Müharibəyə musiqili etiraz
Müharibəni görmədən onun ağırlığını, arxa cəbhədə “döyüşən” insanların həyatını bizə göstərən bir neçə Azərbaycan filmi var. Məsələn: “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi” və s. Sovet dövrü istehsal olunan bu filmlər İkinci dünya müharibəsi dövrünü əks etdirir. Müasir dövrdə istehsal olunan filmlərdən isə Elçin Musaoğlunun “Nabat”, İlqar Nəcəfin “Suğra və oğulları” filmini nümunə göstərmək olar. Bu filmlərin heç birində real döyüş səhnələri yoxdur, biz müharibəni görmürük, amma onu hiss edirik.
“Suğra və oğulları” filmi mənə “Tütək səsi” filmini xatırlatdı. Filmin ağ-qara olması, iki oğul böyüdən tənha ana, müharibəyə getmiş ata, kolxoz sədri və s. Təbii ki bu oxşarlıqlara baxmayaraq hər iki film fərqli mövzulardan bəhs edir.
“Tütək səsi” filmi 1975-ci ildə Rasim Ocaqov tərəfindən İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında çəkilib. Bu, rejissorun ikinci tammetrajlı filmidir. Baxmayaraq ki, Rasim Ocaqov deyiləndə ağıla daha çox “Ölsəm bağışla”, “Təhminə” filmləri gəlir.
Film kolxoz sədri Cəbrayıl ilə Səyalının həyatından, onların arasındakı münasibətdən və eyni zamanda müharibənin həm onların, həm də digər insanların həyatına vurduğu zərbədən bəhs edir. Burada hər bir qəhrəmanın öz hekayəsi var və baş qəhrəmanın kim olduğunu demək çətindir. Nurunun kadrarxası danışığı ilə başlayan film, bizi əvvəlcə hadisənin baş verdiyi zamanla, mühitlə, kənd ağsaqqalı İsfəndiyar kişi və Cəbrayıl ilə tanış edir. Filmin ilk kadrlarından italyan neorealizminin təsiri hiss olunsa da Tapdığın yuxuda atasını görmə səhnəsi, İsfəndiyar kişinin əsgər gəldiyini bilib arxasınca düşməsi və Cəbrayılın tarlada işlədiyi vaxt yağışın yağması səhnələri filmə poetiklik qatır. Kənd camaatının tarladan qayıtması kütləvi səhnəsi elə əhval-ruhiyyədə verilib ki, sanki dəfndən gəlirlər. Ləng çəkiliş həlli, insanların danışmadan gözlərini uzaqlara dikib yeriməsi, Cümrünün tütək ifası, tünd rəngli geyimlər, musiqi bütün kəndin yasa batdığını göstərir. Bu insanlar müharibəyə, qələbəyə o qədər kökləniblər ki onun uğrunda bütün hissləri öldürməyə hazırdırlar. Sanki, hamısı eyni halqanın ətrafında dövrə vurur. Onlar kiminsə fərqli yaşamasını, onların əksinə düşünməsini qəbul edə bilmirlər. Kiməsə xoşbəxt olmaq haqqını vermək, empatiya qurub hisslərinə qulaq asmaq istəmirlər. Filmi izləyəndə elə təəssürat yaranır ki, bir yerə toplaşıb hay-küy qoparmaq, kimisə qınamaq bu insanlara zövq verir. Və ona görə də Cəbrayılın bütün müsbət cəhətlərinin üstündən gözqırpımında xətt çəkirlər. Halbuki o, filmdə dürüst və hər kəsdən daha vicdanlı, canıyanan biri kimi verilib. Kənd camaatının qayğısına qalır. Hətta onların istəklərinə qarşı çıxıb hər birinə müəyyən miqdarda taxıl verilməsini təmin edir. Uşaqlı qadınlara süd verilməsinin yaddan çıxarılmamasını tapşırır. Bütün bunlara baxmayaraq, o ədalətli qərar verəndə də birmənalı qəbul etmirlər, onlardan qisas aldığını deyirlər, bu, əslində, onların öz daxili dünyalarındakı fikirləridir.
