR
Uşağımı itirmək istəmirəm.
SEVİNC
İtirmiyəcəysən… Heç vaxt… Biz hamımız əlimizdən gələni eliyəciyik ki, Sara yenə bura gəlsin. Burax…
Teymur Saranı buraxır amma uşaq ondan bərk yapışır.
SEVİNC
Sara, mənə bax. İndi sən xalagilnən gedəcəysən amma bir azdan biz gələciyik sənə dəyməyə.
Sevinc Saranı atasından ayırır. Köməkçi uşağın əlindən tutub aparır. Teymur bunu izləyir.
SARA
(hirsli)
Axı sən mənə söz vermişdin.
Teymur dözmür və uşağa sarı atılır. Məhəllə camaatı onu tutur.
TEYMUR
(qışqırır)
Sara… Bağışla… Bağışla…
Saranı aparırlar. Teymur sanki taqətdən düşür, sakitləşir. Adamlar onu buraxır. Hamı kədərlə onu izləyir. Teymur pilləkənə tərəf gedir. Hamı qabağından çəkilib ona yol verir.
Teymur qırağa keçir.
TEYMUR
Mən hələ ölməmişəm axı…
41
Başını qaldırır, görə baxır.
Getdikcə hirs gəlir.
TEYMUR
Mən burdayam…
(qışqırır)
Ölməmişəm… Mən burdayam…
Teymurun halı pisləşir. Birdən ürəyi gedir. Hamı ona tərəf qaçır.
48. İNT. XƏSTƏXANA. PALATA – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, HƏKİM
Sevinc Teymurun yanında oturub.
SEVİNC
Ürəyin nəsə istəyir deyim gətirsinlər?
Teymur cavab vermir, sadəcə baxır, sanki başa düşmür.
SEVİNC
Qorxutdun hamını… Sabah gedəcəm Saranı görməyə. Nəsə sözün var deyim, hə?
Teymurun yenə susmağı Sevinci narahat etməyə başlayır.
SEVİNC
Onda mən deyərəm… Deyərəm ki, ata səni yanından heç hara buraxmıyacaq. Belə də deyərəm…
(pauzadan sonra)
Əlimnən gələni eliyəcəm ki, sən sözüvün üstündə dura biləsən.
Teymur reaksiya verməsə də gözləri dolur.
SEVİNC
(kadr arxası səs)
Mənə elə gəlir ki, başa düşür nə deyirəm amma cavab verə bilmir.
49. İNT. XƏSTƏXANA. DƏHLİZ – SƏHƏR
İŞTİRAKÇILAR: SEVİNC, HƏKİM, MASSOVKA
Sevinc həkimlə danışır.
42
HƏKİM
Hamısı müharibədən sonrakı postraxmatik sindroma görədi. Necə deyim… Elə bil ki, beyin xaricdən gələn siqnalla tam reaksiya verə bilmir. Qorxutmaq da istəmirəm, məncə hələki burda qalsa yaxşıdı.
Sevinc narahat halda həkimə baxır.
50. NAT. İNTERNATIN HƏYƏTİ – SƏHƏR
İŞTİRAKÇILAR: SEVİNC, MASSOVKA
Sevinc internatın həyətinə keçir, binaya daxil olur.
51. İNT. İNTERNAT. PSİXOLOQ OTAĞI – SƏHƏR
İŞTİRAKÇILAR: SARA, SEVİNC
Sara kefsiz halda yerində uzanıb. Sevinc yanına keçir. Sara onu görüb ayılır.
SARA
Ata da gəlib?
SEVİNC
Bu gün tək gəlmişəm.
Sevinc yanında oturur. Sara məyus halda başını aşağı salır.
SARA
Küsüb mənnən?
SEVİNC
Yox, elə şey olar? O seni çox istiyir.
SARA
(pauzadan sonra)
Niyə mənim atam hamı kimi deyil?
SEVİNC
Çünki sənin atan qəhrəmandı.
SARA
Qəhrəman?
SEVİNC
Hə. O bizim hamımızı qorumağa getmişdi.
(ARDI)
43
SEVİNC (DAVAM)
Orda xəstələndi. Ona görə də indi biz neynəməliyiy? Dua eləməliyiy ki, o sağalsın.
SARA
Mən dua eliyə bilirəm. Nənə deyirdi ki, Allah məni tez eşidir.
SEVİNC
Düzdü…
SARA
Sən də mənimlə dua eliyərsən?
Sevinc başı ilə hə deyir.
Sara əlləini açıb dua eləməyə başlayır. Sevinc onu kənardan izləyir və sonra qoşulur.
