İNDİ OXUYUR
Mövsüm Mirzəzadə: “İnanmıram ki, mənə verilən rol keçdiyim psixoloji sarsıntılardan daha ağır ola bilər”

Mövsüm Mirzəzadə: “İnanmıram ki, mənə verilən rol keçdiyim psixoloji sarsıntılardan daha ağır ola bilər”

Son illər Azərbaycan kinosunun uğuru birmənalı şəkildə müstəqil, yəni, dövlət büdcə və strukturlarından kənarda təşəkkül tapmış kinonun adı ilə bağlanır. Festivallarda göstərilən bu filmlərin ulduzlarından biri də öz aktyor keyfiyyətlərilə “Ayrı-ayrı”, “Şanxay”, “Mövsümün sonu” filmlərinə dərin məzmun, geniş kontekst gətirən Mövsüm Mirzəzadədir. 

Mövsüm Mirzəzadə

Mövsüm bəy, sizin aktyor karyeranız çox tez başlayıb. Uşaq ikən ciddi janrlı filmlərə çəkilmisiniz. İlk kino təcrübəniz haqqında danışa bilərsiniz? Necə oldu ki, filmə çəkildiniz və onda bu sizin üçün nə demək idi?

-Mən birinci sinifdə oxuyanda paralel olaraq Uşaq-gənclər yaradıcılıq mərkəzində rəqs, vokal, solfeccio və aktyorluq təhsili alırdım. Artıq ikinci sinifdə idim. Bir gün rejissor Elmar İmanov və “Djidji” Uşaq teatrının rəhbəri Zara xanım teatr üçün yeni kadrlar seçməkdən ötrü bizim mərkəzə gəldilər. Bu teatr, o vaxtlar ən yaxşı uşaq teatrlarından biri idi. Zara xanım 37 uşağın içindən məni seçdi və mən onun teatrında oynamağa başladım. Bizim dövlət filarmoniyasında, Gənc Tamaşaçılar teatrında, Kukla teatrında, Gülüstan sarayında tamaşalarımız oldu. Elmarla tanışlığımız da həmin vaxtlardan, ikinci sinifdə oxuduğum zamandan başladı. İlk filmə İdris müəllimlə (mərhum aktyor İdris Rüstəmov –A) birgə çəkilməli idim. Elə oldu ki, İdris müəllimin səhhətində problem yarandı, iş yarımçıq qaldı və bizim əməkdaşlığımız müvəqqəti olaraq dayandı. Daha sonra 2014-cü ildə biz yenidən Elmarla görüşdük. O, bizim evə gəldi, ailəmlə tanış oldu və kino sahəsində əməkdaşlığımız və dostluq bağlarımız yarandı. Həmin ərəfələrdə mən Teymur Haciyevin filmlərində çəkilirdim. Elə bilirəm ki, ilk çəkilişlərdə yaşadığım həyəcan, kameranı, kadrarxası məqamları dərk edə bilməməyim və s. sayəsində obrazlarım daha təbii alınırdı. Çünki o zamanlar yəni, o yaşda kameranın nə qədər ciddi olduğunu anlamırdım. “Niyyət ağacı”,  kinoda ilk işim idi  və ondan sonra kinoaktyorluğa marağım yarandı. Daha sonra İlqar Nəcəfin “Buta” filmində oynadım. Ordakı araqarışdıran obrazı ikinci baş rol idi və film Azərbaycanda “ən yaxşı uşaq filmi” nominasiyasında qalib oldu.

-Erkən uşaqlıq, uşaqlıq, yeniyetməlik, gənclik… Bu dövrlərin hər birində filmdə oynamısınız. Hətta tamaşaçıların gözü önündə böyümüsünüz. Həyatınızın mərhələləri ilə və ya yaşadıqlarınızla obrazlar arasında bağlılıq, paralellər varmı?

