Melanxoliyanın aynadakı görüntüsü
Andrey Tarkovskinin bəzi filmlərini yada saldıqda ilk ağıla gələnlərdən biri melanxoliya halıdır.Filmlərində uşaqlığı, keçmişinin təsvirinə nəzər yetirsək, bu heç də yad hiss olmamalıdır. Fikrimcə, məhz “Nostalgiya” filmi kinoda melanxoliyanın fəlsəfi olaraq ələ alınmasının pik nöqtəsidir. Film Domeniko obrazı ilə melanxoliyanın patoloji tərəfini göstərmişdir. Bu yazıda diqqəti xüsusilə Domenikoya, onu cəmiyyətdən qoparan və xəstəlik halına çevrilən ağır melanxoliya duyğusuna çəkmək istəyirəm. Əvvəlcə qeyd edək ki, filmi izlədikcə suallar yaranır: Domeniko dəlidir yoxsa bir melanxolikdir? Bir dəli öz dəliliyinin fərqində ola bilərmi? Domeniko ilə tanışlıq şair Andreyin lənətidirmi?
Domeniko, ailəsini dünyanın sonundan xilas etmək üçün illərlə evində dünyadan təcrid olunmuş şəkildə saxlayır. Bu hadisə Domenikonu cəmiyyətin nəzərində dəliyə çevirir. Bildiyimiz kimi, dəlilər ağıldan kənar insanlar olaraq, ağılla əlaqəli heç bir xüsusiyyəti göstərmək qabiliyyətində deyillər. Dekartın fikri ilə razılaşsaq, gərək dəliləri heç insan saymayaq və onları cəmiyyətin artığı kimi qəbul edək. Buna qarşı olaraq Mişel Fukoya minnətdar olmalıyıq, çünki, o dəliliklə bağlı əsərlərində həm dəliliyin günümüzədək olan tarixi və dəlilərin cəmiyyətdə tutduğu yeri ilə bağlı geniş araşdırmalar aparmışdır. Əgər Domenikonu final səhnəsindəki çıxışına görə dəli olduğunu nəzərə alsaq, o, ağılın hakim olduğu cəmiyyətin üzvü deyil. Amma o ağıllı insan kimi bilgi sahibidir. Lakin bu bilgi fərqlidir və adiləşmiş bilgilərdən daha üstündür, ağıllılar üçün isə dəyəri yoxdur.Vacibdir, amma, dəyərsizdir. Bilginin fərqinə görə də günahkardır. Çünki, o, qadağan olunmuş və söz açılması doğru hesab olunmayan bir şeyə sahibdir. Bu bilgi dünyanın sonu, lənətlənməsi haqqındadır. Bütün bunlar Tanrı həqiqətini çatdırır. Tanrı niyə bu bilgini məhz dəliyə verib? Ağıl, mühakimə edəndir. Hər şeyi özünə uyğunlaşdırmaq üçün parçalara ayırır, onu sadələşdirir. Dəli isə bundan yoxsuldur.
Domeniko nə qədər M.Fukonun dəliliyin 4 tip kənarlaşdırma sisteminə uyğun gəlsə də, suallar yaranır. Dekartın dediyi kimi insanın öz dəliliyinin fərqində olması elə sayıqlamaqdan başqa bir şey deyil. Domenikonun son çıxışında ağıllı, sağlam ilə dəli olanı ayırd etməsi, bunların birləşməli olduğunu deməsi, mühakimə etməsi dəliliyin işi deyil. İndi isə melanxoliyadan söz aça bilərik. Melanxoliya qədimdən bilinən bir duyğu halıdır. Şair Andreyi Domeniko ilə birləşdirən məhz melanxoliyadır. Domeniko da artıq patoloji vəziyyətdədir və “qara zəhər” olaraq onun bütün varlığına yayılmışdır. Bu vəziyyət məkanın, nəsnələrin təsvir həlli ilə məna qazanır. Domenikonun evi keçmişdən qalan bir məkandır, hər şey olduğu yerdə dağılmağa məhkum olunmuşdur. Bu ev xarici dünyaya qarşı öz dünyasını yaratmaq və qorumaq üçündür.
İkonologiyada bizə tanış olan ayna, melaxoliya ilə əlaqələndirilir. A.Tarkovskinin məşhur aynası, filmdə insan ruhunun və ya xarici dünyanın izlərini göstərir. Domeniko çörək yeyərkən özünü aynada izlədiyi səhnədə daxil olmadığı, ola bilmədiyi xarici dünyanın son izlərinə baxmağa çalışır. Bu qopma anıdır.
Filmdə su gölməçələri, hovuz, yarımçıq şam, yerində fırlanan velosiped, hər şey melanxoliya nəsnəsidir. Bu nəsnələrdə simvolun itməsi hadisəsi baş verir, yəni olduğu funksiyada, tam formada mövcud deyillər. Məsələn, stullar məkanın müxtəlif yerlərində, sökük, velosiped köhnə, sadəcə yerində fırlanan vəziyyətdədir, şam yarımçıqdır. Domenikonun melanxoliyasının ağır formasını əks etdirən nəsnələrin xaos vəziyyətidir.
Andreyin küçədə dolabın aynasında özünü deyil, Domenikonu görməsi, melanxoliyanın verdiyi əzabın onu öz dünyasına çəkdiyi, xaric ilə bağlantının kəsildiyinin təsviridir. Bu həm də ətrafdan qoparaq özü ilə əlaqə qurmaq prosesidir. Melanxolik insan bütün tənqidini, təhqirini belə özünə yönəldir, öz dünyasında itməyə başlayır. Filmdə Domenikonu çox zaman başı önə əyilmiş formada görürük. Andreylə danışdığı səhnədə o, divara söykənir və bir anlıq başını dik tutur və dərin bir ah çəkdikdən dərhal sonra yenə başı əyilmiş vəziyyətinə qayıdır. Bədən yerində olsa belə başın əyilmiş duruşu zehnin çox uzaqlarda olmasının, indi ilə əlaqənin kəsilməsinin göstəricisi kimi verilir. Bir çox melanxoliyanı əks etdirən tablolara nəzər yetirsək, əyilmiş baş və ya əl ilə dəstəklənmiş baş bu duyğunun əsas xüsusiyyətidir.
Domeniko üçün hovuzdan yanan şam ilə keçmə istəyi bütün əzabın bitəcəyinə ən böyük inamdır. Andreyin dediyi kimi, inanclı şəxs dəli ola bilməz. Yanan şam melanxoliya hovuzundan keçən ümiddir. Domeniko bunu edə bilmir, çünki hər dəfə onu hovuzdan çıxarırlar. Bu işi Andreyə həvalə edir. Domenikonun inancı Andreyin inancına çevrilir və bir neçə cəhddən sonra buna nail olur. Domeniko yanlış həyatın doğru yaşana bilməyəcəyini sezməyə başlayır. Melanxolik insanda öz sonunu özünün seçməsi istəyi var. Bu istək Domeniko üçün intiharla nəticələnir. Bir sözlə, Domeniko obrazı dünya kinosunda melanxolik insanın təkrarolunmaz örnəyidir.
Şəlalə Bədəlova