Cəbrayıl döyüşə gedən və orada həlak olan Muxtarın yerindədir. Kolxozda onun vəzifəsini icra edir. Onlar həm də yaxın dost olublar. Cəbrayıl dostuna görə öz sevgisini 20 il ürəyində gizlədib. Nəhayət uzun illərdən sonra müharibə ona içində saxladığı sevgisinə qovuşmaq şansı verir və o bu şansdan istifadə edir. O ölməyi yox, məhz yaşamağı, xoşbəxt olmağı seçir, lakin sonda o da öz xoşbəxtliyinə ətrafın müdaxilə etdiyini anlayır. Səyalı ilə onun evində görüşdüyü səhnədə ona evlənəcəyini deyir. Səyalının ipə özü ilə Cəbrayılın arasına kişi köynəyi asması, onların aralarında həmişə kiminsə durduğuna işarədir: kənd camaatı, oğlanları, lap elə müharibədə həlak olan Muxtar. Amma onlar cəsarətli addım atıb xoşbəxt olmağa cəhd edirlər – ailə qururlar. Bu ailə isə əvvəldən məhvə məhkumdur, çünki əsgər ailəsi, onun şərəfi toxunulmaz qəbul edilib. Və insanların bu ailəyə qarşı əllərində bayraq etdikləri də məhz “əsgər namusu”dur. Bütün bu təzyiqlərin altında qalan Səyalı sona qədər öz cəsarətini qoruya bilmir. Onun üçün həm kənd camaatının qınaqlarına, həm də oğlanlarına qarşı gəlmək çətin olur. İnsanlar “qara kağız” gəldiyini bilirlər, amma Səyalını ölən ərinə yas saxlamağa məcbur edirlər. Muxtarın artıq həyatda olmadığını qəbul etmirlər. Gedənlərin yerində qalanlara ömürboyu çəkəcəyi bir yük yükləyirlər və gedənlərə o qədər bağlıdırlar ki gələnləri qəbul etmək istəmirlər. Filmi izləyəndə müəllifin də bu izdivacın əleyhinə olduğu hiss olunur. O da dövrün düşüncəsinə qarşı çıxa bilməyib. Cəbrayıla özünümüdafiə üçün heç bir şans vermir. Nuru da kənddəki müharibəyə gedən kişilər haqqında danışanda daha çox Muxtarı tərifləyir, halbuki Cəbrayıl ondan da artıq bu kəndə xeyir verib. Özünün də dediyi kimi kolxozu Muxtarla birlikdə qurublar. Müharibəyə yarımillik əməkhaqqını göndərir. Tarlada insanlarla bərabər işləyir. Tapdığın təhsil almasını arzulayır. Bəlkə də müəllif, Cəbrayılı belə müsbət xarakterlərlə verib onu bizə sevdirir, amma ətrafın fikirlərini dəyişə bilməyəcəyini göstərir.
Filmdə Cəbrayılla Səyalının sevgisini müdafiə edən yeganə şəxs İsfəndiyar kişidir. Onun obrazı zərgər dəqiqliyi ilə işlənib. Daxili sarsıntıları, bir ata kimi keçirdiyi hisslər çox incəliklə çatdırılıb. Taxıl biçini zamanı onun xeyir-duasından sonra işə başlayırlar. Səbri və sakitləşdirici məsləhətləri ilə seçilir. O da Cəbrayıl kimi, reallığı qəbul edir. Oğlunun ölüm xəbərini alandan sonra sazını götürüb “Ruhani” ifa edir. Bununla da oğlunun daha gəlməyəcəyini qəbul edir və onu bu musiqi ilə “dəfn” edir. Bir ata kimi oğlunu son mənzilə sakit axan gözyaşları ilə yola salır. İsfəndiyar kişinin kəndin ağsaqqalı olduğu hər bir hərəkətilə öz təsdiqini tapır. Qılınc Qurban isə əksinə, kəskin xarakterlidir. O insanların zəif damarını bilir və yeri gələndə bundan istifadə edir. Ona görə də bir səhnədə “əvvəllər zəhmim (qorxu) vardı camaatın üstündə, ona görə də hər şey öz qaydasında idi. Dava başlayandan aləm qarışıb bir-birinə” deyir. Əslində isə elə “aləmin bir-birinə qarışmasına” səbəb müharibədir. O müharibənin ağırlığını, əsgər adının, ailəsinin necə həssas olduğunu bilir və bundan insanlara nəzarət üçün istifadə edir, bir növ manipulyasiya etməyə çalışır. Ona görə də insanların Cəbrayılın evinin qarşısına toplaşdığı səhnədə dul qadınlara əllərini qaldırmasını deyir. Səyalını hamının qarşısına çıxarmağa çalışır. Əslində isə onun “dərdi” kəndi və onun camaatını öz bildiyi kimi idarə etməkdir. Bu onun heç də mənfi qəhrəman olması demək deyil, o sadəcə öz dövrünün qaydalarını diktə edir. Özü dediyi kimi “həmişə camaat deyəni deyir”.
Filmin interyer çəkilişləri – otaqlar yarıqaranlıq təsvir edilib amma haradansa işıq düşür. Ağ ilə qaranın, işıqla kölgənin, müharibə ilə həyatın, ümidin mübarizəsi kimi… İnsanlar qaranlıqda, müharibə dəhşətinin içində yaxınlarını itirmək qorxusu ilə yaşayırlar, amma haradasa bir ümidləri var. Qələbə qazanacaqları, yaxınlarının sağ qayıdacaqları ümidi… Hətta “qara kağız” alanların belə. Burada Teyyub Axundovun operatorluq bacarığını da qeyd etmək mütləqdir. Filmin yaradıcı heyəti bir-birinin nə demək istədiyini hiss edib. Hər bir kadr kənd reallığını əks etdirir. O dövrün ab-havası indi də öz “təravətini” qoruyub saxlaya bilib. Hətta çəkiliş vaxtı Cəbrayılla Qılınc Qurbanın səhnəsində kənd camaatı hadisənin real olduğunu düşünüb dava-dalaş salmağa başlayırlar. Rejissor aktyoru – Mixail Valontiri qorumaq üçün məcbur olub polis çağırır. Kəndlilərin taxıl yığımı kadrları göz oxşayır. İnsanlar öz zəhmətlərinin bəhrəsini yığırlar – bu da pozitiv hisslər yaradır. Amma Aqşin Əlizadənin musiqisi müharibəni tamaşaçıya unutmağa qoymur. Belə bir ritmlə verilən musiqi tamaşaçıda elə hiss yaradır ki, sanki indi göydən güllələr yağacaq və hər şeyi məhv edəcək. Bütün bu dövr ərzində insanların ağır işi necə könüllü, ürəkdən etmələri və fonda əsəbləri gərgin saxlayan musiqi var. Hər şey bitəndə, taxıl göndəriləndə bu ağır musiqi kəsilir və geridə yorğun insanları görürük. Və indi onlar bayaqkı kimi həvəsli deyil, əksinə hər şeyləri əllərindən çıxmış kimi görünürlər.
Film ilkin nümayişindən sonra Moskvada bədii şura tərəfindən qəbul edilmir. Buna səbəb isə Cəbrayılın gənclərə əl qaldırdığı səhnədir. Rejissor həmin səhnəni yenidən çəkməli olur. Filmin sonu açıq finalla bitir. Bu cür hallar adətən, film bitdikdən sonra da bizi onun haqqında düşünməyə vadar edir. Biz uzaqdan gələn naməlum əsgəri və onu gözləyən onlarla insanı görürük. İstər-istəməz biz də onlara qoşulub həyəcanla kimin gəlməyini gözləyirik. Bu səhnə ilə rejissor gözü yolda qalan bu insanların ağrısını göstərir. Yaxınları həmişə onların arxasınca baxıb gözləyəcək, qayıdanlar isə naməlum qalacaq, çünki kimin qayıdacağını, necə qayıdacağını bilmirik. İsfəndiyar kişinin dediyi kimi, zəmanənin bir iblisi var -müharibə. Amma insanlar sadəcə döyüşlərdə ölmür, onlar bəzən sağ ikən mənəvi yüklərin altında əzilib ölürlər.
Diqqətimi çəkən məqamlardan biri də bəzi qadınların bəzəkli olmasıdır. Ağıla gələn ilk sual bu olur: çöldə ağır əməklə çalışan qadının gözündəki sürmə nəyə lazımdır?! Bəlkə bu da hər şeyə rəğmən qadınlığını qorumaq hissidir.
Filmdə müharibə ilə ən təsirli mübarizə Cümrünün susması və üsyanını tütəklə ifa etməsidir.
Ülviyyə Əhmədova
Məqalədəki fotolar Azərbaycan Dövlət Film Fondundan təqdim olunub.