 – Çox. Amma “Buta” filmində oynadığım rol buna aid deyil. Mənim də mənfi xüsusiyyətlərim var, amma oradakı qədər yox… Məncə, rejissor, ssenari yazarı obrazı işləyəndə aktyorun uyğunluğunu mütləq şəkildə gözdən keçirməlidir. Ona görə də, Elmar İmanovla, Teymur Hacıyevlə işləmək mənə çox rahatdır. Xasiyyətimi, xarakterimi bilirlər. Elmar İmanov mənim yaşam tərzimi, ailəmi yaxşı tanıyır. Məncə, hətta o, ssenari yazanda bizim şəxsi həyatımızın müəyyən məqamlarını da ora salır. Məsələn, “Mövsümün sonu”nda bəzi məqamlar mənim həyatımla birbaşa bağlıdır. Evdən getmək, azad yaşamaq istəyi və s. kimi… “Mövsümün sonu” filminə təklif gələndə mən Gürüstanda idim və Elmar mənə ssenari ilə bağlı heç bir məlumat verməmişdi. Sadəcə dedi ki, belə bir ideya var, ssenari tam hazır deyil, bəlkə sən Bakıya gələsən? Həm də dedi ki, filmin də heç bir maliyyəsi yoxdur, sıfır büdcə ilə çəkilir, amma inanıram ki, uğur qazanacaq və s. Mən düşünmədən qəbul etdim. Bilirəm ki, nə zaman olsa, Elmarın təklifini qəbul edəcəyəm, çünki onun çəkdiyi filmlər xüsusidir. Sırf gəlir məqsədilə çəkilən, tipik Azərbaycan rejissorunun və ssenaristinin filmlərindən deyil. Bəlkə də mənim kinoya sevgim Elmarın yazdığı ssenarilərdən, çəkdiyi filmlərdən qaynaqlanır. Elmar İmanovun həyatımda tək rejissor kimi deyil, dost kimi önəmli yeri var. Ailəmin və yaxın dostlarımın bilmədiyi bəzi sirləri ona etibar etmişəm. Elmar çox gözəl sirdaş, çox gözəl yoldaş, çox gözəl müəllimdir. Elmar elə rejissordur ki, bilsəm ki, o, bir film çəkəcək və Azərbaycanda o film qətiyyən qəbul olunmayacaq, yenə də o filmə düşünmədən çəkilərəm. Çünki mən Elmarın inamına inanıram. Mən bilirəm ki, mütləq onun bir ideyası var.Teymur Hacıyevlə rejissor olaraq bir filmdə, prodüser kimisə iki filmdə işləmişəm. O da mənim üçün özəl insandır. Hətta Teymur bir filmində mənim valideynlərimi də çəkib. Hərçənd valideynlərimin hər hansı aktyorluq təcrübəsi yoxdur. Sadəcə bu onların da fitri istedadıdır…

-Necə düşünürsünüz,  kinoya çəkiləndən sonra ətrafınızın sizə münasibəti dəyişdimi və bu, sizi dəyişdirdimi?

-O qədər də yox. Mən indi Dubayda yaşayıram. Burada məni daha çox tanıyırlar, nəinki Azərbaycanda. Azərbaycanda mənim çəkildiklərimdən yalnız iki film çox göstərildi: “Buta” və “Şanxay”. Elmar İmanovun çəkdiyi filmlər daha çox Avropada, ABŞ və Kanadada göstərilir. Bizim kinoteatrlar o filmləri o qədər də göstərmir. Səbəbinin Elmarın özündən, ya qeyri bir məsələdən qaynaqlandığını bilmirəm. Amma “Mövsümün sonu” filmindən sonra Köln və Berlində küçədə gedəndə insanlar dayanıb bizimlə salamlaşır, avtoqraf alır, sual verirdilər. Film 30-dan artıq kinoteatrda göstərilmişdi, bizi tanıyırdılar. Bu, böyük həyəcan idi. Amma bu populyarlıq məni necəsə dəyişmədi. Mənim artıq biznes sahəsində ikinci işim – turizm də var idi.

 -Kiçik yaşdan ağır janr və sosial-psixoloji mövzulu filmlərə çəkilmək sizi hansısa mənada vaxtından tez böyütmədi ki?

– Bu sual əslində bir az ağır oldu. Belə filmlərə çəkilmək mənim üçün asan oldu, çünki mən artıq həyatımda o problemləri yaşamışdım, indi də yaşayıram və yəqin hələ yaşayacağam. İstər ailədə yaranmış problemlər, istər şəxsi həyatda yaşanan maneələr olsun. Filmlərə çəkilmək və bunları orada göstərmək, onları yaşamaqdan asandır. Bilirəm ki, mənə nə qədər ağır rollar verilsə də, mən onun öhdəsindən asanlıqla gələcəyəm. Bunu sizə əminliklə deyirəm. İnanmıram ki, mənə verilən rol həyatda yaşadığım çətinliklərdən, keçirdiyim psixoloji sarsıntılardan daha ağır ola bilər. Ola bilər, hansısa aktyor üçün belə rollar çətin olsun. Məndəsə belə rolların psxiloji ağırlıq limiti yopxdur. Real həyatda pozitiv olmağa, hər kəsi və özümü güldürməyə çalışıram. Çalışıram ki, xoşbəxt olum, amma mən özüm özümü xoşbəxt edə bilmirəm, bu mənim mənfi tərəfimdir. Amma nə qədər həyatda pozitivə can atsam da, komediyaya çəkilməmişəm, heç istəməmişəm də… 19 yaşımdan  ailəmdən ayrı yaşayıram. Orta təhsilimi gözəl qiymətlərlə, qırmızı diplomla bitirdim və Gürcüstanda otel işində işlədim. Daha sonra Almaniya, Fransa və Hollandiyaya səfərlərim oldu. İndisə artıq 3 ildir ki, Dubayda yaşayıram. Burada uğurlu bir karyeram var. Və haqlısınız, mən vaxtımdan tez böyüdüyümü düşünürəm. Bəzən güzgüyə baxanda mənə elə gəlir ki, 24 yox, 34 yaşım var. İstər üz cizgilərim olsun, istərsə də yaşadığım və üzümdə əks olunan stres və travmalar… Olur ki, mənə bizim “massovka” dediyimiz səhnələrə çəkilməyi təklif edirlər. Bu, məni incidir. Mən niyə mütləq İncəsənət Universtetində təhsil almış olmalıyam? Axı, mən peşəkar aktyorluq kursu keçmədən 21 filmə çəkilmişəm! Uşaqlıqda teatr kurslarına getmişəm. Kamera ilə münasibətdən başlamış oyunun incəliklərinədək kinodan nə öyrənmişəmsə, hamısını çəkiliş meydanında öyrənmişəm: ağlayaraq, stres keçirərək,etiraz edərək… Mən təəssüf edirəm ki, Azərbaycanda mətbuatın, televiziyanın, sosial şəbəkələrin diqqəti  ciddi, önəmli filmlərə yox, kommersiya məqsədli filmlərə yönəlib. Halbuki FİPRESCİ mükafatı qazanmış “Mövsümün sonu”, Almaniyanın 30-dan artıq kinoteatrında nümayiş olundu. Məncə, heç bir Azərbaycan filmi belə tale yaşamayıb.

– Teymur Hacıyevin “Şanxay” filmində mühit tipologiyası ekrana gətirilir. Qəhrəmanınız mühitin qayda-qanunlarını tanıyıb qəbul edən və ondan öz məqsədi üçün istifadə edən bir oğlandır. Ümumiyyətlə, sizi hansı cəzb edir: tipik qəhrəman, yoxsa mühitlə ziddiyyət yaşayan biri?

  • Mən mühitlə yaşayan insan deyiləm. Elə olsaydı, Bakıda qalıb davam edərdim. Mənimlə razılaşmayanlar da olacaq, amma təəssüflə demək istəyirəm ki, Azərbaycanda yeni ideayaya şərait və təkan verəcək mühit yoxdur. Mənim gənclərlə bağlı kifayət qədər çox layihələrim var idi.  Onlar mənə Azərbaycanda qalıb yaşamaq üçün motivasiya verirdi, amma qəbul etmədilər. Bir misal da deyim, aydın olsun. Azərbaycanda bir çox bölgələrdə sırğa taxmaq, şortik geyinmək yaxşı qəbul olunmur, hətta buna görə zorakılıqla üzləşmə halları da olur. Bu mənada insanlara yaşamaq çətindir və mən də onlardan biriyəm. İndi yaşadığım şəhər müsəlman ölkəsinə aid olmasına baxmayaraq, özümü rahat hiss edirəm. İstədiyim tərzdə geyinirəm, istədiyim işlə məşğul oluram. Ölkəmdə hansısa sərhədlər içində, ziddiyyətlərlə yaşamaqdansa, başqa yerdə azad və sərbəst yaşamaq daha yaxşıdır deyə düşünürəm. Əlbəttə, bu, o demək deyil ki, Azərbaycana nifrət edirəm, yox. Mən ölkəmi çox sevirəm, vətənpərvər bir insanam. Hətta müharibə dövründə cəbhəyə getmək üçün hərbi komissarlığa da müraciət etmişdim. Sadəcə mən bu ölkədə müəyyən nüansları qəbul etmirəm.

–        Mövsüm bəy, “aktyor olaraq özünü inkişaf etdirmək” – bu, sizin üçün nə deməkdir?

– Mən yəqin ki, o filmlərə çəkilməsəydim, nə dil baxımından inkişaf edərdim, nə də Avropaya çıxışım olmazdı. 14-15 yaşımda Avropa mənim üçün inanılmaz ölkələr idi. 2014-cü ildə Fransaya gedəndən sonra dünya mənim üçün balacalaşdı. Xəyal etdyim ölkələrə rahat getməyim başqa istəklərimin də nə qədər asan reallaşacağını göstərdi. Mən arzularıma inandım. Öz ideyalarımı deməyə qorxmadım. Bildim ki, hansısa möcüzəyə ehtiyac yoxdu. Sadəcə özünə güvənməlisən. Təbii ki, mən bu özgüvənə görə çəkildiyim filmlərə minnətdaram. İndi dil öyrənirəm. Ərəbcə danışmağa başlamışam, ingilis dilini bilirəm, rus dilini demirəm,  onu çoxu bilir.

– “Color of may” şirkətində co-prodüsersiniz. Bu sahədə etmək istədikləriniz və rastlaşdığınız maneələr.

-“Color of May” şirkətilə əməkdaşlığım “Ayrı-ayrı” filmindən sonra başladı. “Mövsümün sonu”nda isə  bu əməkdaşlıq rəsmiləşdi və biz müqavilə bağladıq. Təkcə mən yox, Rasim Cəfərlə  Zülfiyyə Qurbanova da filmin coprodüserləridir. Prodakşnda co-prodüer olmağın öhdəlikləri var: maliyyə, məsuliyyət və s. Çətinlik yaşamıram, çünki bu iş bütün vaxtımı almır. Co-prodüser kimi yalnız film çəkilən ərəfələrdə aktiv olmaq lazımdır. Yəni, bu iş mənə maneə yaratmır.

-Dubayda yaşayır, turizm sahəsində çalışırsınız. Bu işinizə də kinoya olduğu qədər bağlısınızmı? Turizm işinin sizin üçün çəkici, cazibəli tərəfi nədir?

-Mənim turizm sahəsinə marağım 2015-ci il Avropa oyunlarından sonra yarandı. Onda media sahəsində işləyirdim. Sonrasa şahmat üzrə yarışlarda iştirak etdim. Yeri gəlmişkən, mən şahmat üzrə yarışlarda da iştirak etmişəm, vokalistəm, həmçinin tar da ifa etməyi bacarıram. Bir arada iki il tək yaşadım. Kirayə qaldığım  iki otaqlı evin bir otağını xarici səyahətçilərə verdim. Bilirsiniz, belə bir mobil tətbiqetmə var: kouçsörfinq. Azərbaycanda da aktiv olan bu tətbiqetmə sayəsində xaricdən olan tursitləri evində ödənişiz qonaq saxlayırsan, daha sonra onların yazdığı referensə görə sən başqa ölkədə başqa insanların evində qala bilərsən. Mən Azərbaycanda 60-dan artıq turisti evimdə qonaq saxlamışam, onların arasında ailə olanlar da, tək qalanlar da, cütlüklər də olub. Özüm də bütün Avropa səfərlərimdə kouçsörfinqdə qalmışam. O turistlərlə söhbətlər etdikcə, ölkələri haqda danışdıqca dili öyrənməyə başladım. Fərqli ölkələrin fərqli mədəniyyətləri məni cəlb etdi. Qırmızı diplomla turizmi bitirdim və Azərbaycanda otellərdən birində satış meneceri olara işə başladım. Daha sonra turizm şirkətində işləməyə başladım. Azərbaycana ərəb turistlərinin gəldiyi dövrdə Birləşmiş Ərəb Əmirliklərinə marağım yarandı. Dubay turizm sahəsinin öndə gedən, ən lüks otellərin olduğu şəhərdir və mən bura gəlmək istədim. Plansız, birbaşa, eləcə turist vizası ilə Dubaya gəldim – belə risklər etməyi sevirəm. Və gəldiyimin 3-cü günü artıq Cumeyra otellər şəbəkəsində iş tapdım.  İndi həmin yerdəyəm və vəzifə artımım da var, işimlə bağlı çox xoşbəxtəm. Turizm mənim kinodan sonra qəlbən bağlandığım ikinci böyük sahədir.

Aliyə Dadaşova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya