Murad Abiyev həyəcan təbili çalır
Rejissor Murad Abiyevin filmləri mövzularının aktuallığı və səmimiliyi ilə seçilir.
Onun debüt işi – “Köhnə Bakı ölməyib” (2013) qısametrajlı bədii filmi Bakının keçmişi üçün nostalgiyadır. Hərçənd, rejissor bu xəttə xüsusi ifadəlilik vermədən, onu qəhrəmanın şəxsi həyatında, yaşantılarında cızır.
Qəhrəman monoton həyat yaşayan ortayaşı ötmüş, dul qalmış Ağarəhimdir (Vidadi Həsənov). O, arvadının ruhuyla söhbətləşir, İçərişəhərin küçələrini dolaşır, öz dünyasına qapanaraq yaşanır. Müasir həyatın gerçəkliyi sanki onun üçün mövcud deyil.
Evində gecələr peyda olan qəribə məxluq (Şövqi Hüseynov) Ağrəhimi reallığa qaytarmağa çalışaraq, arvadının şkafını satmağı və xatirələrdən xilas olmağı təklif edir. “Arvadın Sona səni yanına çağırır” xəbərdarlığından sonra kişi keçmişindən qopmağa cəhd göstərir…
Məhz bu hissəyə kimi İçərişəhər asketizmi, idilliyi vurğulanan təsvirlərdə (operator Kirill Gerra) göstərilir. Kadrda daha çox Ağarəhimin görünməsi, hermetik ab-havayla bu İçərişəhərin yalnız qəhrəmanın dünyasına aid olduğu göstərilir. Və ətraf mühitin uzaqdan eşidilən səs-küyünün, dayanıqlı planda göstərilən boş divara dəyərək əks-səda verməsi onun reallıqdan uzaqlığının, biganəliyinin təcəssümüdür.
Qəhrəman keçmişindən qopmağa çalışdığı andan daha fərqli və real İçərişəhər göstərilir: narahat, idilliyası dağılan, dinamik. Üstəlik, birinci hissədəki statik kamera, onun dəyişikliyə meylindən sonra hərəkətlənir. Kadrlarda artıq qəhrəmandan başqa qayğılı adamlar da görünür.
Rejissor bəzi səhnələrdə vizual illüziyanı dağıdır. Ağarəhimin dükana girməsi fonunda qonşulardan biri üzünü kameraya (bu, qarşıda dayanan başqa qonşu da ola bilər, hər halda biz bunu bilmirik) tutub, işdəki problemlərini bölüşür. Dördüncü divarın dağıdılması ilk epziodda da tətbiq edilir: Ağarəhim kadra girərək yerini rahatlayir, birbaşa kameraya baxır, sanki danışacağı əhvalatın hazırlığına başlayır. Bununla da müəllif tamaşaçını da ekranda baş verən hadisələrin iştirakçısına çevirməyə cəhd göstərir.
Son səhnələrdə isə İçərişəhərdə təmir işlərinin aparıldığı göstərilir. Qədim şəhərin dəyişilməsi, yenilənməsi kontekstində baxsaq “Köhnə Bakı ölməyib” adı qətiyyətli yox, nəsə qırılmış ümid kimi səslənir. Və Ağarəhimin mənzilində dolu masasının sonlara doğru boşalmasını vurğulmaq birmənalı deyil: bu qəhrəmanın ölümünü də, onun köhnə adətləri ilə vidalaşaraq yeni həyata uyğunlaşmasını da eyhamlaşdıra bilər.
“Köhnə Bakı ölməyib” filmi İçərişəhər Tarix-Memarlıq Qoruğu idarəsi və “Nar Mobile” mobil operatorunun dəstəyi ilə çəkilən “Üç tarix” kino almanaxına daxildir.
2017-ci ildə “Narimanfilm” studiyasında istehsal olunan “Qışın isti nəfəsi” sosial layihədir, vərəm xəstəliyinin təhlükəli olmadığı, düzgün müalicə nəticəsində, xəstəliyin tezliklə sağalması yönündə maarifləndirici xarakter daşıyır. Adətən sosial layihələrdə maarfiləndirici xətti bədii şəraitdə əritmək, pafosa təslim etmədən əhvalatın ikinci, amma həm də görünən planına çevrimək maraqlı yaradıcı yanaşma tələb edir. Düşünürəm ki, Murad Abiyev ümumi planda bunun öhdəsindən gələ bilib, hekayəsini düzxətli təbliğat layihəsinə çevirməyib, estetik prinsipləri gözardı etməyib.