52. İNT. SEVİNCİN EVİ. QONAQ OTAĞI – AXŞAM
İŞTİRAKÇILAR: VAQİF, SEVİNC, LEYLA
Vaqif oturub. Leyla ona çay gətirir.
LEYLA
Özünü görə bildin?
VAQİF
Yox, elə həkimnən danışdım.
LEYLA
Nə deyir?
VAQİF
Həç nə, vəziyyət yaxşı deyil. Ona sakitçilik lazım idi.
Sevinc gəlir.
VAQİF
Uşaq necədi qızım?
Sevinc başı ilə yaxşı deyil işarəsini verir.
LEYLA
Mən sənə demişdim Sevinc… Demişdim axırı belə olacaq?
Sevinc gedir.
44
VAQİF
Nolub ki?
LEYLA
Məncə sən qızınla danış…
Leyla gedir. Atası Sevincə zillənir. Sevinc utandığından başını aşağı salır.
53. İNT. İNTERNAT. YATAQ OTAĞI – GECƏ
İŞTİRAKÇILAR: MÜDİRƏ, SARA.
Sara əlində telefon zəng edir. Qudok gəlir amma götürmür. Müdirə otağa keçən kimi Sara tez telefonu gizlədir və gəzlərini yumur. Müdirə yaxınlaşıb onun üstünü örtür.
54. İNT. XƏSTƏXANA. DƏHLİZ – SƏHƏR
İŞTİRAKÇILAR: SEVİNC, TİBB BACISI, MASSOVKA
Sevinc dəhlizlə gedir. Görür ki, Teymurun palatasından tibb bacısı çıxıb tələsik gedir. Sevinc narahat olur.
SEVİNC
Xanım…
Tibb bacısı dayanmır.
HƏKIM
(palatadan səs)
Teymur sağalmaq istəmirsən?
55. İNT. XƏSTƏXANA. PALATA – SƏHƏR
İŞTİRAKÇILAR: SEVİNC, TEYMUR, HƏKİM
Sevinc palataya keçir. Həkim Teymurun başının üstündə dayanıb.
Sevinc Teymura yaxınlaşır. Həkim onu görür.
HƏKİM
Yaxşı gəldiz… Bəlkə sizə qulaq asar. Heç nə yemir, içmir…
TEYMUR
Sevinc… Qızımı görmək istiyirəm.
SEVİNC
Sabah gedib icazə alıb gətirərəm bura.
TEYMUR
Yox. Məni burda görməsin… Özüm getmək istiyirəm…
Sevinc həkimə baxır, sanki soruşur ki, olar ya olmaz. Həkim çarəsiz halda başını bulayır.
HƏKİM
(kədərlə)
Məncə aparın görsün.
Sevinc qorxu içində Teymura baxır. Teymur sönən baxışlarla ona baxır.
56. NAT. İNTERNATIN HƏYƏTİ – SƏHƏR
IŞTIRAKÇILAR: SEVİNC, TEYMUR, SARA, MÜDİRƏ, KÖMƏKÇİSİ, MÜHAFİZƏÇİ, MASSOVKA
Sara həyəcanla gözləyir. Maşın səsi gəlir. Sara müdirənin əlindən çıxıb qaçır.
MÜDİRƏ
Sara gözdə…
Darvazanın qapısı açılır və Sevinc Teymurun qoluna girib ona içəri keçməyə kömək edir.
Sara yarı yolda dayanır, qorxu içində atasına baxır.
Teymur ona gülümsəyir. Sevincin qolunu buraxır və qızına tərəf yavaşca addımlayır.
Hamı bunu izləyir.
Teymur növbəti bir addımı atıb dayanır, ona çətindi. Yenə qabağa gedir.
DÖYÜŞ BÖLGƏSİ – Teymur PƏNCƏRƏDƏN DÜŞMƏNİ ATƏŞƏ TUTUR VƏ BU AN SİNƏSİNƏ GÜLLƏ DƏYİR.
İNTERNAT – Teymur bir addım geri atılır sanki, güllə indi ona dəydi.
Sara həyəcanla baxır.
DÖYÜŞ BÖLGƏSİ – Teymur SİNƏSİNƏ İKİNCİ GÜLLƏ DƏYİR. O YERƏ YIXILIR.
INTERNAT. – Teymur sanki elə burda da ikinci dəfə güllələnib, büdrəyir və yerə yıxılır.
Sevinc Teymura tərəf qaçır, yanına çökür. Sonra kiməsə nə isə qışqırıb deyir. Müdirə içəri qaçır. Nəzarətçi uşaqları tez içəri aparır.
46
Sara qorxa-qorxa Teymura tərəf yaxınlaşır. Sevinc telefonla təcili yardımla danışır.
SEVİNC
(fonda)
Binə qəsəbəsi, nə olar tez olun xəstə huşunu itirib.
Sara atasının yanında diz çökür, uzanıb onu qucaqlayır. Sevinc dəstəyi asır. Bu səhnəni görür.
DÖYÜŞ BÖLGƏSİ – Teymur SARANIN ŞƏKİLİNƏ BAXIR.
İNTERNAT – Sara atasının yanağına toxunur.
SARA
Bax yenə küsüm səndən?
Teymur reaksiya vermir. Burnundan qan açılıb. Qızı atasını qucaqlayıb qalır. EKRAN QARALIR.
57. NAT. MƏHƏLLƏ – SƏHƏR
İŞTİRAKÇILAR: MASSOVKA (UŞAQLAR, QADIN VƏ KİŞİLƏR)
Biz məhəlləni görürük. Həyətdə uşaqlar tonqalın taxtalarını bir yerə yığırlar. Yaşlı kişilər nərd oynayırlar.
Qadınlardan kimisi paltar yığır, kimisi əlində səməni və bazarlıq keçir.
58. İNT. TEYMURUN EVİ. QONAQ OTAĞI – SƏHƏR
Boş ev görürük. Balkonun qapısı açıqdır. Külək pərdəni oynadır.
59. İNT. XƏSTƏXANA. PALATA – SƏHƏR
İŞTİRAKÇILAR: TİBB BACISI
Tibb bacısı çarpayını səliqəyə salır.
60. NAT. ŞƏHİDLƏR XİYABANI – SƏHƏR
Kadrda üzü qırış-qırış, gözlərində yaş, başı örtüklü qara paltarlı qadın görürük. O SƏMAYƏ HƏŞİMOVADIR. Kemera aralaşır və biz qadının Polad Həşimovun məzarının qabağında durduğunu görürük.
Onunla bərabər şəhidlər xiyabanında çoxlu sayda insan hərə öz yaxınının məzarını ziyarət edir.
61. NAT. MƏHƏLLƏ – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR, SARA, SEVİNC, VAQİF, LEYLA, MASSOVKA
Böyük bir tonqal qalanıb. Məhəllə camaatı ətrafına toplaşıb.
Sevinc Saranın əlindən tutub məhəlləyə keçir. Sara kütlənin içində kimisə görüb dayanır.
Biz həmin adamın Teymur olduğunu görürük. O da uşağını görür. Uşaq qaçır onu qucaqlayır.
Kimsə belinə Azərbaycan bayrağını atıb tonqala tərəf gəlir. Sara bunu görür.
Teymur Sevincə baxır. Sevinc qıraqda dayanıb ata-balanı izləyir.
62. İNT. SEVİNCİN EVİ. QONAQ OTAĞI – SƏHƏR
İŞTİRAKÇILAR: SEVİNC, VAQİF, LEYLA
Atası yaxınlaşıb sadə ağ paltar geyinən Sevincin alnından öpür. Anası da qıraqda kövrəlib dayanıb amma bu sevinc göz yaşlarıdır.
63. NAT. MƏHƏLLƏ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, VAQİF, LEYLA
Sevinc evdən çıxır Teymuru görür. Teymur səliqəli Kostyumda, əlində butanerka (gül dəstəsi) dayanıb. Sevinci görüb gülümsəyir.
Sevinc utanır.
64. INT. ZAQS MƏNTƏQƏSİ – SƏHƏR – FLASHBACK
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, MASSOVKA
Sevinc Teymura kömək edir qol çəkməyə. Hamı əl çalır.
65. İNT. İNTERNAT. DƏHLİZ – SƏHƏR
İŞTİRAKÇILAR: TEYMUR, SEVİNC, SARA, MÜDİRƏ, MASSOVKA
Teymur bir dizi üstə qalıb. Sara qaçıb atasını qucaqlayır.
Müdirə ilə Sevinc onlara baxırlar.
66. NAT. MƏHƏLLƏ – AXŞAM
İŞTİRAKÇILAR: TEYMUR, SARA, SEVİNC, VAQİF, LEYLA, MASSOVKA
Teymur qayğı dolu baxışla Sevincə baxır və ona əlini uzadır. Sevinc yaxınlaşıb onun əlindən tutur. Vaqifgil onlara baxırlar.
Camaat hələdə qələbə şüarını qışqırır.
48
Onlar ikisi də əlini Saranın başının üstünə qoyur.
Kamera ümumi planda qələbə qışqıran kütləni və YANAN TONQALI GÖSTƏRİR.
SON