İNDİ OXUYUR
Mohsen Mahmalbaf: “Kinonu pulsuz necə çəkməli”

Mohsen Mahmalbaf: “Kinonu pulsuz necə çəkməli”

(Və ya “Dünyanı dəyişmək üçün pul tələb olunmur”)

Bu gün mən büdcəsiz filmin necə çəkilməsi haqda danışmaq istəyirəm. Konkret öz tərcrübəmdən danışacağam.  Rəqəmsal texnologiyaya qədər kinoya pul üç yolla daxil olurdu: dövlətdən, investorlardan və müstəqil filmdirsə, hansısa xüsusi şəxslərdən. Əgər dövlət kinonu dəstəkləməsəydi, biz yəqin ki, heç vaxt Tarkovski, Paracanov, Eyzenşteyn, Berqman haqda bilməzdik. Amma dövlətin maliyyəsi ilə bağlı həmişə problem olub: dövlət kinonu senzura etməyə çalışıb. Xüsusi investorlarla porblem isə başqadır: onlar əlbəttə ki, heç nəyi senzura etmirlər, amma istəyirlər ki, kinoya qoyduqları maya artqılaması ilə geri qayıtsın. Belə çıxır ki, onlar mənim kinonu incəsənət kimi yox, istehlaka yararlı “makdonalds” kimi çəkməyimi istəyirlər və bu problem dövlətin senzurasından daha mürəkkəbdir.

Müstəqil kinonun isə həmişə kiçik məbləğlə ölçülməyən pula ehtiyacı olub: kameranı icarəyə götürmək, lent almaq, adamların pulunu vermək üçün. Məsələn, 35 mm kinolentə minimum 100 min dollar, aparatın alınmasına 30 min, maşının icarəsinə 10 min xərcləməliydin. Hələ çəkiliş qrupunun yemək, otel xərcləri də bir tərəfdən.

Əlbəttə ki, bəzi fürsətlərdən istifadə etmək olar. Bir dəfə fransız prodüserləri bizə bir film üçün pul verdilər, amma biz o pula iki film çəkdik: “Sükut” və “Alma”.

                         ****

Əvvəllər qrupda heç olmasa, 8 adam çalışmalıydı, indi mən flmi 4 adamla çəkə bilərəm. Əvvəllər çəkiliş qrupunun təşkili və onları yedirtmək üçün vaxt və pul lazım idi, böyük restorana ehtiyac vardı. İndi isə bu, zamanımızı almır. Biz kino çəkirik, yemirik.

Rəqəmsal kameralar peyda olandan, iki məsələ yaxşılaşdı, iki şey isə çətinləşdi. Birinci, senzura ilə bağlı vəziyyət yaxşılığa doğru dəyişdi. İndi senzuranın filmləri nəzarətə alması çətinləşib. Dövlət kimin harda nə çəkdiyini bilmir. 4 il əvvəl İranda etiraz dalğaları olanda qızım həmin aksiyalarda “Yaşıl günlər” adlı film çəkdi. Pis film deyil, onu telefonla da çəkmək olar. Kim mobil telefonlu adamı senzura edə bilər ki! İkincisi, maliyyədir. Bu gün pulsuz da yaxşı filmi çəkmək mümkündür.

                              ****

İndi isə məsələnin pis tərəfi barədə: rəqəmsal epoxada çoxlu film çəkilir, onlardan çoxu iyrəncdir. 20 il əvvəl dünyada 2 min film çəkilirdi. Onlardan 100-ə yaxını pis deyildi. İndi isə, yəqin ki, 100 min film çəkilir, onlardan 200-i normaldır. Keyfiyyət və kəmiyyət bir-birilə qətiyyən əlaqəli deyil. Niyə belə olur?

Əvvəllər filmin üzərində çox adam işləyirdi və çəkiliş üçün xeyli vaxt vardı. Çəkiliş qrupu iki yarımqrupdan ibarət idi. Bu, yaradıcı və texniki qrup idi. Əvvəllər yaradıcı və texniki qrup arasında problemlər olurdu, məsələn, ikincilər istənilən hansısa küncdə çəkiliş aparmağa icazə vermirdilər. Amma indi belə mübahisələr daha az baş verir, onlar bədii prosesə ciddi təsir edə bilmirlər. Filmlər çox sürətlə çəkilir və hər adam rejissor olur. İndi əsl rejissorların işi daha da qəlizləşib, onların filmləri başqa keyfiyyətsiz filmlərin içərisində itib-batır. Əvvəllər yaxşı filmdə çoxlu aspekt vardı: rejissor, operator işi, aktyor oyunu.