“Qışın isti nəfəsi” filminin əslində tammetrajlı melodram potensialına malik maraqlı hekayəsi var.
Süjet, vərəm xəstəliyinə yoluxan gənc qız – Aydanın (Yaqut Mirzəzadə) buna münasibəti, reaksiyası, müalicəsi və ətrafının onun xəstəliyini necə qarşılaması haqqındadır. Müəllif duyğuları istismar etmir, əksinə, təhkiyəsini nikbin və yumor qatında işləyir, vərəm haqqında məlumatlar deklarativ olmasın deyə, maraqlı vəziyyətlər (Aydanın aktyor Azər Aydəmirlə müsahibəsi, sevgilisi ilə kafedə görüşü) düşünür. Xüsusən, dialoqlarda didaktik pafos yoxdur, mətnlər qısa və canlıdır, personajların ovqatının doğru əksidir.
Hərçənd, çətin günlər keçirdiyi müddətdə Aydanın heç kəslə bölüşmədiyi narahatlığının, kədərinin təsvirdə daha ifadəli, plastik həlli (operator Fuad Tofiqoğlu) mümkün idi. Ola bilsin, sosial layihə formatı rejissorun bu mənada düşüncələrini məhdudlaşdırıb.
Diqqəti cəlb edən məqamlardan biri rejissorun aktyorlarla işiydi (digər rolları Şəlalə Şahvələdqızı, Ceyhun Məmmədov oynayır). Murad Abiyevin sözlərinə görə, rejissorluq kurslarında Stanislavski metoduna xüsusi əhəmiyyət verirdilər ki, aktyorlarla məhz belə işləmək lazımdır: “Sadəcə təcrübə qazandıqca anladım ki, bu kino üçün elə də yararlı metod deyil. “Köhnə Bakı ölməyib” filmini çəkəndə bu nəzəriyyənin təsiri altındaydım. Aktyorların oyunlarında teatrallıq hiss olunur. Sonrakı filmlərdə başqa cür işlədim. Daha çox aktyorların kortəbii şəkildə yaranan duyğularına etibar elədim. Məşq eləmirdim, dublları çəkə-çəkə, korrektə edə-edə lazımi nəticəni alırdım”.
“Dəniz suyu içən it” (2017) ümidsizliyə qapılan, intihar etmək istəyən gənc qadının hekayəsidir.
Dənizə intihar etməyə gələn gənc qadın (Natəvan Hacıyeva) yolboyu onu bu vəziyyətə gətirən əhvalatdan fraqmentləri xatırladır. Sevdiyi kişi (Azər Aydəmir) onun hamilə qaldığını biləndə onu tərk edir, azmış kimi su içən itin təsvir olunduğu tablosunu də aparır.
Bu, dialoqsuz filmdir, narrativ təsvirlər üzərində qurulub. Qadın hamiləliyini bildirmək üçün güzgüdə pomadası ilə iki qırmızı xətt çəkir. Və ya evə gəlib kişini, tablosunu görməyəndə, onun məyusluğu impressionist tonlarla (operator Kirill Gerra) verilir.
İtin dənizdə qadını ölümdən xilas etməsiylə, onun həyata münasibəti dəyişir, keçmişiylə xatirələrini daşıyan əşyaları yandıraraq vidalaşır.
Beləliklə, həm də onun “Dəniz suyu içən it” tablosu həyatda canlanır. Final qadının qeyri-müəyyən üz ifadəsiylə bitir və hekayə açıq qalır.
“Narimanfilm” studiyasında istehsal olunan, “Qızıl Pəri” mükafatına layiq görülən filmin ssenari müəllifi Lalə Əliyeva-Klıçkovadır.
Qeyd edim ki, Murad Abiyev beynəlxalq hüquq üzrə ixtisaslaşıb. 2010-2012-ci illərdə isə Ali Ssenarist və Rejissorluq Kurslarında Vladimir Menşovun emalatxanasını bitirib.
Sevda Sultanova