İndi rejissura və çəkiliş manerası məsələn, aktyor oyununu görməyə imkan vermir. Hər şeydən əvvəl çoxlu material çəkilirdi və montajda uğursuz epizodlar silinir, yaxşıları saxlanılırdı. İndi isə hər şey əksinədir, yaxşılar kəsilir, anlaşılmaz olanlar qalır. Çox müasir filmləri sanki zibil yeşiyindən çıxarmısan. Fəlsəfə və gözəllik itib. 

                                ****

Amma gəlin, əsas mövzuya qayıdaq: filmi pulsuz necə çəkməli?

İllüziya qurmayın: pulsuz film çəkmək üçün əqli gərginlik vacibdir. Başlanğıcda yaxşı ideya və ssenari lazımdır. Yalnız bundan sonra büdcəsiz keçinmək haqqında düşünmək olar. Mənim bir neçə məsləhətim var.

Birinci, çəkiliş qrupundakı adamların sayını azaltmaq. Bir rejissor, bir operator, bir səs operatoru və sadəcə kömək edən adam. Çəkiliş qrupunda adam az olanda xərclər azalır.

Bu, başqa məsələdir ki, doğrudan da, məhz kinonu sevən və pulsuz işləyən adamlar tapmaq lazımdır. Və yaxşı olardı ki, bu adamlar qarşılıqlı əvəz edilsin.  Məsələn, siz rejissorluq edirsiniz, kimsə çəkir, başqa vaxt siz operator, digəri rejissor olsun. Bizim ailədə belədir. Mən rejissor, oğlum operator, qızım rejissor assistenti olur. Və ya mən ssenarini yazıram, oğlum və ya qızım rejissorluq edir, başqa birisi isə assistentlik. Bu, pul tələb eımir.

Digər təklifim odur ki, mümkün qədər qeyri-peşəkar aktyorlarla işləyin. Filmlərimdə anam, nənəm, xalam, qonşular, dostlarım oynayıb. Və ya sadəcə tələbələr, kinonu sevənlərlə işləyin. Onlara pul ödəmək lazım deyil. Digər təklifim, yaşadığınız şəhərdə çəkin ki, bütün çəkiliş qrupu öz evində yatsın,  onlar üçün otel xərci də lazım olmayacaq. Üstəlik, səhər və şam yeməyini də evdə yeyəcəklər. Çəkilişdə ayaqüstü yemək üçün evdə nəsə hazılrayıb gətirin. Çəkilişə metroyla gedin.

                                ****

Indi isə kütləvi səhnə problemi haqda. Kütləvi səhnəyə pul xərcləməmək də olar, sadəcə səs-küylü küçə tapmaq,  kameranı gizlətmək lazımdır və hətta əsas səhnələri də orda çəkmək mümkündür. Daha vacib bir məsləhət: bayırdakı hadisələrdən istifadə edin. Məsələn, keçən il Londonda film çəkəndə ingilis kraliçasının yubileyi ilə bağlı mərasim vardı. Milyona kimi adam toplaşmışdı. İki aktyorla ora getdim və biz səs-küyün içərisində çəkdik.

İkinci nümunə: İtaliyanın cənubunda, əhalisi 3 min yarım olan balaca bir şəhərdə çəkiliş zamanı dini mərasimdən istifadə etdik.

Üçüncü nümunə: Filmin postprodakşnı (post-production- çəkilişdən sonrakı proses – montaj,  səsləndirmə və s.) üçün Cənubi Koreyada idim. Orda bir koreyalı haqda sənədli filmə başladım. Yenə də Seulun küçələrində çəkiliş apardıq.

                                ****

Çalışın, ayrıca səsyazma sistemindən istifadə etməyəsiniz. Bu, bahalıdır. Hər şeyi yerində çəkin və yazın. Səs yazan kameradan istifadə edin. Məsələn, Sony-in qiyməti 2 min dollara yaxındır. “Bağban”ı bahalı olmayan, amma səsi tamamilə normal yazan  kamera ilə çəkmişəm.

Böyük olmayan mikrofondan (ingiliscə lavalier microphone) istifadə edin, montaj üçün də səsi yaxşıdır. Küçədəki səsin dialoqlara mane olmaması üçün məhz balaca mikrofon əlverişlidir. Mümkünsə, eyni zamanda iki kamera ilə çəkin: xüsusən də dialoqları. Çünki bu zaman “over shoulder”i (filmdə dialoq zamanı personajların arxadan, çiyin üzərindən çəkilməsi. Danışanlardan biri sağdan sola, digəri soldan sağa baxmalıdır) montaj etmək daha asandır.

Məsələn, küçədə çəkilişdir və siz kameranı gizləyirsiniz. Qəhrəman küçədə gedir və ikinci personaj nəsə demək üçün ona sarı yüyürür. Bir kamerayla küçənin ümumi planını, digəri ilə qəhrəmanları iri planda çəkmək olar. Montaj zamanı, bu, çox kara gəlir, çünki çoxlu kəsmək lazım gəlmir. Bütün bunlar qrupda adamların sayını azaltmağa da kömək edir.

                              ****

Cəhənnəm olsun ştativ!Sadəcə əllə çəkin. Belə çəkmək daha rahatdır, siz daha dinamik işləyəcəksiniz. Üstəlik ştativ diqqəti cəlb edəcək. Sadəcə kameranı məqsədli şəkildə əsdirməyin. Kameranı ələ alanda o, sanki sizin gözünüzə çevrilir. Yellətməyə başlayanda bu, artıq göz deyil, ümumiyyətlə, nə olduğu bəlli olmur. Lars fon Trier “Doqma”sıyla nə demək istəyirdi? Kamera göz olmalıdır, statik olmamalıdır, o, hərəkət etməli və qəhrəmanı izləməlidir. Amma bununla yanaşı o istəmirdi ki, kamera əssin və nəsə anlaşılmaz görüntülər olsun.

                               ****

İndi isə operator işinin bir neçə aspekti barədə. Üç cür plan var. Məsələn, kameranı yüksəyə qoyanda kimin danışdığı, kimin dinlədiyi görünəcək. Bu, ümumi plandır.

Təcrübəsiz operatorlar filmlərdə ümumi plandan tez-tez istifadə edirlər. Əslində isə onu bir neçə saniyəlik vermək də kifayətdir. Orta plan da var və bu çəkiliş mənə daha yaxındır. Zəif rejissorlar tez-tez orta plandan yararlanaraq kiminsə uzun-uzadı danışmasını və nəsə elədiyini göstərirlər. Və üçüncüsü iri plandır ki, onunla başqalarının sizin personajınızın danışmasına necə reaksiya verdiyini yaxşı göstərmək olar.  Güclü filmlərdə iri plana üstünlük verilir. Təsəvvür edin: biz kameranı yüksəyə qoymuşuq və üç saniyədə ümumi plan çəkirik. Sonra beş saniyə mənim fiqurumu, necə danışdığımı. Və bizim hələ 2 dəqiqəmiz var. Mən qalan iki dəqiqədə məhz sizin reaksiyanızın çəkilməsinə üstünlük verərdim. Əgər qəhrəmanın vacib nəsə dediyini göstərmək istəyirəmsə, onda maraq bürümüş üzlərdə dayanaram. Qəhrəmanın əhəmiyyətli nəsə demədiyini göstərmək üçün isə əsnəyən üzləri seçərdim.

Təsəvvür edin: bir-birini sevən cütlük var. Onları uzaqdan çəkmək əvəzinə, zalda otuzdurub, nitqimə reaksiyalarını, sonra isə iri planda onların öpüşünü göstərərəm. Mənə elə gəlir ki, ən vacibi reaksiyaların çəkilişidir. İndi bura kimsə girsə, bizim onun gəlişinə reaksiyamızı göstərmək daha vacibdir, nəinki o adamın gəlişini.

Tez- tez filmlərdə zəif rejissorların işlərini görürəm: kimsə otağa silahla girir, kamera onu gəlişini son dərəcə uzun göstərir. Bunu başqa ardıcıllıqla göstərmək daha yaxşıdır: kimsə silahlı adamı sezir, qorxur və harasa qaçır. Sonra isə onların qorxduğu silahlı adamı göstərmək. Əlinizdə kamera varsa, nəsə çəkirsinizsə, predmetdən diqqətinizi ayırmayın, amma reaksiyalara da baxın.

Məncə, müasir rəqəmsal kinoda orta plan – hərəkət planı daha vacib olub. Rejissorlar reaksiyaları, demək olar ki, göstərmirlər.

                                  ****

Filmi çəkəndən sonra onu dərhal prokata buraxmayın. Əvvəlcə onu müxtəlif adamlara göstərin: qoy, bu qadınlar, kişilər, gənclər, uşaqlar olsun. Tənqiddən inciməyin, sizə deyilən hər şeyi dinləyin.

Bu insanlar filmdə ümumi problem tapsalar, razılaşın və düzəldin. Ümumiyyətlə, düşünürəm ki, heç də hər film prokata çıxmamalıdır. Bilidiyimə görə Tarkovski bir filmin 90 faizini çəkib, sonra fikrini dəyişib, film xoşuna gəlməyib və onu tullayıb. Vudi Allen də belə işləyir: 90 faizini çəkir, montaj edir, sonra yenidən nəsə çəkir və  yenidən montaj edir. Bu ona görə edilir ki, ssenarini dəyişmək imkanı olsun.

Filminizin festivala düşməyini istəyirsinizsə, heç nədən çəkinməyin. Dünyadakı mümkün olan bütün festivallara yollayın. İndi filmi festivala yollamaq üçün pul lazım deyil. Filminizi harasa yerləşdirin və təşkilatçılara parolu verin ki, onlar da birbaşa inernetdə baxa bilsin.

                               ****

Daha iki vacib məsələ: birincisi, üslubdir. Hansısa hadisəni çəkirsinizsə, üslub seçin ki, əvvəldən sonadək harmonik olsun.  Film boyu rəng qammasını saxlamağa çalşın.

İkincisi, səsdir. Çəkilişdə yazılan səslə montajda əlavə olunan səs başqadır. Məsələn, mən hansısa insanı iri planda çəkirəm, o, harasa uzağa baxır, arxasında boz fon var. Bu planı mən hardasa bir dəqiqə çəkirəm. Sonra montaj zamanı dənizin səsini və quşların çığırtısını əlavə edirəm. Onda düşünmək olar ki, adam dənizə baxır, hərçənd bunu göstərmirəm. Əgər güllə səsi əlavə etsəm, düşünmək olar ki, o, cinayəti təqib edir.

Əgər güllə səsi lazımdırsa, bunun üçün ən yaxşısı, əvvəlcə planı mütləq sakitlikdə çəkin ki, səs effektli eşidilsin. Bəzi filmlərdə bir güllə əvəzinə yüz güllə səsi eşidilir və effektli olmur.

Bir də çox filmlərdə həddən artıq kardarxası musiqidən istifadə edilir.

                             ****

Daha bir məqam. Anlamalısınız ki, onlarla film çəkə bilərsiniz, amma nə pulunuz, nə şöhrətiniz ola bilər. Əgər məqsədiniz pul qazanmaq və məşhur olmaqdısa, o zaman 100 faizdən 99-da heç nə alınmayacaq. Ona görə barışın.  Ağrınız varsa, siz bu haqda danışmaq və nəyisə dəyişmək istəyirsinizsə, onda çəkin. Bu, düzgün məqsəddir.  Və siz uğur əldə edə bilərsiniz.

Bir misal çəkmək istəyirəm. İranda 3 milyona yaxın əfqan qaçqını var. Onlardan 740 mini uşaqdır. Onlara İranda məktəbə getməyə icazə verilmirdi. Çoxu məktəb binasına yaxınlaşıb, baxırdı ki, içəridə nə var?

Mən, yoldaşım və iki qızım o qədər də böyük olmayan bir kamera götürdük və bir həftədə “Əfqan əlifbası” filmini çəkdik.

Biz məhz uşaqların reaksiyasından istifadə edərək onların məktəbə getmək arzusunu göstərdik. Eyni zamanda  uşaqların faciə kimi görünən gündəlik həyatını çəkdik. Bu, Hatəminin hakimiyyəti dövründə baş vermişdi, onda rejim hələ demokratik idi. Biz filmi nazirliklərdə göstərdik. O filmin sayəsində hakimiyyət qanunu dəyişdi və yarim milyon əfqan məktəbə getdi.

Baxın: bir həftə filmi çəkdik, bir həftə isə montaj. Büdcəsiz. Və bu film, çox adamın həyatını dəyişdi. Dünyanı dəyişmək üçün pul tələb olunmur. Yox, əgər məşhurlaşmaq, pul qazanmaq istəyirsinizsə, məni dinləməyin.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya